Mükəmməl təhsil qüdrətli
dövlətin təzahürüdür
Təhsilə
yatırılan investisiya bir müddətdən sonra öz
müsbət nəticəsini verməyə başlayır
Hər bir millətin intellektual potensialının
formalaşması onun təhsil sistemi ilə
bağlıdır. Cəmiyyətin tərəqqisinin vacib
amillərindən biri olan elm və təhsil bir çox
problemlərin həllində başlıca rol oynayır.
Ən başlıcası isə elmin, mədəniyyətin
inkişafında təhsilin son dərəcə mühüm əhəmiyyəti
vardır. Azərbaycan öz müstəqilliyini
əldə etdikdən sonra bütün sahələrdə
olduğu kimi milli təhsilimizin də dünya təhsil sisteminə
inteqrasiya dövrü başladı. Siyasi,
iqtisadi inkişafın ən mühüm istiqamətlərindən
biri ölkədə müasir təhsil sisteminin
yaradılması oldu. Azərbaycanın
dünyaya geniş miqyasda inteqrasiyası onun təhsil sahəsində
də beynəlxalq aləmə inteqrasiyasını zəruri etmişdi.
Bu illərdə müstəqil Azərbaycan
Respublikasının müstəqil təhsil sistemi artıq
beynəlxalq təhsil sisteminə nəzərəçarpacaq
dərəcədə inteqrasiya edə bilmişdi.
Elmin qabaqcıl nailiyyətlərini mənimsəyərək
müxtəlif sahələrdə elmi ideyalara malik yüksəkixtisaslı
milli kadrlar yetişdirmək ümummilli lider Heydər
Əliyevin təhsil siyasətinin əsasını təşkil
edirdi. Hələ 1970-1980-ci illərdə Heydər
Əliyev sovet rejiminin sərt qanunları çərçivəsində
Azərbaycanın tərəqqisi, elm, təhsil və mədəniyyətinin
yüksəlməsi üçün çox məharətlə
düşünülmüş strategiya və taktika seçərək
həmin dövrdə respublikamızın hüdudlarından kənarda
yüksək ixtisaslı mütəxəssislər ordusunun
yetişdirilməsinə nail olmuşdu. Hər bir
dövlətin gələcəyinin onun insan potensialından ,
milli kadrlarının peşəkarlığından və
bilik səviyyəsindən asılı olduğunu görən
və gələcəyi uzaqgörənliklə analiz etməyi
yaxşı bacaran Heydər Əliyev hələ keçən
əsrin 70-80-ci illərində ölkənin maddi
imkanlarının aşağı olmasına baxmayaraq insan
potensialının formalaşması və inkişafına
xidmət edən çox mühüm addımlar ataraq yüzlərlə
gənci sovetlər İttifaqının ən nüfuzlu ali məktəblərinə
təhsil almağa göndərmişdi. Belə ki, 70-ci illərin
ortalarından hər il orta hesabla 800-900 nəfər,
80-ci illərin əvvəllərindən isə 1000-1400-ə
qədər gənc respublikadan kənarda keçmiş
İttifaqın tanınmış ali məktəblərində
təhsil aslmağa göndərilmişdi. Bu illər
ərzində Azərbaycanda təhsilin inkişafı geniş
vüsət almış, bütün təhsil sistemi əvvəlki
illərlə müqayisədə yeni inkişaf pilləsinə
qalxaraq Azərbaycanda təhsilin və intellektual səviyyənin
yüksəlməsində böyük rol oynamışdı.
Lakin 1988-ci ildən etibarən Azərbaycanın təhsil
sahəsində tənəzzül dövrü başladı və
1992-ci ildə qəbul olunmuş Təhsil Qanunu respublikada təhsil
prosesinin inkişafına təkan verə bilmədi. 1993-cü ilin
ikinci yarısından başlayaraq intensiv inkişaf
dövrünü yaşayan milli təhsil siyasətimiz
ümummilli lider Heydər Əliyevin məqsədyönlü
fəaliyyəti ilə bağlıdır. Ulu öndərin rəhbərliyi ilə işlənmiş
və qəbul edilmiş Azərbaycan Respublikasının
Konstitusiyasında milli təhsilimiz dünyanın inkişaf
etmiş ölkələrinin təhsil sisteminə inteqrasiya
olunmuş və ümumi icbari orta təhsilin həyata
keçirilməsinə başlanılmışdı.
