Bu torpaqlarda əbədi yaşayacağıq

 

 

29 ildən sonra Ermənistanın hərbi təcavüzünə və işğalçılıq siyasətinə son qoyulub. Halbuki ATƏT Ermənistanın işğalına açıq-aşkar göz yumur, təcavüzkara dur deməyə cəsarət edə bilmirdi. 29 ildir ki, Laçın rayonunu işğalda saxlayan Ermənistan və onun havadarlarının təcavüzünə göz yuman beynəlxalq təşkilatların səmərəsiz fəaliyyəti haqlı olaraq məcburi köçkünlər tərəfindən həmişə pislənilirdi.

 

 

 

Tarix və həyat bizi çox suallar qarşısında qoysa da, gələcəyə baxmağa, düşməndən intiqam almağa, yurd yerlərinə qayıtmağa gücinam bu gün damarlarımızda qan yerinə axıb, bizi qələbəyə doğru aparıb.

 

Məlumat üçün qeyd edək ki, Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Şimaldan Kəlbəcər rayonu, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, cənubdan Qubadlı rayonu, qərbdən isə Ermənistan ilə həmsərhəddir. Ərazisi 1835 kvadratkilometrdir. Rayonda bir şəhər, bir qəsəbə, 125 kənd olub.

 

Ərazisinin 75781 hektarı kənd təsərrüfatına yaralı idi. 33205 hektarını əsasən palıd, ardıc, cökə, vələs, fıstıq və s. qiymətli ağaclardan ibarət meşə zolağı, 72000 hektarını yaylaq sahələri, 1470 hektarını isə meyvə bağları təşkil edib. Ərazi əsasən çay daşı, qum, gil, qrafit, dağ büllur, mərmər, civə, uran, kobalt, xrom, qızıl və dəmir yataqları kimi faydalı qazıntılar ilə zəngindir. Rayon ərazisində 200-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri, onlarca kurqan, qala tipli arxelogiya baxımından qiymətli olan abidələr və digər tikililər var idi.

 

1992-ci il may ayının 18-də rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı 267 nəfər sakin, o cümlədən 18 nəfər 16 yaşına çatmamış uşaq şəhid olub, 120 nəfər sağlamlığını itirib, 66 nəfər girov götürülüb, yüzlərlə uşaq yetim qalıb.

 

Rayonun bütün yaşayış məntəqələri ermənilər tərəfindən yandırılaraq məhv edilib, qədim tarix və mədəniyyət abidələri vandalizmə məruz qalıb. İşğal nəticəsində rayona 7,1 milyard ABŞ dolları məbləğində ziyan vurulub. İgidliyə və göstərdiyi şücaətə görə 5 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

Ağcabədi rayonu ərazisində yerləşən qış yataqlarında Laçın obalarının başlandığı Taxtakörpüdə son illər ərzində tikinti-quruculuq işləri geniş vüsət alıb, vaxtilə səhranı xatırladan həmin yerlərə yeni bir həyat bəxş olunub. Bura indi sözün əsl mənasında şəhəri xatırladır, bütün infrastruktura malik bir yaşayış məntəqəsinə çevrilib. Qamışdan, çır-çırpıdan, torpaqdan düzəldilmiş daxmalar keçmişin səhifələrində qalıb və onların yerində indi daş evlər ucalıb. Adamlar rahat, işıqlı, hər cür şəraiti olan mənzillərdə asudə yaşayırlar.

 

Laçınlılar onlara göstərilən dövlət qayğısından, isti və səmimi münasibətdən həmişə razılıq edirlər. Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşən, faciələrlə üzləşən, illər uzunu qazandıqları var-dövləti itirən Laçın əhalisi yıxılan bir elin yenidən ayaq üstə qalxmasına, sabitliyə, əmin-amanlığa, həyat şəraitinə, mənəvi köməyə görə xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini həmişə minnətdarlıqla yad edirlər. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyətində məcburi köçkünlərə diqqət və qayğı əsas yerlərdən birini tutur. Məcburi köçkünlər bu qayğını çox yüksək qiymətləndirirlər.

 

Ötən ilin sentyabr ayında Ermənistan ordusunun torpaqlarımıza hərbi təcavüzünə qarşı aparılan əks-hücum Vətən müharibəsinin başlanmasına səbəb oldu. Azərbaycanın Müzəffər Ordusu düşmənin hücumlarını qətiyyətlə dəf edərək onu ağır məğlubiyyətə uğratdı.

 

Vətən müharibəsinin çoxşaxəli əhəmiyyəti bundan ibarətdir ki, biz həm doğma torpaqlarımızı işğalçılardan azad etdik, həm də düşməni torpaqlarımızdan qovub çıxardıq. Eyni zamanda ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. Bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini, xalqımızın əyilməz ruhunu göstərdik. Ötən il noyabrın 10-da imzalanmış Birgə Bəyanat, əlbəttə ki, Laçın, Kəlbəcər və Ağdam rayonunun qaytarılmasını təmin etdi, bir güllə atmadan biz bu torpaqlara qayıtdıq. Şərəfimizi və ləyaqətimizi bərpa etdik. İşğaldan azad edilən yurd yerlərimizə Böyük Qayıdışa nail olduq.

