Qələbələrimizin təməlində Heydər Əliyev ideyaları dayanır

 

 

Özünün hərbi-siyasi, sosial-iqtisadi nailiyyətləri ilə bu gün bütün dünyanın diqqət mərkəzində olan müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yer tutur. Onunla bir dövrdə yaşadığım və şəxsən görüşdüyüm, onun etimadını qazanaraq məsul vəzifələrə irəli çəkildiyim, müdrik rəhbərliyi altında çalışdığım üçün hədsiz qürur hissi keçirir, ruhu qarşısında dərin ehtiramla baş əyirəm. Heydər Əliyev xalqımızın tarixi şəxsiyyətləri, istedadlı və qəhrəman övladları arasında ən parlaq simalardan biri olmaqla yanaşı, dünya miqyasında böyük hörmət və nüfuz qazanmış, indi də adı sevgi və rəğbətlə anılan nəhəng dövlət xadimi, siyasi lider idi. Böyük Britaniyanın sabiq baş naziri Toni Blerin ulu öndərimiz haqqında sözlərini xatırlayıram: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər...”.

 

Ümummilli liderimizin azərbaycançılıq ideyası özünün yenilməz gücünü Vətən müharibəsində bir daha nümayiş etdirdi. Azərbaycanda mehriban qonşuluqdostluq şəraitində yaşayan müxtəlif millətlərin nümayəndələri dəmir yumruq kimi birləşərək, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə düşməni məğlub etdilər. Möhtəşəm Zəfərin rəhni olan bu birlik və həmrəylik müstəqil dövlətimizin güc və qüdrət mənbəyidir.

 

Ulu öndərin müstəsna xidmətləri sayəsində yaranıb formalaşmış, cənab İlham Əliyevin rəhbərliyi ilə ən müasir silahlarla təchiz edilmiş Silahlı Qüvvələrimiz, mənəvi-fiziki cəhətdən yetkin, gənc, peşəkar və vətənpərvər hərbçilərimiz təcavüzkar Ermənistanı diz çökdürərək bizim hər birimizin başını uca etdilər.

 

 

 

Məşhur ingilis siyasətçinin çox qısa şəkildə ifadə etdiyi fikirlər xalqımızın dahi oğlunun zəngin həyat yolunun, mənalı ömrünün və şərəfli fəaliyyətinin ən mühüm ümumi cəhətini özündə ehtiva edir. Həqiqətən, Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə xalqının və vətəninin maraqlarını mövcud böhranların təsirindən qorumaq, xilas etmək uğrunda mübarizə aparmış, bu mübarizədə uğur qazanmağı bacarmış, gələcək nəsillərə daim öyrəniləcək və fayda gətirəcək bir irs qoyub getmişdir.

 

Azərbaycan tarixinin Heydər Əliyev dövrünün başlanğıcı onun ilk dəfə respublika rəhbəri seçildiyi vaxtdan hesablansa da, milli mənafelərimizin qorunması bu dahi insanın dövlət təhlükəsizliyi orqanlarınadakı çoxillik səmərəli fəaliyyətinin əsas istiqamətlərindən olmuşdur. Xalqımızın istedadlı nümayəndələrini, vətənpərvər ziyalılarını, azadlıq və istiqlal əhval-ruhiyyəli gənclərini hər cür milliliyi və öznünüdərki amansızcasına təqib edən və cəzalandıran sovet rejiminin caynağından xilas etmək üçün onun göstərdiyi fədakarlıqlar heç vaxt unudulmayacaq. Kommunist rejimi dövründə xalqımızın mənəvi və fiziki əzablara, haqsızlıq və repressiyaya məruz qalmış istedadlı övladlarının respublikamızın müxtəlif guşələrində heykəllərinin ucaldılması, qəhrəman soydaşlarımızın, hətta ittifaqın müxtəlif şəhərlərində xatirələrinin əbədiləşdirilməsi, repressiya qurbanı olmuş böyük şair Hüseyn Cavidin nəşinin uzaq Sibirdən vətənə gətirilib, milli adətlərə uyğun şəkildə yenidən dəfn edilməsi dövlətin rəsmi ideologiyası əleyhinə atılan çox cəsarətli addımlar idi.

 

Bu tarixi gerçəkliyi təsdiqləyən konkret faktlar, eləcə də respublikanın rəhbəri seçiləndən sonra apardığı quruculuq prosesi, həyata keçirdiyi inkişaf strategiyası Heydər Əliyevin Azərbaycanın gələcək müstəqilliyini hamıdan erkən gördüyünü, bu müstəqillik üçün möhkəm zəmin yaratmağa çalışdığını aşkar bir şəkildə təsdiqləyir.

