UĞURLU İNKİŞAF YOLU

 

 

70 -ci illərin əvvəllərindən Azərbaycanın keçdiyi yola nəzər saldıqda hər tərəfdə Heydər Əliyevin dəst-xəttini görmək olar. Moskvanın təzyiqinə baxmayaraq dahi şəxsiyyətin səyi nəticəsində respublikada bir neçə ittifaq əhəmiyyətli müəssisələr qurulub işə salınmışdır. Ulu öndər Azərbaycan Kommunist Partiyasının birinci katibi işləyərkən təkcə aqrar sahə deyil, sənaye və digər sahələrin inkişaf etdirilməsini təmin etdi.

 

Respublikada irimiqyaslı layihələr həyata keçirilirdi. Həmin dövrdə Azərbaycanda meliorasiya sahəsində də saysız-hesabsız layihələr reallaşdırılmışdı. Böyüktutumlu su anbarları tikilib istifadəyə verildi. Bu gün həmin dövrdə tikilən strateji əhəmiyyətli bu obyektlərdən səmərəli şəkildə istifadə edilir.

 

Ulu öndərin milli təhsilimizin inkişaf etdirilməsində misilsiz xidmətləri olmuşdur. Minlərlə istedadlı gənc təhsilini davam etdirmək üçün dövlət hesabına dünyanın bir sıra nüfuzlu ali təhsil ocaqlarına göndərilmiş və həmin gənclər yüksəkixtisaslı kadr kimi Vətənə dönərək Azərbaycanın inkişafı və tərəqqisi yolunda öz bilik və bacarıqlarını ortaya qoymuşlar. Hələ o dövrlərdə mənfur ermənilər yenə də torpaq iddiasında olmuşlar. Lakin ulu öndərin qətiyyəti sayəsində bu iddiaların qarşısı alınmışdır.

 

Ümumilli liderin respublikaya rəhbərliyi dövründə iqtisadi inkişafa nail olunmuşdur. Sovetlər birliyi dağıldıqdan sonra Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşdu. Müstəqilliyin ilk illərində respublika tamamilə bərbad vəziyyətdə idi. Azərbaycanın parçalanması hər an baş verə bilərdi. Səriştəsiz insanların hakimiyyətə gəlişi ilə ölkədə xaos yaranmışdı.  Hakimiyyət uğrunda çəkişmələr davam edirdi. Bundan istifadə edən bəzi insanlar dövlət çevrilişinə cəhd edirdi. Heydər Əliyev qeyri-qanuni silahlı qruplaşmaları tamamilə ləğv etdi. Azərbaycanda vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısını aldı. Dahi lider qısa müddət ərzində Azərbaycan ordusunun gücləndirilməsi, müasirləşməsi, təchizatı ilə bağlı mühüm islahatlar apardı. Azərbaycan ordusunun parçalanmasını xilas etdi. 1993-cü ildə Gəncədə baş verən qiyam ordunun bir hissəsinin dövlət çevrilişinə cəlb olunması, Lənkəranda baş qaldıran cinayətkar qüvvələrin də Gəncədə olduğu kimi, ordunu parçalayaraq öz tərəfinə çəkməsi ölkədə təhlükəli vəziyyət yaratmışdı. O dövrdə dərin zəkaya və dövlətçilik təcrübəsinə malik ümummilli lider Azərbaycanı bir dövlət kimi məhv olmaqdan xilas etdi. Yeni ordu quruculuğunun təməlini qoydu. Azərbaycan ordusu qüdrətli, rəşadətli bir orduya çevrildi. Heydər Əliyev ordu quruculuğu ilə bağlı deyirdi: “1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində Milli ordu quruculuğu keyfiyyətlə yeni mərhələyə qədəm qoydu. Qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycan Silahlı Qüvvələri müasir hərbi texnikalarla təchiz edilmiş, möhkəm nizam-intizama, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır”.

 

Ümummilli liderin uzaqgörən və düzgün siyasəti nəticəsində atəşkəs rejimi imzalandı. Elə həmin andan Azərbaycan iqtisadiyyatı dirçəlməyə başladı. Ulu öndər çıxışlarından birində demişdir: “Bizim əsas məqsədimiz ondan ibarət olmuşdur ki, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirək və inkişaf etdirək. Biz bunu etmişik və artıq Azərbaycanda dövlət müstəqilliyi sarsılmazdır, dönməzdir və əbədidir”. Heydər Əliyev bilirdi ki, güclü iqtisadiyyatı olmayan dövlət heç nəyə nail ola bilməz.

 

1993-cü ildən sonra ölkədə bir sıra mühüm islahatlar keçirildi. 1994-cü il sentyabr ayının 20-də Bakıda Gülüstan sarayında “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi” Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq edildi, 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. “Əsrin müqaviləsi” dünyanın 8 ölkəsinin və dünyanın 13 ən nəhəng məşhur neft şirkətinin iştirakı ilə həyata keçirilməyə başladı.

 

Heydər Əliyev eyni zamanda yaxın, qonşu dövlətlərlə sıx əməkdaşlıq yaratmışdır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişinə nail olmaqla Azərbaycan neftinin dünya bazarına ixrac olunmasına yol açılmışdır. Ulu öndər Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsinə şəffaf şərait yaratmışdır. Özəl sektorda çalışanlara dəstək, yaranan bütün süni maneələri aradan qaldırmaq üçün ciddi tapşırıqlar vermişdir. Bununla yanaşı xarici adamlarını Azərbaycana cəlb etmişdir.

 

Ümummilli lider respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə gəncliyə xüsusi diqqət yetirmiş, sağlam gəncliyin yetişməsi üçün mühüm addımlar atmışdır. Azərbaycanın inkişafında, tərəqqisində, sosial və mədəni həyatında gənclərin potensialından istifadə daim ön planda olmuşdur. Ulu öndərin 1969-1982-ci illərdə respublikaya rəhbərliyi dövründə respublikanın bütün guşələrində gənclər mərkəzləri, idman obyektləri, tədris müəssisələri və digər obyektlər tikilib istifadəyə verilmişdir.

 

Ulu öndər Heydər Əliyevin ikinci dəfə respublikaya rəhbərliyi dövründə ölkədə aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Respublikada torpaq islahatı həyata keçirildi. Aqrar sahədə özəlləşdirmə islahatı aparıldı. Nəticədə özəl təsərrüfatların inkişafına zəmin yarandı. Kənd təsərrüfatı məhsulları istehsalında dinamik artım müşahidə olundu. Bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı aqrar sahə də özünün əsl inkişaf dövrünü yaşayır.

 

Təməli ulu öndər tərəfindən qoyulan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz cəsarətini və hünərini ötən il 44 günlük müharibədə göstərərək möhtəşəm qələbə qazandı. Öz gücünü bütün dünyaya nümayiş etdirdi.

 

 

 

Şadkamal HÜSEYNOV,

Tovuz-Aqro” MMC-nin direktoru.

 

Respublika.- 2021.- 9 may.- S.8.