Ümummilli Lider Heydər
Əliyev və Azərbaycan geologiya elmi
Hər il may ayının 10-da xalqımız müstəqil Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin doğum gününü təntənəli şəkildə qeyd edir. Ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı qarşıdan gələn builki may təntənələrini əvvəlkilərdən fərqləndirən odur ki, artıq biz bu bayramı həm də qalib xalq olaraq qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev müqəddəs ata vəsiyyətini yerinə yetirərək otuz ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad etdi, şanlı Azərbaycan bayrağını Vətənimizin qürur simvolu olan Şuşada dalğalandırdı. İndi öz ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycan regionda və dünyada tamamilə yeni geosiyasi reallıqlar yaratmış, onun nüfuzu beynəlxalq miqyasda əhəmiyyətli dərəcədə yüksəlmişdir.
Bu, yeni reallıqlar şəraitində ümummilli lider Heydər Əliyevin doğum günü xüsusi simvolik məna daşıyır. Çünki bütün ömrünü Azərbaycan idealına həsr etmiş Heydər Əliyev üçün ərazi bütövlüyünün bərpa olunması, Qarabağın düşmən tapdağından azad edilməsi ən müqəddəs amal idi. Bu amalı gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda işğaldan azad edilmiş ərazilərin bərpası və inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdə, Heydər Əliyevin canı qədər sevdiyi doğma Vətəni onun müəyyənləşdirdiyi strateji xətt üzrə öz inkişafının yeni mərhələsinə qədəm qoymaqdadır. Ulu öndər böyük siyasi uzaqgörənliklə bu günləri hələ neçə on illər bundan əvvəl aydın şəkildə görürdü. O, doxsanıncı illərin əvvəllərində, ölkədə olduqca acınacaqlı sosial-siyasi durumun olduğu bir şəraitdə, Qarabağın düşmən tapdağında qaldığı bir vaxtda inam və qətiyyətlə bildirirdi ki, gün gələcək Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Dahi siyasətçi Heydər Əliyevin belə uzaqgörənliyi bir tərəfdən özü tərəfindən ölkənin strateji inkişafı üçün müəyyənləşdirilən siyasi xəttin perspektivinə əminlikdən, digər tərəfdən bu siyasi kursun varislərinə inamdan qaynaqlanırdı. Zaman Heydər Əliyevin nə qədər haqlı, müdrik və uzaqgörən olduğunu, həmişə olduğu kimi, yenə də təsdiq etdi. Heydər Əliyevin siyasi varisi İlham Əliyevin intellektual potensialı, vətənpərvərliyi, genetik əsasa dayanan dönməz iradəsi xalqımızın bu böyük arzusunu reallığa çevirdi.
Bəli, müasir Azərbaycanın sosial-iqtisadi və ictimai-mədəni həyatının elə sahəsi yoxdur ki, orada Heydər Əliyevin quruculuq fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünməsin. Bu sahələr sırasında elmin xüsusi yeri vardır. İstər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Heydər Əliyevin elm siyasəti milli quruculuq siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir.
Bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan ulu öndər Heydər Əliyev Azərbaycan elminin inkişafında müstəsna xidmətlər göstərmişdir. Elmə belə həssas münasibətin bütün respublika miqyasında yaratdığı intellektual atmosferdə elm və mədəniyyət xadimləri mövcud elmi potensialın qorunması, inkişaf etdirilməsi işinin milli dövlət quruculuğundakı əhəmiyyətini daha dərindən anlamış, ulu öndərin verdiyi mənəvi stimul alimlərimizi yeni-yeni elmi nailiyyətlərə ruhlandırmışdır.
Yüksək intellektə malik şəxsiyyət olan Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanırdı. O, elm və texnikanın, mədəniyyət və maarifin, ədəbiyyat və incəsənətin inkişafı məsələlərinin həlli məqamlarında yüksək peşəkarlıq göstərir, cəmiyyətin, xalqın inkişafını elmdə, intellektdə görürdü. Bunun ən başlıca səbəbi özünün də elmi təfəkkür sahibi olması, öz fəaliyyətini həmişə elmi prinsiplər üzərində qurması, intellektual potensiala arxalanması idi. Onun Azərbaycan elminə göstərdiyi qayğı və dəstək elə buradan qaynaqlanırdı.
