Azərbaycan xalqının böyük
oğlu
Azərbaycanın yeni tarixi böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Hər il olduğu kimi, bu il də bütün dünya azərbaycanlıları tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının növbəti ildönümü böyük ehtiramla qeyd edilir.
Heydər Əliyev 1969-cu ilin iyul ayının 14-də Azərbaycana rəhbər seçildi. Əfsuslar olsun ki, o illərdə sosial-iqtisadi göstəricilərin əksəriyyətinə görə respublikamız sovetlər birliyində axırıncı yerlərdən birini tuturdu. Tədricən ölkədə geriliyin, sosial ətalətin aradan qaldırılmasına nail oldu. Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə iqtisadiyyatın bütün sahələrində köklü dəyişikliklər aparıldı. Kənd təsərrüfatı, yüngül və yeyinti sənayeləri və digər sahələr sürətlə inkişaf etdi, mühüm sosial dəyişikliklər həyata keçirildi, insanların güzəranı yaxşılaşdı. Sənayedə struktur dəyişiklikləri edildi, mövcud sahələr modernləşdirildi.
O vaxt sənaye məhsulunun əsas həcmi neft maşınqayırması və neft emalı zavodlarının payına düşürdü. Heydər Əliyevin rəhbərliyi ilə sənayenin inkişaf proqramı həyata keçirildi. Azərbaycanda elektrotexnika, cihazqayırma, elektronika, dəzgahqayırma kimi mütərəqqi, elmtutumlu sahələrə aid yüzlərlə müəssisə və zavodlar yaradıldı. Energetika, neft kimyası, tikinti sənayesi güclü təkan aldı. Neft maşınqayırması və neftayırma zavodları modernləşdirildi.
1982-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin I müavini vəzifəsinə irəli çəkildi. Siyasi Büroya üzv seçildi. Bu vəzifədə Heydər Əliyevin fəaliyyəti əvvəlki dövrlə müqayisə olunmayan bir miqyas almışdı. Ancaq bu yüksək və məsuliyyətli vəzifədə o, heç vaxt Azərbaycanı unutmur, respublikanın iqtisadi və sosial inkişafı barəsində düşünür, bunun üçün lazımi tədbirlər görürdü.
Sovet İttifaqının yeni rəhbərliyinə gələn M. Qorbaçov və tərəfdarları Heydər Əliyevin xalq arasında artan nüfuzunu qısqanclıqla qəbul edirdilər. Onun fəaliyyətinin və şəxsiyyətinin ittifaq miqyasında və beynəlxalq ictimaiyyət qarşısında təhrif olunması prosesinə başlanıldı. 1987-ci ildə Heydər Əliyev Moskvada tutduğu vəzifədən istefa vermək qərarına gəldi.
Heydər Əliyevin respublikamızda hakimiyyətə ikinci gəlişi Azərbaycanın müasir tarixində - 1993-cü ildə baş vermişdi. Xalqın təkidli xahişi ilə 9 iyunda Bakıya qayıdan, həmin ayın 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi, milyonların etimadı nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu öndər 10 oktyabr 1993-cü ildə keçirilən andiçmə mərasimində dövlət başçısı kimi müstəqilliyimizin əbədiliyi naminə qarşıda duran vacib məsələlərdən danışdı, müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirərək onu qorumağı hər kəsin vətəndaşlıq borcu kimi qarşıya qoydu. Ümummilli lider ilk gündən bu çağırışı etdi ki, suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur. Dahi şəxsiyyət bu reallığı da diqqətə çatdırırdı ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması bundan da çətindir.
Ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətinə, xalqına bağlılığı və bu fonda atdığı biri-birindən əhəmiyyətli addımları ilə xarakterizə olunur. Xalqa verdiyi vədləri həmişə olduğu kimi sədaqəti ilə doğruldan, “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayacam” söyləyən ümummilli lider: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” fikirləri ilə də Vətəninə, xalqına bağlılığını ifadə etmişdi. Hakimiyyətə gəldiyi ilk gündən müharibə şəraitində yaşayan ölkəmizdə müdafiə və ordu quruculuğu ilə məşğul olan ulu öndər, eyni zamanda, sülhpərvər diplomatik yanaşmaya üstünlük verərək Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün vasitələrdən istifadə edirdi. Onun səyləri nəticəsində artıq başlanmış Vətəndaş müharibəsinin alovları söndürüldü. 1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı yenicə əldə edilmiş müstəqilliyimizi, dağılmaqda olan dövlətçiliyimizi və bütövlükdə millətimizin şərəf və ləyaqətini qorudu. Bu dövrdə demokratik inkişafın əsasları yaradılmaqla, uğurlu iqtisadi siyasət müəyyən edilib, həyata keçirildi. Xəzər dənizinin neft və qaz ehtiyatlarının işlənməsi, yeni tranzit xətlərin çəkilməsi, qədim İpək yolunun bərpası, digər transkontinental layihələrin reallaşdırılması nəticəsində Azərbaycana beynəlxalq siyasi və maliyyə marağı yarandı. Respublikamız dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildi.
