Şərq poeziyasının əbədi günəşi

 

Bildiyimiz kimi, bu il AzərbaycandaNizami Gəncəvi ilielan edilib. Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Sərəncamda deyilir ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi ilielan edilir.

 

 

Dahi şairimizin yubileyləri ölkəmizdə həmişə təntənəli şəkildə keçirilib. 1941-ci ildə İkinci Dünya müharibəsinin cahanda od püskürdüyü günlərdə belə, xalqımız öz böyük oğlunu unutmamış, bütün təlatüm və məhrumiyyətlərə baxmayaraq, onun 800 illiyini böyük məhəbbətlə qeyd etmişdir. Bu, Nizami Gəncəvi irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmış, ümumiyyətlə nizamişünaslığın inkişafında geniş perspektivlər açmışdır. Məhz bundan sonra Y.Bertels, M.Rəsulzadə, Ə.Abbasov, M.Quluzadə, C.Mustafayev, Ə.Ağayevsair kimi görkəmli şəxslər dahi şairin yaradıcılığını geniş təhlil edərək sanballı əsərlər çap etdirmişlər və Nizaminin poemaları sürətlə dünyanın ən mədəni xalqlarının dillərinə tərcümə olunmuşdur.

Beləliklə, 1141-ci ilin avqust ayında Gəncədə bir uşaq dünyaya göz açıb. Bu, sonralar Şərq poeziyasının əbədi günəşi adlandırılacaq Nizami Gəncəvi idi. Onun əsl adı İlyas, atasının adı Yusif, babasının adı Müəyyəddir.

Zamanının məlum olan bütün elmlərinə dərindən vaqif olması onun ən yaxşı mədrəsələrin birində hərtərəfli təhsil aldığından xəbər verir. Nizami türkcəylə yanaşı, ərəb və fars dillərini də mükəmməl öyrənmişdi, tarix, fəlsəfə, tibb, həndəsə və astronomiyanı dərindən bilirdi. Bütün bu üstünlüklər ona poeziyada ən yüksək məqamlara nüfuz etmək bacarığı vermiş və nəticədə şair elə öz dövründə müdrik, alim bir insan, nüfuzlu sufi kimi Şeyx Nizami Gəncəvi adlandırılmışdır.

Öz məşhur “Xəmsə”siylə dünya poeziyasında yeni epik-romantik janrın əsasını qoymuş şairin bizə, lirik divanının bir hissəsi gəlib çatmışdır. Bu, 6 qəsidə, 116 qəzəl, 2 qitə və 30 rübaidən ibarətdir.

“Xəmsə” öz cazibəsiylə bütün Şərq ədəbiyyatının inkişafına güclü təkan vermişdir.

XIII əsrdən etibarən Nizami Gəncəvi poemalarına yazılmış onlarla nəzirə və təqlid meydana çıxmağa başlayır. Bunlardan “Sirlər xəzinəsinə” 42 nəzirə farsca, 2-si qədim özbəkcə, 2-si türk dillərindədir. “Xosrov və Şirin”ə yazılmış 42 nəzirə fars, qədim özbək, Azərbaycan və türkcədədir. “Leyli və Məcnun”a yazılmış 40 nəzirə fars, qədim özbək, türkmən, Azərbaycan türkcəsi, kürd və digər dillərdədir. Nizaminin “Xəmsə”sinə nəzirələr içərisinə hind-fars şairi Əmir Xosrov Dəhləvinin, özbək klassiki Əlişir Nəvainin “beşlik”ləri, Əbdürrəhman Camininyeddiliyi” və sairdaxildir. Nizami Gəncəvi poemalarının özünəməxsus kompozisiyası, süjet quruluşu, xarakterlərin təsviri, obrazlı dili və xüsusən “Xəmsə”nin insani, humanist ideyaları artıq səkkiz əsrdən çoxdur ki, Yaxın və Orta Şərqin Türkiyədən tutmuş Hindistana qədər az qala bütün xalqlarının şairlərini poeziya yarışına təşviq etmişdir.

