Biçmədim zəmim qaldı...
Yaşasaydı güllü-çiçəkli bu yazda 86 yaşı
tamam olacaqdı. Əcəl aman vermədi ki, Ağdamın işğaldan azad edilməsinin şahidi olsun, canından artıq sevdiyi şəhərin xarabalıqları
arasında yanğı
ilə, kədər qarışıq sevinclə
zümzümə etsin
ki, “biçmədim zəmim qaldı”.
Ağdam deyəndə həm də o ilahi səs sahibi, doğulub boya-başa çatdığı şəhərin
aşiqi olan, xarakteri ilə başqalarından yer-göy
qədər fərqlənən,
bənzərsiz Qədir
Rüstəmov yada düşür. Dünyanın
nadir səslər xəritəsinə
öz adını yazdıran, bulaq suyu kimi saf
səsi ilə ruh dünyamıza çalar qatan, Qarabağın səs abidəsi hesab olunan Qədir Çərkəz oğlu
Rüstəmov 1935-ci ilin
may ayında Ağdam rayonunda anadan olub. Burada musiqi təhsili
alandan sonra Bakı şəhərində
ustad xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb.
Qədir
Azərbaycanı, doğulub
boya-başa çatdığı
Ağdamı Məcnun
kimi sevirdi. O məhəbbət onun damarlarında inanın ki, qan yerinə
axırdı. Yaxşı yadımdadır,
1993-cü ilin iyul ayında Ağdamın işğalından sonra böyük sənətkar
uzaqlara gedə bilmədi. Bir müddət Bərdədə
yaşadı. Məcburi köçkünlük
qayğıları nə
qədər başımızı
qatsa da aradabir görüşürdük.
Hər dəfə də görüşəndə deyirdi
ki, dörd yol tərəfdən gəlirəm, oradan Ağdamın havasını
uda bilirəm. Bəlkə də, saatlarla həmin yerdən Ağdama sarı baxırdı, Ağdamsızlıq onu sıxırdı, gen dünyanı
başına dar eləyirdi, için-için
onu ağladırdı.
Sonralar Qədir İsmayıllı
rayonunda məskən saldı və həmişə də deyirdi ki, buraların
təbiəti Ağdamın
təbiətinə oxşayır.
Orada bir az rahatlıq
tapa bilirdi.
Qədir Rüstəmovun sənətinə,
onun ifaçılıq
məharətinə ulu
öndər çox yüksək qiymət verirdi, qeyri-adiliyi ilə seçilən sənətkar dövlət
qayğısı ilə
əhatə olunmuşdu. Yüksək fəxri ada layiq görülən Qədir həm də, Azərbaycanın orden və medalları
ilə təltif olunub.
Qədir Rüstəmov haqqında mətbuatda çoxlu yazılar yazılıb, haqqında sənədli
film çəkilib. Mən də
bu böyük sənətkar haqqında bir neçə məqalə yazmışam.
Onu da deyim ki,
Qədir hər yazını bəyənmirdi,
bəyəndiklərini isə
qəzetlərdən kəsib
saxlayırdı.
Məlahətli səsi və özünəməxsus ifa
tərzi ilə xalqın rəğbətini
qazanan Qədir Rüstəmovun ifasında
bir sıra muğam dəstgahları,
o cümlədən “Rast”,
“Çahargah” lentə
alınaraq milli radionun qızıl fondunda saxlanılır. Qədim
xalq mahnısı olan “Sona bülbüllər”ə
Qədir Rüstəmov
əbədiyaşar bir
ömür verib, bu mahnı milyonların
qəlbinə həkk
olunub, milli musiqi sərvəti kimi qorunur və
yaşadılır. Yüz illər
keçsə də bu səs yaşayacaq,
düşmənlərin yer
üzündən silmək
istədikləri Ağdam
torpağından yenidən
zühur edərək
göylərə ucalacaq.
44 gün davam edən Vətən müharibəsində qəhrəman
oğullarımızın qazandığı
zəfəri, tarixi qələbəni çox
güman ki, ustad sənətkarın ruhu duyub. İşğaldan azad edilən Ağdam şəhərinə
səfər edəndə,
qədim İmarətdə
olanda Qədir Rüstəmov yadıma düşdü. Ötən əsrin
80-ci illərində İmarətdə
keçirilən beynəlxalq
“Xarıbülbül” festivalında
Qədir elə oxudu ki, elə
bil köksündən
qopan zəngulələr
göy üzündə
çaxan şimşəyə
bənzəyirdi. Bənzərsiz və ecazkar ifa idi.
Su atdım yara dəydi,
Əlim
divara dəydi,
Dilim-ağzım qurusun,
Nə dedim yara dəydi
Elə yar-yar deyirlər,
Heç məni demirlər
Ay sona bülbüllər!
Məşhur xanəndə, bənzərsiz muğam ifaçısı, Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri, Azərbaycan Respublikasının Xalq artisti (1992), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (1997) Qədir Rüstəmov 2011-ci il dekabrın 14-də qardaş Türkiyənin İstanbul şəhərində vəfat edib və Bakı şəhərində dəfn olunub.
86 yaşlı dahi sənətkar, ruhun dolaşan Ağdam torpağı işğaldan azad edilib... Ağdama yeni bir həyat gəlir, perik düşən ruhlar geri qayıdır, ruhun şad olsun. Biçilməyən zəmilərimiz biçiləcək, ağaclarımız çiçək açacaq, torpaqlarımız dirçələcək, Ağdam yenidən bərpa olunacaq. İnanıram ki, qədirbilən xalqımız Qədir Rüstəmova Ağdamda bir heykəl ucaldacaq. Qəlbimizdə özünə taxt quran, abidə ucaldan Qədirin adı əbədi yaşayacaq.
Salman ALIOĞLU
Respublika.- 2021.- 21 may.- S.9.