LİDERLİK
MƏHARƏTİ
Heydər
Əliyev tariximizdə təkcə milli müstəqillik
ideyasını praktiki olaraq gərçəkləşdirmiş
lider kimi deyil, eyni zamanda qurduğu dövləti qətiyyətlə
hər cür təhlükələrdən qoruyan, möhkəmliyini
təmin edən və hərtərəfli inkişafı
üçün sosial-iqtisadi, siyasi, hüquqi zəmin
hazırlayan müdrik rəhbər olaraq əbədiyaşarlıq
qazanmışdır.
Fenomenal yaddaşa, yüksək intellektə, geniş dünyagörüşünə, aydın təfəkkürə və dəmir iradəyə malik Heydər Əliyevin beynəlxalq siyasət, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, tarix, hüquq, ədəbiyyat, incəsənət və s. vacib sahələrin dünəni, bu günü, gələcəyi ilə bağlı ideyaları son dərəcə önəmli və faydalıdır. Bu ideyalar Azərbaycan dövlətinin gələcək inkişafı üçün də əvəzsiz məktəbdir. Azərbaycanın bu gün əldə etdiyi uğurlar, beynəlxalq aləmdəki nüfuzu Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində qazanılmışdır. Azərbaycanın 30 ildən artıq bir dövrü - istər keçmiş ittifaq dönəmində, istərsə də müstəqillik illərində əldə etdiyi nailiyyətlərin fövqündə məhz Heydər Əliyev fenomeni və dühası, uzaqgörənliklə bütün daxili və xarici maneələri dəf edərək, həyata keçirdiyi müdrik siyasi kurs dayanıb. Ulu öndərin misilsiz xidmətlərindən biri də odur ki, o, Azərbaycanın tarixi keçmişini bərpa etmiş, milli-mənəvi irsini özünə qaytarmış, adət-ənənələrini yaşatmış, ana dilini, ədəbiyyatını, incəsənətini, musiqisini inkişaf etdirmək və dünyada tanıtmaq istiqamətində misilsiz xidmətlər göstərmişdir.
Ulu öndərimiz Heydər Əliyevin müstəsna şəxsi keyfiyyətləri onun rəhbərlik etdiyi dövrün bütün mərhələlərində özünü bariz şəkildə göstərmişdir. Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və idarəçilik keyfiyyətləri, tükənməz enerjisi istər ötən əsrin 70-80-ci illəri, istərsə də 1993-cü ildən sonrakı dövrü xarakterizə edən başlıca amillərdir.
Heydər Əliyevi gənc yaşlarından tanıyanlar onun xarakterinin bir cəhətini xüsusi olaraq vurğulayırlar - bu gənc həmişə lider idi. İstənilən şəraitdə o, hər zaman birinci olmalı idi. Onun liderliyini məktəbdə oxuyanda da, texnikumda, universitetdə təhsil alanda da, daha sonralar dostlarının əhatəsində də sözsüz qəbul edirdilər. Heydər Əliyev liderlik xüsusiyyətlərinə görə həyatının bütün dövrlərində ön planda rol almış, yer aldığı sosial qruplarda ətrafındakı insanlara xoş təsir bağışlamış və diqqət mərkəzində olmuşdur.
Ulu öndərin siyasi fəaliyyətinin uğurlu olmasının ən önəmli səbəbi kimi onun üstün liderlik xüsusiyyətlərinə malik olması göstərilir. Onun parlaq şəxsiyyətinin, fərdi-psixoloji və liderlik xüsusiyyətlərinin sonadək öyrənilməsinə hələ də tam müvəffəq olunmayıb. Ona görə ki, bu olduqca məsuliyyətli, mürəkkəb və çətin bir işdir.
Liderlər öndərlik etdikləri cəmiyyətin içindən gələn və həmin cəmiyyəti analiz etmiş, onu yaxından tanıyan, bələd olan şəxsiyyətlərdir. Ulu öndərin öz təbirincə desək o, həm zaman, həm də hadisələrin zənginliyi baxımından böyük ömür yaşamış, mühüm tarixi hadisələrin şahidi və iştirakçısı olmuşdur.