“Xəmsə”nin 1173-1180-ci illər arasında yazılmış ilk poeması -”Sirlər xəzinəsi” didaktik-fəlsəfi poeziya janrındadır və xəfif sufi çalarına malikdir. Nizami Gəncəvi özü bu poemanı Sənainin “Həqiqətül həqayiçi”nə nəzirə hesab edirdi, lakin “Sirlər xəzinəsi” adi nəzirə çərçivəsindən xeyli çıxmış və Şərq poeziyasında didaktik janrın inkişafını uzun müddətə müəyyən etmişdir. Nizami Gəncəvi əsərin girişində ilk poemasını təmtəraqlı saray poeziyasına qarşı qoyur və ondakı yenilikləri diqqətə çarpdırır. Həqiqətən, Nizami Gəncəvi Şərq poeziyası tarixində ilk dəfə olaraq məsnəvi janrında təmtəraqlı poetik texnikanı dərin məzmunla uzlaşdırmağa nail olmuşdurbu, qəsidəylə ifadədən heç cür geri qalmır, zira Nizamidə məqsəd üslubun mürəkkəbliyi deyil, uğurlu nəticə əldə etməkdir. O, mürəkkəb qavrama vasitəsilə oxucunun düşüncəsinə təsir edironda müəyyən rəftar qaydalarını aşılayır. Nizami Gəncəvi hökmdarları ədalətə, təbələrinə qayğıya çağırır, əsarət və zorakılıqdan çəkindirir. Qızıla hərisliyi pisləyir, əsl dostluğu tərənnüm edir. Onun öyüd-nəsihətləri zəmanəsi üçün xarakterik olan dini çalar daşısa da, çox cəsarətlidir. Buna Nizami Gəncəvi özü cəzadan qorxmayaraq müstəbid şahı məzəmmət edən qoca haqda ibrətamiz hekayəsində eyham vurur. “Sirlər xəzinəsi”nə nəzirələrin bəzi müəllifləri poemanın daha çox dini-sufi elementlərini qavramışlar. Əslində isə poema şübhəsiz humanist məqsədlər güdən dünyəvi əsərdir.

Məzmununa görə romantik olan və dəqiq süjet xəttinə malik ikinci poemaXosrovŞirin” (1181-ci ildə tamamlanıb) Xosrov şahın gözəllər-gözəli Şirinə məhəbbətinə həsr edilmişdir. Poemada prinsip etibarilə tamamilə yeni olan odur ki, Nizami Gəncəvi baş rolu şaha deyil, Şirinə, qadına ayırır və onu yüksək mənəvi keyfiyyətlərə —zəka, ləyaqət, möhkəm iradəyə malik insan kimi göstərir. Xaraktersiz, mənəviyyatsız, xudpəsənd Xosrov isə yalnız ölümqabağı Şirinə məhəbbətindən dəyişərək fədakarlığa hazır olur. Poemada əməyi və adi zəhmətkeş insanı təcəssüm etdirən ləyaqətli, mərd, igid Fərhad surəti də qeyri-adidir. Məhz bu obraz Nəvai, Səməd Vurğun, Nazim Hikmətin nəzirələrində, əlbəttə xeyli dəyişdirilərək Xosrovun yerinə əsas plana keçirilmişdir.

