Böyük Qayıdış
başlayıb
Prezident İlham Əliyevin bu
sözləri tarixi Qələbədən sonrakı gələcək
naminə nəhəng quruculuq işlərindən xəbər
verir
Rəşadətli Azərbaycan ordusu 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızı 44 gün ərzində düşmənin murdar tapdağından azad edib. İgidlərimiz ən keçilməz sədləri aşıb düşmən ordusunu darmadağın edərək işğalçıları qovub. Əsgər və zabitlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Zəfər tarixini yazdı. Cəsur hərbçilərimiz dünyanın gözü qarşısında yeni dövrün müharibəsini qələbə ilə başa çatdırdılar. Qürur hissilə deyə bilərik ki, 44 günün hər anı Qələbə və Zəfər günü kimi yaddaşlara həkk olunub. Azad edilmiş torpaqlarda biz erməni vəhşiliyinin, azərbaycanlılara qarşı nifrətin, misli görünməmiş vandallığın, barbarlığın şahidi olduq.
İgid oğullarımızın qanı və canı bahasına yeddi rayon, Şuşa şəhəri, Suqovuşan və Talış qəsəbələri, keçmiş Hadrut rayonu, keçmiş Martuni rayonunun böyük hissəsi Ermənistanın işğalından azad edilib. Tarixi ədalət qələbə çalıb və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib.
Cəsarətlə demək olar ki, öz tarixində Azərbaycan ilk dəfə olaraq bütün dünyaya öz gücünü göstərdi, xalqımızın iradəsini nümayiş etdirdi. Bir daha bütün dünya gördü ki, Azərbaycan qələbəyə və şərəfə qadirdir. Biabırçı şəkildə məğlub olan Ermənistanda isə beş aya yaxındır ki, böhran hökm sürür, ermənilər bir-birilərini ittiham edirlər, bir-birilərini xain adlandırırlar.
Qələbədən dərhal sonra azad edilmiş torpaqlarda böyük miqyaslı quruculuq və yenidənqurma işlərinə başlanılıb. Düşmənin daşı daş üstündə qoymadığı Füzulidən başlayan infrastruktur layihələr digər bölgələri də əhatə edir. Zəngilanda inşa ediləcək hava limanının təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyaya bəyan etdi ki, işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdış başlayıb.
Qeyd edək ki, azad edilmiş torpaqlarda bərpa işləri sürətlə aparılır. İlk böyük layihə Azərbaycan Ordusunun düşmənə qarşı apardığı ağır döyüşlərin getdiyi ərazini əhatə edir. Bu Füzulidən Şuşaya yeni çəkilən Zəfər yoludur! Yolun çəkilişi sürətlə aparılır. Həmin yolda 3 kilometr uzunluğunda tunel də inşa olunacaq. Dağlardan, dərələrdən keçən yol bu ilin ortalarında istismara təhvil veriləcək. Fərəh hissilə bildirək ki, işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb.
Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Bu baxımdan Zəngilan-Horadiz avtomobil yolu da strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.
Bundan başqa, Füzuli-Hadrut avtomobil yolunun inşası da uğurla davam etdirilir. Qeyd edək ki, bu yol başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yol boyunca avtomobil körpüləri inşa ediləcək.
Dövlət başçısı tərəfindən təməli qoyulan daha bir iri layihə Horadiz-Ağbənd dəmir yolu xəttinin çəkilişidir. Məlumat üçün deyək ki, ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Ən əsası isə bu yol Naxçıvanla Azərbaycanı birləşdirəcək.
Bu il yanvarın 14-də Prezident tərəfindən təməli qoyulan Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq. Hava limanının beynəlxalq standartlara uyğun infrastrukturla təchiz edilməsi nəzərdə tutulub. Burada təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq. Həm də buradan Şuşa şəhərinə rahat getmək mümkün olacaq.
İnamla demək olar ki, Füzuli bölgəsi tikinti-quruculuq işlərinin mərkəzinə çevrilib. Əhalinin əhval-ruhiyyəsi çox yüksəkdir. Rayon icra hakimiyyətindən aldığımız məlumata görə, yenidənqurma işlərinə 500 nəfərdən çox rayon sakini cəlb olunub. Onlar müxtəlif peşə sahibləridir. Füzuli Hava Limanının tikintisində ağırtonnajlı yük maşınının sürücüsü işləyən Əhməd Süleymanovla həmsöhbət olduq.
Yeni iş yerinin sevinci Əhmədin üz-gözündən bilinir və o, inamla deyir:
- Qələbə hər birimizə yeni bir ruh verib.
Yüzlərlə iş
yeri açılıb.
Xeyli müddət idi ki, işləmirdim. İndi sevincimin həddi yoxdur.
Can-başla işləyirik,
inanıram ki, torpaqlarımızı gülüstana
çevirəcəyik. Ən böyük təsəllimiz
isə şəhidlərimizin
qanı bahasına qaytarılan torpaqlarımızda
dövlətimiz tərəfindən
həyata keçirilən
işlərə qəti
əminliyimizdir.
Ölkə başçımız cənab İlham Əliyevin sözləri ilə desək, Qarabağı cənnətə
çevirəcəyik.
Füzuli rayon sakini, respublikanın Əməkdar müəllimi Ramella Məmmədova ürək sözlərini sevinclə bildirir: Tarixi və şərəfli Qələbədən sonrakı gələcəklə bağlı gözləntilərimiz çox ümidvericidir. Öz xalqına, öz ordusuna inanan və öz qətiyyətinə, iradəsinə əmin olan dövlət başçımız cənab İlham Əliyev bizlərə qürur mənbəyimiz olan Böyük Qələbəni bəxş etdi. Məhz bu Qələbə nəticəsində Füzuli şəhəri və 61 kənd mənfur düşməndən azad edildi. Uzun illər doğma torpaqlarından didərgin düşmüş, illərlə ata-babalarının, yaxınlarının məzarlarını belə ziyarət edə bilməyən füzulililərin el-oba həsrətinə son qoyulub.
Dağıdılmış, viranəyə çevrilmiş, yandırılmış, erməni vandalizminin ən bariz sübutu olan torpaqlarımızın hər qarışı bizim üçün doğmadır, əzizdir. İnanırıq ki, doğma Füzuli şəhəri yenidən qurulacaq, inkişaf yoluna qədəm qoyacaq. Biz füzulililərə Qələbə qüruru bəxş etdiyinə və eyni zamanda göstərdiyi bütün diqqətə, qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk.
Bahar Füzuli torpağına yeni bir libasda gəlib. Hər tərəfi yaşıl xalıya bürüyüb. İnsanlar sevinc içərisindədir, əkin-səpin işləri də aparılır, tikinti-quruculuq işləri də...
Prezident İlham Əliyev dediyi kimi, biz bu torpaqlara qayıtmışıq. Qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıtmışıq. Qarşıdan gələn 3 il ərzində biz bütün əsas infrastruktur layihələri - dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələrini başa çatdıracağıq və tikinti işlərinin fəal fazasında olacağıq. Əminəm, necə ki, düşməni qısa müddət ərzində cəmi 44 gün ərzində, torpaqlarımızdan qovduq, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.
Salman ALIOĞLU
Respublika.- 2021.- 5 may.- S.1;8.