Arzularında yaşayan qəhrəman

 

Bu dünyada hər şey kimi zaman məfhumu da nisbidir. Hər bir xoşbəxt an, hər bir xoşbəxt dəqiqə öz-özlüyündə əbədiyyət deyilmi?

 

Tale, qədər onları bir araya gətirmişdi. Özü lap körpəlikdən. Eyni məhəllədə yaşamaq, eyni bağçaya getmək, eyni məktəbdə oxumaq, orta məktəbi bitirdikdən sonra yolları ayrılsa da, illər sonra yenidən birləşmək taleyin, qismətin yazısı idi...

 

Bir ömür boyu ayrılmayacaqlarına, bir-birinə xoşbəxtlik, səadət bəxş edəcəklərinə söz verib əhd-peyman bağlamışdılar. Lakin Rüfətin Vətən sevgisi bütün sevgilərə üstün gəldi... O, kəşfiyyatçı idi...

 

Rüfət Əsgərov 1981-ci il avqust ayının 29-da Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olmuşdu. Xətai rayonundakı 204 saylı orta məktəbin 9-cu sinfini bitirdikdən sonra 1996-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olur. 1999-cu ildə liseyi bitirdikdən sonra isə ali hərbi təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində alır. 2003-cü ildə ali təhsilini qoşun kəşfiyyatı ixtisası üzrə başa vurduqdan sonra kəşfiyyatçı kimi Vətənə sədaqətlə xidmət etməyə başlayır. O, 2003-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində leytenant rütbəsi ilə, 2009-2012-ci illərdə Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə baş leytenant rütbəsi ilə, 2012-2013-cü illərdə Gəncə şəhərində yerləşən hərbi hissədə kapitan rütbəsi ilə xidmət edir. 2014-cü ildə mayor rütbəsi alan Rüfət Əsgərov elə həmin ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kəşfiyyat kafedrasında baş müəllim kimi vətənə xidmət edəcək gənc hərbçilərə hərbin sirlərini öyrədir. Ötən il sentyabrın ayının 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin düşməndən azad olunması uğrunda başlanan Vətən müharibəsi zamanı könüllü olaraq ön cəbhəyə yollanır, kəşfiyyat rəisi kimi döyüş əməliyyatlarında yaxından iştirak edir. Talış yüksəkliyi, Hadrut, Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə rəşadətlə döyüşür, Ermənistan Silahlı Qüvvələrinin 24 xüsusi təyinatlısını məhv edir, 3 düşmən postunun Azərbaycan ordusunun nəzarəti altına alınmasında böyük şücaətlər göstərir. Oktyabr ayının 14-də Rüfət Əsgərov Ağdərə şəhəri istiqamətində - Tərtər rayonunun Ballıca kəndi ərazisində xüsusi əhəmiyyətli tapşırığı yerinə yetirərkən qəhrəmancasına şəhid olur.

 

O, bir kəşfiyyatçı kimi ön cəbhədə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirmiş, qorxmazlığı, mərdliyi, cəsurluğu ilə, ən başlıcası isə Vətənsevərliyi ilə nümunə olmuşdu hər zaman. Xidmət etdiyi illərdə Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrləri ilə I, II, III dərəcəliQüsursuz xidmətə görə”, Azərbaycan Silahlı Qüvvələrinin 90, 95 100 illik yubiley medalları ilə təltif olunmuşdu. Saymaqla bitməyən təltiflər, tərifnamələrin içində ən alisinə isə 2020-ci il dekabr ayının 15-də layiq görüldü Rüfət. O gün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə mayor Rüfət Mürvət oğlu Əsgərov ölümündən sonraVətən uğrundaHərbi xidmətlərə görəmedalı ilə təltif olundu.

 

Həyat şirin olduğu qədər acı olur bəzən. Mürvət müəllim 3 il öncə həyat yoldaşını itirəndə həyatın acılığından dadmışdı bir az. Amma oğlanları Rüfət, Nicat, nəvələri Xansuvar, Zəhra, Nərminə, Rəsul ilə təskinlik tapır, həyata yenidən bağlanır, tanrının məsləhətinə şükür edərək balalarını başına toplayıb ömrünü sürürdü. Deyirlər, hər zamanın bir hökmü var. Kim deyərdi ki, bir vaxtlar ömür-gün yoldaşının yerini övladları ilə dolduran, Rüfətin uğurları, işindəki pillə-pillə yüksəlişi ilə özünü xoşbəxt ata sayan Mürvət müəllim vaxt gələcək oğul itkisi ilə yaşayacaq. Əgər buna yaşamaq demək mümkündürsə...

