Mütərəqqi texnologiyaların tətbiqi ölkəmizdə kosmik sənayenin yaradılmasını təmin edib

 

Müasir dünyada informasiya-kommunikasiya texnologiyalarından istifadənin səviyyəsi hər bir ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, onun intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və səmərəliliyin, o cümlədən bütövlükdə cəmiyyətin inkişafının əsas göstəricilərindən sayılır. Bu cür mütərəqqi texnologiyaların geniş tətbiqi informasiya sahəsində milli təhlükəsizliyin təmin edilməsi baxımından da böyük əhəmiyyətə malikdir. Avropa institutları tərəfindən kosmik texnologiyaların ölkələr arasında rəqabətə davamlılıqda əsas amil kimi dəyərləndirilməsi heç də təsadüfi deyil. Hazırda kosmik fəaliyyətin dünya siyasəti və iqtisadiyyatında rolunun durmadan artması, qloballaşma proseslərinin əhatə dairəsinin getdikcə genişlənməsi, elm və texnikanın sürətli inkişafı respublikamızda kosmik texnologiyalardan istifadəni şərtləndirmişdir. Ölkəmizdə həyata keçirilən diversifikasiya siyasətinin əsas komponenti məhz informasiya-kommunikasiya texnologiyalarının iqtisadiyyatda üstünlüyünü təmin etməkdir. Bu strateji xəttin məqsədlərindən biri isə, sözügedən texnologiyaların sütunlarından sayılan kosmik sənaye infrastrukturunun yaradılmasıdır.

 

 

 

Ölkəmizdə informasiya-kommunikasiyası sahəsinin inkişafı ilə kosmik sənaye strategiyasının həyata keçirilməsinə start verilmişdir. Qarşıda duran vəzifənin icrasına təkan vermək üçün dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” 2008-ci il 4 noyabr tarixli Sərəncam imzalandı. Sənədə əsasən hazırlanacaq Dövlət Proqramında görüləcək işlərin ardıcıllığını və səmərəliliyini təmin etmək, qarşıdakı strateji məqsədlərə nail olmaq üçün müvafiq idarəetmə strukturunun yaradılması, telekommunikasiya peykinin hazırlanaraq orbitə çıxarılması ilə telekommunikasiya şəbəkəsinin qurulması, kosmik informasiyanın qəbulu və emalı üzrə çoxfunksiyalı superkompüter mərkəzinin təşkili, kadrların hazırlanması və s. məsələlər nəzərdə tutulurdu. Dövlət Proqramı 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edildi. Növbəti ildə peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə “Azərkosmos” ASC təsis olundu. 2013-cü ildə ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ilinin elan olunması ölkə rəhbərinin bu sahəyə necə mühüm diqqət yetirdiyini bir daha göstərir.

 

Beləliklə, “Azərkosmos” ASC tərəfindən iki il ərzində müvafiq tədbirlərin görülməsindən sonra ölkəmizdə kosmos erasının başlandığını bildirən uğurlu bir addım atıldı: 2013-cü il fevral ayının 8-də Azərbaycanın ilk süni rabitə peyki “Azerspace-1” Fransanın inzibati idarəçiliyində olan Qviananın (Cənubi Amerika) Kuru kosmodromundan orbitə buraxıldı, ölkəmiz azsaylı dövlətlərdən ibarət “Kosmik klubun üzvü oldu.

 

Məlumat üçün bildirək ki, təxminən 3,2 ton çəkisində olan peyk Amerika şirkəti tərəfindən istehsal olunub, Fransa şirkəti tərəfindən orbitə çıxarılıb. Əsas idarəetmə mərkəzi Bakının Qaradağ rayonundakı Güzdək kəndində yerləşir. Digər mərkəzi isə Naxçıvan Muxtar Respublikasındadır. Peykin istehsalı 230 milyon Azərbaycan manatına başa gəlib. Bunun 15 faizi dövlət büdcəsindən, qalanı isə FransaAmerika bankından borc götürülmüş kreditdən ibarətdir. “Azerspace-1” peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulub. Orta Asiya, AvropaAfrika qitəsini, Qafqaz və Yaxın Şərq regionunu əhatə edən, dünyanın 26 ölkəsində sabit müştəri kontingentinə malik olan peykin üzərindən Azərbaycan, türk, rus, ingilis və digər dillərdə, yerli və beynəlxalq səviyyəli, ümumilikdə 100-ə yaxın televiziyaradio kanalı ilə verilişlər yayımlanır. Orbitdə ən azı 15 il istismar olunacağı bildirilir.

