Nizami Gəncəvinin əbədiyaşar
poeziyasında islam dininin
bədii-fəlsəfi tərənnümü və müasirlik
“Dünya
ədəbiyyatının görkəmli nümayəndəsi,
dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi
bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə
açmış nadir şəxsiyyətlərdəndir”.
(Azərbaycan Respublikasında
2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında
Prezident
İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamından).
Həqiqiliyinin isbatına o qədər
də çox ciddi ehtiyac olmayan
məfhumlar, terminlər
və anlayışlar
arasında “Nizami”nin öz yeri var.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin dahi Nizami Gəncəvi haqqında aşağıdakı
qiymətli fikirlərini
xatırlamaq zənnimizcə
yerinə düşərdi:
“Bütün Azərbaycan
xalqı Nizami Gəncəvi ilə fəxr edir... Onun yazdığı əsərlər bütün
dünyada məşhurdur!..
Bu əsərlər təkcə
şeirlərdən ibarət
deyildir. Onların hər birində böyük elm var, böyük fəlsəfə
var, dahi fikirlər var. Buna görə
onun əsərləri
də, özü də yaşayır”. Ulu öndər bu fikirləri 2000-ci ilin may ayında dahi şairin Gəncədəki məqbərəsini
ziyarət edərkən
söyləmişdir.
Nizaminin
ölməz, əbədiyaşar
poeziyasında Allahın,
Məhəmməd Peyğəmbərin,
dünya dinlərindən
olan İslamın və müqəddəs
“Quran” ın bədii,
fəlsəfi ecazkar tərənnümü məsələsinə
qayıtmaq istərdik.
Doğrudur, o qədər
də uzaq olmayan yaxın keçmişdə, bir qədər konkret desək, ölkəmizdə
sovetlər dönəmində
Nizamidən yazan müəlliflərdən bəziləri
dahi şair və mütəfəkkirin
Allaha, Məhəmməd
Peyğəmbərə, İslama,
Qurana münasibətlərindən
bəhs edərkən
biriləri onu dindar, digərləri isə ateist kimi qələmə vermişlər. Həqiqət
isə bu fikirlərin tam mənası
ilə yanlış olduğunu sübut edir. Başqa sözlə desək, Nizami Gəncəvi hər şeydən əvvəl, özü
“Allah”, “Məhəmməd Peyğəmbər”,
“İslam”, “Quran” məfhumlarının
kəsb etdiyi dərin məna, məzmun və mündərəcəsini tam dərinliyi
ilə dərk etmişdir. Digər tərəfdən, təsadüfi
deyildir ki, dahi şair oxucusunu yuxarıda sadalanan məfhumlardan mənəvi cəhətdən
hərtərəfli bəhrələnməyə
çağırmışdır. Məsələn, o, bir-birindən
dəyərli, qiymətli
əsərlərində - “Sirlər xəzinəsi”,
“Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” kimi
əvəzsiz incilərinin
başlanğıcında ecazkar
bədii-fəlsəfi sözün
vasitəsilə həmin
məfhumların bədii-fəlsəfi
tərənnümünə başlayır.
İslamın sütünü tək
o dörd bayraq ucaldı,
Şəninə gecə-gündüz beş kərə təbil çaldı.
Oldu Məkkən, Mədinən
çiçəklənən güzarın,
Gözünə işıq gəldi
hər bir qərib zəvvarın.
Nizami Gəncəvinin “Sirlər
xəzinəsi” əsərindən
gətirdiyimiz bu poetik nümunədə əbədiyaşar, ölməz
şair islama görə kimin müsəlman olduğuna işarə etmişdir.
Dahi şair-mütəfəkkir filosof
Nizami Gəncəvi islama, müqəddəs “Quran”a, Məhəmməd Peyğəmbərin kəlamlarına
əsasən onlara söykənərək, fetişizmi,
bütpərəstliyi poeziya
dili ilə kəskin tənqid edir. Bu fikir əsrlər keçməsinə
baxmayaraq, bu gün də çox aktualdır.
Nizami Gəncəvinin ölməz
“Xosrov və Şirin” poemasında da məhz bunları
poeziya dili ilə qələmə alması təsadüfi deyildir.
Haqqında söhbət açdığımız
məsələ böyük
şairin “Leyli və Məcnun” poemasında da öz dərin və geniş bədii həllini tapmışdır. Poemanı
çox böyük sənətkarlıqla Xalq
şairimiz böyük
Səməd Vurğun
ana dilimizə çevirmişdir. Əsərin
elmi redaktoru akademik Mirzə İbrahimovdur.
