Heydər Əliyev: İncəsənət mənim bütün həyatımdan keçib

 

 

“İncəsənət mənim bütün həyatımdan keçib” - deyirdi ulu öndər. O, teatra, rəssamlığa, bədii qiraətə də eyni dərəcədə maraq göstərirdi. Uşaqlıqda olan bu maraq onu sonralar da tərk etmədi, dövlət rəhbəri olduğu dövrlərdə incəsənətimizin inkişafına çalışdı, onun qayğısına qaldı.

 

Heydər Əliyevin ümumiyyətlə müəllim sarıdan bəxti gətirmişdi. Naxçıvan beynəlmiləl orta məktəbində, pedaqoji texnikumda da onu öz fənnini sevən müəllimlər əhatə edirdi. O, ömrünün sonuna qədər müəllimlərini hörmətlə xatırlayırdı.

 

İbrahim Həmzəyev nə məktəbdə, nə də texnikumda işləmişdi, Naxçıvan teatrının aktyoru, həmçinin şəhər pionerlər evində dram dərnəyinin rəhbəri idi. Azərbaycanın Xalq artisti Zəroş Həmzəyeva gələcək həyat yoldaşı İbrahim Həmzəyevlə Heydər Əliyevin ilk görüşünü belə xatırlayırdı: “Biz o zamanlar üçün qeyri-adi olan beynəlmiləl məktəbdə oxuyurduq. Burada Muxtar respublikanın şəhər və kəndlərindən istedadlı uşaqlar təhsil alırdı. Bu cür internatlar Azərbaycanda çox sonralar yaranmağa başladı. Biz məktəbdə səylə oxuyur, bədii ədəbiyyata üstünlük verir, Nizamidən tutmuş o vaxtlar təzə-təzə məşhurlaşmağa başlayan gənc şairlər S.Vurğunun, S.Rüstəmin şeirlərini əzbər bilirdik. İncəsənətlə maraqlanır, təbiəti sevir, Azərbaycanın, öz diyarımızın tarixini öyrənirdik.

 

Heydər şəksiz lider idi, hər şeyi bizdən yaxşı bilir, hamıdan yaxşı oxuyurdu. Bir dəfə o, məktəbə atasının 30-cu illərdə dəmiryolçulara verilən uniformasında gəldi. Bu, çox yaddaqalan idi. Uşaqlardan kimsə: “Sən ki, əsl generalsan!”— dedi. Elə o vaxtdan biz onu adı ilə deyil, “general” deyə çağırmağa başladıq. Heydər bu ləqəbi, sanki vaxtsa general olacağına inanaraq qəbul edirdi.

 

Şagirdlərin estetik təhsilinin yüksəldilməsi üçün müəllimlərin zəmanəti ilə onlar pionerlər evində müxtəlif dərnəklərdə məşğul olurdular. Elə İbrahim Həmzəyevin diqqətini bizim “general” burada çəkdi. Həmin gün Heydər yoldaşından musiqi alətini götürməməsi səbəbindən məşğələyə gələ bilmədiyi üçün çox pərişan idi (biz musiqi ansamblında birlikdə məşğul olurduq).

 

Məşğələyə tələsən İbrahim Həmzəyev pərt vəziyyətdə dayanan oğlana gözü sataşanda ayaq saxladı: “Oğlum, burada edirsən, niyə belə həyəcanlısan?” - deyə soruşdu. Heydər Əliyev vəziyyəti başa saldı: “Onda gəl mənim dərnəyimə gedək, fikirləşirəm ki, sənə maraqlı olacaq...” - dedi.

 

Məgər, qarşısında şəhərin ən tanınmış aktyorunun dayandığını bildiyi halda, onun təklifini qəbul etməyə bilərdimi? İbrahim Həmzəyev isə bir andaca onun xarici görkəmini dəyərləndirdi: gözəl, cazibədar sima, ucaboy, cingiltili səs, aydın diksiya. Onun tamaşalarının qəhrəmanları üçün lazım olan hər şey... Bir-birini yarı sözdən başa düşən, mənəvi yaxınlıq hiss edən bu iki insan arasında müəllim-şagird münasibəti elə ilk məşğələdən müəyyənləşdi.