 

Azərbaycanın AvropaAsiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadiinformasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması regionda informasiyanın ötürülməsi sahəsində ölkəmizin lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu uğurun əldə olunması iqtisadiyyatın şaxələndirilməsi, kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım olmaqla yanaşı, həm də kommersiya xarakterli və gəlirli bir layihədir.

 

“Azerspace-1” peykinin orbitə çıxarılması münasibətilə Azərbaycan xalqını təbrik edən Prezident İlham Əliyev bildirmişdir ki, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edirbiz artıq, “Kosmik klubun dəyərli üzvünə çevrilmişik.

 

“...Biz gələcəkdə də yeni peyklərin orbitə çıxarılması istiqamətində fəal işləyirik və buna nail olacağıq... 8 fevral 2013-cü il Azərbaycan tarixində qalacaqdır. Əminəm ki, bundan sonrakı illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcəkdir”, - deyən ölkə başçısının gözləntiləri tezliklə reallığa çevrildi. 2014-cü il iyunun 30-da “Azerskyyerin məsafədən müşahidəsi, 2018-ci il sentyabrın 26-da isə “Azərspace-2” telekommunikasiya peyki orbitə buraxıldı. Bu peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədləri ölkənin milli təhlükəsizliyinin təmin olunmasına, elmi tədqiqatların aparılmasına dəstək verilməsi, sosial-iqtisadi inkişafa, beynəlxalq kosmik təşəbbüslərdə iştirak etməklə ölkənin beynəlxalq imicinin yüksəldilməsinə töhfə verməkdir. Prezident İlham Əliyev “Azərspace-2” peykinin orbitə buraxılması münasibətilə xalqımızı təbrik edərək bildirmişdir: “...Azərbaycan bu gün dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü göstərir, bizim siyasətimizi göstərir. ...Bu peyklərin çox böyük əhəmiyyəti var. İlk növbədə, Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilir. Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürüb. Eyni zamanda, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır”. Peykləri idarə edən kadrların azərbaycanlı mütəxəssislər olduğunu fəxrlə vurğulayan dövlət başçısı onların böyük əksəriyyətini həm də gənclərin təşkil etdiyini bildirir. Təbii ki, kosmik sənayenin inkişafı bu sahədə də beynəlxalq əməkdaşlığımızı dərinləşdirir. Qeyd etmək yerinə düşər ki, peykləri idarə və istismar edən texniki heyət üzvləri mərhələli şəkildə ABŞ-daMalayziyada müxtəlif kurslar və təlimlər keçmişlər.

 

İnformasiya kommunikasiya texnologiyalarının tətbiqi digər amillərlə yanaşı, həm də kommersiya cəhətdən əlverişlidir. Bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir, maliyyə resurslarımız artır. Kosmik sənayedə əldə edilən uğurlar, eyni zamanda, qeyri-neft sektorunu inkişaf etdirir, bu sənaye sahəsinin irəli getməsinə təkan verir.

 

Bu gün Azərbaycanın 3 kosmik aparatı fəzada öz işini müvəffəqiyyətlə davam etdirir və müxtəlif regionlarda yaşayan milyonlarla insanın informasiya çıxışını, onlara internet xidməti göstərilməsini təmin edir, humanitar böhran yaşanan bölgələrdə, müxtəlif münaqişə ocaqlarında sülhün bərqərar olması təşəbbüslərinə töhfə verir. Bu peyklərin araya-ərsəyə gəlməsi və orbitə çıxarılması mütərəqqi texnologiyaların ölkəmizə transferi, birkosmik sənaye sahəsində tanınmış qabaqcıl dünya dövlətləri - ABŞ, Fransa, İngiltərə, Yaponiya, Malayziya ilə əməkdaşlıq sayəsində mümkün olmuşdur. İndiAzersky” müşahidə peyki vasitəsilə biz nəinki ölkəmizdə, dünyanın istənilən bölgəsində baş verən bütün hadisələri müntəzəm şəkildə izləyə, onlara nəzarət edə bilirik. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində peykin xüsusi rolu vardır. “Azersky”nın fəaliyyəti nəticəsində biz bu sahədə də xaricdən asılılığı tamamilə aradan qaldırdıq və əlavə olaraq bir çox ölkələr üçün hazırda peyk xidməti göstəririk. İnfrastruktur layihələrimizin icrası və mövcud infrastrukturun qorunması üçün də peyklərin əhəmiyyəti böyükdür. Kənd təsərrüfatının inkişafı, ekoloji vəziyyətə nəzərat, torpaqlardan səmərəli şəkildə istifadə edilməsi və s. bu kimi işlərdə də “Azərsky” peykinin xüsusi rolu vardır. Onu da bildirməliyik ki, Qarabağın işğalda qaldığı müddətdə təcavüzkar Ermənistanın təxribatçı hərəkətlərini törətdiyi ekoloji fəlakəti meşələrin kütləvi şəkildə qırılması və yandırılmasını, təbii sərvətlərin talan edilməsini, Kəlbəcər və Zəngilanın zəngin filiz yataqlarını istismarını qeydə almaqla peyk çox mühüm xidmət göstərmiş oldu.