 

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün dövlət idarəçiliyi strategiyasında mədəni və mənəvi intibahı iqtisadi tərəqqi ilə vəhdətdə götürmüş, vahid məcrada gerçəkləşdirmişdir. 1969-1982-ci illərdə respublikamızda bütün sahələrdə baş vermiş köklü dəyişikliklər, misilsiz yeniliklər, yaradılmış zəngin potensialresurslar sonralar müstəqil dövlətimizin dünya birliyinə dərin inteqrasiyasında mühüm rol oynamışdır. Bu da tarixi faktdır ki, sosializm sistemininsovet imperiyasının dağıldığı dövrdə Azərbaycan inkişaf səviyyəsinə və çoxsahəli iqtisadiyyatına görə SSRİ-nin müttəfiq respublikaları içərisində özünü yaşatmağa qadir ola biləcək ikinci respublika idi ki, bu da ulu öndərimizin müstəsna xidmətlərinin nəticəsində mümkün olmuşdu.

 

Ciddi ideoloji qadağaların hökm sürdüyü bir şəraitdə, hər cür milliliyin, özünəməxsusluğun sıxışdırıldığı bir vaxtda Heydər Əliyev Azərbaycanda ana dilimizin respublikanın Əsas Qanunu - Konstitusiyası ilə qorunmasına, dövlət qurumlarında geniş istifadə edilməsinə nail olmuş, eləcə də müxtəlif sahələr üzrə çoxsaylı gənc milli kadrların, mütəxəssislərin hazırlanmasına misilsiz qayğı göstərmişdir. Azərbaycanlıların yeniyetmə yaşlarından hərb sənətinə yiyələnməsi kimi gələcəyə istiqamətlənmiş bir addımın da məhz ulu öndərimizin təşəbbüsü və rəhbərliyi ilə gerçəkləşdirilməsi həmin dövrün unudulmaz hadisələrindəndir.

 

Ulu öndər keçmiş sovet dövlətinin siyasi rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra xalqımızın başına müsibətlər gətirildi. Xüsusən, Qarabağın dağlıq hissəsində başlanan separatizmin, Ermənistanın bu əraziləri özünə birləşdirmək üçün həyata keçirdiyi təcavüzün, torpaqlarımızın işğal altına düşməsinin bünövrəsi məhz Heydər Əliyevin təqib və təzyiqlərə məruz qaldığı dövrdə qoyuldu. Ulu öndərin nüfuzundan və qətiyyətindən qorxub-çəkinən ermənilər onun siyasi hakimiyyətdə olduğu dövrdə nəinki öz separatçılıq meyillərini büruzə verməyə, hətta bu barədə düşünməyə belə qorxurdular.

 

Bu yaxınlarda möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hərbçilərlə görüşərkən həmin hadisələri yada salaraq demişdir: Otuz il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmırdı. Ancaq bizim problemlərimiz ondan daha əvvəl başlamışdı, daha dəqiq desəm, 1987-ci ildə. Çünki 1987-ci ildə Heydər Əliyevin bütün vəzifələrdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdüonlar bu fürsətdən istifadə etdilər. Heydər Əliyevin istefasından iki həftə keçməmiş bir erməni millətçisi - Qorbaçovun müşaviri, onun sağ əli Aqanbekyan hələ 1987-ci ildə Fransada olarkən Fransa qəzetinə müsahibə verərək demişdir ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir. Heydər Əliyevin dövründə heç vaxt buna cürət edə bilməzdilər. Ona görə dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi. Çünki bilirdilər, o, nə qədər vəzifədədir, heç vaxt imkan verməz ki, erməni millətçiliyi baş qaldırsın. Necə ki, 1970-1980-ci illərdə Azərbaycana rəhbərliyi dövründə bütün separatçı meyillərin qarşısı elə yerindəcə alınırdı. İndi tarixə baxın, sanki heç nə dəyişilməyib. Sovet vətəndaşı, özünü akademik sayan Fransada bu açıqlamanı verir və artıq bu mövzu ortalığa atılır. Biz yaxşı xatırlayırıq ondan sonra hansı proseslər baş vermişdi. Faktiki olaraq Dağlıq Qarabağı Azərbaycandan ayırmışdılar. Xüsusi idarəetmə komitəsi yaradılmışdı. Moskvadan bir adam göndərilmişdi. O da sırf ermənipərəst bir adam idi. Faktiki olaraq bizim problemlərimiz o vaxtdan başlamışdır. O vaxt Azərbaycana qarşı çirkin informasiya kampaniyası aparılırdı. Bütün bunları yaşlı nəsil yaxşı xatırlayır”.

