Gəncliyə qayğı gələcəyə göstərilən qayğıdır

 

 

Sağlam əqidəli, yüksək mənəviyyatlı, savadlı, geniş dünyagörüşlü, gələcəyə inamla baxan, milli dəyərlərə söykənən və xalqına, millətinə bağlı olan gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün vacib məsələdir.

 

 

Ölkənin tərəqqisində, iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclər gündən-günə daha böyük rol oynayır. Azərbaycan gəncliyi onun dövlət müstəqilliyi uğrunda apardığı mübarizədə də, bu müstəqilliyin bərpa edilməsində də ictimai fəallığı və vətənpərvərliyi ilə ön sıralarda olub. Bu da ölkəmizdə gənclər siyasətinin möhkəm özül üzərində qurulmasının və bu siyasətin düzgün aparılmasının nəticəsidir. Belə ki, dövlət gənclər siyasəti ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq əsas istiqamətlərdən biri olmuşdur.Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti ümummilli liderin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra da diqqət mərkəzində olmuş, qısa müddət ərzində 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılmış, 2 Fevral- Gənclər Günü təsis edilmiş, ümumrespublika forumu keçirilmişdi. Azərbaycan gənclərinin I Forumunda ulu öndər demişdi: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq...Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm”.

Bütün bunlar millətimizin gələcəyi olan gənclərin potensialının səmərəli şəkildə ölkənin milli maraqlarına yönəldilməsində, eləcə də gənc nəslin vətənpərvər ruhda böyüməsində mühüm rol oynamışdı. Bu illərdə gənclərin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş və ulu öndərin sayəsində ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin prioritet istiqaməti səviyyəsinə yüksəlmişdi.

Azərbaycanda gənclər dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti müstəqil Azərbaycanda gənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyə əsaslanan dövlət gənclər siyasəti istiqamətində uğurla aparılır. Bu gün ölkə başçısı cənab İlham Əliyev digər istiqamətlərdə olduğu kimi, dövlətin gənclər siyasətində də varisliyi təmin edir, Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Gənc nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsi, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsi, yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclərin formalaşması Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin prioritet istiqamətidir. Dövlətimiz azərbaycançılıq ideologiyasının təbliği və gənclərin siyasi fəaliyyəti, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, gənclərin və tələbələrin ictimai fəallığı, insan kapitalının inkişafı, gənclərin elmi fəaliyyəti, məşğulluğu, sahibkarlıq fəaliyyəti və s. sahələrdə gənclərə üstünlük verir, onların ideya və təkliflərini həyata keçirir.

Azərbaycan dövlətinin daxili siyasətinin təməlində insan amili, onun da əsasında gənclər durur. Yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin daha da gücləndirilməsi, gənclərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinə kömək göstərilməsi, sosial problemlərinin həlli, yaradıcı və istedadlı gənclərə, gənc ailələrə dövlət qayğısının artırılması, o cümlədən onların mənzil şəraitinin yaxşılaşdırılması, gənclərin dövlət quruculuğu işlərinə geniş cəlb olunması və bu kimi məsələlərin həlli yolunda dövlət gənclər siyasəti çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikasında dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gəncləri dövlət idarəçiliyində aparıcı yerlərdən birini tutan qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə həyata keçirilən “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, ölkəmizin gələcək inkişaf strategiyası baxımından təhsil sisteminin müasir tələblərə cavab verən kadr bazasının gücləndirilməsi, modern idarəetmə və istehsal texnologiyaları əsasında fəaliyyət göstərən sahələrin kadr ehtiyacının ödənilməsi, qeyri-neft sektorunun inkişafının gələcəkdə sürətləndirilməsi, ölkədə rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılması məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” uğurla başa çatdırılmışdır.

Sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işləri yeni səviyyəyə yüksəltmək, ölkə gənclərini vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəltmək, Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində növbəti addım, Azərbaycan gənclərinin inkişafında yeni mərhələ, insan hüquqlarının qorunması, gender bərabərliyi, yeni texnologiyalar vasitəsilə Azərbaycan mədəniyyətinin, tarixinin gənclərə çatdırılması, ölkəmizlə bağlı həqiqətlərin dünya miqyasında təbliği, gənclərin sağlamlığının qorunması və s. məsələlərin yer aldığı “Azərbaycan 2020:gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə “Dövlət Proqramı” çərçivəsində gənc nəslin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər sahələrdə dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.

