Azərbaycan elminin himayədarı
Heydər
Əliyevin akademik elmə və alimə verdiyi dəyər hər
bir dövlət üçün örnək olan səviyyədə
idi
Ümummilli
liderimiz, dünya miqyaslı dövlət və siyasi xadim Heydər
Əliyev zamanın tələblərinə,
çağırışlarına cavab olaraq, taleyüklü
strateji prioritet məsələlər qaldırmış və
xalqımızın potensialını səfərbər etməklə
ali məqsədlərə nail olmuşdur. Bu zaman o, elmin
imkanlarını, alimlərin rolunu yüksək dəyərləndirmiş
və demişdir: “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni
təcrübə ilə birləşdirən, fikirlərini tətbiq
edə bilən və onlardan əməli nəticə
götürə bilən, cəmiyyətə, ölkəyə,
xalqa konkret fayda gətirən insanlar alimlərin
sırasında xüsusi yer tuturlar”.
Elə
bir sahə yox idi ki, Heydər Əliyevin daxili siyasətində
layiqincə nəzərə alınmasın və inkişaf
etdirilməsin. Bu baxımdan, Heydər Əliyevin elmə,
xüsusən də akademik elmə və alimə verdiyi dəyər
hər bir dövlət üçün örnək olan bir səviyyədə
idi.
Ulu öndər Heydər Əliyev 1969-cu ildə ilk dəfə respublikaya rəhbərliyə gəldikdə, elmin inkişafına xüsusi önəm verərək, elmi-tədqiqat institutların maddi-texniki bazasının güclənməsi, elmi kadrların hazırlanması və sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün tapşırıqlar vermiş və onların icrasını öz ciddi nəzarətində saxlamışdır. Azərbaycan Elmlər Akademiyasında onlarla xüsusi konstruktor bürolarının yaradılması elmi nəticələrin istehsalata tətbiqini sürətləndirdi. Qeyd etmək istərdik ki, 1974-cü ildə akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun təcrübə bazası əsasında Təcrübə-Sənaye Zavodunun yaradılması kimya elminin və sənayesinin inkişafında mühüm rol oynadı.
1977-ci ildə Azərbaycan KP Mərkəzi Komitəsi, Azərbaycan SSR Nazirlər Soveti, Azərbaycan Həmkarlar İttifaqı Şurası və Respublika Komsomol Gənclər İttifaqı Mərkəzi Komitəsinin 62 nömrəli qərarı ilə Neft-Kimya Prosesləri İnstitutunun kollektivi keçici “Qırmızı Bayraq” ilə təltif olundu.
İnstitut 1978-ci ildə yenidən “Keçici Qırmızı Bayraq” ilə təltif olundu.
1981-ci ildə 21-26 sentyabr tarixlərində Ümumi və Tətbiqi Kimya üzrə XII Mendeleyev qurultayı Azərbaycanda keçirildi. Bu qurultay məhz müdrik Heydər Əliyevin xeyir-duası, xüsusi tapşırığı əsasında və dövlətin maliyyə dəstəyi ilə keçirilmişdir. Ulu öndər istəyirdi ki, qurultaya gələn dünyanın nüfuzlu alimləri Azərbaycan elminin uğurlarını görsünlər, xarici nüfuzlu elmi mərkəzlər ilə elmi-işgüzar əlaqələr yaransın və möhkəmlənsin.
1994-cü ildə “Əsrin müqaviləsi” adlanan neft müqaviləsi bağlandıqdan sonra Neft Kimyası üzrə I Bakı Beynəlxalq Yusif Məmmədəliyev konfransı keçirilərkən baş sponsor müqavilənin əsas iştirakçılarından biri “BP” şirkəti oldu.
1994-2002-ci illərdə daha 5 belə konfrans
keçirildi.
Heydər Əliyev siyasətinin layiqli
davamçısı, möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin rəhbərliyi dövründə də 2
belə konfrans təşkil olunmuşdur.
Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci və
ikinci rəhbərliyi dövründə institutumuzun çoxlu
sayda əməkdaşı müxtəlif dövlət təltifləri
ilə mükafatlandırılmışdır. 1970-ci ildə
M.F.Nağıyev, V.S.Əliyev, S.C.Mehdiyev, M.Ə.Məmmədyarov,
Ş.M.Məmmədov, R.Ş.Quliyev, F.İ.Səmədova,
S.M.Əliyev, K.M.Qasımov “Şərəfli əməyə
görə” medalı ilə təltif olunmuşlar.
1976-cı ildə V.S.Əliyev, R.H.İsmayılov, Ə.H.İsmayılov,
B.İmanov “Karbamidin spirt-su məhlulu ilə fazaların
qravitasiya bölünməsi ilə yanacaq və az
özüllü yağların yüksək effektivli
parafinsizləşmə prosesinin işlənib
hazırlanması və sənayeyə tətbiqinə görə”
Azərbaycan SSR Dövlət Mükafatına layiq
görülmüşlər.
İnstitutun
əməkdaşları H.H.Haşımov, M.İ.Rüstəmov,
S.C.Mehdiyev, M.Ə.Mərdanov, B.A.Dadaşov, R.Ş.Quliyev
1979-cu ildə,
B.Q.Zeynalov isə 1980-ci ildə “Azərbaycan
Respublikasının Əməkdar Elm Xadimi” adına layiq
görülmüşlər.
1980-ci ildə institutun bir qrup alimi “Xırda dispersli
alümoslikat katalizatorunun birbaşa və yarım birbaşa
axınlı yüksək səmərəli reaktorlar tətbiq
etməklə neft xammalının ikipilləli katalitik krekinqi
prosesinin işlənib hazırlanması və tətbiqi”
adlı işə görə Azərbaycan SSR Dövlət
mükafatına layiq görülmüşlər.
Akademik M.İ.Rüstəmov 2002-ci ildə İslam
Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının
“Elm və Texnologiya” mükafatına layiq
görülmüşdür.
Dahi və
müdrik Heydər Əliyevin respublikamıza birinci və
ikinci rəhbərliyi dövrlərində institumuzda
yaradılmış bir çox proseslər, reagentlər
geniş tətbiq olunmuşdur:
- oliqodivinilstirol lakının istehsalı (1970);
- etilləşməmiş, yüksək
oktanlı Aİ-93 avtomobil benzinin bilavasitə katalitik krekinq
prosesindən alınma texnologiyası
(1975);
- mütərəqqi parafinsizləşmə
üsulu ilə dizel yanacağının və az
özüllüklü yağların alınma prosesi
Rusiyanın neft emalı zavodlarında (1976). Bu prosesin
SSRİ-də istifadəsi ölkənin qida parafininə olan tələbatının
xaricdən asılılığını aradan
qaldırdı;
- indiki Heydər Əliyev adına Neft Emalı
Zavodunda ikipilləli katalitik krekinq prosesi (1980);
- beton qarışığı
üçün yüksəkkeyfiyyətli superplastifikator
“40-03” sənaye miqyasında Azərbaycanda və Rusiyada istehsal
olunub (1980). Ağdaş-Qəbələ avtomobil yolu məhz
bu superplastifikatorun istifadəsi ilə salınıb;
- institutumuzun Qroznı Elmi-Tədqiqat Neft
Emalı İnstitutu və Ümumittifaq Elmi-Tədqiqat Neft
Emalı İnstitutu ilə birlikdə yaratdığı
katalitik krekinq prosesinin tətbiq olunduğu katalitik krekinq
qurğusu 1993-cü ildə indiki Heydər Əliyev adına
Neft Emalı Zavodunda işə salınıb və qurğunun
açılışında ulu öndər Heydər Əliyev
özü iştirak edib. Hazırda bu qurğu
ölkəmizdə keyfiyyətli benzin istehsalında
mühüm rol oynayır və s.
Qeyd etmək istərdik ki, ulu öndər Heydər Əliyevin
respublikamızda birinci hakimiyyəti dövründə
institutumuzda yaradılmış yüksəkkeyfiyyətli
neft-kimya məhsulları, xüsusi təyinatlı reagentlər,
üzvi sintez məhsulları və yeni proseslər
1982-1993-cü illərdə yarımsənaye və sənaye
miqyasında tətbiq olunmuşlar.