Dahi filosof, şair-mütəfəkkir
Nizami Gəncəvi özünün digər ölməz poeması olan “Yeddi gözəl”də
də sözügedən
məsələni daha
rəngarəng və
daha orijinal şəkildə tərənnüm
etmişdir.
Poemanı istedadlı, böyük
lirik ədib, Xalq şairimiz Məmməd Rahim ana dilimizə çevirmişdir. Ön sözün, izahların müəllifi və elmi redaktoru dünya şöhrətli
şərqşünas, professor Rüstəm Əliyevdir.
Poemanın “Başlanğıcı”nda oxuyuruq:
Ey bu kainatın açan gözünü,
Yoxdur səndən qabaq duyan özünü,
Hər bir başlanğıcın
ibtidasısan,
Sonların sonusan, intihasısan.
Allah haqqında bu tərifi geniş şərh və izah etməyə bizcə, bir o qədər də ehtiyac yoxdur. Bununla belə, sözügedən məsələ
poemanın sonuncu “Peyğəmbərin mədhi”
hissəsində özünün
geniş bədii həllini tapmışdır.
Məsələn, həmin
hissədə oxuyuruq:
Nəbilərdən üstün qılıncı, tacı,
Şəriət - qılıncı, tac
da meracı,
Varlıq
bu ümmidən mayə almışdır,
Yerə
nur, göylərə
kölgə salmışdır.
Bu işıqlı, nurlu fikrin məntiqi davamı poemanın “Peyğəmbərin meracı”
sərlövhəli hissəsində
daha bariq, daha qabarıq şəkildə tərənnüm
edilmişdir:
Böyük şair demək
istəmişdir ki, İslamın ümumbəşəri
mənəvi dəyərlərinə
yiyələnən, onlardan
bəhrələnən hər
kəs sosial, iqtisadi, mədəni, mənəvi həyatda xoşbəxt ola bilər.
Dahi Nizaminin Allah, onun yerdəki elçisi Məhəmməd Peyğəmbər,
sülh, mehribanlıq,
tolerantlıq dini olan islam dini
və onun əsasını təşkil
edən müqəddəs
“Quran”ın ümumbəşəri
mənəvi dəyərləri
barədə ictimai şüurun, bədii sözün qüdrəti
ilə tərənnümü
böyük mütəfəkkirin
sonuncu ölməz poeması olan “İsgəndərnamə” adlı
mənzum poemasında
özünün yekun
əksini tapmışdır.
Burada diqqəti daha çox cəlb edən başlıca məqam bundan ibarətdir ki, dahi filosof şair
poemanın “Peyğəmbərin
meracı” adlı hissəsinin sonunda yazır:
Nizami tutmuşdur Gəncədə
məkan,
O, məhrum olmasın salamlarından.
Dahi şair “Nizami tutmuşdur Gəncədə
məkan” deməklə,
onun özü Nizami Gəncəvi fars-iran şairidir, deyənlərə sübut
etmişdir ki, o, əsl Gəncəli-Azərbaycanlıdır.
Yeri gəlmişkən, burada çox vacib bir məqama toxunmaq istərdik.
Nizami Gəncəvi bütün
zamanların və məkanların böyük
şairidir. Məsələn,
1941-1945-ci ildə Alman
faşistləri Sankt-Peterburqu
(Leninqrad) mühasirəyə
alan zaman orada Nizaminin yubileyi təşkil olunmuşdur. Bu, o zaman üçün hadisə
idi. Bu, günümüzdə
də hadisədir.
Dahi Nizaminin anadan olduğu Gəncə şəhəri 2020-ci ildə
erməni faşistləri
tərəfindən atəşə
tutularaq, orada qocalarla, hamilə qadınlarla yanaşı,
körpə məsum uşaqlar da qətlə yetirilmişdir.
Azərbaycanın möhtərəm Prezidenti,
müzəffər Ali Baş
Komandan İlham Əliyev 5 yanvar 2021-ci ildə, erməni faşistlərinin və vandallarının işğal
etdiyi ərazilərdə
quruculuq işləri ilə yanaşı,
2021-ci ili “Nizami ili” elan etmişdir.
Azərbaycan fəlsəfi poeziyasının
ən görkəmli nümayəndəsi olan Nizami Gəncəvinin ölməz və əbədiyaşar əsərləri
“Xəmsə”si dünya
ədəbiyyatında, bəşər
mənəvi dəyərləri
xəzinəsində bilavasitə
özünəməxsus yer
tutur.
Dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin
bütün dünyada
şöhrət tapmış
ölməz “Xəmsə”si
- beşliyi poeması
ilə bədii-fəlsəfi
fikir bir növ bitir, yekunlaşır. Bu onun sonuncu poemasıdır. Poema-dastan, mənzum roman iki hissədən ibarətdir. Birinci hissə “Şərəfnamə”,
ikinci hissə “İqbalnamə” adlanır.
“İqbalnamə”nin məğzini
aşağıdakı üç
istiqamət təşkil
edir:
İnsan ağlının, zəkasının və bununla əlaqədar elmin, fəlsəfənin tərənnümü və təbliği; İnsanın yüksək əxlaqi keyfiyyətlərinin tərənnümü və təbliği;
İnsan xoşbəxtliyini təmin edən, zülm və bədxahlığa son qoyan ədalətin, tərənnümü və təbliği;
Ağlın tərifi, ağla təzim poemanın əsas ideya istiqamətlərindən biridir. Xarakterikdir və səciyyəvidir ki “Kitabın başlanması” fəslində Nizami İsgəndər haqqında söhbəti filosofun dilindən aparır və şahın hər şeydən yüksəkdə duran elmə və hikmətə olan məhəbbətindən bəhs edir:
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz!
Hər uca rütbədən, biliniz, fəqət
Alimin rütbəsi ucadır, əlbət!
Şairin dövründə hökm sürən mürtəce ruhanilərin kor-koranə inamı ağla qarşı qoymalarını, elmi, fəlsəfəni və xüsusən məntiqi küfrlə eyniləşdirdiklərini və bu yol yolçularını amansız təqib etdiklərini nəzərə alsaq, ağlı, elmi bu şəkildə tərənnüm edən Nizaminin bir vətəndaş kimi qorxmazlığı, mərdliyi, xüsusilə gözə çarpar və onun orta əsr şəraitində təbliğ etdiyi rasionalizmin əhəmiyyətini müasirlərimiz daha düzgün qiymətləndirə bilərlər.
Şeyx Nizami Gəncəvinin vətəni olan Gəncə ilə bilavasitə bağlı da daha bir məqamı vurğulamaq istərdik.
Ulu öndərimiz Heydər Əliyev 2000-ci il may ayında Gəncədə - Nizami məqbərəsində olarkən demişdir: “Gəncəlilər xüsusi iftixar hissi keçirirlər. Ona görə ki, Nizami gəncəlidir. Gəncənin adını dünyada məşhur edibdir, bu torpaqda yaşayıbdır, bu torpaqda yazıbdır”.
Burada yeri gəlmişkən qeyd etmək lazımdır ki, haqqında bəhs olunan bu kitabda poemanın ikinci hissəsinə - “İqbalnamə”yə həsr edilən həmin bu bölməyə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, sosiologiya və hüquq İnstitutunun alimi fəlsəfə elmləri doktoru, professor, Əməkdar elm xadimi, Zümrüd Quluzadə “Kamillik zirvəsi” adlı xüsusi məqalə yazmışdır.
O, həmin əsərdə Nizami müdrikliyinin fəlsəfi silqətini çox doğru-düzgün şərh və izah etmişdir. Bizcə, bu məsələ təkcə Azərbaycanda deyil, bütövlükdə dünya miqyasında Nizamişünaslığa dair ən qiymətli töhfələrdən biri sayıla bilər.
Göründüyü kimi, Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan hər bir mənzum romanın, poemanın məğzində duran “Allah”, “Məhəmməd Peyğəmbər”, “İslam”, “Quran” məfhumlarında ehtiva olunan dərin fəlsəfi fikirləri ecazkar, ölməz, həmişəyaşar poeziyasında tərənnüm etməyi özünün, əzəli və son ictimai-fəlsəfi borcu hesab etmişdir.
Bəli, Nizami Gəncəvi həm də XXI əsrin bəşər övladıdır. O, bu gün bizimlə birgə irəliyə doğru addımlayır. Nizami Gəncəvinin dini islami baxışları bu gün də çox aktual səslənir.
Əsədulla QURBANOV,
Bakı Dövlət Universitetinin
İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzinin
rəhbəri, fəlsəfə elmləri doktoru,
professor.
Respublika.- 2021.- 4 may.- S.8.