 

O, gah oğluna hərbiçi olmağı məsləhət bildiyi üçün peşmanlıq hissi keçirir, gah da Rüfətin otaqda divardan asılan şəkli ilə üzbəüz oturubsən demə, səndən çox şeylər öyrənməli imişəm, səni heç tanımamışam, oğuldeyə onunla dərdləşir, qürurlasəninlə fəxr edirəm, Rüfətdeyirdi. Balaca Zəhranınatam söz verib ki, gələcək ağlama, babademəsinə hönkürüb göz yaşlarına hakim ola bilməyən, danışdıqca qəhərdən boğulan Mürvət müəllim Rüfətin başsız qoyub getdiyi ailəsini necə toparlayacağı haqqında düşünür, verdiyim sualların fərqində olmadan ürəyini boşaldırdı. Bir vaxtlar həyat mənə özünü sevdirməyi bacardığı kimi, indi küsdürməyi bacardı. Deyəcəksiniz ki, Rüfət kimi oğulla ancaq fəxr etmək olar. Razıyam. Fəxr edirəm qəhrəman oğlumla. Mənim ondan öyrənəsi çox şeylərim var imiş. Sən demə, Rüfətim 39 yaşında deyilmiş, dünyagörmüş bir ahıl qədər yaşı varmış. Övladımı tanımamışam. Bu qədər sevgini, məhəbbəti, kişiliyi, mərdliyi bu yaşına, bu cisminə necə sığdırmışdı Rüfət?

 

Mən heç vaxt aciz insan olmamışam, övladlarımı da mərd, mübariz böyütmüşəm. Amma indi gəlnimin, nəvələrimin gözlərinə baxmağa acizəm. Rüfətin oğlu qüsurlu doğulub. Serebral iflic xəstəliyindən əziyyət çəkir. Atası sağ olanda bir o qədər narahat olmurdum. Bilirdim ki, o, ailəsinə, övladlarına, ümumiyyətlə, heç kimə qarşı laqeyd ola bilməz. Əgər bir çarəsi varsa, Rüfət oğlunun sağlamlığı üçün lazımdırsa edəcək. Bəs indi? Bax, bu sualın qarşısında acizəm... Rüfət mənim boğazımda düyümlənən qəhərim, həm Vətənimin köksündəki zirvəmdir. O zirvə mənim qürur yerimdir. Rüfətin həyat yoldaşı Arzu da kövrəlir: Rüfətlə bağlı ürəyimdəkiləri dilimdə deyə bilmirəm. Onu, onun təmiz, saf duyğularını, xoş xatirələrini qəlbimin elə dərinliyinə qoymuşam ki, ölüm belə məndən ala bilməz. Biz 2006-cı ildə ailə qurmuşduq. 15 il bir yerdə yaşadıq, bir ömürlük xoşbəxtlik bəxş etdi mənə. Rüfət sevgi dolu idi. Bu sevgidən valideynlərinə, ailəsinə, övladlarına, dostlarına, hamıya pay düşürdü. Amma Vətənə, torpağa olan sevgisi bir başqa idi. Onu heç kimlə bölməz, paylaşmazdı. O, Vətən uğrunda, torpaqlarımızın azadlığı uğrunda canından keçməyə hər zaman hazır idi. Hər dəfə bir hərbçinin ən şərəfli ölümü şəhidlik zirvəsinə yüksəlməsidir deyirdi. Belə oldu. O, bu zirvəyə yüksəldi ən böyük arzusuna çatdı. Amma özü mənim yarımçıq qalan arzuma döndü. Rüfət mənim əbədi göz yaşım, açılmayan səhərim heç vaxt dilimdən düşməyəcək igid qəhrəmanımdır. Mən , övladları da ömrümüz boyu onu sevəcək, onunla fəxr edəcəyik”.

 

Sən yaşayırsan, Rüfət. Atanın, övladlarının, ömür-gün yoldaşının sevgisində, məhəbbətində, bir hər bir kəsin Vətən deyib içində böyütdüyü Vətən sevgisində yaşayırsan. Ruhun şad olsun.

 

Mehparə ƏLİYEVA

 

Respublika.- 2021.- 4 may.- S.7.