 

Onu da yaxşı xatırlayırıq ki, Bakıdakı Qanlı Yanvar hadisəsindən dərhal sonra sovet rəhbərliyinə qarşı sərt bəyanatla çıxış edən Ulu öndərimiz bununla nəinki özünün, həm də bütövlükdə Azərbaycanın siyasi həyatında yeni bir dövrün başlandığını bütün dünyaya çatdırmış oldu. Sovet dövlətinin süqutundan hələ xeyli əvvəl, 1991-ci ilin iyulunda Heydər Əliyevin Kommunist Partiyasının sıralarını tərk etməsi isə bu partiyaya, bu dövlətə ümumxalq inamının, etimadının sarsılmasına çox güclü təsir göstərdi, eyni zamanda, Azərbaycanda müstəqillik uğrunda mübarizənin genişlənməsinə, milli azadlıq hərəkatının vüsət almasına böyük təkan verdi.

 

Xalqımız Heydər Əliyev şəxsiyyətinə dərin məhəbbətini, onun siyasi iradəsinə inam və etibarını o, hakimiyyətdə olmadığı müddətdə də bariz şəkildə nümayiş etdirmişdir. Respublikaya səbatsız, milli təəssübkeşlikdən uzaq olan adamların rəhbərlik etdikləri vaxtlarda belə Azərbaycan cəmiyyətində daim bir istək, arzu vardı ki, xalqın üzləşdiyi bəlalardan xilas yolu hakimiyyətə Heydər Əliyevin dəvət olunmasıdır! 1993-cü ildə - yeni müstəqillik qazanmış ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranarkən xalq öz müdrikliyini göstərərək, dahi şəxsiyyətə müraciət etdibu da imkan verdi ki, Azərbaycan ağır, çətin vəziyyətdən çıxa bilsin. Ölkəni bürümüş dərin böhrana yalnız Heydər Əliyev siyasəti, onun müdrikliyi, uzaqgörənliyi, cəsarəti, xalqa olan sevgisi və xalqın ona inamı nəticəsində son qoyuldu. Qanunsuz silahlı birləşmələr ləğv olundu, sabitlik yarandı, asayiş bərpa edildi, vətəndaş qarşıdurması aradan qaldırıldı.

 

Ümummilli lider öz şəxsi fədakarlığı və idarəçilik məharəti ilə hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu istiqamətində zəruri addımlar atdı, milli iqtisadiyyatımızın dirçəliş faktoru olan yeni neft strategiyasını hazırladı və uğurla həyata keçirməyə, anarxiya və başıpozuqluq nəticəsində daha da şiddətlənmiş cinayətkarlığa və hüquqpozmalara qarşı ciddi və ardıcıl mübarizə aparmağa başladı. Atəşkəsə nail olmaqla ölkədə yığılıb qalmış çoxsaylı sosial-iqtisadi problemlərin həllinə, cəmiyyətin və ordunun mənəvi gücünün bərpasına yol açdı.

 

O dövrdə hüquq-mühafizə orqanında işlədiyim üçün kriminogen vəziyyətdən yaxşı xəbərdar idim. Məhz Heydər Əliyevin respublikada cinayətkarlığa qarşı mübarizədə göstərdiyi qətiyyət dövlətimiz və cəmiyyətimiz üçün təhlükə yaradan silahlı qruplaşmaları, mütəşəkkil dəstələri zərərsizləşdirmək imkanı yaratdı. Həmin dövrdəki faəliyyətimi, cinayətkarlıqla mübarizədə xidmətlərimi yüksək qiymətləndirən Heydər Əliyev 26 dekabr 1995-ci il tarixli Fərmanı ilə məni müstəqil dövlətimizin ən ali mükafatına - Azərbaycanın Milli Qəhrəmanı adına layiq gördü. Bu böyük diqqət və qayğıya, xidməti fəaliyyətimə verdiyi əvəzsiz qiymətə görə mən böyük öndərə ömrüm boyu minnətdaram, bu fəxri titulu onun müqəddəs adına layiq şəkildə şərəflə daşımaqdan hər zaman qürur duyuram.

