Soydaşlarımızın ideoloji birliyi təmin olunur
Dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların mütəşəkkil diaspor kimi formalaşması lobbi quruculuğu sahəsində Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu isə əslində respublikamızda aparılan dövlət siyasətində ümummilli mənafelərin reallaşdırılması deməkdir.
Azərbaycan Respublikası dünya azərbaycanlıları tərəfindən milli-tarixi təkamülün bəhrəsi, milli mənliyin rəmzi, tarixi Vətən anlayışının inikası kimi qəbul edilmişdir.
Bu gün dünyada qloballaşma prosesləri get-gedə daha geniş vüsət alır. Onun doğurduğu reallıqlar Azərbaycan diasporunun fəaliyyətinə də öz təsirini göstərməkdədir. İnteqrasiya prosesləri dünyanın müxtəlif regionlarında yaşayan həmvətənlərimizin daha sıx birləşməsini tələb edir.
Başqa sözlə desək, indi azərbaycanlıların ideya-siyasi birliyi yalnız ölkəmizin milli maraqlarından irəli gələn məsələ deyil, həm də müasir dünyada gedən ictimai-siyasi proseslərin tələbi ilə ortaya çıxan zərurətdir.
Xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra milli birliyin təminatı, dünya azərbaycanlılarının vahid milli mənafe ətrafında birləşdirilməsi məsələsi dövlət quruculuğunun əsas vəzifələri kimi meydana çıxdı.
Dünya azərbaycanlılarının birliyi azərbaycançılıq ideologiyasının reallaşdırılması mexanizmi kimi qəbul edilir və bu sahədə həyata keçirilən bütün tədbirlər məhz həmin amala əsaslanır. Milli birliyin ideoloji əsası olan azərbaycançılıq ideyası və məfkurəsi ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən formalaşdırılmışdır.
Dünya azərbaycanlılarının həmrəyliyi bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən amildir və dövlət siyasətinin prinsipial istiqamətlərindən biridir. Azərbaycan dövləti bütün dünyada yaşayan azərbaycanlıların siyasi istinadgahı kimi çıxış edir və hər zaman onların qarşılaşdığı çətinliklərin həllində yaxından iştirak etməyi özünün ali məqsədlərindən biri kimi qəbul edir.
Ümummilli liderimiz Heydər Əliyev böyük qürur və təəssübkeşliklə milli birliyin prioritet məsələ olduğunu dövlət rəhbəri kimi xalqa bəyan etmişdir: “Biz gərək milli mənliyimizi həmişə yüksək saxlayaq. Mənim üçün hər şeydən üstün mənim milli mənliyimdir”.
2001-ci il noyabr ayının 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olmuşdur. Yüksək səviyyədə keçən bu mötəbər məclisə soydaşlarımız böyük həvəslə gəlmiş, tarixi Vətən qarşısında hesabatlarla çıxış etmişlər. Bu qurultay dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin yaranması və inkişafı sahəsində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, müstəqil Azərbaycanın ictimai-siyasi həyatında tarixi hadisəyə çevrilmişdir.
Dünya Azərbaycanlılarının Bakıda keçirilən I, II, III və IV qurultayı soydaşlarımızın vahid ideya ətrafında birləşməsinə təkan vermişdir.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin prinsip və ideyalarını inkişaf etdirərək soydaşlarımızın tarixi Vətənin ümumi mənafeləri çərçivəsində həmrəyliyin təmin olunmasına, milli maraqlarımızın qorunmasında diasporun imkanlarından daha səmərəli istifadə edilməsinə istiqamətlənmiş siyasət yürüdür. Prezident İlham Əliyev əksər xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problemləri ilə maraqlanır və dəyərli tövsiyələrini verir.
Dünya azərbaycanlılarının 2016-cı ildə Bakıda keçirilən IV Qurultayı xaricdə yaşayan həmvətənlərimiz arasında ideoloji birliyin daha da möhkəmləndirilməsi, diaspor təşkilatlarının fəaliyyətinin genişləndirilməsi yolunda mühüm hadisə oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sonuncu qurultayda bütün sahələrdə yüksək dinamizmlə inkişaf edən Azərbaycanın beynəlxalq arenadakı nüfuz və mövqelərinin güclənməsini, Azərbaycan diasporunun mütəşəkkil qüvvəyə çevirilməsini qürur hissi ilə qeyd etmişdir.
Bu gün müstəqil Azərbaycan dövləti özünün ən parlaq dövrünü yaşayır. Ölkəmizdə dövlət quruculuğunun bütün sahələrində həyata keçirilən mühüm islahatlar öz bəhrəsini verməkdədir. Eyni zamanda xaricdə məskunlaşmış soydaşlarımızla əlaqələr dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə hərtərəfli münasibətini qurmaq, onların milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirmək, mədəni-siyasi hüquqlarını müdafiə etmək, diasporlararası əlaqələri genişləndirməkdir.