Ulu öndər Heydər Əliyevin elmə himayədarlıq
siyasətini bu gün onun siyasətinin layiqli
davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev
uğurla həyata keçirir. Ölkəmizdə elmin əlaqələndiricisi
və koordinatoru olan Azərbaycan Milli Elmlər Akademiyası, o
cümlədən akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun
kollektivi bu siyasətə layiq olan səviyyədə fəaliyyət
göstərir.
Təsadüfi
deyil ki, 2003-2021-ci illərdə institutumuzun bir çox işləri
sənayedə tətbiq olunur və bu işlərdən bir
neçəsini qeyd etmək istərdik;
- Hidrotəmizlənmiş
dizel yanacağı (Avro2-nin tələblərinə cavab verən)
almaq üçün işlənib hazırlanmış hidrotəmizlənmə
prosesi 2004-cü ildən indiki Heydər Əliyev adına Neft Emalı Zavodunda tətbiq
olunmuşdur;
- yeni yaradılmış “Azofos” və “Azofos K”
iki və üç qida elementli, tullantısız texnologiya ilə
alınan və yüksək səmərəliliyə malik
gübrələr 2014-2018-ci illərdə sahə
sınaqlarından keçirilmiş
və 2019-cu ildən tətbiqinə
başlanmışdır. Bu gübrələr
uçucu və nitrat azotuna, ballast olan kalsium sulfat və
kalsium flüoridə malik deyil, məhsuldarlığı kəskin
artırır. “Az-Qranat” MMC-nin üzüm
bağlarına hektara 214 kq olmaqla “Azofos K” gübrəsi
verildikdə, əlavə olaraq hektardan 9 ton üzüm
yığılıb. Üzümün
şəkərliliyi 18 faiz əvəzinə 23 faiz olub. Bu gübrəni nar bağlarına 110 kq/ha verdikdə
hər hektardan 5 ton əlavə nar götürülüb.
“Azofos K” gübrəsi Kənd Təsərrüfatı
Nazirliyinin güzəşt tətbiq olunan mineral gübrələr
siyahısına daxil edilib. “Azofos K”
gübrəsi “Zakatala-68” qarğıdalı əkilmiş sahəyə
360 kq/ha miqdarında verildikdə məhsuldarlıq torpaq şəraitindən
asılı olaraq 18-24 ton olur. Bu gübrə
Azərbaycan Respublikasının patenti ilə mühafizə
olunur (164 ton istehsal olunub).
- yeni “V-2” adgeziya aşqarı 2015-ci ildən
istehsal olunur və Azərbaycanda əsaslı yol tikintisində
590 ton istifadə olunub (2015-2021). Qeyd edək ki,
bu aşqar ilk dəfə olaraq Bakıda Heydər Əliyev
prospektinin yenidən qurulması zamanı 2015-ci ildə tətbiq
olunub. Hazırda Azəravtoyol Dövlət Agentliyi və
onun elmi-tədqiqat institutu ilə birlikdə işğaldan
azad olunmuş sərt iqlim şəraitinə malik Qarabağ,
Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər
ərazilərində yol tikintisi üçün effektiv tərkiblər
hazırlanması sahəsində intensiv tədqiqatlar
aparılır;
- dünyada analoqu olmayan müalicəvi Naftalan
nefti əsasında “Ağ Naftalan yağı”nın alınma
texnologiyası təcrübə-sənaye qurğusunda
istehsalı və satışı təşkil olunub.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
onun istehsalı və istifadəsinə DVME ¹15-00133 2014
lisenziyasını verib. “Ağ Naftalan yağı” 2017-ci ildə Səudiyyə
Ərəbistanında kosmetik vasitə kimi qeydə
alınıb. Hazırda institutda “Ağ
Naftalan yağı” əsasında 5 yeni dərman preparatı
hazırlanaraq texniki şərti dövlət qeydiyyatından
keçirilib, bu dərman vasitəsinin Türkiyədə
klinik sınaqları keçirilir. Bu dərman preparatları
və vasitələri Azərbaycan brendi ilə xarici ölkələrə
satılmaq imkanına malikdir;
-
institutumuzda tullantısız texnologiya ilə alınan
“Qarabağ-1”, “Qarabağ-2”, “Qarabağ-3” və “Qarabağ-4”
bitkilərin boy stimullaşdırıcılarının
geniş sahə sınaqları keçirilib, onların istifadəsi
ilə meşələrin sürətlə bərpası,
zeytun, badam, gilas, alça, püstə, nar, tut tinglərinin,
dekorativ bitkilərin yetişdirilməsi, bostan və tərəvəz
bitkilərinin məhsuldarlığına müsbət təsirləri
təsdiq olunub, onların istehsalının təşkili və
tətbiqi üçün hazırlıq işləri
aparılır.
