ƏBƏDİYAŞAR
LİDER
Millətlər çətin anlar yaşadığı zaman, zəiflədiklərində və süquta uğradıqlarında bir qəhrəman ortaya çıxaraq o topluluğu bir bayraq altında birləşdirir. Türk dünyasının tarixinə nəzər yetirdiyimizdə buna bənzər hadisələrin diqqətimizi çəkdiyinin şahidi oluruq. Turan dediyimiz bütün Türk vilayətlərini əhatə edən bu coğrafiyada bu qəhrəmanlarımızı dastanlarda, nağıllarda və mifologiyada yaşatdığımız hər kəsə bəllidir. Tariximizdə bunu yaşadan qəhrəmanlara bir çoxlarını misal göstərmək olar. Belə qəhrəmanlar tarix yazır və tarixini yazdıqları ölkənin, millətin sevimlisinə çevrilərək yaddaşlara həkk olunurlar. Əsrlər boyu başı olmazın bəlalar çəkən Azərbaycanın dünyaya bəlli olan qəhrəmanları vardır.
Çoxəsrlik dövlətçilik tariximizdə dahi şəxsiyyət Heydər Əliyevin öz yeri, öz dəst-xətti vardır. Dünya tarixinin nadir şəxsiyyətlərindən biri olan bu böyük rəhbər sözün həqiqi mənasında təkcə öz xalqının deyil, ümumən bəşəriyyətin tərəqqisi yönündə böyük xidmətlər göstərən bir dahi idi. Azərbaycanın 34 illik dövrü məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Tarixə xalqımızın ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan ölkəmiz üçün çox vacib olan bir sərvət - azərbaycançılıq ideologiyasını yaratmışdır. Heydər Əliyev ilk növbədə ölkədə siyasi sabitliyin təmin edilməsinə böyük diqqət verirdi. Bu, respublikamızın inkişaf etdirilməsi, dövlət quruculuğu sahəsindəki islahatlarının həyata keçirilməsi üçün ilkin şərt idi.
Heydər Əliyev hakimiyyətə qayıdışı ilə gənc, müstəqilliyə can atan dövlətimizi demokratik inkişaf yoluna doğru istiqamətləndirdi. Qısa bir zaman kəsiyində dövlət quruculuğu sahəsində böyük irəliləyişlər əldə olundu. Demokratiyanın inkişaf etməsi ilə insan hüquq və azadlıqlarının qorunması, milli şüurun yüksəldilməsi sahəsində mühüm dəyişikliklər baş verdi.
Heydər Əliyev yalnız dövlətçilik sahəsində deyil, eləcə də dil, mədəniyyət, incəsənət sahəsində əvəzolunmaz xidmətlərə imza atmışdır. Milli-mənəvi dəyərlərimizin, irsimizin qorunub saxlanmasında, daha da inkişaf etdirilməsindəki irəliləyişləri məhz ona borcluyuq. Elə buna görə də ulu öndərin hakimiyyətdə olduğu illərdə elm və təhsilin müxtəlif sahələrində böyük ziyalı ordusu yetişdi.
Mənsub olduğu xalq qarşısında göstərdiyi müstəsna xidmətlərdən biri də Azərbaycan dilini dövlət dili səviyyəsinə ucaldaraq ona layiqli qiymət verməsidir. Hər bir xalqın düşüncə tərzinin, mədəniyyətinin formalaşması üçün danışıq dili və yazı dilinin yüksək səviyyədə inkişaf etməsi vacib şərtlərdəndir. Bu danılmaz gerçəkliyi dərk edən Heydər Əliyev Azərbaycan üçün ölçüyəgəlməz bir yenilik etdi - bizə dilimizi qaytardı.
Onun iradəsi, qətiyyəti, zəngin idarəçilik qabiliyyəti, Vətənin azadlığı və müstəqilliyi uğrunda apardığı gərgin mübarizə nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar olundu. Bu gün torpağına ayaq basdığımız Ana Vətənin müstəqilliyini, suverenliyini məhz ona borcluyuq.
Müstəqilliyini bərpa etmiş ölkənin başçısı kimi fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev dövlət quruculuğu prosesini demokratik prinsiplər əsasında qurdu. O, Azərbaycanı dünya dövlətləri içərisində qürurla tanıtdıracağımız azad bir ölkəyə çevirdi. Və bu yolda gecə-gündüz çalışdı.
Anadan olmasının 98-ci ildönümünü qeyd etdiyimiz bu günlərdə xalqımızın xilaskarı, Müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevi qürur və ehtiramla yad edirik. Bu gün onun uzaqgörən siyasətinin layiqli davamçısı İlham Əliyev ulu öndərimizin bizlərə miras qoyub getdiyi bu cənnət vətənimizi layiqincə idarə edir. Bugünkü müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir. Və bu əsərin dünyanın diqqət mərkəzində olmasına yüksək səy və əzmkarlıqla çalışan bir Prezidentimiz var. Ulu öndərin siyasi kursunun ən layiqli davamçısı bu gün Azərbaycanı onun dəst-xəttilə dünyaya tanıdaraq, ölkəmizin milli mənafeyini hər şeydən üstün tutur.
Dünyaya səs salan şanlı qələbəmizlə ulu öndər Heydər Əliyevin ruhu bizimlə bərabər qürur hissi keçirir. “Bir Millət - İki Dövlət” - deyən Heydər Əliyevin, “Türkün türkdən başqa dostu yoxdur” - deyən Atatürkün bu gün ruhları şaddır. Əsl türk qanının yerdə qalmaması bu iki türk qardaşın zəfəri idi. XXI əsrə qızıl hərflərlə yazılan Zəfər Günümüz ulu öndərin layiqli davamçısı olan müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Azərbaycan əsgərinin və zabitinin qələbəsidir.
İllər keçəcək, zaman dəyişəcək, amma tarix fakt olaraq qalacaq: dünyanın Atatürk, Atilla, Ruzvelt, Vaşinqton, Çörçill kimi siyasi liderləri sırasında Heydər Əliyevin də adını gələcək nəsillərimiz qürurla anacaq. XX əsr Azərbaycan xalqına müstəqilliklə bərabər sevinc gətirən dahi şəxsiyyət bəxş etdi. Onun gəlişi xalqın sevinci idi. Azərbaycan xalqı bu əbədiyaşar dahi ilə qürur duyur!
Mənalı həyatını öz xalqına bəxş etmiş ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Heydər Əliyevin irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaq.
Pərviz BABAYEV,
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin Bakı şəhəri
Nəsimi Rayon İcra Şöbəsinin icra
məmuru, I dərəcəli ədliyyə qulluqçusu.
Respublika.- 2021.- 8 may.- S.6.