31 Mart
soyqırımı hərbi-siyasi cinayətdir
Tarixdə artıq bir dəfə Azərbaycanın əzəli torpaqlarında erməni dövləti yaradılmışdır, o da bugünkü Ermənistandır. O torpaqlar bizim doğma, ata-baba torpaqlarımızdır. İrəvan xanlığı, Zəngəzur mahalı - bütün o adlar Azərbaycan toponimləridir. Hətta indi ermənilər özləri də etiraf edirlər ki, 20-ci əsrin əvvəllərində İrəvan şəhərinin əhalisinin əksəriyyəti azərbaycanlılar idi. Bunu təsdiq edən sənədlər var, şəkillər var, rəsm əsərləri var.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Ermənilər Qafqazdakı işğalçılıq
niyyətlərini həyata
keçirmək, Azərbaycan
torpaqları hesabına
“böyük Ermənistan”
xülyasını reallaşdırmaq
üçün XIX əsrdən
başlayaraq bəşər
tarixinə ləkə
olan qanlı cinayətlər törədiblər. 1905-1907, 1918 və 1920-ci illərdə
Azərbaycanın müxtəlif
bölgələrində, 1915-ci ildə isə Türkiyənin bir çox əyalətlərində
ermənilər tərəfindən
həyata keçirilən
kütləvi qırğınlar
onların çirkin və məkrli niyyətlərini reallaşdırmaq
üçün başladıqları
soyqırımı siyasətinin
tərkib hissəsi idi.
Ermənilərin azərbaycanlılara qarşı
etnik təmizləmə
və deportasiya siyasəti özlərinəməxsus
tərzdə zaman-zaman
davam edib. 1948-1953-cü illərdə Ermənistanda
yaşayan azərbaycanlılar
SSRİ Nazirlər Sovetinin
23 dekabr 1947-ci il tarixli qərarına əsasən
Azərbaycanın rayonlarına
köçürülüb. 1988-ci ilin fevral
ayında yüz minlərlə azərbaycanlını
Ermənistandan qovmaqla
onlar bu dövlətdə etnik təmizləmə siyasətini
başa çatdırıblar.
Ermənilərin Azərbaycan xalqına
qarşı törətdiyi
ən dəhşətli
faciələrdən biri
26 fevral 1992-ci ildə
Xocalı soyqırımıdır.
Tarixə nəzər salsaq,
bütün dövrlərdə
azərbaycanlılar erməni
vəhşiliyinin şahidi
olublar.
1918-ci ilin mart-aprel aylarında ermənilər
Bakıda, Şamaxıda,
Qubada, Muğanda, Lənkəranda 50 mindən
artıq azərbaycanlını
qətlə yetirmiş,
evlərini talan etmiş, on minlərlə
insanı yurd-yuvasından
didərgin salmışlar.
Təkcə Bakıda
30 mindən artıq azərbaycanlı xüsusi
amansızlıqla öldürülmüş,
Şamaxı qəzasının
58 kəndi yandırılmış,
8 mindən çox adam, o cümlədən
1653 qadın və 965
uşaq öldürülmüş,
Quba qəzasının
122 kəndi yerlə-yeksan
edilmişdi. Qarabağın dağlıq hissəsində
150-dən çox, Zəngəzurda
115 azərbaycanlı kəndi
vəhşicəsinə dağıdılmış,
əhaliyə qəddarcasına
divan tutulmuşdu. İrəvan quberniyasında 211, Qars vilayətində 92 azərbaycanlı
kəndi dağıdılmış
və yandırılmışdı.
İrəvan azərbaycanlılarının
müraciətlərində göstərilir ki, bu tarixi Azərbaycan
şəhərində və
onun ətrafında
1920 azərbaycanlı evi
yandırılmış, 132 min soydaşımız məhv
edilmişdir.
1920-ci ilin Novruz bayramı günlərində
bu barbarlar düşünülmüş plan əsasında müxtəlif
cəbhələrdə - Böyük
Vedidə, Naxçıvanda,
Ordubadda, Qarabağda və Zəngəzurda genişmiqyaslı hərbi
əməliyyatlar keçirmişdilər. Həmin günlərdə
erməni vəhşiliyinə
məruz qalmış
bölgələrimizdən biri də Ordubad
mahalı oldu. Martın 21-də səhər
saat 10-da Njdenin başçılığı ilə 10.000 nəfərlik
erməni ordusu Zəngəzur tərəfdən
üç istiqamətdə
hücuma keçərək
Ordubadın 16 kəndini
dağıtmış, bu
kəndlərin əhalisini
qırmışlar. Sağ
qalmış əhalinin
bir hissəsi Ordubad şəhərinə
sığınmış, bir hissəsi isə İrana keçməyə məcbur
olmuşdu. Bu zaman bir çox
insan Arazı keçərkən həyatlarını
itirmişdi. Qərbi Zəngəzurun
işğalı, bölgənin
müsəlman əhalisinin
kütləvi qırğını
və deportasiyası,
Naxçıvanın Azərbaycanın
əsas ərazisindən
ayrı düşməsi
ilə nəticələndi.