 

Azərbaycanın 5 il ərzində kosmik sənayenin yaradılması yolunda atdığı addımlar göz qabağındadır. “Azərkosmos” ASC 2018-ci ildən artıq Beynəlxalq Astronavtika Federasiyasının üzvlüyünə qəbul olunub, bununla da kosmik araşdırmalar sahəsində dünyanın qabaqcıl elmi mərkəzləri ilə əməkdaşlıq münasibətlərinin qurulması və birgə tədqiqatların aparılması üçün geniş imkanlar yaranıb.

 

Bu məqamda Beynəlxalq Astronavtika Federasiyası ilə bağlı maraqlı bir faktı oxucuların diqqətinə çatdırmaq yerinə düşərdi. Belə ki, hələ ölkəyə rəhbərliyinin ilk dövründən milli kosmik sənayenin inkişafına böyük önəm verən ulu öndər Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə 1973-cü ilin oktyabr ayında Bakıda “Kosmik tədqiqatlar - Elmtexnikaya nüfuzdevizi ilə Beynəlxalq Astronavtika Federasiyasının 24-cü konqresi keçirilmişdir. Konqresin uğurla başa çatması respublikamızın bu sahədəki potensialına inamı xeyli yüksəltdi. Məhz bu inama arxalanaraq ümummilli lider Heydər Əliyev 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində kosmik texniki vasitələrdən istifadə etməklə təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq Mərkəzi - “KaspiElmi Mərkəzinin yaradılmasına dair tarixi qərar verdi. 1978-ci ildə bu mərkəzin bazası əsasında sonralar Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Aerokosmik Agentliyi, 1982-ci ildə isə Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyi (KTEİB) yaradıldı. Birliyin fəaliyyət göstərdiyi illər ərzində burada çalışan alimlər, mütəxəssislər, mühəndis-konstrukturlar tərəfindən xüsusi təyinatlı müxtəlif aerokosmik ölçü sistemləri, yerüstüdistansion cihazlar, komplekslər və digər köməkçi aparatlar, alətlər hazırlanaraq keçmiş sovetlər birliyində həyata keçirilən eksperimentlərdə uğurla sınaqdan çıxarılmışdır.

 

Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının geniş miqyasda tətbiqi sayəsində kosmik sənayenin yaradılması Prezident İlham Əliyevin rəhbərliyi dövründə baş vermişdir. Maraqlıdır ki, qısa zaman məsafəsində ölkəmizin bu sahədə qazandığı uğurlar Beynəlxaq Astronavtika Federasiyasının da diqqətini cəlb etmişdir. Ötən ilin oktyabr ayında ABŞ-ın paytaxtı Vaşinqtonda bu qurumun Baş Assambleyasının sessiyasında Beynəlxalq Astronavtika Federasiyasının növbəti konqresinin 2022-ci ildə məhz Azərbaycanda keçirilməsinə qərar verilmişdir. Bakı bu mötəbər tədbirə ev sahibliyi etməyə namizəd olan Rio-de-Janeyro, DehliSinqapur kimi müasirinkişaf etmiş şəhərləri geridə qoyaraq nail olmuşdur. Təxminən yarıməsrlik fasilədən sonra Beynəlxalq Astronavtika Federasiyasının yenidən ölkəmizə mühüm diqqət yetirdiyini vurğulayan Prezident İlham Əliyev demişdir: “Konqresin Bakıda keçirilməsi ölkəmizin kosmik sahədə yeni üfüqlərini açmaqda bir vasitə olacaq. Konqresin Azərbaycanda keçirilməsindən çox böyük dividendlər əldə etməliyik, beynəlxalq əməkdaşlıq daha da geniş vüsət almalıdır”.

 

 

 

Səfər MAHMUDZADƏ

 

Respublika.- 2021.- 6 may.- S.8.