Açıq səma altında qorunan abidələr xalqımızın əsrlərə yazılan tarixidir

 

Tarixin müəyyən dövrlərini özündə yaşadan, əsrlər, qərinələr boyu baş verən hadisələri əks etdirən əşyaların, dəlillərin, eksponatların saxlandığı muzeylər maddi-mənəvi dəyərlərin qorunduğu xəzinə olmaqla bərabər, həm də zamanın durdurulduğu, həyatın müəyyən bir məqamında xalqın yaşadığı həyat səhnəsidir. Köksünə minillik tariximizi sığdıran bu muzeylər bəşər sivilizasiyasının ən qədim mədəniyyət mərkəzləri, qədim və orta əsrlərin tarixi abidələri və mədəniyyət nümunələri ilə zəngin olan xalqımızın tarixindən, uzaq keçmişindən xəbər verir.

 

Hər bir xalqın dövlətçilik tarixi nə qədər qədimdirsə, onun qədim adət-ənənələri də bir o qədər zəngindir. Bu gün ölkəmizdə çoxəsrlik, zəngin tariximizi özündə yaşadan 200-dən çox muzey fəaliyyət göstərir. Və bu muzeylər xalqımızın ulu keçmişinə şahidlik edir.

 

Bütün abidələr — istər yazılı qaynaqlar, istərsə də daş abidələr xalqımızın əsrlərə yazılan tarixidir. Əcdadlarımızın təsərrüfat, ictimai və mənəvi həyatını, adət-ənənələrini, şəraitini, məşğuliyyətini, yaşayış yerlərini işlək vəziyyətdə nümayiş etdirmək məqsədilə açıq səma altında yaradılan muzeylər isə canlı abidələrdir.

 

Dünyanın ən qədim insan məskənlərindən olan Azərbaycan həm də oturaq həyat mərkəzlərindən biri olmuşdur. Ta qədimdən əcdadlarımız məskunlaşdığı yerlərdə yurd-yuva salmış, zaman-zaman geniş əraziyə malik imperiyalar yaratmışlar. Beş min ildən çox dövlətçilik tarixinə malik olan Azərbaycan Avropa ilə Asiya ölkələrini birləşdirən karvan yollarının qovşağında yerləşirdi.

 

Abşeron yarımadasının ən böyük torpaq sahəsi olan Qala kəndi də karvan yolu üzərində idi. Yarımadanın mərkəzində, strateji əhəmiyyətli bir təpədə yerləşən, hələ qədim zamanlardan mədəni-ticarət mərkəzi, qədim yaşayış məskənlərindən biri olan Qala kəndində memarlıq abidələrinin yaranma tarixi XII-XIII əsrlərə aid edilir. Eramızdan əvvəl III minilliyə aid olan qədim insan yaşayış məskəni olan abidə 5 min il əvvəl Qala kəndi ərazisində insanların yaşadığını təsdiq edir. Qalalıların əsas məşğuliyyəti əkinçilik və maldarlıq olsa da, burada taxılçılıq daha çox inkişaf etdiyindən yerli əhali Qalanı “Taxıl kəndi” və ya “Taxıl Qələ” adlandırırmış. Kəndin ərazisində bu gün də çoxlu taxıl quyuları, taxıl zirzəmiləri, tikili anbarlar var.

 

Sahəsi 81.5 hektar olan “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində bu gün 228 memarlıq və arxeoloji abidə qorunur. Kəndin ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan, qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış yerləri tariximizin canlı abidələridir. Qoruğun ərazisinə Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Qala Qəsri və Əntiq Əşyalar Muzeyi daxildir.

 

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə “Qala” Dövlət Tarix- Etnoqrafiya Qoruğu ərazisindəki abidələrin mühafizə olunması məqsədilə açıq səma altında yaradılıb. Muzey kompleksi ərazisində Azərbaycana, xüsusən də Qala kəndinə və Abşeron yarımadasına xas olan arxeoloji memarlıq abidələri toplanıb və bərpa olunub. Ərazidə e.ə. III-II minilliklərə aid kurqanlar, arxeoloji abidələr, həmin dövrə aid olan yaşayış məskənləri, orta əsrlərə aid yaşayış və başqa memarlıq nümunələri ilkin görünüşündə qurulub. Abşeron yarımadasının abidələri, tarixi yerləri qeyd olunmuş xəritə, plan, sxem və Abşerona məxsus abidələr təsvir olunmuş stendlər, Abşeronun şərqində aşkarlanmış ov səhnəsi, insanı qurban vermək, müqəddəs nikah və s. həkk edilmiş təsvirlər, e.ə. III-II minilliyə aid qayaüstü rəsmlər, bütlər, meqalitik abidələr, arxeoloji tapıntılarla zəngin arxeoloji qalereya, orta əsrlərə aid yaşayış evlərinin konservasiya olunmuş qalıqları, qədim dulusçuluq, xalçaçılıq, dəmirçilik sənətinin nümunələrini, interyeri və eksteryeri ilə öz dövrünü əks etdirən XIX əsrə aid ikimərtəbəli yaşayış evi və s. abidələr Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə aiddir.

