Azərbaycançılıq ideologıyasının banisi
Müstəqil Azərbaycanın ən yeni tarixi mənalı ömrünü doğma xalqının sabahına, işıqlı gələcəyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev hələ sağlığında əfsanələşmiş nadir şəxsiyyət, dünyanın azərbaycanlı dahisi kimi tanınırdı. Müdrik rəhbər, mahir diplomat, əvəzsiz insan olan bu fenomenal şəxsiyyət ən ali keyfiyyətlərə malik idi. Tanrı ona dərin təfəkkür, parlaq natiqlik məharəti, qüdrətli siyasi iradə, çevik idarəetmə məharəti, insanların qəlbinə yol tapmaq, xalqın qüdrətinə arxalanmaq bacarığı bəxş etmişdi.
Ulu öndərin respublikamıza rəhbərlik etdiyi hər iki dövr böyük tarixi nailiyyətlərlə, uğurlar və tükənməz dövlətçilik təcrübəsi ilə zəngin olmuşdur. Məhz bu görkəmli dövlət xadiminin uzaqgörənliyi, parlaq zəkası, polad iradəsi, cəsarəti və qətiyyəti sayəsində Azərbaycan keçən əsrin 90-cı illərinin əvvəllərində fəlakətlərdən, xaosdan, hərc-mərclikdən, dərin böhranlardan çıxaraq öz əbədi azadlığına, müstəqilliyinə qovuşmuşdur. Xalqımızın son beş yüz illik tarixində milli dövlətçiliyimizin formalaşmasında Heydər Əliyev qədər çətin, mürəkkəb, amma şərəfli həyat yolu keçmiş ikinci tarixi şəxsiyyət təsəvvür etmək çətindir. O, bütün varlığını canından artıq sevdiyi doğma Azərbaycana və azərbaycançılığa həsr etmişdir.
Ulu öndər müstəqillik dövrünün dövlət ideologiyasını hazırlayarkən azərbaycançılıq məfkurəsini irəli sürmüş, onu yeni şəraitdə milli dövlətçilik ideologiyası kimi formalaşdırmışdır. Hələ 1978-ci ildə Heydər Əliyevin qətiyyəti, əzmkarlığı sayəsində Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. Ana dilimizin zənginliyini, xalqımızın fədakarlığını, qəhrəmanlığını yüksək dəyərləndirən ulu öndər qürurla, fəxarətlə deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Heydər Əliyev azərbaycançılıq təlimində dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələrini nəzərə alır, Azərbaycan dilini milli mənliyin başlıca məsələsi kimi diqqət mərkəzində saxlayırdı.
Ümummilli lider 2001-ci ilin noyabr ayında ilk dəfə olaraq dünyanın müxtəlif guşələrinə səpələnmiş soydaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında bir yerə topladı, bir amal ətrafında birləşdirdi. Bakıda Dünya azərbaycanlılarının I qurultayı keçirildi. Müdrik rəhbərin qurultaydakı nitqi azərbaycançılığın tarixi proqram sənədinə çevrildi. Ümummilli liderin dediyi kimi, “Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, dünya sivilizasiyasına inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Heydər Əliyev azərbaycançılığa, bəşəri dəyərlərə əsaslanan milli, demokratik dövlət qurdu. Soydaşlarımızda dövlətimizə, dövlətçiliyimizə inam, sədaqət hissi gücləndi. Bu böyük insan ömrünün ən parlaq dövrünü xalqımızın dünya millətləri içərisində öz imzası olmasına, azərbaycançılıq ideologiyasının təntənəsinə, müstəqil Azərbaycanın dünyada tanıdılmasına həsr etdi. Planetimizdə təxminən 5 mindən artıq xalq yaşayır. BMT-nin iqamətgahında bayrağı dalğalanan müstəqil dövlətlərin sayı isə 200-dən bir qədər çoxdur. Azərbaycan dövlətinin bu sırada öz yerini tutması qürurvericidir, xalqımızın böyük tarixi nailiyyətidir.
Heydər Əliyevin şəxsiyyət kimi möhtəşəmliyi bunda idi ki, o təkcə müstəqil Azərbaycan dövlətini deyil, həm də real tarixin özünü idarə etməli olurdu. Azadlıq mücahidi kimi tanınan şair, alovlu vətənpərvər Xəlil Rzanın təbirincə desək, “Ömrünün bütün mərhələlərində mərd və üzüağ yaşadığı üçün Heydər Əlirza oğlunun nüfuzu, şöhrəti, qazandığı ümumxalq məhəbbəti Azərbaycan miqyasına sığmır. Bu nüfuz dünya miqyaslıdır”.
Ulu öndərin azərbaycançılıq məfkurəsinin təməlində Azərbaycan dili dayanır. Elə buna görə dönə-dönə deyirdi: “Hər bir millətin dili onun üçün əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir”. Heydər Əliyev nəinki dilimizi sevir, həmçinin daim onun tərəqqisi, bütün dünyada nüfuzunun qorunması üçün yorulmadan çalışırdı.
Dahi rəhbərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərmanları üçüncü minilliyin əvvəllərində ana dili uğrunda mübarizənin, azərbaycançılığın tərkib hissəsi kimi çox böyük əhəmiyyət kəsb edir. Azərbaycançılıq ideologiyasının fəlsəfi təlim kimi sistemə salınması və müstəqil Azərbaycan dövlətçiliyinə tətbiq edilməsi dövlət idarəçiliyində zəngin təcrübəsi olan ulu öndərin tarixi xidmətidir.
Müdrik şəxsiyyətin dövlətçilik kursunu, azərbaycançılıq ideologiyasını bu gün ölkə Prezidenti cənab İlham Əliyev bütün fəaliyyətində uğurla, əzmkarlıqla davam etdirir. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, sərkərdə qətiyyəti sayəsində 44 günlük Vətən müharibəsində ordumuz möhtəşəm qələbə qazandı. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi. Xalqımızın Qarabağ həsrətinə son qoyuldu. Bu gün o müqəddəs yerlərdə tikinti, quruculuq işlərinə start verilib. Yaxın vaxtlarda doğma Qarabağa böyük qayıdış başlanacaq.
Zaman keçdikcə ümummilli liderin şəxsiyyəti daha möhtəşəm görünür, tarix inamla onun parlaq əməllərini, dövlətçilik ideyalarını və azərbaycançılıq nəzəriyyəsini təsdiq edir. Bu gün bütün dünyada azərbaycançılığın ən böyük dayağı müstəqil Azərbaycan və onun Prezidenti cənab İlham Əliyevdir. Gündən-günə inkişaf edən, çiçəklənən respublikamız ulu öndərin siyasi kursunun uğurla davam etdirilməsinin parlaq bəhrəsidir. Azərbaycan durduqca Heydər Əliyev xalqımızın qəlbində yaşayacaq, onun ideyaları yolumuza daim işıq saçacaqdır.
Sevər AĞAYEVA,
Lənkəran rayonundakı Haftoni
qəsəbə tam orta
məktəbinin direktoru, biologiya
üzrə fəlsəfə doktoru.
Respublika.- 2021.- 5 may.- S.3.