Erməni vandalizmi, xalqımıza qarşı soyqırımı
siyasəti tarix boyu davam etsə
də, vaxtında bunlara lazımınca qiymət verə bilməmişik, onu dünyaya çatdırmamışıq. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ermənilərin azərbaycanlılara
qarşı soyqırımını
araşdıran komissiyasının
işi ölkənin işğalı səbəbindən
başa çatdırılmamış,
nəticədə bu qanlı faciə barədə beynəlxalq səviyyəli tədbirlər
görülməmişdi.
70 illik sovet ideologiyasının
tarixşünaslığımıza tətbiq etdiyi “vətəndaş müharibəsi”,
“əks-inqilabi qiyam” kimi saxtalaşdırılan
mart hadisələri, əslində,
bolşevik-daşnak ittifaqının
xalqımıza qarşı
yeritdiyi növbəti
soyqırımı siyasəti
idi. Bu qırğının
təşkilatçısı S.Şaumyan Moskvaya göndərdiyi 13 aprel
1918-ci il tarixli məktubunda yazırdı: “Bizim süvari dəstəyə
edilən silahlı hücumdan biz bir bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Biz artıq 6 min nəfərlik
silahlı qüvvəyə
malik idik. Daşnakların da 3-4 min nəfərlik
silahlı milli hissələri var idi ki, o da
bizim sərəncamımızda
idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə
milli qırğın
xarakteri verdi.
Lakin onun qarşısını
almaq mümkün olmadı. Biz bu işə şüurlu surətdə
getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər,
onda Bakı Azərbaycanın paytaxtı
elan edilə bilərdi”.
Göründüyü kimi, azərbaycanlılara qarşı aşkar soyqırımı həyata keçirən ermənilər Bakı da daxil olmaqla, bütün Azərbaycanı işğal etmək niyyətində idilər. Xalqımız uzun illər bu gerçəkliklərdən məlumatsız olmuş, saxta ideoloji ehkamlar və yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqamətdə köklənmişdir. Dəhşətli soyqırımının qurbanı olmuş minlərlə soydaşımızın uyuduğu qəbiristanlığın üstünü betonlayaraq üzərində Kirovun heykəli ucaldılmışdı.
Beləliklə, tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Ermənilərin işğalçılıq və etnik təmizləmə siyasəti, azərbaycanlılara qarşı soyqırımı cinayətləri uzun müddət davam etsə də, imperiya əsarəti xalqımıza qarşı baş verənlərin qarşısının alınmasına və araşdırılmasına imkan verməmişdir. Əksinə, erməni vandalizmini, məruz qaldığımız soyqırımını və digər bu kimi tarixi həqiqətləri bizə unutdurmağa çalışmışlar.
Yalnız Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ermənilərin Azərbaycan dövlətinə və xalqına qarşı işğalçılıq və soyqırımı cinayətlərini araşdırmaq, əsl həqiqətləri dünyaya yaymaq və hüquqi-siyasi qiymət vermək mümkün olmuşdur. Bu istiqamətdə ən mühüm siyasi sənəd isə ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmandır. Bu fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin mart qırğınlarına siyasi qiymət verildi. Sənəddə deyilir: “1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə adı altında Bakı Kommunası Bakı quberniyasını azərbaycanlılardan təmizləmək niyyəti güdən mənfur plan həyata keçirməyə başladı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük hissəsini xarabazarlığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər dağıdılmış, milli mədəniyyət abidələri məhv edilmişdir”.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı fərman 200 illik işğal və soyqırımı siyasətini açıb göstərən tarixi sənəd olmaqla yanaşı, xalqımızın öz milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, torpağına və vətəninə bağlılığı baxımından da əhəmiyyətlidir. Azərbaycan tarixinə yeni baxışın, tariximizin yenidən araşdırılmasının əsasını qoyan bu fərman həm də uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulan həqiqətləri açmış, xalqımızın qan yaddaşını təzələmişdir.
Fərmana əsasən hər il mart ayının 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi anılır. Hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən vəhşilikləri ürək ağrısı ilə yad edirik.
Bu gün Azərbaycan dövləti xalqımızın üzləşdiyi soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması və erməni faşizminin ifşası üçün bütün dünyada fəal iş aparır. Qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdır. Vaxt gələcək, dünya birliyi erməni millətçiliyinin və şovinizminin bəşəriyyət üçün həm ləkə, həm də təhlükəli olduğunu qəbul edəcək və Azərbaycan xalqına qarşı törədilən cinayətlərə və soyqırımına obyektiv qiymət verəcək.
Çingiz HƏSƏNOV,
“Antaris” şirkətinin rəhbəri.
Respublika.- 2021.- 31 mart.- S.6.