 

Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və X-XV əsrlərə aid Xəzər dənizi və Bakı şəhəri istiqamətində 2 yeraltı yol, XVIII əsrə aid təndir muzey kompleksində nümayiş etdirilir.

 

Muzeydə eyni zamanda X-XIV əsrlərə aid müşahidə və mühafizə məqsədilə istifadə olunmuş qala yerləşir. Qala qəsri 13,8 metr hündürlüyündə, qüllədən və istehkamdan ibarətdir. Qayaüstü rəsmlərdə qadınlar, kişilər, heyvanlar, digər müxtəlif fraqmentlər, ovçuluq, evlilik mərasimləri əks olunmuşdur.

 

2011-ci ildə “Qala” Heydər Əliyev Fondu tərəfindən yenidən bərpa olunmuş, kəndin ən qədim yaşayış ərazisində tikilmiş Qala Qəsrinin divar qalıqları və qalanın bir hissəsi bu günümüzə qədər gəlib çatmışdır.

 

Qəsrdə aşkarlanan yeraltı yollar X-XIV əsrlərə aid edilir. Arxeoloji tədqiqat zamanı maraqlı tapıntılardan biri də Tunc dövrünə aid edilən qayaaltı yaşayış yeridir. “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Heydər Əliyev Fondu tərəfindən yaradılan Qala Əntiq Əşyalar Muzeyinin tikintisi 2011-ci ildə başa çatıb. Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muzeyin açılışında iştirak ediblər. Muzeydə 800 eksponat nümayiş etdirilir. Azərbaycan xalqının əsrlər boyu yaratdığı müxtəlif dekorativ-tətbiqi sənət inciləri üçmərtəbəli binanın birinci və ikinci mərtəbələrində, respublikamızın müxtəlif regionlarından yığılmış, Avstriya, ABŞ, Almaniya, İngiltərə, İran, Rusiya, Fransa, Belçika, Özbəkistan, Türkiyə, Polşa və digər ölkələrdə istehsal edilmiş, qədim zamanlardan xalqımızın məişətinə daxil olmuş əşyalar isə üçüncü mərtəbədə sərgilənir. İnzibati otaqlar, suvenirlər bölməsi və təmir-bərpa emalatxanası, konfrans zalı binanın birinci mərtəbəsində fəaliyyət göstərir. Aşkar olunan qədim əşyalar məhz bu emalatxanada bərpa edilir. Sahəsi 260 kv/m olan muzeydə İnformasiya Mərkəzi yaradılmışdır.

 

Ən maraqlısı da odur ki, paytaxt şəhərə, iri sənaye mərkəzi olan Bakıya yaxın olmasına baxmayaraq, Qala kəndinin infrastrukturu və abidələri vahid kompleks şəklində olduğu kimi qalmaqdadır. Bundan başqa, burada qədim yaşayış mühiti də öz əksini qoruyub saxlamışdır.

 

Qala kəndi ətrafında ovdanlar, quyular və su üçün hovuz var imiş. Əvvəllər əhalinin su təchizatını ödəmək üçün ovdanlardan, su quyularından və kəhrizlərdən istifadə edilirmiş. Kənddə indi də su quyularının bir qismindən istifadə olunur. Kənddə həmçinin 4 ovdan və içməli su quyuları qalmaqdadır.

 

Abşeron yarımadasının bütün yaşayış məskənlərinə xas olan kəhriz və ovdanlar Qala kəndi üçün də səciyyəvi hal almışdır. Qala kəndinin təbii su mənbəyi olan “Şor” gölün sahilində yerləşməsinə baxmayaraq, tarixən burada 6 ovdan, 8 içməli sulu el quyusu və kəhriz sistemi mövcud olmuşdur. Həmin kəhrizin nişanələri hələ də qalmaqdadır. Kənddə mülki şəxslər tərəfindən qazılmış 8 el quyusunun bəzilərindən indi də istifadə olunur. Su yalnız “Şor” gölün sahilindən çıxdığı üçün, sahil boyu müxtəlif şəxslərə məxsus quyular yaradılmışdı. “Leyla bulağı”, “Qafur quyusu”, “Hacısəlim quyusu”, “Balakişi quyusu”, “Kəbləpaşa quyusu”, “Mürşüd quyusu”, “Əlisəttar quyusu”, “Orucqulu quyusu” xalq arasında “el quyusu”, “camaat quyusu”, “kənd quyusu” kimi tanınırdı. Kənd camaatının dediyinə görə, burada 6 ovdan fəaliyyət göstərmişdir. Lakin hazırda üçü “Şor” gölün sahilində, biri isə qəbiristanlıq ərazisində tikilmiş 4 ovdan qeydə alınmışdır.

 

Qala kəndində müxtəlif vaxtlarda tikilmiş 5 məscid var.

 

Hacı Ramazan məhəlləsində yerləşən Cümə məscidinin inşa tarixi XVII əsrə aid edilir. Lakin bu məscid üzərində bu əsrdə bərpa işləri aparıldığına görə onun tarixini daha qədim hesab etmək olar.

