Sözü ilə əməli
bir olan alim və müəllim
Həyatını
xalqına, Vətəninə, elmə, sənətə, ailəsinə
həsr edənlərin, ömrünü hədər
keçirməyən insanların yolu heç də asan olmur.
Belə insanların həyatının mənası
onların yaratdıqları, nəyə nail olduqları ilə,
yaşadıqları illərdən nə qalıbsa, onunla
ölçülür. Bu gün 70 illiyini qeyd edən Hamlet
Quliyev də məhz belə bir ömür yaşamış
insanlardandır.
Dərin
düşüncəyə, aydın fikrə, güclü məntiqə,
geniş erudisiyaya və tədqiqatçı səliqə-sahmanına
malik nüfuzlu alim, sadə, səmimi, qayğıkeş, nəcib,
xeyirxah insan... İnsanın böyüklüyü onun zəkasında,
ya da şəxsiyyətində əks olunur. Hamlet müəllim
həm şəxsiyyəti, həm də zəkası ilə
böyükdür.
Fizika-riyaziyyat
elmləri doktoru, professor Hamlet Fərman oğlu Quliyev 1951-ci il
aprelin 1-də Cəbrayıl rayonunun Süleymanlı kəndində
anadan olub. Orta məktəbi bitirdikdən sonra o, Bakı
Dövlət Universitetinin (o vaxtkı Azərbaycan Dövlət
Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olub və
oranı 1973-cü ildə müvəffəqiyyətlə
bitirib. Hələ tələbə ikən elmi-tədqiqat
işi ilə məşğul olan Hamlet Quliyev Hestens sxemini tətbiq
etməklə ilk elmi nəticəsini də tələbə
olduğu vaxt alıb və Səmərqənddə
keçirilən elmi konfransda müvəffəqiyyətlə
çıxış edib. Elə o vaxtdan başlayaraq
Xüsusi törəməli tənliklərlə (əsasən
hiperbolik tip tənliklə) təsvir olunan proseslərdə
optimal idarəetmənin riyazi nəzəriyyəsinin müxtəlif
məsələlərinin tədqiqi ilə məşğul
olur. Bu sahədə onun aldığı nəticələr:
optimal idarəedicinin varlığı, optimal idarəedicinin
ödədiyi zəruri və kafi şərtlər, idarəolunma
haqqında alınan müəyyən nəticələr
müxtəlif elmi jurnallarda nəşr olunub və
dünyanın tanınmış mütəxəssisləri tərəfindən
yüksək qiymətləndirilib. Aldığı elmi nəticənin
əsasında H.Quliyev 1980-ci ildə namizədlik, 1997-ci ildə
isə doktorluq dissertasiyası müdafiə edib, 2000-ci ildən
isə professordur. O, göstərilən sahə üzrə tədqiqatları
davam etdirməklə bərabər çubuğun və nazik
lövhələrin rəqsləri ilə əlaqədar
bilavasitə praktikadan gələn optimal idarəetmə məsələləri
ilə də məşğul olur. Son zamanlar isə o, konkret
olmayan məsələlərin xüsusi üsullarla
qurulmuş optimal idarəetmə məsələlərinə
gətirilməsi və onların tədqiqi ilə məşğuldur.
Onun tələbələri ilə birlikdə
aldığı mühüm nəticələrin xeyli hissəsi
tanınmış elmi jurnallarda nəşr olunub. Ümumiyyətlə,
elmi-tədqiqat işləri ilə məşğul olan
H.Quliyev həm də çox yüksək səviyyəli elmi
rəhbərdir. Onun rəhbərliyi ilə 10 tədqiqatçı
alimlik dərəcəsi alıb, riyaziyyat üzrə elmlər
doktoru adı almış bir tədqiqatçının elmi məsləhətçisi
olub.
H.Quliyev
gözəl alim olmaqla bərabər, həm də gözəl
müəllimdir. O, Azərbaycan, rus və ingilis dillərində
bakalavrlara və magistrlərə ixtisas kurslarından
mühazirələr oxuyur və məşğələ dərsləri
aparır. Əslində H.Quliyevin elm və təhsil sahəsindəki
keyfiyyətləri haqqında qeyd etdiklərimizdə qeyri-adi
heç nə yoxdur. Çünki Hamlet müəllimin
atası Fərman müəllim, qardaşları və bir
bacısı da riyaziyyat müəllimləridir. Elə buna
görə də bu ailəyə “Riyaziyyatçılar ailəsi”
deyirlər. Fərman müəllim dövlətimizin orden və
medalları ilə təltif olunub.
O,
yüksək ixtisaslı elmi kadrların yetişməsinə
son dərəcə tələbkarlıq və
qayğıkeşliklə yanaşır. Ömrünün
müdrik və məhsuldar çağlarını yaşayan
alim öz sələflərinin başladıqları işi
bu gün şərəflə davam etdirir. Torpaq qeyrəti
çəkən, onun bütövlüyü uğrunda var
qüvvəsi ilə çalışan, xalqının dərd-sərinə
alışıb-yanan alimdir. Vətənin hər
qarışı da onun üçün əzizdir. İllərlə
düşmən tapdağı altında qalan doğma
el-obasına daha çox bağlıdır. Mübaliğəsiz
deyə bilərik ki, torpaqlarımızın, ən əsası
doğulub boya-başa çatdığı yurdun düşməndən
azad olunması Hamlet müəllimin yaşamaq eşqini,
işləmək həvəsini daha da artırıb.