 

Vaxtilə jurnalist Svetlana Mirzəyevaya verdiyi müsahibələrin birində ulu öndər Heydər Əliyev özünün teatra olan marağından danışarkən onun həyatında xüsusi rol oynayan müəllimi haqqında demişdi: “1937-ci ildə hamının bir-birini yaxşı tanıdığı şəhərdə yeni bir insan peyda oldu. Elə ilk andaca hamıda maraq oyatmışdı: böyük , kiçik bu yaraşıqlı, əyninə kip oturan kostyum, qar kimi köynək, ideal bağlanmış qalstuk, üstündə şəhər tozundan əsər-əlamət olmayan parıldayan ayaqqabı geyinmiş kişiyə heyranlıqla tamaşa edirdi. O, teatra naxçıvanlıların əsas istirahət yeri olan şəhər bağından keçib gedirdi. Ləngərli yerişi hətta tamaşanı xatırladırdı. Ötənlər ayaq saxlayıb ona baxırdılar, naxçıvanlılar onun aktyor olduğunu, burada teatrda işləmək üçün gəldiyini bilirdilər.

 

Təbii ki, İbrahim Həmzəyev mənimlə danışanda çox sevindim, onun dərnəyində məşğul olmaq üçün təklifi alanda, düşünmədən razılaşdım. İbrahim müəllim Stanislavski sistemi haqqında mühazirə oxuyur, aktyorun hansı keyfiyyətlərə malik olması barədə danışır, deyirdi: “Aktyor psixoloq olmalıdır...”. O öz şagirdlərini teatra dəvət edir, onlar üçün mürəkkəb etüdlər qurur, səhnədə sərbəst çalışmağı öyrədirdi. Bir sözlə, buranı ciddi bir studiya, məktəb, bəlkə nitq, səhnə fəaliyyətini elmi cəhətdən tez bir zamanda mənimsəməyə kömək edən teatr universiteti adlandırmaq olardı.

 

Tale onu başqa bir səmtə aparıb çıxarsa da, səhnə, ilk təqdimatlar, aktyorların ağır əməyi - Heydər Əliyevin şəxsiyyətinin formalaşmasında böyük rol oynamışdı. İncəsənət onun zövqünü, ətraf mühitə, insanlara münasibətini müəyyənləşdirmişdi. O, Naxçıvan diyarının sərt gözəlliyini, təbiətini sevir, qədim memarlıq abidələrinin harmoniyasından zövq alır, xalq musiqisini dinləyir, xalçalarımızın ornamentlərinin sehrini, sirrini öyrənirdi.

 

İncəsənətə sevgi onu ömrü boyu tərk etmədi, bu sahənin adamlarına hörmətlə yanaşdı, onları özünə dost bildi, sənətlə bağlı mübahisələr apardı, əməklərinə böyük dəyər verdi. “Yaratdıqları ilə XX əsri məşhurlaşdıranrəssam Səttar Bəhlulzadə, istər görkəmli xalça ustası Kamil Əliyev, istərsə rəssam Elmira Şahtaxtinski, istərsə Niyazi, Rəşid olsun... Təsəvvür edirsinizmi, işinin çoxluğuna, vaxtının azlığına baxmayaraq, müntəzəm şəkildə filarmoniyada təşkil olunan konsertlərə gedirdi. Bu haqda o, özü maraqla danışırdı: “Mən Sovet Azərbaycanının rəhbəri işlədiyim dövrdə filarmoniyaya gedirdim: simfonik musiqini sevirəm. Orada Niyazi digər dirijorlar çıxış edirdilər. Baxıram ki, bizim rəhbər işçilərdən heç kəs yoxdur konsertdə. Əlbəttə, tamaşaçı həmişə olurdu, çünki Bakıda simfonik musiqiyə xüsusi münasibət var. Onda, mən elan etdim ki, hər cümə günü axşam saat 7-də filarmoniyaya gəlib simfonik musiqini dinləmək lazımdır...”

 

Bəli, Heydər Əliyevin bu təşəbbüsündən sonra rəhbər işçilər buna adət etdilər, əvvəlki kimi heç kəsi buna məcbur etməyə ehtiyac qalmadı.