“Xaricdə yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti” haqqında Azərbaycan Respublikası Qanununun qəbulu bir daha təsdiq edir ki, dünya azərbaycanlılarının milli birliyinin və tərəqqisinin təminatçısı Azərbaycan Respublikasıdır. Qanunda bu siyasətin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsasları müəyyənləşdirilmişdir.
Bu gün həmvətənlərimiz vahid bir ideya ətrafında təşkilatlanmağa böyük maraq göstərirlər. Soydaşlarımız yaşadıqları ölkələrdə azsaylı xalqlar arasında fərqlənir, Azərbaycan həqiqətlərinin dünya xalqlarına çatdırılmasına maksimum səy göstərirlər.
Bu gün Azərbaycan diasporu monolit qüvvəyə çevrilmişdir. Soydaşlarımızın məskunlaşdıqları ölkələrdə ciddi siyasi qüvvəyə çevrilməsi müşahidə edilməkdədir.
Azərbaycan icma və birliklərinin fəaliyyət göstərdikləri ölkənin inkişafına və ictimai-siyasi, mədəni potensialının gücləndirilməsinə xidmət edən sağlam və fəal qüvvəyə çevrilməsi, eyni zamanda, soydaşlarımızın milli mənliyini, doğma dilini, mədəniyyətini qorumaqla bu ölkənin mənəvi dəyərlərini mənimsəməsi xalqımızın digər xalqlarla əməkdaşlıq tellərinin möhkəmləndirilməsinə öz töhfəsini verməkdədir.
Bu gün xarici ölkələrdə məskunlaşmış yüzlərlə Azərbaycan ziyalısı, görkəmli elm, mədəniyyət xadimi yerli kütləvi informasiya vasitələrində Azərbaycanın haqq səsinin, müxtəlif sahələrdə qazandıqları uğurların, onun mədəniyyətinin, incəsənətinin, tarixinin, ədəbiyyatının və nəhayət, azərbaycançılıq ideyalarının dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edirlər.
Müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları mətbu orqanları vasitəsilə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, eyni zamanda, soydaşlarımızın tarixi Vətən haqqında obyektiv və intensiv şəkildə məlumatlandırılmasına, diaspor quruculuğu işinin təbliğinə, həmvətənlərimizlə əlaqələrin daha da möhkəmləndirilməsinə öz töhfələrini verməkdədir.
Son illərdə Azərbaycan və türk icmaları arasında getdikcə inkişaf etməkdə olan əməkdaşlıq əlaqələri güclü Azərbaycan lobbisinin formalaşdırılması üçün zəmin rolunu oynamaqdadır. Müasir dünyanın reallıqlarından çıxış edərək tam məsuliyyətlə demək olar ki, hazırki şəraitdə Azərbaycan və qardaş Türkiyənin diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, onlar arasında əməkdaşlığın inkişafı hər iki xalqın maraqlarına xidmət edir. Türkiyə ilə Azərbaycanın milli mənafeləri, dövlət maraqları, tarixin sınaqlarından çıxmış dostluq telləri iki xalqın diasporlarının sıx əməkdaşlığını taleyüklü məsələlərin həllində birgə fəaliyyətini zərurətə çevirmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Dünya azərbaycanlılarına müraciətində diasporumuzun mütəşəkkilliyinin möhkəmlənməsinin, soydaşlarımızın milli birlik və həmrəyliyinin təmin edilməsinin ümummilli liderimiz Heydər Əliyevin ən böyük arzularından biri olduğunu xatırladaraq xalqımızın, bütün həmvətənlərimizin zaman keçdikcə daha sıx birləşdiyini, onun müəyyən etdiyi strateji kursa, ideyalara sədaqət nümayiş etdirdiyini vurğulamışdır.
2020-ci il xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Cəmi 44 gün ərzində 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız faşist xislətli erməni daşnaklarından azad edildi. Qürur hissi ilə vurğulamaq lazımdır ki, Vətən müharibəsində xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatları mütəşəkkil qüvvəyə çevrilməklə Azərbaycanın haqq işinə böyük dəstək verdilər. Yaşadıqları ölkələrdə silsilə aksiyalar keçirməklə erməni təbliğatına zərbə vurdular.
Xaricdəki soydaşlarımız bildirdilər ki, Qarabağ uğrunda gedən savaşda qazanılan qələbə, zəfər Azərbaycan xalqının birliyi ilə möhtərəm Prezidentimiz cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin - zəkası və qabiliyyətinin, iradə və dözümünün, həyata keçirdiyi ardıcıl daxili və xarici siyasətinin nəticəsidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev xarici ölkələrdə məskunlaşan həmvətənlərimizin ideoloji birliyini diqqət mərkəzində saxlayır. Təşkilatlanma prosesi, dünya azərbaycanlılarının bir araya gətirilməsi istiqamətində ardıcıl işlər görülür. Diaspor quruculuğu işinin keyfiyyətlə yeni mərhələyə çıxarılması təmin edilir.
Qədir ASLAN
Respublika.- 2021.- 2 may.- S.7.