Ümummilli lider Heydər Əliyevdə bir liderə xas olan başlıca xüsusiyyətlərdən bilik və təcrübə sahibi olmasını xüsusilə qeyd etmək lazımdır. O, həyatının bütün dövrlərdə mütaliə etməyi sevir, daim öz üzərində çalışırdı. Qırx üç yaşında, Azərbaycan DTK sədrinin müavini olduğu vaxtda belə polkovnik Əliyev Moskvada F.Dzerinski adına ali DTK məktəbində rəhbər operativ heyətin ixtisasartırma kurslarında parta arxasında əyləşərək məqbul və imtahanlar vermiş, oranı da əla qiymətlərlə bitirmişdir. O, öz zəngin təcrübəsini bölüşməyi də çox sevmişdir. Respublika təhlükəsizlik orqanlarına general-mayor rütbəsində rəhbərlik etdiyi dövrlərdə o, SSRİ DTK-sının ali məktəblərində gənc çekistlərlə zəngin, qiymətsiz təcrübəsini bölüşürdü. 1968-ci ildə Kiyevdə DTK-nın Ali Məktəbini bitirmiş Arif Zeynalovun söylədiyinə görə Heydər Əliyevin qoşa saatlarına az qala bütün institut yığılararaq onun rəhbərliyi altında Azərbaycanda keçirilən uğurlu əməliyyatlar haqqında verdiyi məlumatları həvəslə dinləyirdilər.
Heydər Əliyev dühasının misilsiz uğurlarını şərtləndirən keyfiyyətlərdən biri də resursları səfərbər etmək və lazımi məcraya yönəltmək qabiliyyəti idi. Bu qabiliyyəti ümummilli liderin bütün qərarlarında, fərman və sərəncamlarında görmək olar. Heydər Əliyev istənilən məsələnin həllinə kompleks yanaşır, aidiyyəti olan bütün qurumları problemin həlli üçün cəlb edirdi.
Ulu öndər Heydər Əliyev yüksək təşkilatçılıq bacarığına malik böyük şəxsiyyət idi. Bu keyfiyyət Heydər Əliyevin bir dövlət xadimi kimi müvəffəqiyyətinin əsasında dayanan çox qiymətli xüsusiyyətdir. Heydər Əliyev heç bir tədbirə, çıxışa, görüşə, fəaliyyətə ikinci dərəcəli iş kimi baxmırdı. Ümummilli lider heç bir tədbirə hazırlıqsız getmirdi, onun geyimi, səliqə-sahmanı, nitqi, davranışı, hətta səsinin tembri də qarşıya qoyulan məqsədə çatmağa xidmət edirdi.
Dərin zəka, yüksək intellekt, fenomenal yaddaş, təkrarolunmaz natiqlik qabiliyyəti ümummilli lider Heydər Əliyevin siyasi portretinin bənzərsiz ifadələridir. Onun uca boy-buxunu, işıqlı gözləri, iti baxışı, şux yerişi, dəqiq jestləri, nurlu siması hamını məftun edirdi.
Heydər Əliyev xarizmatik lider idi. O, özündə
demokratik liderin xüsusiyyətlərini daşıyırdı.
Onda demokratik liderliyin fikirlərini bölüşmə,
məşvərət etmə,
yönləndirmə və
səlahiyyət vermə
kimi xüsusiyyətlər
mövcud idi. Xarizmatik liderlər tarix boyu xalqı öz arxası ilə aparan, onlara örnək olan, ayrı-ayrı fərdlərin duyğu, düşüncə və
davranışlarına təsir
etməyi bacaran, qısacası ətrafındakı
insanların taleyini müsbət yönə dəyişdirməyi bacaran
şəxsiyyətlər olmuşlar.
Heydər Əliyev də
məhz belə xarizmatik liderlərdən idi.
Ulu öndər
estetik dəyərlərin
böyük bilicisi idi. 70-ci illərdə Abşeron yarımadasını
başdan-başa yaşıllığa
çevirmək ideyası
onu rahat buraxmırdı. O, Bakının
yaşıllaşdırılması üçün çoxsaylı
iməcliklərdə, yeni
parkların salınmasında
şəxsən iştirak
edirdi. Çıxışlarının birində Heydər
Əliyev Bakıda bir ağacı əkib böyütməyin
bir övlad böyütməyə bərabər
olduğunu qeyd etmişdi. O, respublika
Kommunist Partiyası Mərkəzinin birinci katibi olanda şəhər
rəhbərliyinə Bakıda
çoxlu qızılgül
kollarının əkilməsini
tapşırmışdı. İnsanların parklarda, xiyabanlarda əkilmiş qızılgül kollarını
qırması ilə bağlı ona şikayət ediləndə
isə onun cavabı çox mənalı olmuşdu: “Eybi yoxdur, biz əkək, insanlar gözəllik görməyə
alışacaqlar və
axır ki, parkları viran qoymaqdan bezəcəklər”.
Tarix ulu öndərin uzaqgörənliyini bir daha təsdiqləmiş oldu.
