Rifaha, firavanlığa, ədalətə, xalqın maraqlarına təminat verən sosial islahatlar

 

Ən önəmlisi, dövlət hər addımda öz vətəndaşının yanında olduğunu hiss etdirir

Dünyada iqtisadi böhranın daha da dərinləşməsinə, Tarixi Zəfərlə bitən Vətən müharibəsinə, pandemiyaya baxmayaraq, Azərbaycanda bütün istiqamətlər üzrə uğurlu inkişaf dinamikası qorunub saxlanılmış, ölkədə bütün sosial proqramların icrası, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarının dövlət qayğısı ilə əhatə olunması, əmək hüquqlarının müdafiəsi, aktiv məşğulluq tədbirlərinin təşkili və digər sahələrdə məqsədyönlü işlər, pensiya və sosial-təminat, tibbi-sosial ekspertiza sistemlərinin təkmilləşdirilməsi yönündə islahat tədbirləri uğurla davam etdirilir. Onu da qeyd etmək lazımdır ki, Avropanın özündə də belə islahatlar heç də həmişə istənilən nəticəni vermir, bəzən əks göstəricilərə də gətirib çıxarıla bilir. Ölkəmizdə aparılan islahatların uğurlu nəticələri ilk növbədə cənab İlham Əliyevin proseslərə kompleks yanaşması, islahatları qısa və uzun müddətlərə hesablanmış Dövlət proqramları vasitəsilə həyata keçirməsi sayəsində mümkün olur. Azərbaycan Prezidentinin qlobal iqtisadisiyasi çağırışlara adekvat olaraq həyata keçirdiyi islahatlar kursu ilk növbədə milli sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi əsasında qeyri-neft sektorunun sürətli inkişafını, bu sektor üzrə rəqabətqabiliyyətli və ixrac yönümlü məhsul istehsalının artımını stimullaşdırmağa, nəticədə isə əmək ehtiyatlarından istifadənin genişlənməsinə və məşğulluğun artırılmasına hesablanmışdır.

 

 

 

Prezident İlham Əliyev ölkə vətəndaşlarının sosial müdafiəsinin mütəmadi gücləndirilməsini fəaliyyətinin başlıca məqsədlərindən biri kimi diqqətdə saxlayır. Onun düşünüb ortaya qoyduğu ideyalar və şəxsi təşəbbüsü sayəsində iqtisadi, sosial islahatlar aparılır ki, bu da son nəticədə əhalinin yaşayışını yaxşılaşdırır və dövlətimizin qüdrətini artırır. Modern dövlət quruculuğu xəttini seçən və bu yolda fenomen bacarıq nümayiş etdirən cənab İlham Əliyev ölkəmizi nəinki regionun, hətta qitənin və dünyanın qabaqcıl dövlətləri sırasına çıxarmışdır. Artıq Azərbaycanda dövlət idarəetmə sistemində mövcud olan brend modellər dünya dövlətlərinə ixrac edilməkdədir. Buna misal kimi, “ASAN xidmət”i, “DOST” Mərkəzini göstərmək olar. Cənab İlham Əliyevin dövlət quruculuğu modelinin digər coğrafiyalarda da öyrənilməsi, təqdir tətbiq edilməsi qürur hissi doğurur. Ölkədə həyata keçirilən sosial islahatlar məhz dövlətin xalqın maraqlarına xidmət edir ən önəmlisi dövlət hər addımda öz vətəndaşının yanında olduğunu hiss etdirir. Bu da vətəndaşlarda sosial sahələrdə bundan sonra mühüm dəyişikliklərə, vətəndaş məmnunluğuna əminliyi artıracaq. Cənab Prezidentin söylədiyi kimi, Azərbaycan dövlətinin siyasətinin mərkəzində xalqımızın sosial rifah halının daha da yaxşılaşması dayanır. Azərbaycanın iqtisadi gücü artdıqca, əhalinin sosial müdafiəsinin artırılması tədbirləri ardıcıl olaraq həyata keçiriləcək, çünki bu, dövlətin sosial mahiyyətindən irəli gələn bir siyasətdir.  

 

Azərbaycan postmüharibə dövrünə çevik genişmiqyaslı sosial dəstək paketi ilə daxil oldu. Bu dəstək paketi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini, müharibə iştirakçılarını, müharibədə yaralanmış hərbçiləri, müharibə əlillərini, erməni terrorundan zərər çəkənləri, eyni zamanda qeyd olunan şəxslərin yaxınlarını əhatə edir. Dəstək istiqamətləri isə genişdir. Buraya sosial təminat hüquqlarının çevik reallaşdırılması sosial ödənişlərin proaktiv təyinatı, sosial-psixoloji dəstək, reabilitasiya xidmətləri vasitələri ilə təminat, maddi yardım, məşğulluq məsələlərinin operativ həllində, kiçik biznes imkanlarının yaradılmasında dəstəyin göstərilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması s. kimi işlər daxildir. Ümumilikdə, postmüharibə üzrə bu dəstək paketi artıq 20 mindən çox insanı əhatə edib. Dövlətimiz öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir. Dövlət şəhid ailələri, müharibə əlilləri üçün bütün imkanlarını səfərbər edir. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Bundan sonra da həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladların ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib. Dövlət başçısı tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. Bu isə o deməkdir ki, Prezident İlham Əliyev sosial cəhətdən qayğıya ehtiyacı olanların mənzil-məişət şəraitinin onların rifahının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Bir sözlə, qazilərə şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Dövlətimizin başçısı bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirməkdə davam edir. Qazilərə əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində tibbi yardım göstəriləcək. Orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq Fərman sərəncamlara əsasən, onlara ödənilən pensiya müavinətlərin məbləği hər il artırılır. Dövlət əlil vətəndaşların reabilitasiya, pulsuz istirahət, texniki-bərpa ilə təminat proqramlarına cəlb olunmasını da həyata keçirir. Eyni zamanda, qanunvericilikdə bu təbəqədən olanlar üçün bir sıra güzəştlər, əlavə təminatlar əksini tapıb.

