“Xarıbülbül”
festivalı dünyaya mesajdır
Bundan sonra biz Şuşada əbədi
yaşayacağıq
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, Vətənimdir, Vətənim!.. 1977-ci
ildə bir məhəllə cocuğunun, sonralar “Qarabağ bülbülləri”ndən biri olan 14 yaşlı Tacirin oxuduğu “Bayatı
Şiraz” muğamından bir
parça nə ondan
əvvəl, nə də ondan sonra heç kimin ifasında bu
qədər təsirli alınmadı bəlkə də. O
ildən hər dəfə eşidəndə çoxları
kövrəldi, göz yaşlarını
saxlaya bilmədi. Hələ onda Qarabağımızın
başını duman, çən
almamışdı, günəş də, ay
da öz
parlaqlığındaydı.
Onda hələ
Qarabağ bülbülləri də perik düşməmişdi.
Xarıbülbülün bağrı qana
dönməmişdi hələ. Hardan idi bəs bu yanğı,
kövrəklik, duyğusallıq? İfanın sehri, sirri, cazibəsi idimi bu? Bəlkə, Abbas Səhhət şeirinin,
sözünün gücündən
ürəklərə süzülüb
gələn Vətən məhəbbəti, Vətən sevgisiydi insanı bu
qədər titrədən. Onu bilirəm ki, Vətəndə
vətənsizləşməyimizə on
ildən bir qədər çox
vaxt qalırdı onda.
Düz 44 il
səsləndi bu muğam
parçası həmin ifada, çox mətləbləri
“ahəstəcə qandırdı” bizə. Anladıq ki, muğamsız Azərbaycan,
Azərbaycansız da muğam
yoxdur.
Taleyin işinə bax, 44 ildir
ki, yer-yurd
bilmədən bu məmləkətin azad olan hər
guşəsində səslənən muğam
parçası 28 ildən sonra bir gün Cıdır
düzünə gəlib çıxdı, ancaq
başqa bir ifada: gənc xanəndə Kənanın
avazıyla, özü də azad
Şuşamızda düzənlənən
“Xarıbülbül” musiqi
festivalının açılışında.
Ahəstə-ahəstə anlatdı bizə: Vətəni
sevməyən insan olmaz,
olsa ol
şəxsdə vicdan olmaz!..
Belə bir
möhtəşəm tədbirin bədii hissəsinin muğam ifası ilə
açılışı özü
də rəmzi məna daşıyır. Azərbaycanın vizit kartı sayılan muğam
sadəcə musiqi, melodiya
deyil, bir millətin
varlığının, onun
qəhrəmanlığının, yenilməzliyinin
ifadəsi, tərənnümüdür. Zili-zil, bəmi-bəm
üstündə kökləndikcə könül
quşu bu
məmləkətin Muğanından, Milindən, Aranından,
dağından keçib, diş
göynədən bulaqlarından süzülüb
Cıdır düzünü
dolaşır, Murovun zirvəsində qanad çalır, orada
şikəstəyə dönüb Xarıbülbülün
ləçəklərinə qonur.
Xarıbülbül, təbiətin gözəl qızı,
mən indi bildim
bəşəri bir sualın
cavabını:
“Vətən bağı”
al-əlvandır,
Yox
içində xarıbülbül.
Nədən hər yerin
əlvandır,
Köksün altı
sarı, bülbül?!
Çünki Tanrı
səni belə gözəl yaradıb, dünyanın ən
gözəl məkanı Şuşaya
əbədi sakin edib.
Söylə, indi xoşbəxtmisən, Şuşan azaddır, Xarıbülbül.
Bu illərin
ayrılığına dözdün, yad nəzərlərdən qorundun,
ümidini itirmədin, şuxluğun
da, əlvanlığın da özünə qayıdıb indi, çünki
Şuşamıza həyat gəlir. Qələbəmizin
təminatçısı Ali Baş Komandanın söylədiklərini o gün bütün
dünya duydu: “... Bax, bizim
qayıdışımız budur. Biz
Şuşanı quracağıq, bərpa edəcəyik,
mənfur düşmən isə Şuşanı
dağıdırdı... İndi isə biz burada Cıdır
düzündə—hər bir
azərbaycanlı üçün
müqəddəs olan yerdə
yığışmışıq və bu
musiqi bayramını, bu
birlik bayramını, bu
qayıdış bayramını, bu
ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa!..”
Müqəddəs Ramazan
ayının son günlərində Qarabağa, Şuşamıza
qayıdışın reallığını,
arzularımızın gerçəkliyini gördük.