İqtisadiyyatın sürətli inkişafı, ardıcıl, yüksək professionallıqla aparılan səmərəli xarici siyasət ölkənin maliyyə imkanlarının artmasına, bir çox sosial problemlərin həllinə, ordumuzun müasir hərbi silah-sursatla təmin edilməsinə, ölkəmizin nüfuzunun beynəlxalq aləmdə yüksəlməsinə gətirib çıxardı. Heydər Əliyev iki dəfə respublikanın rəhbəri olduğu 30 ildən artıq bir dövr Azərbaycanın çoxəsrlik tarixində kiçik bir müddətdir. Lakin bu dövr dövlətçiliyimizin və xalqımızın milli şüurunun formalaşmasında tarixi bir mərhələdir.
Ümummilli liderin prinsiplər əsasında həyata keçirdiyi xarici siyasət kursunun da son 17 ildə möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi əldə olunan nəticələrdə öz aydın ifadəsini tapır. Ulu öndər bu mühüm vəzifəni də qarşıya qoymuşdur ki, müstəqilliyimizi, suverenliyimizi daimi etdirmək üçün güclü ordumuz olmalıdır. Həmçinin güclü, qüdrətli ordu sülh danışıqlarının daha cəsarətlə aparılması üçün vacib şərtlərdən biri idi. Ulu öndərin ordu quruculuğu istiqamətində atdığı addımların da bünövrəsi məhz respublikamıza rəhbərliyinin birinci dövründə qoyulmuşdur. Cəmşid Naxçıvanski adına hərbi liseyin əsası məhz həmin zamanlarda ümummilli liderin gərgin səyləri nəticəsində qoyulmuşdur. Bu gün böyük fəxr hissilə qeyd edirik ki, Azərbaycan Ordusunda xidmət edən zabitlərin böyük əksəriyyəti bu liseyin yetirmələridir. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş ruhunun artması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində atdığı addımların nəticəsi bugünkü reallıqlarımızda öz aydın ifadəsini tapır. 1993-cü ildə ulu öndərin hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, ordu quruculuğunda da atılan addımlar gənclərin daha yüksək əhval-ruhiyyə ilə hərbi xidmətə getmələrini stimullaşdırdı. 44 günlük İkinci Qarabağ müharibəsi ordumuzun hansı imkanlara malik olduğunu nümayiş etdirməklə yanaşı, gənclərdə məhz həmin dövrdə qoyulan möhkəm təmələ əsaslanaraq formalaşmış vətənpərvərlik ruhunun, torpaq sevgisinin təqdimatı oldu.
Ümummilli lider cənab İlham Əliyevə özü qədər inandığını, axıra qədər çatdıra bilmədiyi işlərin onun xalqın dəstəyi ilə sona yetirəcəyini böyük əminliklə qeyd etmişdi. 2003-cü ilin oktyabrın 15-də keçirilən seçkilərində Prezident seçilən, növbəti 2008, 2013, 2018-ci illərin seçkilərində də qələbəsini təkrarladı. İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində: “Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm” vədinin əməli işdə təsdiq etdiyini nümayiş etdirməklə Azərbaycanın qarşısında böyük imkanlar açdı.
Bu gün İkinci Qarabağ müharibəsində qazanılan Zəfərimiz ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qurulan möhkəm təməlin nəticəsidir. Xalqımız tam əmin idi ki, Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentin rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsi də öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Prezident İlham Əliyev daim öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız üçün lazım olan şəraiti yaratdıqda, çadırları şəhərciklərlə əvəzləyəndə bu fikri də diqqətə çatdırırdı ki, bunlar müvəqqəti xarakter daşıyır. Tezliklə torpaqlarımız işğaldan azad olunacaq, üçrəngli bayrağımız bu ərazilərdə dalğalanacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdaraq yeni həyata başlayacaqlar. Dövlət başçısı ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Cənab İlham Əliyevin bəyanatları sırasında: “Biz imkan vermərik ki, torpaqlarımızda ikinci erməni dövləti yaradılsın” fikri də xüsusi yer tuturdu. İlham Əliyevin özünün də qeyd etdiyi kimi, nəyi nə zaman etdiyini yaxşı bilir. Azərbaycan bu müddət ərzində gücləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu öz əksini tapıb. Bütün bunlar rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazmasında mühüm rol oynadı. 30 ilə yaxın dövrdə aparıcı dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların edə bilmədiklərini Şanlı Azərbaycan Ordusu igidlik, qəhrəmanlıq göstərərək 44 gün ərzində etdi. Torpaqlarımızın işğalına son qoyuldu, ədalət bərpa edildi, milli qürurumuz özümüzə qayıtdı. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, 2003-cü ildən bu günə qədər yetişən Azərbaycan gənclərinin vətənpərvərlik hissinin, torpaq sevgisinin böyüklüyü İkinci Qarabağ müharibəsində Qələbəmizin mühüm amilidir. Gənclərimiz öz qanı, canı ilə Zəfər tariximizi yazdılar. Bundan sonra qürur hissi ilə yaşayacağıq: Müzəffər xalq, güclü dövlət, yenilməz ordu, güclü iradə sahibi kimi. Artıq işğaldan azad edilmiş torpaqlarımızda yeni həyat başlayıb. Tezliklə bu torpaqlarımız cənnətməkana çevriləcək, soydaşlarımızın Böyük Qayıdışı reallaşacaq.
Əlixan ƏLİZADƏ,
“AZ Logistika & Management Services” MMC-nin direktoru.
Respublika.- 2021.- 9 may.- S.7.