 

Azərbaycan pandemiyanın başladığı ilk günlərdən mübarizədə özünəməxsus yol seçən ölkələrdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında uğurlu tədbirlər həyata keçirir. Elə bu layihələrin əsasında insan, onun rifahı, sosial cəhətdən müdafiəsi dayanır. “COVİD-19”-la bağlı yaranmış vəziyyətə müvafiq olaraq adekvat addımlar atılıb indi davam edir. Bu gün ölkə üzrə koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur. Hazırda fəaliyyətdə olan laboratoriyaların sayı 40-dan artıqdır. Koronavirus pandemiyası ilə mübarizədə cənab Prezident İlham Əliyevin atdığı mükəmməl addımlar müəyyən etdiyi məqsədyönlü qabaqlayıcı tədbirlərin nəticəsidir ki, hazırda ölkəmiz pandemiyanın geniş yayılmasının qarşısının alınması insan itkilərinin az olması baxımından dünyanın ən inkişaf etmiş dövlətlərinə bir nümunədir. Belə bir həssas məqamda dövlət başçısının sosial sahədə imzaladığı fərmanlar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımdır irəli sürülmüş sosial paketlər əhalinin bütün təbəqələrini əhatə edir. Bu, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında öz əksini tapmışdı. Bu gün o tədbirlər həm əhalinin sağlamlığına, yerlərinin saxlanmasına, həm sosial təminatının qorunmasına xidmət edir. Eyni zamanda bu tədbirlər planı Prezidentin ölkədə əhalini narahat edən bütün sosial-iqtisadi məsələlərdən hərtərəfli xəbərdar olduğunu onları daim diqqət mərkəzində saxladığını, həmçinin mövcud problemlərin həlli istiqamətində ciddi tapşırıqlar verdiyini, nəticəsi ilə şəxsən maraqlandığını göstərir. Belə çətin günlərdə insanların sosial müdafiəsinin gücləndirilməsi üçün pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən vətəndaşların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Həmçinin, 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Ümumilikdə isə 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib.

 

“17 aprel 2020-ci il tarixində Prezident İlham Əliyev tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətində 600 milyon manat vəsait ayrılıb. Bununla yanaşı, ölkə başçısı tərəfindən vətəndaşların sosial rifahına təsir edən digər bir neçə məqamı da yada sala bilərik. 2020-ci il mart ayının 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb və bu tədbir 14 min nəfəri əhatə edir, bunun üçün isə 2.6 milyon manat ayrılıb. Eləcə də, kommunal xidmətlərdən istifadəyə görə güzəştli elektrik enerjisi limiti aprel-may aylarında 100 kvt/s həcmində artırılıb və bu məqsədlə büdcədən 10 milyon manat ayrılıb. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi nəzərdə tutulub ki, buna da 40 milyon manat ayrılıb. Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2021-ci ilin ilk rübündə də davam edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-mart aylarında həmin istiqamətlər üzrə ümumilikdə 2 milyon 250 mindən çox şəxsə ödənişlər edilib. Bu istiqamətdə növbəti addımlar atılır. Pensiyaların artırılması təmin edilir.

 

Möhtərəm Prezidentimiz deyir: “Biz güclü dövlət qururuq, güclü iqtisadiyat qururuq, eyni zamanda, insanların rifahı bizim üçün həmişə prioritet məsələ olubdur və olacaqdır. Bu da siyasətimizin mahiyyətini, yəni, mənasını göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Sosial sahədə aparılan islahatlar bu ildavam etdirilir. Bu islahatlar çox genişmiqyaslı olaraq Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan önəmli addımlardır. Xüsusilə ötən illərdə dörd milyondan artıq Azərbaycan vətəndaşının maddi rifahı yaxşılaşdırılmış, çox böyük sosial paket icra edilmişdi. İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri sürətlə davam edir, yeni infrastrukturlar yaradılır. Tezliklə burada da sosial layihələr həyata keçiriləcək, sosial qayğının əhatə dairəsi daha da genişlənəcək. Bu, bir daha onu göstərir ki, Azərbaycan hökuməti daim öz vətəndaşının yanındadır və maddi imkanları hələ də məhdud olan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzindədir.

 

Mustafa KAMAL

 

Respublika.- 2021.- 4 may.- S.4.