Akademik
Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri
İnstitutu 1993-2003-cü illərdə Rusiya
Federasiyasının 7, Azərbaycan Respublikasının 61,
2003-2021-ci illərdə Azərbaycan Respublikasının 132
patentini və 9 Avrasiya patenti alıb.
İnstitutumuzda nəşr olunan “Neft-kimyası və
neft emalı prosesləri” jurnalı 2017-ci ilin sentyabr
ayından dünyanın ən nüfuzlu nəşrlər
sırasında “Thomson Reuters” Clarivate Analytics elmimetrik
bazasında yerləşdirilmişdir.
İnstitumuzun kollektivi elm və təhsilin
inteqrasiyasında əhəmiyyətli fəaliyyəti ilə
də fərqlənir. Əməkdaşlarımızın həmmüəllifliyi
ilə ölkədə ilk milli kimya dərslikləri,
çoxlu dərs vəsaitləri, monoqrafiyalar yazılıb və
nəşr olunub.
İnstitutun 2015-ci ilin avqustunda yaradılmış
vebsaytı ölkədə daha çox istifadə olunan
maarifləndirici saytdır. Təsadüfi deyil ki,
bu sayta 2015-2021-ci illərdə 149 ölkədən 8649000
baxış olub. Bu sayt həm də
ölkəmizin xarici və daxili siyasətinin,
uğurlarının təbliğində mühüm rol
oynayır.
Təsadüfi deyil ki, çox hörmətli Prezidentimiz
2003-2021-ci illərdə institutumuzun bir sıra əməkdaşlarını
orden və medallarla, fəxri adlarla, diplomlarla təltif edib.
2019-cu ildə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
imzaladığı 1026 nömrəli, 11 mart 2019-cu il tarixli sərəncamına
uyğun olaraq AMEA-nın akademik Y.H.Məmmədəliyev
adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi 2
oktyabr 2019-cu ildə təntənəli olaraq qeyd edilib. Yubileylə
əlaqədar olaraq Prezident İlham Əliyevin 01 oktyabr 2019-cu
ildə imzaladığı sərəncamlarla “Azərbaycan
Respublikası Prezidentinin fəxri diplomu” ilə 3 əməkdaş,
“Tərəqqi” medalı ilə 4 əməkdaş təltif
olunmuş, 3 əməkdaş “Əməkdar elm xadimi”, 1 əməkdaş
“Əməkdar mühəndis” fəxri adlarına layiq
görülmüşlər.
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında ciddi
islahat layihələri həyata keçirilməsinə
hazırlıq işləri aparılır. Tətbiqyönümlü
işlərə yeni yanaşmalar tətbiq edilir. AMEA-nın Yüksək Texnologiyalar Parkının fəaliyyəti
bu sahədə önəmli rol oynayır. Qeyd edə bilərik
ki, institutumuzda yaradılmış yeni məhsulların bir
qismi AMEA-nın Yüksək Texnologiyalar Parkında hər il
ümumilikdə 2000 tona qədər istehsal olunur və ölkənin
sənayesinin və aqrar sektorunun inkişafında böyük
rol oynayır.
Azərbaycan Milli Elmlər Akademiyası hər zaman dahi və
müdrik Heydər Əliyev siyasətinə sadiq olduğunu
göstərib, bu gün də bu siyasətin layiqli davamına
sadiqliyini nümayiş etdirir. Elmimizin bütün
sahələrində akademik elmin çəkisi hər zaman
yüksək olub və olmaqdadır.
Ulu öndər Heydər Əliyev təsadüfi olaraq
deməmişdir ki, “Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan
xalqının milli sərvətidir”.
Vaqif ABBASOV
Elmira SÜLEYMANOVA,
Respublika.- 2021.- 9 may.
S. 9.