Üçüncü-“Leyli və Məcnun” poeması (1188-ci ildə tamamlanıb). Yaxın Şərqdə ən populyar süjetlərdən biri -”Məcnun” adlandırılan gənc Qeysin Leyliyə nakam məhəbbəti haqda qədim ərəb əfsanəsi əsasında işlənib qələmə alınmışdır. Hekayə sevgidən üzgün Qeysin ehtiraslı lirik şeirlərinin meydana çıxması şəraitində inkişaf etdirilir. Nəzirə müəllifləri (məsələn, M.Füzuli) sonralar Qeysin şeirlərini ayırmış və onlara məsnəviyə salınmış qəzəl forması vermişlər. Nizami Gəncəvidə isə bu şeirlər yalnız süjetlə ayrılır. O, Leyli və Məcnun haqda ərəb əfsanəsinə bitkinlik, aydınlıq gətirmiş, qəhrəmanların xarakterlərini inkişafda vermiş, onların əməllərini psixoloji baxımdan əsaslandırmışdır. Poemanın ümumi faciəvi konsepsiyası QeysiLeylini yaxan intəhasız məhəbbətdir, yalnız yüksək poeziyada qurtuluş tapan və sevgililərin mənən qovuşmasına aparan məhəbbət də Nizami Gəncəviyə məxsusdur. Məhz bu konsepsiya poemanı mükəmməl bütöv şəklində birləşdirir. Onu sufiyanə hesab etmək olmaz, belə ki, əks təqdirdə Nizami Gəncəvi Leylini əlçatmaz təsvir etməz və onu cismən bitirməzdi. Əsərdəki mühafizəkar mühit, Məcnunun atasının həddən artıq həlimliyi, Leylinin atasının müstəbidliyə çatan hədsiz sərtliyi Şərqin bir çox düşünən insanını əsrlər boyu həyacanlandırmışdır, əsl sevgini, yüksək mənəviyyatı, fədakarlığı uca tutan kəsləri isə hələ də cəzb etməkdədir.

Nizaminin dördüncü - “Yeddi gözəl” (1197-ci ildə tamamlanıb) poemasının əsasını şah Bəhram Gur haqqında əfsanə təşkil edir. Poemanın nüvəsi yeddi ayrı-ayrı hücrədə yaşayan Bəhramın arvadlarının, şahzadə qızların hekayələrindən ibarətdir. Hücrələrin hər biri qədim mifologiyaya uyğun olaraq hansısa planetə, həftənin gününə həsr edilibmüvafiq rəngdədir (məsələn, qara-zöhrə-şənbə; sarı-günəş-bazar və s.). Hər novellanın süjeti -sevgi həyacanıdır, özüqara rəngdən ağa keçid anında, müvafiq olaraq, qaba hissiyyat tədricən fərəhli sevgiylə əvəzlənir. Nizami Gəncəvi kompozisiyaya tərtibi üçün qədim mistik rəmzlərdən bu cür özünəməxsus şəkildə istifadə edib. Poemanın ikinci tematik xətti -Bəhramın yüngülxasiyyətli şahzadədən, ov və məhəbbət macəraları aşiqindən ölkəsinin rifahının qeydinə qalan, ədalətli və ağıllı hökmdara çevrilməsidir. Burada da Nizami Gəncəvi birinci poemada olduğu kimi, şah sarayındakı adamların məkrini, tamahkarlığını sərt şəkildə ifadə edərək xalqın iztirablarını canlı şəkildə təsvir edir.

Nizami Gəncəvi son, beşinci poemanı - “İsgəndərnamə”ni (təxminən 1203-cü ildə tamamlanıb) öz yaradıcılığının yekunu sayırdı. Poemanın mərkəzində olan İsgəndər - Makedoniyalı İsgəndər surəti, görünür, iki səbəbdən seçilmişdir; əvvəla bu surət müəyyən bir ənənəylə sıx bağlı deyildiideal hökmdarın təsviri üçün istifadə oluna bilərdi; ikincisi onun poemada meydana çıxması yunan fəlsəfəsinin mütərəqqi ideyalarının geniş işıqlandırılmasına bəhanə verirdi. İsgəndər poemanın lap əvvəlindən yalnız incidilənlərin müdafiəsi və əsarətdə olanların azadlığı naminə döyüşməyə qərar verən, müharibə və ölkə təsərrüfatının qəddarcasına idarə edilməsi nəticəsində dağıdılanların yenidən qurulmasının qeydinə qalan ədalətli siyasətçi kimi çıxış edir. Poemanın birinci hissəsində (“Şərəfnamə”) İsgəndərin müxtəlif qəhrəmanlıqlarının təsvirində xronoloji ardıcıllıq saxlanmışdır. İkinci hissə (“İqbalnamə”) kompozisiya etibarilə iki böyük bölümə ayrılır. Bunları belə adlandırmaq olardı: “Aqil-İsgəndər” və “Peyğəmbər İsgəndər”; bunlar dünyanın yaranmasına dair hindyunan aqillərinin silsilə fəlsəfi novella və disputlarından ibarətdir. Orada İsgəndərin müdrikliyinin dərinliyi göstərilir. Gizli səs ona bildirir ki, o, həqiqəti dünyaya xəbər vermək üçün seçilib və əmr edir ki, bütün dünyanı dolaşsın, lakin İsgəndərin həqiqəti -ilahi vəhy deyil, elmdir. Yola çıxarkən o, Aristotelin, Platonun, Sokratın “Müdriklik kitabları”nı götürür. Sonra İsgəndərin dörd səyahətinin təsviri gəlir. Dördüncü səyahəti zamanı (Şimala) o, nə ağaların, nə incidilənlərin, nə varlıların, nə yoxsulların olmadığı, yalan və ədalətsizlikdən bixəbər, — ideal ictimai qurtuluşu olan ölkəyə gəlib çıxır. Bu Nizami Gəncəvinin sosial utopyasının - onun təxəyyülünün zirvəsidir.