Ömrünü
gənc nəslin təlim-tərbiyəsinə, milli təhsilimizin,
elmimizin inkişafına həsr edən Hamlet Quliyev
bütün həyatı boyu müəllimlik adını
yüksək tutmuş, idarəetmə qabiliyyəti və tərbiyəçilik
məharəti nümayiş etdirmiş, işlədiyi
kollektivin uğurlarının təminatçılarından
biri olmuşdur.
Onun xidmətləri,
rəhbərlik etdiyi kafedranın əməkdaşları tərəfindən
minnətdarlıqla, yüksək qiymətləndirilir. Yetirmələrinin
xeyir işlərində iştirak etmək ona həmişə
böyük zövq verir. Adı çəkiləndə
üzlərə təbəssüm qonur, öyüd-nəsihətləri,
tövsiyələri, məsləhətləri çətin
anda hamının köməyinə gəlir.
Hamlet
müəllimin həm də məhsuldar müəllif
olduğunu ayrıca qeyd etməyi özümüzə borc
hesab edirik. Hələ “Variasiya hesabı və
optimallaşdırma üsulları” (əvvəlcə
yalnız “Variasiya hesabı” fənni idi) fənni tədris
olunmağa başlananda Azərbaycan dilində heç bir vəsait
olmadığından, heç olmazsa köməkçi bir vəsaitin
yazılması zərurəti yaranmışdı və belə
dərs vəsaitinin yazılmasında H.Quliyevin əməyi
çox olub. Onun yazdığı ikinci kitab (monoqrafiya tipli)
“İkitərtibli hiperbolik tənliklər üçün bəzi
optimal idarə məsələləri” adlı dərs vəsaitidir.
Bu vəsait indi də bakalavr pilləsinin tələbələri
və magistrlər üçün vacib vəsait hesab olunur.
2010-cu ildə
nəşr olunan “Variasiya hesabı və optimallaşdırma
üsullarının əsasları” (həmmüəllifi
Ş.Yusubov) adlı dərs vəsaiti Azərbaycan dilində
yazılmış və tədris planında nəzərdə
tutulmuş mövzuları tamamilə əhatə edir.
Hazırda bu vəsait bütün ali məktəblərdə
tədris vəsaiti kimi istifadə olunur. Lakin bu vəsait də
fəlsəfə doktoru elmi dərəcəsi almaq
üçün minimum verilməsini təmin etmədiyindən
yeni bir vəsaitin yazılması zərurəti
yaranmışdır. Bunu nəzərə alaraq, 2017-ci ildə
müəlliflər kollektivi tərəfindən
“Optimallaşdırma üsulları” adlı dərsliyi
yazılıb ki, bu kitabın yazılmasında da Hamlet müəllimin
böyük rolu olub. Bu dərsliyin əsas üstünlüklərindən
biri ondan ibarətdir ki, “Variasiya hesabı və
optimallaşdırma üsulları” fənninin bütün
kursunu tam əhatə etməklə bərabər, sonsuz
ölçülü fəzalarda ekstremum məsələlərinin
əsas faktları, ekstremumun təqribi tapılmasının əsas
üsulları da verilib ki, bunlar da mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilir.
Hamlet Fərman oğlu Quliyevin elmi-pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib və ona 2019-cu ildə “Əməkdar müəllim” fəxri adı verilib.
Qabiliyyətli alim, bacarıqlı müəllim və təcrübəli müəllif olan Hamlet Quliyev həm də poeziya həvəskarıdır, güclü musiqi duyumu var və muğamlarımızı tarda incəlikləri ilə ifa edir.
Hazırda Bakı Dövlət Universitetinin İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının müdiri vəzifəsini icra edir.
Ehtiyacla dolu tələbə ömrü, sadə, cəfakeş müəllim ömrü, həyatının az qala yarıdan çoxunu arxivlərdə keçirən, sanballı tədqiqatlara, dəyərli əsərlərə çevirən aydın zəkalı, zəhmətkeş alim ömrü və xeyirxahlığı həyat devizinə çevirən səmimi bir insan ömrü yaşayır Hamlet müəllim. Elm və insanlığın bu mərtəbəsinə yüksələnədək acılı-şirinli, enişli-yoxuşlu, bəzən hamar, bəzən sərt döngəli, keşməkeşli ömür payını gilə-gilə, zərrə-zərrə əridib, elmin çətin yollarında büdrəməyə, yıxılmağa qoymadığı, həmişə əlindən tutub irəliyə apardığı saysız-hesabsız yetirmələrinin yoluna mayak kimi işıq salıb.
Hamlet müəllim sevilən insandır. O, bu sevgini ilk növbədə özünün şəxsiyyəti, öz şəxsiyyətinə hörmət etməsi və başqalarına da hörmətlə yanaşması, ona üz tutanları əliboş qaytarmaması, etdiyi yaxşılıqlardan təmənna ummaması ilə qazanıb. Sözü ilə əməli bir olan insan, alim, müəllimdir...
Ömrünün bu ahıl çağında arayıb-axtarmaqdan, oxuyub-yazmaqdan yorulmayan, elm meydanında cəsarət və qeyrətlə döyüşən bu zəhmətsevər elm fədaisinə Azərbaycan elminin inkişafı naminə uzun ömür və cansağlığı, gələcək elmi-pedaqoji fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.
Məmməd
YAQUBOV,
Professor, Əməkdar
elm xadimi,
Maqsud NƏCƏFOV,
Professor, Əməkdar
müəllim,
Şakir
YUSUBOV,
Riyaziyyat
üzrə elmlər doktoru,
Əməkdar müəllim.
Respublika.- 2021.- 31 mart.- S.6.