Qədim və zəngin tarixi ənənələrə malik Azərbaycan elminin ötən əsrin 70-80-ci illərində yalnız keçmiş SSRİ miqyasında deyil, dünya miqyasında elmi proseslərin inkişafına təkan verən, iqtisadiyyatın müxtəlif sahələrində tətbiq olunan çoxsaylı elmi uğurları bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə dövlətin elmə müstəsna qayğısı nəticəsində mümkün olmuşdur.
Xüsusən, neft və qaz yataqlarının kəşfi, işlənilməsi, mürəkkəb geoloji mühitlərdə dərin qazmanın elmi problemlərinin həlli, neft-kimya sənayesinin inkişafı üçün xammal bazasının, kimya texnologiya komplekslərinin yaradılması, coğrafi, geoloji və geofiziki tədqiqatlar, filiz və qeyri-filiz yataqlarının tədqiqi, energetika, mexanika, fizika, riyaziyyat, astronomiya, informatika sahələrində mühüm əhəmiyyəti olan tədqiqatların aparılması və nüfuzlu elmi məktəblərin yaradılması, əkinçiliyin, torpaqşünaslığın, meliorasiya və su təsərrüfatının, ölkənin flora, fauna və torpaq ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinin elmi problemlərinin öyrənilməsi və s. istiqamətlərdə nailiyyətləri qeyd etmək olar. Bu elmi istiqamətlər içərisində yer elmlərinin, xüsusən Azərbaycan geologiya elminin xüsusi yeri vardır. Mübaliğəsiz demək olar ki, keçmiş SSRİ-nin və dünyanın ən inkişaf etmiş elmi məktəblərindən biri olmuş Azərbaycan geologiya elmi öz inkişafının ən yüksək mərhələsinə məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində çatmışdır.
Əlbəttə, burada geologiya elminin zəngin elmi ənənələrinin də mühüm rolu olmuşdur. Neft Daşları, Azəri, Çıraq, Günəşli, Şahdəniz kimi dünya əhəmiyyətli nəhəng neft və qaz yataqlarının elmi əsaslandırılması, proqnozlaşdırılması və Azərbaycan neft sənayesi mütəxəssisləri ilə birlikdə aşkar edilməsi Musa Əliyevin, Əliəşrəf Əlizadənin, Şəfayət Mehdiyevin, Həsən Əhmədovun, Sübhi Salayevin, Xoşbəxt Yusifzadənin, Baba Babazadənin, Faiq Bağırzadənin və onların tələbələrinin adları ilə bağlıdır. Neftçi geoloqların fundamental tədqiqatları nəticəsində Cənubi Xəzər çökəkliyi neft-qaz yataqlarının formalaşma şəraitinin ətraflı öyrənilməsi 10 kilometrə qədər dərinliklərdə maye fazasında karbohidrogenlərin sənaye əhəmiyyətli toplanması ehtimalını nəzəri cəhətdən əsaslandırmağa imkan vermişdir.
Şamil Əzizbəyov və Mirəli Qaşqay kimi görkəmli Azərbaycan alimləri maqmatik geologiya, petrologiya, mineralogiya, filiz və qeyri-filiz faydalı qazıntılar geologiyası sahələrində geoloji məktəblərin banisi olmuşlar. Akademik Musa Əliyev görkəmli Bakı paleontologiya, stratiqraflar elmi məktəbini yaratmışdır. Yer elmləri sahəsində Viktor Xain, Ədhəm Şıxəlibəyli, Fərhad Əhmədbəyli - tektonika; Qambay Əlizadə, Tofiq Həsənov, Qədir Sultanov - paleontologiya və stratiqrafiya; Dəmir Hacıyev - paleobiologiya, Əzəl Sultanov, Əbdül Əliyev, Heydər Əfəndiyev - litologiya və geokimya; Rasim Hacıyev, Şamo Rəhimov, Tofiq İsmayılzadə - geofizika, Həsən Əliyev - coğrafiya, geokimya, Budaq Budaqov - geomorfologiya, Ənvər Şıxlinskinin - klimatologiya elmi sahələrində məşhur elmi məktəblər yaradılmışdır.
Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin elmi fəaliyyət sahəsinin inkişafı istiqamətində həyata keçirdiyi kompleks tədbirlərin nəticəsi olaraq mexanika, yeraltı hidroqazdinamika və qazma sahəsində mühüm nəticələr alınmışdır. Azərbaycan alimlərinin əldə etdikləri mühüm elmi yeniliklər, kəşflər məhz yaradılmış münbit şəraitin nəticəsi idi. Belə nailiyyətlərə misal olaraq, akademik Azad Mirzəcanzadə tərəfindən təzyiqin ilkin qradiyentini nəzərə alan ümumiləşdirilmiş Darsi qanununun yaradılmasını qeyd etmək olar. Onun əldə etdiyi mühüm elmi nəticələr anomal qeyri-Nyuton neft yataqlarının işlənilməsinin nəzəri əsasını təşkil etmişdir. Azərbaycanın neftçi alimləri Midhət Abbasov, Qurban Cəlilov kollektorların və flüidlərin realoji xüsusiyyətlərini nəzərə almaqla, neft və qaz yataqlarının işlənilməsinin texnoloji göstəricilərinin təyin edilməsi metodlarının optimallaşdırılması məsələlərinin həllində mühüm nəticələr əldə ediblər. XX əsrin ikinci yarısında Azərbaycanın neft sənayesinin texniki və texnoloji yenilənməsi üzrə sanballı tədqiqatlar geniş vüsət almışdır. Səftər Quliyevin, Məhəmmədpaşa Quluzadənin, Rza Seyidrzanın tədqiqatları əsasında neft və qaz quyularının qazılması və istismarı sahəsində yeni metod və texnologiyalar təklif edilmişdir.
Sovet hakimiyyəti dövründə, xüsusən də 70-80-ci illərdə Geologiya İnstitutunda aparılan tədqiqatlar nəticəsində Azərbaycanda müxtəlif ərazilərin faydalı qazıntılarının müəyyənləşdirilməsi və perspektivlərinin dəyərləndirilməsi üçün xeyli sayda geoloji, tektonik və neotektonik xəritələr tərtib edilmişdir ki, bu xəritələr bir sıra neft yataqlarının, filiz və qeyri-filiz yataqlarının müəyyənləşdirilməsində mühüm rol oynamışdır. Bunlara misal olaraq, Azərbaycan SSR-in tektonik xəritəsini, Azərbaycan SSR-in neft və qaz yataqlarının və perspektivli strukturların xəritələrini, Azərbaycan SSR-in neftqazlılıq xəritələrini, Azərbaycanın təbii qazlar xəritəsini və s. misal göstərmək olar.
Heydər Əliyev dövlət idarəçilik sahəsində zəngin təcrübəyə malik olaraq yaxşı bilirdi ki, elm istehsalatla, iqtisadiyyatla sıx qarşılıqlı əlaqədə inkişaf etməlidir. Həmin illərdə bilavasitə onun təşəbbüsü ilə bu məqsədlə çoxsaylı elmi-istehsalat birlikləri yaradılmışdır. Azərbaycanda aparılan geoloji tədqiqatlar, xüsusən də AMEA Geologiya İnstitutunun (2015-ci ildən Geologiya və Geofizika İnstitutu) fəaliyyəti də həmişə ölkə iqtisadiyyatı ilə sıx bağlı olmuş, AMEA Geologiya İnstitutu ilə bir sıra dövlət qurumları arasında qarşılıqlı əlaqədə xeyli sayda tətbiqi elmi tədqiqatlar aparılmış, onların nəticələri istehsalatda geniş tətbiq olunmuşdur. Məhz vaxtilə Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ənənənin nəticəsidir ki, Geologiya İnstitutu günü bu gün də istehsalat mütəxəssisləri ilə birlikdə çalışmaqdadır. Misal olaraq deyə bilərik ki, İnstitut tərəfindən Puta, Neftçala, Sənqəçal-dəniz, Ələt-dəniz, Günəşli, Cənub-2 sahələrində, Balaxanı, Sabunçu-Ramanı, Suraxanı 5-ci horizontda çoxlu sayda neft yığımları aşkar edilmiş, habelə Kürsəngə-cənub, Tərsdəllər və başqa ərazilərdə neftin sənaye ehtiyatları yataqlarının mövcudluğu təsdiq edilmişdir.
Ötən əsrin 70-80-ci illərində əldə edilən nailiyyətlərə baxmayaraq, 90-cı illərin əvvəlləri vəziyyəti tamamilə dəyişdi. Bu dövrdə həm regionda, həm də dünyada olduqca mürəkkəb bir vəziyyət yaranmışdı. Böyük bir geosiyasi məkanda həyatın bütün sahələrini total xaos bürümüşdü.