Gənclər üçün həyata keçirilmiş proqramların davamı olaraq Azərbaycan gəncliyinin gələcək inkişafının müxtəlif aspektlərinin nəzərdə tutulduğu “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın qəbul edilməsi də məhz bu siyasətin bariz nümunəsidir. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” gənclər üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın verilməsi dövlətimizin gəncliyə verdiyi önəmin parlaq göstəricisidir. Gənclər üçün iqtisadi imkanların yeni səviyyədə yaradılması, hüquqların genişləndirilməsi və maddi təminatın möhkəmləndirilməsini nəzərdə tutan Strategiyanın məqsədi 2015-2025-ci illər ərzində gənclərin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, gənc nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdan ibarətdir. Bunlarla yanaşı, insan kapitalının inkişafını təmin etmək üçün mədəni irsin qorunması, gənclərlə idman siyasətinin çevikliyinin artırılması, demoqrafiyamiqrasiya məsələlərinin effektiv tənzimlənməsi də Strategiyanın məqsəd və məramını təşkil edir. Gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə təsdiq edilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” ötən illərdəki proqramlardan fərqli olaraq, Azərbaycan gənclərinin daha geniş şəkildə inkişafına yönəlib.

Cəmiyyətin gələcək inkişafının məhz gənclərdən asılı olduğunu, sağlam cəmiyyətin formalaşdırılması və qorunub saxlanması üçün gənclərin öz şəxsi inkişafını, o cümlədən potensialını ortaya qoymasını dəstəkləyən Strategiyadan nəinki ölkə daxilində, hətta ölkədən xaricdə oxuyanya işləyən gənclər də yararlana biləcəklər. Azərbaycan gəncliyinin gələcək inkişaf perspektivlərini tamamilə müəyyən edən Strategiyada bildirilir : “Gənclər vətəndaş cəmiyyətinin inkişafında aparıcı rol oynamalı, onların ictimai fəallığının bundan sonra da dəstəklənməsi üçün müvafiq şərait formalaşdırılmalıdır”. 2025-ci ilin sonuna qədər gənclər arasında təhsil səviyyəsinin daha da yüksəldilməsi, peşə təhsili alan gənclərin sayının artırılması, ali təhsilli gənclərin öz ixtisaslarına uyğun işlə təmin edilməsi, gənclər arasında işsizliyin səviyyəsinin aşağı salınması, aliorta ixtisas təhsili müəssisələri məzunlarının öz regionlarında ixtisaslarına uyğun işlə təmin edilməsi, gənclərin və gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, elmtexnika sahəsində çalışan gənclərin sayının artırılması, mədəniyyət və incəsənət, o cümlədən teatr, kino, dizayn və memarlıq sahəsinə gənclərin marağının yüksəldilməsi, ölkənin regionlarında yaradıcı gənclərin çıxışlarının, sərgilərinin təşkil edilməsi, habelə xarici dövlətlərdə onların yaradıcılığının layiqincə təqdim və təbliğ edilməsi, gənclərin beynəlxalq əlaqələrinin, habelə Azərbaycan üçün prioritet kəsb edən ölkələrin gəncləri ilə əlaqələrinin inkişaf etdirilməsi kimi məsələlərə nail olunması “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın əsas hədəfləridir. Azərbaycan gəncliyi bu gün bu hədəflərə doğru mətin addımlarla irəliləyir.

Öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirən, baş verən proseslərin hər zaman önündə gedən, ölkəmizdə və eyni zamanda ölkəmizin hüdudlarından kənarda keçirilən beynəlxalq miqyaslı tədbirlərdə Azərbaycanı uğurla təmsil edərək qələbə qazanan gənc idmançılarımız, dərin biliyə, zəkaya sahib olan, xarici ölkələrdə təhsil alan istedadlı gənclərimiz hər zaman onlara diqqət və qayğı göstərən Azərbaycan dövlətinin bayrağını xarici ölkələrdə dalğalandırır, müqəddəs himnimizi səsləndirirlər. Bütün bunlar dövlətimizin öz parlaq sabahı, xoş gələcəyinin təminatçısı olan gənclərinə bəslədiyi inam və etibarın, göstərdiyi diqqət və qayğının təzahürüdür.

 

Mehparə ƏLİYEVA

 

Respublika.- 2021.- 20 may.- S.3.