 

Yeri gəlmişkən qeyd edim ki, ümummilli liderin layiqli davamçısı, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, hər bir azərbaycanlı kimi, mənə də torpaqlarımızın işğaldan azad edilməsini görmək sevincini və qələbə qürurunu yaşatdı. Vətən müharibəsi günlərində biz - həyatda olan Milli Qəhrəmanlar da rəşadətli ordumuzun yanında, Ali Baş Komandanın əmrində olduğumuzu bəyan etdik. Təbii ki, ulu öndərin müstəsna xidmətləri sayəsində yaranıb formalaşmış, cənab İlham Əliyevin rəhbərliyi ilə ən müasir silahlarla təchiz edilmiş Silahlı Qüvvələrimiz, mənəvi-fiziki cəhətdən yetkin, gənc, peşəkar və vətənpərvər hərbçilərimiz təcavüzkar Ermənistanı diz çökdürərək bizim hər birimizin başını uca etdilər. Möhtərəm Prezidentimizin bu çox məsul və taleyüklü dövrdə rəhbərliyini mənə etibar etdiyi müdafiə sənayesi də düşmən üzərində parlaq qələbənin əldə olunmasına öz töhfəsini verdi. Silahlı Qüvvələrimizin yüksək texnoloji keyfiyyətlərə cavab verən müasir silah-sursat və hərbi texnika ilə təchiz olunmasında müdafiə sənayesi müəssisələri fəal iştirak edirlər.

 

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev düşmən üzərində qələbəni şərtləndirən amilləri diqqətə çatdırarkən ordumuzun gücləndirilməsi və ən müasir silahlarla təchiz edilməsi məsələsinə toxunmuş, heçasan olmayan bu məsələnin həllində ölkəmizin müdafiə sənayesinin rolunu yüksək qiymətləndirmişdir. Dövlətimizin başçısı demişdir: “Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda, mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir, o cümlədən ən müasir məhsullar. Budur bizim fəaliyyətimiz...”.

 

Onu da vurğulamaq istərdim ki, yerli istehsaldan olan müasir silahsursatlar, hərbi texnika məhz 44 günlük Vətən müharibəsində ilk dəfə real döyüşdə uğurla sınaqdan keçdi. Gərgin döyüşlərin getdiyi dövrdə birlik və müəssisələrimiz fasiləsiz rejimində çalışırdılar. Döyüşçülərimizin istifadəsində olan hərbi texnikanı operativ şəkildə təmir və bərpa etmək üçün cəbhəyanı ərazilərdə fasiləsiz fəaliyyət göstərən müvafiq bazalar yaradılmışdı. İşğalçılar Azərbaycan torpaqlarından qovularkən Ali Baş Komandanın obrazlı şəkildə işlətdiyi məşhur ifadənin ölkəmizdə və dünyada böyük əks-səda doğurduğu vaxtda seriyalı istehsalına başladığımız, qanadları üzərinə “İTİQOVAN” yazılmış pilotsuz uçuş aparatları ordumuzun istifadəsindədir.

 

Müdafiə Sənayesi Nazirliyi möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılsa da, bu sənaye sahəsinin Azərbaycanda təşəkkül tapması dahi rəhbər Heydər Əliyevin mühüm xidmətlərindəndir. Hələ sovet hakimiyyəti zamanında respublikaya rəhbərlik edərkən o, keçmiş ittifaqın ağır maşınqayırma və hərbi sənaye kompleksi müəssisələrinin burada inşa olunmasına təşəbbüs göstərmişdir. Həmin dövrdə məhz onun şəxsi təşəbbüsü, nüfuzu və səyləri sayəsində SSRİ Elektronika Nazirliyinin tərkibində olan Bakı “MikrosxematexnikaXüsusi Konstruktor Bürosunun bazasında “Azonzavodu, 1975-ci ildə isə Bakıda Elektron Hesablama Maşınları zavodu qısa müddət ərzində tikilib istismara verilmişdir. Bakıda “UlduzElm-İstehsalat Birliyi, Radio Maşınqayırma zavodu (“Robotzavodu), Azov Optika-Mexanika zavodunun filialı (“Alov”), “Alunitzavodu, “Rabitə” Elmi-Tədqiqat İnstitutu, sonradan bazasında “NordElm-İstehsalat Birliyi yaradılan Elektromexanika İnstitutu, Gəncədə “Büllurzavodu, Şirvan şəhərində “Arazzavodu, Tərtərdə Lionozov Elektromexanika zavodunun filialı, Xaçmazda, Siyəzəndə və Lənkəranda “Kondesator” zavodları və digər belə müəssisələr Azərbaycanda hərbi sənaye kompleksinin və ağır maşınqayırma sənayesinin inkişafına geniş imkanlar açmışdır.

 

Bu gün Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki birlik və müəssisələr tərəfindən müxtəlif çeşiddə silah-sursat və hərbi texnika istehsal edilir. Azərbaycan hazırda piyadaların özünümüdafiə və düşməni məhvetmə vasitələrindən olan kiçik və ortaçaplı atıcı silahlar istehsal edən azsaylı ölkələrdən biridir. Bundan başqa, biz aviasiya, mühəndis, rabitə, optik və digər hərbi təyinatlı məhsulların normativ-texniki sənədlərinin yaradılmasını və mənimsənilməsini də həyata keçiririk.