Cəmiyyətin gələcəyini təmin etmək və
gənc nəslin yüksək səviyyədə təhsil
alması məqsədilə təhsil sahəsinin inkişaf
etdirilən sahəyə çevrilməsi dövrün,
zamanın tələbidir. İnkişaf etmiş ölkələr
davamlı və uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə
yüksəldilməsi sayəsində nail olmuşlar. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulan təhsil siyasəti bu gün ölkə
başçısı cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Son illər ölkəmizdə
bilik iqtisadiyyatının formalaşdırılması və
insan kapitalının inkişafına dövlət dəstəyinin
davam etdirilməsi, ümumən ölkədə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması istiqamətində bir çox mütərəqqi
islahatlar həyata keçirilmişdir. Qloballaşma şəraitində
yeni iqtisadi çağırışlara uyğun rəqabətqabiliyyətli
mütəxəssislərin hazırlanması, insan
kapitalının davamlı və dayanıqlı
inkişafına nail olunması üçün ölkəmizdə
ali təhsilin beynəlxalq təcrübəyə
uyğun təkmilləşdirilməsi xüsusi əhəmiyyət
kəsb edir. Azərbaycan Respublikası müstəqilliyini bərpa
etdikdən sonra azərbaycanlı gənclərin
dünyanın müxtəlif ali məktəblərinə
göndərilməsi siyasəti yenidən formalaşmağa
başlamış, müxtəlif ölkələrlə əməkdaşlıq
müqavilələri çərçivəsində gənclərimizin
xarici ölkələrdə ali təhsil almağa göndərilməsinə
təkan verilmişdi. Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq
edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı”nın təsdiq edilməsində əsas məqsəd
də ölkəmizin gələcək inkişaf
strategiyası baxımından təhsil sisteminin müasir tələblərə
cavab verən kadr bazasının gücləndirilməsi,
modern idarəetmə və istehsal texnologiyaları əsasında
fəaliyyət göstərən sahələrin kadr
ehtiyacının ödənilməsi, qeyri-neft sektorunun
inkişafının gələcəkdə sürətləndirilməsinin
təmin olunması , ölkədə rəqabət qabiliyyətli
iqtisadi sistemin formalaşdırılması və davamlı
inkişafın təmin edilməsi baxımından ölkənin
müasir tələblərə cavab verən kadrlara
ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin
ümumbəşəri dəyərlər əsasında
layiqli ali təhsil almaları üçün lazımi şəraitin
yaradılması, istedadlı gənclərin dünyanın
aparıcı ölkələrində təhsil almaq
imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi
və səmərəliliyinin artırılmasını təmin
etməkdən ibarət idi.
Xaricdə
dövlət hesabına təhsil almağa göndərilən
Azərbaycan gənclərinin təhsilin bakalavriat, magistratura,
rezidentura, doktorantura pillələri üzrə mütəxəssis
hazırlığının respublikanın iqtisadi inkişaf
prioritetləri nəzərə alınmaqla təmin edilməsi
“Dövlət Proqramı”nın əsas hədəfi
olmuşdu. Proqram çərçivəsində ümumilikdə
3558 nəfər Azərbaycan vətəndaşı
dünyanın 32 ölkəsinin 350-dən çox ən
nüfuzlu ali təhsil müəssisəsində təhsil
almaq hüququ qazanmış, yüzlərlə gənc Harvard
Universiteti, Yel Universiteti, Oksford Universiteti, Bristol Universiteti,
Sorbonna Universiteti, Kioto Universiteti, Toronto Universiteti, Heydelberq
Universiteti, Bilkənd Universiteti, Rusiya Federasiyası Xarici
İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutu kimi nüfuzlu ali təhsil
müəssisələrində ölkəmiz
üçün əhəmiyyət daşıyan sahələr
üzrə təhsil almışlar. BMT, NASA, “Microsoft”,
“Google”, “Bloomberg”, “Samsung”, “LG” və s. kimi dünyanın
aparıcı təşkilat və şirkətlərində
təcrübə keçən həmin gənclər
yaşadıqları ölkələrin ictimai-mədəni həyatında
yaxından iştirak etməklə, Azərbaycan tarixinin, mədəniyyətinin,
incəsənətinin təbliğində və diaspor
işində xüsusi fəallıq göstərirlər.