 

Tarixin səhifələri bizə utanc gətirirdi. 1992-ci ilin may ayında Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı. Halbuki keçmiş sovetlər birliyi vaxtında bu bağlantı yox idi. 1992-ci il mayın 8-də Şuşanın işğalından 10 gün keçəndən sonra Laçın rayonu işğal altına düşdü. Bu, böyük faciə idi. Əlbəttə, hər bir rayonun itirilməsi böyük faciə idi. İnsanlar həlak olub, insanların əmlakı dağıdılıb, insanlar öz dədə-baba torpaqlarından didərgin salınıb.

 

Eyni zamanda, Laçın rayonunun işğal altına düşməsi strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyət idi. Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb. O vaxt hakimiyyəti yıxmaq üçün Bakıda mitinqlər, çaxnaşma təşkil edirdilər, hakimiyyətə gəlmək üçün istənilən satqınlığa hazır idilər və bu satqınlığı etdilər. Laçın camaatı həmin günləri heç zaman unutmayacaq, onun ağrılarını həmişə kədərlə yad edəcək.

 

Laçın rayonunun işğaldan azad edilməsindən az sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın rayonuna səfər edərək burada infrastruktur layihələrin təməlini qoyub. Rayonun ən böyük yaşayış məntəqələrindən olan Güləbird kəndini də düşmən dağıdıb, talan edib. Azad edilən torpaqlara səfər edən Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Güləbird kəndində Azərbaycan bayrağını qaldırıb.

 

Burada qısa müddət ərzində inşa edilmiş su elektrik stansiyasının açılışı keçirilib. Bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyası olub, digər stansiyaların da tikilməsi nəzərdə tutulub. Azad edilmiş bütün torpaqlarda su, Günəş, külək enerjisindən istifadə ediləcək.

 

Qeyd edək ki, “Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

 

Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş - ay yarımdan sonra artıq burada Su Elektrik Stansiyası istismara verilib. Bu Su Elektrik Stansiyasının generasiya gücü 8 meqavatdır. Əsas məsələ ondadır ki, bu stansiya işə düşəndən sonra artıq burada generasiya gücləri yaranır və beləliklə, Həkəri çayından səmərəli şəkildə istifadə olunacaq.

 

Yeri gəlmişkən qeyd edək ki, Kəlbəcər-Laçın zonasında su elektrik stansiyaları üçün təbii şərait çox əlverişlidir və vaxtilə burada bir çox stansiyalar olub. Mənfur düşmən də işğal dövründə bu stansiyalardan istifadə edib. Ancaq Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində - dekabrın 1-nə qədər demək olar ki, bütün bu su elektrik stansiyalarını darmadağın edib, avadanlığı buradan çıxarıb, stansiyaların binalarını da dağıdıb. O cümlədən Güləbird Su Elektrik Stansiyası düşmən tərəfindən dağıdılıb.

 

Müzəffər Ali Baş Komandanın təbirincə desək, biz bu torpaqlara qayıdırıq. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Ermənistan işğal altında saxladığı Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Həyata keçirilən tədbirlər nəticəsində onların hamısı bərpa ediləcək.

 

Rayon sakini Xaliq Musayev söhbət zamanı bildirib ki, möhtərəm Prezident dəfələrlə məcburi köçkünlərin məskunlaşdıqları rayonlara səfər edərək hər şeyini itirmiş insanların sosial müdafiəsinin gücləndirilməsi üçün vacib və əhəmiyyətli qərarlar verib. Dövlət başçımız İlham Əliyev öz 50 illik yubileyi günündə laçınlı məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpüdəki yeni salınmış qəsəbədə oldu, həyat yoldaşı Mehriban xanımla insanların qayğıları ilə maraqlandı. Həmin görüşdə isə ən vacib məqam o idi ki, Prezident və xanımı onlara qarşı olan dərin xalq məhəbbətinin şahidi oldular, adamların saf münasibətini, səmimiyyətini, inamını, həmrəyliyini gördülər. Laçın rayonunun işğaldan azad edilməsi bizi daha xoş gələcəyə səfərbər edib. Sevinirik ki, doğma yurdumuza qayıdacağıq. Biz həmişə Prezidentimizə ürəkdən inanmışıq.

 

Azərbaycanın Müzəffər Prezidenti İlham Əliyevin bu sözləri İşğalçı Ermənistana və onun havadarlarına ən qəti mövqeyi bir daha nümayiş etdirir:

 

- Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

 

 

Salman Alıoğlu

 

Respublika.- 2021.- 18 may.- S.4.