 

Balaverdi məscidi - Qala kəndinin şərq ərazi tutumunda Balaverdi məhəlləsinin ictimai ibadət tikilisidir. İnşa tarixi 1864-cü ilə təsadüf edən məscidin Kərbəlayı Süleyman tərəfindən tikdirildiyi deyilir. Giriş qapısının üstünə oturdulmuş epiqrafik daş kitabəni Balaverdi adlı imkanlı şəxs məscidi bərpa etdirdikdən sonra hördürmüş və dini məbəd o zamandan “Balaverdi məscidi” adını almışdır. Vestibülsüz və portalsız memarlıq-plan quruluşlu məscid Abşeron tikinti mədəniyyətinin bariz nümunələrindəndir. Hacı Ramazan məscidi - Məhəllə məscidinin tarixi fasadına həkk olunmuş yazılı kitabəyə əsasən 1842-1843-cü illərə şamil edilir. Yerli əhali isə məscidin daha qədim tarixə mənsub olduğunu qeyd edir.

 

Tərəkəmə məscidi - kəndin şimal hissəsində yerləşən eyniadlı məhəllənin yeganə monumental tikilisidir. Plan kompozisiyası “T” şəkilli məscidin tarixi XVII-XVIII əsrlərlə bağlanır. Tikinti tarixinə görə Cümə məscidindən sonra inşa edilməklə, bu məhəlli məscid kəndin ən qədim dini tikilisi kimi qəbul olunur.

 

Tərəkəmə məhəlləsində yerləşən Göygünbəzli məscid 1911-ci ildə tikilmiş məhəllə məscididir. Orta günbəzli tikilişə malik olan məscid bərpa olunmuş və dini məqsədlər üçün istifadə edilir. Cənub və qərb tərəfdən meydana baxan məscidin giriş hissəsi tac şəklindədir. Giriş hissəsinin üzərində ay və 8 uclu ulduz təsvir edilmişdir. Damın üzərində ərəb dilində tikilişin tarixi 1911-ci ili göstərir.

 

Qala kəndində əvvəllər “Şor hamamı”, “Qum hamamı”, “Bayraməli hamamı” adı ilə tanınan 3 hamam mövcud olmuşdur.

 

Kəndin cənub hissəsində, Duz gölünün yaxınlığında yerləşən “Şor hamamı”na göldən su çəkilmişdir. Bu hamamın suyu duzlu olduğundan müalicəvi məqsəd daşımış və daha çox dəri xəstəlikləri zamanı istifadə olunmuşdur. Hamam dağılsa da, özülü bu günə qədər gəlib çatmışdır.

 

“Cümə hamamı”, yaxud da “Bayraməli hamamı” kimi tanınan hamam bu gün də fəaliyyət göstərir. Giriş hissəsindəki epiqrafik yazıdan hamamın 1881-ci ildə Bayraməli adlı şəxs tərəfindən təmir edildiyi məlum olur.

 

“Qum hamamı” Qalanın ən qədim hamamıdır. Tamamilə zibil və torpaq altında uzun müddət qalmış, bərpaçılar tərəfindən təsadüfən tapılmış hamam XII-XIV əsr memarlıq quruluşuna aiddir. Hamam torpağın altında yerləşdiyindən “Qum hamamı” adlanmışdır. Sanitariya-gigiyena məqsədlərindən əlavə, hamamda istirahət otaqları da vardır. Hamamın özünəməxsus xüsusiyyəti, yer səthindən 1,5-2 m aşağı olması istiliyin saxlanması rolunu oynayır. Hamamın arxasında qazanxanası var. Divarların içindən və döşəmənin altı ilə saxsı (keramik) borular vasitəsilə hamamı qızdırırlarmış. Hamam soyunmaq otağı və hovuzla yanaşı, 8 otağı özündə birləşdirir. Hamamda olan hovuz əhəng daşından yumru şəkildə yonulmuş və soyuq su üçün nəzərdə tutulur.

 

Ovdanlar, quyular, kəhrizlər, evlər, həyətlər, samanlıqlar, türbələr, məscidlər, hamamlar və s. abidələr bu gün Qala kəndinin tarixi hissəsində açıq səma altında nümayiş etdirilir. Zamanın sərt sınaqlarından çıxaraq bu günümüzə qədər gəlib çatmış bu daş abidələr xalqımızın həyat tərzindən, məişətindən, keçdiyi inkişaf yolundan danışır. Xalqımızın tarixi, milli və mədəni dəyərlərinin mühafizə edilməsi, bərpası, həmçinin onların təbliği sahəsində bu abidələrin əhəmiyyəti böyükdür. Qala qəsəbəsinin tarixi hissəsində - “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində olan elmi, tarixi, bədii əhəmiyyət daşıyan bütün tarix və mədəniyyət abidələri dövlətimiz tərəfindən qorunur. Dünənimizi, keçmişimizi soraqlayan, tariximizi, adət-ənənələrimizi özündə yaşadan bu abidələri qorumaq təkcə dövlətin deyil, hər birimizin vətəndaşlıq borcudur.

 

 

 

Hazırladı:

Mehparə ƏLİYEVA

 

Respublika.- 2021.- 18 may.- S.4.