Şahbulaq qalası - əsrlərin
yadigarı
Ermənistanın işğalından azad edilən Ağdam şəhərinə və ətraf kəndlərə mediatur zamanı yaşadığım hissləri sözlə ifadə etmək mümkün deyil. Doğulub boya-başa çatdığım şəhərin xarabalıqlarına baxmağa gözlərim də tab gətirə bilmədi. Göz yaşlarım diz çöküb oxşadığım doğma torpağın sinəsinə tökülürdü. Həmin anlarda qəlbimdə sevinc də, kədər də, ümid də bir-birinə sarılmışdı. Düşmənin vəhşiliyi ölçüyəgəlməzdir, hər tərəfi dağıdıblar, yandırıblar, ağacları kəsiblər, torpağın bağrını yarıblar, bir sözlə, izimizi bu yerlərdən silməyə çalışıblar. Özü də məqsədli şəkildə bu vandallığı törədiblər.
Düşmənlərin erməniləşdirmək istədikləri Şahbulaq qalasında olarkən ilk diqqətimi çəkən qalanın məğrurluğu oldu, döyüşdən qalib çıxan cəngavərə bənzəyirdi. Əvvəlcə buradakı bulaqda əl-üzümü yuyandan sonra dumduru suyundan doyunca içdim. Sonra bulaqdan bir qədər aralıdakı çəmənlikdə bardaş qurub oturdum. Çağırmasaydılar, bəlkə də orada günlərlə oturardım, doğma torpağın ətrini qoxlayardım...
Tarixi mənbələrdə Şahbulaq qalası haqqında məlumat verilir ki, Şahbulaq qalası və ya Tərnəküt qalası - Qarabağ xanı Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilib. XVIII əsr qala divarları iki əsrdən çoxdur ki, öz möhtəşəmliyini qoruyub saxlayıb. Ehtimal ki, qalanın adı da burada yerləşən gursulu bulağın adından - Şahbulağından götürülüb. Qeyd etmək lazımdır ki, Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilən ikinci qaladır.
Memarlıq abidəsi kimi qeydə alınan bu qala Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi inşa edilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi olub. Elmi ədəbiyyatda Şahbulaq qəsri adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin içqalası olub. Onun yanında xanın iqamətgahı yerləşib. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən bu qalanın divarları 7 metr, bürcləri isə 8, 5 metrdir.
Ermənistan hərbi birləşmələri 1993-cü ildə Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalasını da erməniləşdirməyə çalışıblar, qalanın yaxınlığındakı məscidi isə kilsə kimi təqdim ediblər. Hər yerdə olduğu kimi, erməni saxtakarlığı burada da özünü büruzə verib. Qədim daşların cərgəsinə sonradan bərkitdikləri daşlar onların yalanının bariz nümunəsidir. Nə yaxşı ki 270 yaşlı bu qala erməni vəhşiliyinə sinə gərərək özünü, tarixini və izini qoruyub.
Tarixi qələbəmizin ilk baharı bu yerlərə başqa bir gözəllik gətirib, erməni əsirliyindən xilas olmuş ağaclar yaşıl donunu geyinib, çiçəklər xalı kimi qalanın ətrafına sərilib, bağrıqan lalələr göz oxşayır, çöl-çəmən yeni bir libasa bürünüb.
Qalanın yaxınlığında axan bulağın göz yaşı kimi dupduru suyu artıq yad tapdağından azad edilmiş torpağın sinəsinə axır, bura gələnlərin ürəyinə sərinlik bəxş edir. Qala divarlarının düz ortasındakı çinar və yasəmən ağacları elə bil abidənin xoş gələcəyindən xəbər verir. Çinar əzəmətin, qürurun, möhtəşəmliyin, yasəmən isə incəliyin, gözəlliyin simvoludur. Ərazidəki əsrarəngiz mənzərə, quşların səsi, bulağın şırıltısı insanın ruhunu oxşayır, ürəyimizə, qəlbimizə rahatlıq gətirir.
Vaxtilə ağdamlıların və rayonun qonaqlarının ən sevimli istirahət yeri olan bu məkanda həm də atçılıq turizmi yaradılmışdı. Turistlərin ən çox üz tutduğu yer Şahbulaq qalası idi. İnanırıq ki, keçmiş ənənə yenidən bərpa olunacaq, tariximizin canlı şahidi olan bu qala buraya gələn hər kəsi heyran edəcək.
Salman ALIOĞLU
Respublika.- 2021.- 20 may.- S.6.