Heydər Əliyevin gördüyü
işlərə inanması,
soyuqqanlı qərarlar
verə bilmək, ictimai rəy formalaşdırmaq, tez qərar verə bilmək, sistemli işləmək bacarıqları,
strateji düşünmə
qabiliyyəti, yüksək
natiqliq mədəniyyətinə
malik olması heç də bütün liderlərdə
olmayan xüsusiyyətlərdən
idi.
Ümummilli lider Heydər Əliyev hər bir işi düzgün
zamanda - nə vaxtından tez, nə də ki, gec olmadan
edə bilmək bacarığına malik idi. O, qarşısına qoyduğu məqsəd uğrunda yorulmadan çalışır, həmin
məqsədinə nail olmaq
üçün səylərini
əsirgəmirdi. O, vaxtını
effektiv istifadə etməyi (time management) ustalıqla
bacarır, gərgin iş qrafikinə baxmayaraq dövlət xadimlərinin, xalq yazıçılarının, şairlərin, mədəniyyət
adamlarının yubiley
tədbirlərində, teatr
premyeralarında şəxsən
iştirak edirdi.
Heydər Əliyev hakimiyyətdə
olduğu bütün
dövrlərdə xalqın
yanında olmuş, Azərbaycan xalqının
dəstəyini hiss etmiş,
xalqa liderlik etsə də xalqdan uzaqlaşmamışdır. O, vətənini,
xalqını canından
çox sevmiş, biz
gənclərə vətənpərvərlik
nümunəsi göstərmişdir.
Heydər Əliyevin dövlət
tədbirlərinin birində
Səməd Vurğunun
“Azərbaycan” şeirinin
“Ayrılarmı könül
candan? Azərbaycan, Azərbaycan” misralarını
deyərkən səsinin
titrəməsi və
gözlərinin dolması
onun vətənini canından çox sevməsinin əyani sübutudur.
Heydər Əliyev demokratik, hüquqi və dünyəvi dövlət
quruculuğu sahəsində
ardıcıl siyasət
yürüdərək ölkədə
insan hüquq və azadlıqlarının
başlıca prinsiplərini
bərqərar etmişdir. 1995-ci ilin noyabrında ümumbəşəri demokratik
dəyərləri özündə
əks etdirən Azərbaycan Respublikası
Konstitusiyasının qəbul
edilməsi, hüquq normalarının və qanunvericilik bazasının
beynəlxalq standartlara
uyğunlaşdırılması məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Gənc, istedadlı kadrları kəşf etmək və onları inkişaf etdirmək bacarığı Heydər Əliyevin önəmli liderlik xüsusiyyətlərindən biri idi. Onun bir lider kimi kadr hazırlamaq bacarığı xüsusilə təqdirəlayiqdir. Heydər Əliyev xüsusi istedadı ilə seçilən gənclərə daim diqqət göstərmiş, vətəni Azərbaycana gələcəkdə fayda verə biləcək çalışqan gəncləri kənarda buraxmamışdır. Təsadüfi deyil ki, ulu öndərin hakimiyyəti dövründə xaricdə təhsil almaq üçün göndərdiyi tələbələr sonradan Azərbaycana qayıdaraq yüksək dövlət postlarında xalqımıza layiqincə xidmət etmişlər.
Ümummilli lider Heydər Əliyev bütün mənalı həyatını xalqına həsr etmiş, xalqın gələcəyini düşünmüş, müdrik siyasəti davam etdirəcək, xalqın mənafelərini etibarlı təmin etmək kimi şərəfli və məsuliyyətli vəzifəni öz üzərinə götürəcək yeni lideri yetişdirmişdir.
Bu gün ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial müdafiəsi istiqamətində ardıcıl addımlar atılır, Vətənimizin siyasi-iqtisadi nüfuzu dünyada getdikcə güclənir. Son illərdə əldə edilmiş misilsiz nailiyyətlər, o cümlədən vətən müharibəsində əldə edilmiş böyük qələbə təbii ki, Heydər Əliyev kursunun uğurla həyata keçirilməsinin nəticəsidir.
Heydər Əliyevin ölkənin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr, daxili sabitliyin, siyasi həmrəyliyin və milli birliyin möhkəmləndirilməsi, xalqımızın sosial rifahının ildən ilə yüksəlməsi ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən böyük uğur və yaradıcılıqla inkişaf etdirilir. Müstəqil Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də mədəni inkişaf baxımından dünyanın qüdrətli dövlətləri sırasında qəbul edilir. Bu, ulu öndər Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” arzusunun Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsinin əyani göstəricisidir.
Vüsal MƏmmƏdov,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin
Psixoloji ekspertiza
şöbəsinin rəisi.
Respublika.- 2021.- 8 may.- S.4.