Belə bir şəraitdə ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən - ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldi və əsaslı dövlət quruculuğu konsepsiyası, yetkin siyasi-ideoloji, sosial-mədəni və iqtisadi mexanizmlər tətbiq etməklə vəziyyəti əsaslı olaraq dəyişməyə nail oldu.
Həmin illərdə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasında bazar münasibətlərinə əsaslanan iqtisadi-siyasi sistemin inkişafına nail olunması və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası məqsədilə iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparıldı. Bu islahatların əsas ideyası sənayenin texniki və texnoloji səviyyəsinin, eləcə də innovasiya fəallığının yüksəldilməsi yolu ilə ölkənin hərtərəfli, davamlı inkişafının təmin edilməsi idi.
Həm Azərbaycanın inkişafında oynadığı mühüm rol, həm də elmi araşdırmalarla əlaqəsi baxımından Heydər Əliyev tərəfindən reallaşdırılan Azərbaycanın neft strategiyasını xüsusi olaraq qeyd etmək lazımdır. “Əsrin müqaviləsi” adlandırılan neft müqavilələri, həyata keçirilən enerji layihələri və Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq əhəmiyyətli neft kəmərinin işə düşməsi Azərbaycanın sonrakı iqtisadi inkişafının əsasında dayanan mühüm amillərə çevrildi. Bu il “Əsrin müqaviləsi”nin imzalanmasının 27 ili tamam olur. İyirmi yeddi illik müddət ərzində Azərbaycan xalqı “Əsrin müqaviləsi”nin ölkənin həyatında necə bir mühüm rol oynadığının şahidi oldu.
Heç şübhəsiz, “Əsrin müqaviləsi” Azərbaycan alimlərinin neft və qaz yataqlarının kəşfi və işlənilməsi sahəsindəki on illər ərzində apardıqları araşdırmaların məntiqi nəticəsi idi. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalandığı mərasimdəki tarixi nitqində Azərbaycanın neft sahəsində çalışan alimlərinin əməyini yüksək qiymətləndirərək onların neft sahəsindəki elmi nailiyyətlərini “böyük elmi kəşflər” kimi dəyərləndirmişdir: “Bu gün bu tarixi gündə Azərbaycanda neftin sənaye üsulu ilə hasil və emal edilməsinə başlandığı dövrdən təxminən 150 il sonra, mən Azərbaycan neftçilərinin bütün nəsillərinə, respublikamızın neft sahəsində çalışan alimlərinin, mütəxəssislərinin, mühəndislərinin və fəhlələrinin hamısına bu dövrdə təbii sərvətlərimizi çıxarıb xalqımızın rifahının müəyyən qədər yaxşılaşmasına səy göstərdiklərinə görə, fədakar əməklərinə görə, böyük elmi kəşflərinə görə təşəkkürümü bildirirəm və onları indiyə qədər qazandığı nailiyyətlərə görə ürəkdən təbrik edirəm”.
“Əsrin müqaviləsi”ndən sonra Azərbaycanda neft gəlirləri hesabına neft sektorunun özü ilə bərabər, turizm, xidmət, yüksək texnologiyalar, sənaye parkları sürətli inkişaf yoluna qədəm qoydu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın enerji siyasətinin Azərbaycanın qeyri-neft sektorunun, ümumən iqtisadiyyatın inkişafında oynadığı rolu son dərəcə yüksək qiymətləndirmişdir. Müasir Azərbaycanın sosial-iqtisadi inkişafının, xüsusən də neft strategiyasının əsasında neftin özündən daha dəyərli olan elmi biliklər dayanır. Elm və texnikanın nailiyyətləri məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinin əsas amili, material və əmək sərfinin qənaəti, əmək məhsuldarlığının artırılması istehsalın təşkilinin təkmilləşdirilməsi şərti kimi çıxış edir. Bütün bunlar son nəticədə buraxılan məhsulun daxili bazarda və dünya bazarında müəssisənin rəqabət qabiliyyətini qabaqcadan müəyyənləşdirməyə imkan verir. Beləliklə, elm və başqa intellektual fəaliyyət sahələri iqtisadiyyatın inkişafında, əmək məhsuldarlığının yüksəldilməsində, milli gəlirin yaradılmasında və artmasında mühüm rol oynayır.