 

Ulu öndərin irsinin dövlətimiz və xalqımız üçün hər zaman misilsiz əhəmiyyəti olduğunu göstərən bir məsələni də qeyd etmək istərdim. Siyasi təhlilçilərin fikrincə, Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini qoruyub möhkəmləndirməklə postsovet məkanında yeni yaranmış digər türk dövlətlərinin də böyük güclərin geosiyasi asılılığına, imperiya boyunduruğuna düşməsinin qarşısını alıb, onların gələcək tərəfdaşlığının, türk dünyasının birliyinin təmin olunmasında müstəsna rol oynayıb. Bu tarixi xidmətin əhəmiyyəti 44 günlük Vətən müharibəsində bir daha özünü aydın şəkildə göstərdi. Türk dövlətləri Azərbaycanın haqq işini, erməni faşizminə qarşı mübarizəsini dəstəklədilər, xalqımızın qələbəsini alqışladılar. Türkiyənin qardaşcasına göstərdiyi siyasi dəstək və hərtərəfli kömək isə bu müqəddəs savaş, zəfərlə başa çatırılması üçün möhkəm zəmin oldu. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq ümummili liderimizin müəyyənləşdirdiyi “Bir millət, iki dövlət” formuluna əsaslanır və milli maraqlarımızı tam təmin edir.

 

Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir başçılıq etdiyi nümayəndə heyəti ilə bu günlərdə Bakıda olarkən biz ölkələrimiz arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivlərini geniş müzakirə etdik, faydalı fikir mübadiləsi apardıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi münasibətlərinin iki qardaş ölkə arasındakı çoxəsrlik dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirdiyini və inkişaf etdirdiyini məmnunluqla qeyd etdik.

 

Ulu öndərin azərbaycançılıq ideyası özünün yenilməz gücünü Vətən müharibəsində bir daha nümayiş etdirdi. Azərbaycanda mehriban qonşuluqdostluq şəraitində yaşayan müxtəlif millətlərin nümayəndələri dəmir yumruq kimi birləşərək, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə düşməni məğlub etdilər. Möhtəşəm Zəfərin rəhni olan bu birlik və həmrəylik müstəqil dövlətimizin güc və qüdrət mənbəyidir.

 

Burada Azərbaycanın xaricdə yaşayan sədaqətli övladlarından biri olan Mixail Qusmanın Vətən müharibəsi ilə bağlı maraqlı müşahidəsinə və dəyərli fikrinə istinad etmək istərdim. O, Heydər Əliyevin vəfat etdiyi tarixlə ötən il Azərbaycanda hərbi vəziyyətin ləğv edildiyi tarixin üst-üstə düşməsində dərin rəmzi məna gördüyünü vurğulayaraq deyir: “Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsi ilə yekunlaşan Dağlıq Qarabağ münaqişəsi dekabrın 12-də hüquqi baxımdan başa çatdı. Əminəm ki, Heydər Əliyevin fövqəladə vacib vəsiyyətlərinin ən ülvisi Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması idi. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti və Ali Baş Komandan kimi qətiyyəti sayəsində, Azərbaycan ordusunun, bütövlükdə Azərbaycan xalqının səyi ilə Heydər Əliyevin arzuları çin oldu...”.

 

Şanlı tariximizin unudulmaz səhifəsi olan həmin 8 noyabr günündə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətini mən də xatırlatmaq istərdim. Xalqımıza Şuşanın işğaldan azad edilməsi müjdəsini verən cənab Prezident dedi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

 

Bu sözləri dinləyərkən yaxında-uzaqda yaşayan bütün vətənsevər azərbaycanlıların qürur və sevincdən gözləri yaşarmamış deyil... Təbii ki, bu anlarda müstəqil Azərbaycanın banisi ulu öndər Heydər Əliyevin şad olan ruhuna dünyanın hər yerində bir daha rəhmət oxunurdu. Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan bütün nailiyyətlərinin, zəfərlərinin təməlində xalqımızın bu günü və gələcəyi üçün yeganə düzgün yolu nurlandıran Heydər Əliyev siyasəti dayanır. Məhz bu siyasət müsəqilliyimizin və inkişafımızın əbədi rəhnidir.

 

Mədət QULİYEV,

Azərbaycanın Milli Qəhrəmanı,

Müdafiə sənayesi naziri.

 

Respublika.- 2021.- 5 may.- S.2.