 

Heydər Əliyevin Rəşid Behbudovla münasibətləri qibtədoğuracaq səviyyədə idi. “Nadir insan, nadir şəxsiyyətadlandırdığı Rəşid Behbudovun çəkildiyi onu dünyada məşhur edənArşın mal alanfilminə o dövrdə 15-20 dəfə baxan rekordçular arasında gənc Heydər Əliyev vardı: “O zaman filmlər az idi uzun müddət nümayiş etdirilirdi. “Arşın mal alan”nın xüsusi cazibə qüvvəsi vardı, baxdıqca, baxmaq istəyirdin. Mən onun baş qəhrəmanını çox sevirdim. Necə sevməyəsən. Rəşid Behbudov öz oyunu, ifası ilə qədər sevinc bəxş edirdi... Biz onunla uzun illər yaxın olmuşuq”-deyirdi sonralar, ulu öndər. Onların ümumi cəhətləri çox idi. Rəşid Behbudovu çəkən cəhətlərdən biri Heydər Əliyevin ifaçılıq məharəti idi. Bu, təkrarolunmaz müğənni özünün xatirələrində deyirdi: “Bilsəniz, o, necə oxuyurdu, peşəkarlıq məktəbi keçmiş müğənni idi ki... Bir dəfə Dzerjinski adına klubdan konsertdən çıxanda məni öz evlərinə dəvət etdilər. Dəhşətə gəldim, Heydər Əliyev mənim bütün repertuarımı ifa etdi, Zərifə xanım isə onu müşayiət edirdi...”.

 

Müslüm Maqomayev incəsənətin gözəl bilicisi olan Heydər Əliyevin diqqətini gənc yaşlarından cəlb etmişdi. 60-cı illərdə hələ DTK-nın əməkdaşı olduğu vaxtlarda dövlət tədbirlərində iştirak edən Müslümü gözdən qoymur, maraqlanır, uğurlarına sevinirdi. Sonralar ulu öndər deyirdi: “1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayandan sonra incəsənətimizin bütün nümayəndələrinə, xüsusən Müslüm Maqomayevə böyük diqqət göstərirdim. O, gənc idi, elə etmək lazım idi ki, nəyi bacarırdısa, Tanrının ona bəxş etdiyi bütün qabiliyyətini düzgün istiqamətləndirə bilsin. Bizim şəxsi dostluğumuzu da elə bu şərtləndirirdi. Fikirləşirəm ki, bu, Azərbaycan incəsənətinin, Azərbaycan mədəniyyətinin xeyrinə idi”.

 

Heydər Əliyev Müslüm Maqomayevin “Azərbaycan” mahnısı haqqında da sevgi ilə danışırdı. Deyirdi ki, onu Müslüm yaratdı və uzun illər dünyanın harasında oldusa, orada oxudu. Müslümün ifasında bu mahnı insana güclü təsir bağışlayır. Bu mahnı ilə Müslüm öz doğma diyarına sadiqliyini, hisslərini nümayiş etdirir, Azərbaycanı daha da məşhurlaşdırır. Təkcə bu mahnıya görə o, bir müğənni-ifaçı, həm də bəstəkar kimi yüksək qiymətə layiqdir. Əlbəttə, bu, onun yaratdığı gözəl mahnılardan yalnız biridir.

 

Xalçaçı rəssam Kamil Əliyevin portret xalçalar yaratmağa başladığı gündən bir arzusu vardı: Heydər Əliyevin portretini yaratmaq... Kamil Əliyev bu barədə deyirdi: “Məni Heydər Əliyevin hərbi geyimdə görkəmi çox cəzb edirdi. O, bu formanı çox az-az geyinirdi. Əsasən dövlət tədbirlərində rastlaşırdıq. Mən onu daim izləyir, özüm üçün maraqlı məqamlar seçib yadda saxlayırdım. Fikrimdə qəti idim. Bu əsər yaranmalıydı. Yarandı da!”

 

Bəli, Heydər Əliyevin xalça üzərində portreti Kamil Əliyevin yaratdığı ən gözəl əsərlərdən biri idi. Rəssam onun Prezident olduğu dövrdə ikinci dəfə də portretini yaratmalı oldu. Heydər Əliyev hər iki sənət əsərini, ümumiyyətlə Kamil Əliyevin yaradıcılığını yüksək qiymətləndirirdi: “Onun yaratdığı portretlər özünün orijinallığı, monumentallığı və yüksək texniki stilinə görə fərqlənir...”.

 

Heydər Əliyev ölkəyə rəhbərliyinin bütün dövrlərində Azərbaycan incəsənətinin görkəmli nümayəndələrinin əldə etdikləri nailiyyətlərin yorulmaz təbliğatçısı oldu və həmin dövr Azərbaycan incəsənətinin əsrəbərabər bir dövrü kimi tarixə yazıldı.

 

Zümrüd QURBANQIZI 

Respublika.- 2021.- 9 may.- S.9.