Heydər Əliyevin respublikada hakimiyyətə ikinci dəfə gəlişindən sonra Azərbaycan geologiya elminin tarixində yeni bir mərhələ başladı. 90-cı illərdən başlayaraq Geologiya İnstitutunda litosferin müasir geodinamik təkamülünün öyrənilməsi üçün fundamental elmi tədqiqatlar aparılmağa başlandı, yeni nəzəriyyələr yaradıldı və onların əsasında respublika sənayesi üçün çox böyük əhəmiyyətə malik praktiki texnologiyalar işlənib hazırlandı. Seysmik kəşfiyyat, quyu geofiziki və seysmoloji informasiyaların işlənilməsi və geoloji şərhinin yeni texnoloji kompleksi yaradıldı və böyük miqyasda tətbiq olundu. Bu istiqamətdə Qərbin aparıcı neft şirkətləri BP, SHEVRON, STATOİL və digərlərin sifarişi ilə bir sıra əhəmiyyətli layihələr həyata keçirildi.
Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası nəticəsində, beynəlxalq şirkətlərin respublikaya marağının artması nəticəsində Geologiya İnstitutu qazanılmış beynəlxalq qrantların sayına görə Azərbaycanın elmi müəssisələri arasında liderə çevrildi. Bu gün institut İNTAS, NATO, CRDF, KOPERNİCUS, Ukrayna Elm Fondu, Amerika Milli Elm Fondu və bir sıra başqa məşhur beynəlxalq fondlarla fəal əməkdaşlığı davam etdirir.
Məhz həmin illərdən başlayaraq institutun tərəfdaşlıq coğrafiyası qeyri-adi dərəcədə genişlənmişdir. Onun tərəfdaşları arasında Böyük Britaniyanın Kembric və Aberdin, ABŞ-ın Cənubi Karolina, Yuta, Vayominq, Merilend, Kaliforniya universitetlərinin, Massaçusets Texnoloji İnstitutunun, Pyer və Mariya Küri adına Universitetin, Fransa Neft İnstitutunun, Almaniyanın Karlsrue və Hannover universitetlərinin, Moskva Universitetinin, Niderlandın Delft Universitetinin, İstanbul Universitetinin və bir sıra başqa nüfuzlu ali məktəblərin görkəmli alimlərinin adlarını çəkmək olar. Köhnə əlaqələr sürətlə bərpa edilir, fəallaşır, MDB ölkələrinin və Sakit okean regionu dövlətlərinin alimləri ilə elmi əməkdaşlıq tənzimlənir. AMEA-nın Geologiya İnstitutunun fəaliyyətinin yeni mərhələsi Yaponiya Milli Şirkəti, Cənubi Koreya institutları (KİQAM), Tayvanın Çanq-Konq Universiteti, İndoneziya Milli Neft Şirkəti və digər qurumlarla müştərək işlərlə əlamətdardır.
Bu gün müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt üzrə öz inkişafının tamamilə yeni mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilən və həyata keçirilən bu inkişaf strategiyasının yaxın hədəfi 2030-cu ildir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i təsdiq etmişdir.
Qeyd olunan sənəddə ölkənin sosial-iqtisadi inkişafına dair beş mühüm milli prioritet müəyyənləşdirilmişdir:
1. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat
2. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət
3. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı
4. İşğaldan azad olunmuş ərazilərə
böyük qayıdış
5. Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Bu prioritetlər Azərbaycanın
geoloq alimləri qarşısında da mühüm vəzifələr
müəyyənləşdirir. İstər rəqabətqabiliyyətli
iqtisadiyyatın inkişafı
üçün neft sektorunun inkişafı, istər işğaldan azad olmuş ərazilərin bərpası,
istər rəqabətli
insan kapitalının
formalaşdırılması bilavasitə geoloq alimlərin də fəal səylərindən
asılıdır. Hesab edirik
ki, dövlət tərəfindən müəyyənləşdirilən
strategiyanın həyata
keçirilməsi işinə
səfərbər olunmaq
hazırkı şəraitdə
Heydər Əliyev ideyalarına ən böyük sədaqət
nümunəsidir.
Akif ƏLİZADƏ,
AMEA Geologiya və
Geofizika İnstitutunun
direktoru, akademik.
Respublika.- 2021.- 5 may.- S.3.