Onların Amerika Birləşmiş Ştatları (ABŞ),
Almaniya, Avstraliya, Böyük Britaniya, Fransa, Koreya
Respublikası və Yaponiya kimi ölkələrdə azərbaycançılıq
məfkurəsi və milli dəyərlər ətrafında təşkilatlanması
ölkəmizin maraqlarının həmin ölkələrdə
qorunmasına xidmət edir.
“2007-2015-ci
illərdə Azərbaycan Respublikası gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı”nın uğurlu davamı olaraq yeni nəsil mütəxəssislərin
yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun
və keyfiyyət göstəricilərinin beynəlxalq ikili
diplom proqramları ilə müasirləşdirilməsi, Azərbaycanda
insan kapitalının dayanıqlı inkişafının təmin
edilməsi, eləcə də Azərbaycan Respublikası vətəndaşlarına
aparıcı ölkələrin ali təhsil standartları
çərçivəsində keyfiyyətli təhsil almaq
imkanının yaradılması məqsədilə
“2019-2023-cü illər üçün Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət Proqramı”
hazırlanmışdır. Bu gün ali təhsil
müəssisələrinin inkişafına dəstək
verilməsi məqsədilə beynəlxalq təcrübənin
öyrənilərək tətbiq edilməsi vacib prioritetlərdəndir.
ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya, Fransa və
Yaponiya kimi ölkələrdə, xüsusilə ötən əsrin
sonlarından etibarən aktuallaşmış transmilli təhsil
modelinin Azərbaycan Respublikasında tətbiqi uğurlu nəticənin
əldə olunmasına şərait yaradır. Bu baxımdan beynəlxalq ikili diplom
proqramlarının ölkəmizdə tətbiqinin təmin
olunması xüsusi əhəmiyyət kəsb edir.
Bununla əlaqədar, ölkənin inkişaf prioritetlərinə
uyğun ixtisaslar üzrə ali məktəblərimizdə
tədrisin dünyanın qabaqcıl ali təhsil müəssisələrinin
tədris proqramlarına uyğun olaraq təşkili təmin
olunur. “ADA” Universiteti ilə Niderland Krallığının
Maastrixt Menecment Məktəbinin “Biznesin idarə olunması”
ixtisası üzrə 2 illik birgə magistratura layihəsi,
Bakı Ali Neft Məktəbinin Böyük Britaniyanın
Heriot-Vat Universiteti ilə 3 texniki ixtisas üzrə birgə
bakalavriat səviyyəsi üzrə kadr
hazırlığı, Azərbaycan Dövlət Neft və Sənaye
Universitetində “Birgə Azərbaycan-Fransız Universiteti
(UFAZ)” layihəsi çərçivəsində 4 texniki
ixtisas üzrə birgə bakalavriat proqramı qeyd edilən
sahədə atılmış uğurlu addımlardır.
Azərbaycanın suveren, azad bir dövlət kimi
dünyaya inteqrasiya olunduğu dövrdə keyfiyyətli təhsil
məsələsi çox önəmli, həm də ciddi məsələ
kimi qarşıda durur. Əsası ümummilli liderimiz Heydər
Əliyev tərəfindən qoyulan təhsil siyasəti
dövlət başçısının bu sahəyə olan
diqqət və qayğısı, yüksək əhəmiyyətə
malik fərman və sərəncamları davamlı inkişaf
strategiyasının ən əsas sahəsi olan milli təhsilimizin
dünya təhsil sisteminə inteqrasiya etdirərək
müasirləşdirmək məqsədi daşıyır.
Bu gün dünya dövlətləri
sırasında müstəqil dövlət kimi inkişaf edən,
möhkəmlənən, dünyada söz sahibi olan Azərbaycan
xoş sabahına doğru mətin addımlarla irəliləyir.
Bu yolda addımlayan sabahımızın
qurucuları isə gənclərdir.
Bir millətin yüksəlişi o millətin gənclərinin
yüksək təhsili ilə bağlıdır. Gəncləri
fərqli biliklər zəminində yetişən,
övladları Yer üzündə insanlıq
üçün gərəkli olan elmin, biliyin arxasınca gedən
millət isə hər zaman tərəqqiyə qadirdir.
Mehparə ƏLİYEVA
Respublika.- 2021.- 8 may.- S.9.