İnsan cəmiyyətinin təşkili məsələlərinə Nizami Gəncəvi tərəfindən artıq “Sirlər xəzinəsi”ndə toxunuluborada adil hökmdarın sifətləri göstərilib. Şirinin təsiri altında Xosrovun xarakterində müsbət xüsusiyyətlərin əmələ gəlməsindənXosrov və Şirin”də danışılıb. Lakin orada Xosrov vaxtsız ölür. “Leyli və Məcnun” Nizami Gəncəvinin bu əsas mövzusundan bir qədər kənarda durur, lakinYeddi gözəl” poemasında buna yenidən qayıdılır. Qəhrəmanın yenicə başladığı fəaliyyətini sirli ölüm yenə yarımçıq qoyur. Və nəhayət Nizami Gəncəvi sonuncu poemada ideal hökmdar obrazını özü təsəvvür etdiyi kimi inkişaf etdirir. İsgəndər peyğəmbər adını o məqamda alır ki, adil hökmdarın özü üçün yaşamadığını, bütün qüvvəsini xalqın rifahı üçün sərf etməli olduğunu anlayır. Lakin Nizami Gəncəvi bir qədər də irəli gedir. O, öz dövrü üçün qeyri-adi cəsarətli fikir söyləyir: Hökmdar nə qədər yaxşı olsa belə, daha mükəmməl cəmiyyət formasının mövcudluğu mümkündür - var-dövlət bərabərsizliyi bilməyən və elə buna görə də heç bir hökmdara ehtiyacı olmayan bərabərhüquqlular cəmiyyəti. Nizami Gəncəvi hansı mühüm nəticəyə gəldiyini yaxşı anlayırdı və elə ona görə də dahi mütəfəkkir bir növ vəsiyyəti olan sonuncu poemaya xüsusi əhəmiyyət verirdi. O, burada demək olar ki, bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırmışdır.

Beləliklə, Nizami Gəncəvi yaradıcılığı Şərqin və Qərbin mədəniyyət xəzinəsinə böyük töhfədir. Onun həyata baxışı, bəşəri səadət istəyi və bu yolda yorulmaz, ardıcıl poetik axtarışları dünyanın bir çox düşünən beyinlərini həyəcanlandırmış, məftun etmişdir.

Nizami Gəncəvidə Şərqin heç bir şairində olmayan fikir, düşüncə nizamı vardır. Bu nizam fövqəladə ahəngdar bir ideologiya və bənzərsiz dünyagörüşü sistemindən ibarətdir. Onun poeziyası, yürütdüyü fikirlər insanı düşündürür, onda yeni ümidlər yaradır, uzun müddət bu poeziyanın sirrindən çıxa bilmirsən.

Azərbaycan xalqı Nizami Gəncəvi ilə XII əsrdə böyük bir oyanışa, intibaha qədəm qoymuş, Qərb renesansını nə az, nə çox, düz dörd əsr üstələmişdir. Bunu heç vaxt unutmamalı və bununla fəxr duymalıyıq.

 

Ülfət KÜRÇAYLI,

 

Respublika.- 2021.- 4 may.- S.8.