O gün
muğamlarımızın da yaşamaq, yaşatmaq
haqqı çoxaldı, Şuşa
həsrəti ilə dünyadan
köçənlərin, onu
azadlığına qovuşdurmaq uğrunda canından keçənlərin ruhuna qarışıb döndü
doğma yerlərə. Güllədən
deşik-deşik olmuş
büstləri öz yerinə
dönən Üzeyirin, Xan
qızı Natəvanın, Bülbülün
ruhu sevindi o gün. Ermənilərin
qurutduğu “Xan
qızı bulağı”na da su gəldi. Bu şəhərin qurucusu olan Pənahəli xanın, dünyanın
hər yerində “yurdum, yuvam”
deyib vəsf etdiyi
Azərbaycanı canı qədər sevən, “qalalıyam,
qalalı” deyən Rəşidin, Şuşanın
tarixiliyinə yeni-yeni ştrixlər vurub onu daha
da əzəmətli edən ulu öndərimiz Heydər Əliyevin və
daha neçə-neçə insanın ruhu qanad çaldı bu yerlərdə. Ölkə
başçısı, Ali Baş Komandanın sevinc
çələngindən bir
ərməğan oldu hər kəsə
“Xarıbülbül”-özünün qeyd
etdiyi kimi, “bu, qayıdış, ləyaqət, birlik bayramı”: “... Bu il uzun fasilədən sonra birinci dəfə
keçirilən “Xarıbülbül” musiqi
festivalı şəhidlərimizin əziz xatirəsinə
həsr olunub. Biz bu günü bizim qəhrəman
hərbçilərimizə borcluyuq,
Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq
həmrəylik göstərdi, bir yumruq kimi birləşdi
və bu qələbəni Azərbaycan
xalqı qazandı. Bu, bizim
hamımızın qələbəsidir. Biz
bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il
keçiriləcək”.
Həmin gün
Cıdır düzündən təkcə muğam
sədaları deyil, bu
diyarda yaşayan
müxtəlif xalqların nümayəndələrinin milli musiqiləri də yayıldı
dünyanın hər bir yanına. Tədbirin təşkilatçısı olan Heydər Əliyev Fonduna
bu təşəbbüsü də
ölkə başçısı verdi, çünki “Vətən
müharibəsində Azərbaycanda yaşayan
bütün xalqların payı
vardır”-deyən Prezident bununla
həm də dünyaya
göstərmək istədi ki,
Azərbaycanda bütün xalqlar
dostluq,
qardaşlıq, həmrəylik şəraitində
yaşayır və 44 günlük
müharibə bir də onu
göstərdi ki, ölkəmizdə milli birlik, milli
həmrəylik vardır. Ölkə başçısı dedi: “... bütün dünyaya buradan-Şuşadan,
qədim torpağımızdan mesaj veririk: ölkələr belə inkişaf etməlidir, ancaq
çoxkonfessiyalı, çoxmillətli
ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli
həmrəylik olur, sülh
olur...”
“Xarıbülbül” musiqi
festivalı xalqımızın bir çox dəyərlərini əks
etdirmək baxımından da yaddaqalan oldu. Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə
keçirilən festivalın ilk
günündə ölkəmizdə yaşayan
müxtəlif xalqların musiqi
yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda
təqdim edildi, ölkəmizin
müxtəlif bölgələrində yaşayan
ayrı-ayrı xalqların musiqi
qrupları və ifaçıları öz
çıxışları ilə
Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin
vahid Vətəni olduğunu,
hər bir vətəndaşın da bu torpaq
uğrunda yaşamaq
ideyasını çatdırdılar. Ölməz Bülbülün, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Rəşid Behbudovun,
Şövkət Ələkbərovanın
Azərbaycanı, Qarabağı vəsf edən unudulmaz ifaları da ruhumuzu təzələdi.
Festival daha bir layihə ilə də yadda qaldı. Belə ki, Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə
reallaşan “Əbədi
imzalar” layihəsi də bu festivalda
gerçəkləşdi. Layihə çərçivəsində Azərbaycan bəstəkarlıq
məktəbinin görkəmli
nümayəndələrinin əsərlərinin notları
ilk dəfə toplu halında nəşr edilmişdi. Topluya daxil
edilən əsərlərin
bir çoxu isə ilk dəfə işıq üzü görürdü. Azərbaycan
bəstəkarlıq məktəbinin
nümayəndələrindən-Asəf Zeynallı, Cövdət Hacıyev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi və Vasif Adıgözəlovun
əsərlərinin notları
yer alan toplu Azərbaycan musiqi ənənələrinin,
bəstəkarlarımızın əsərlərinin qorunub
saxlanılması və
yeni nəsil arasında təbliği baxımından mühüm
əhəmiyyət daşıyır.
“Xarıbülbül” musiqi
festivalı ərəfəsində
təşkil olunan “Xarıbülbül” beynəlxalq
incəsənət festivalının
şərtlərinə əsasən
dünyanın 13 ölkəsini
təmsil edən 32 rəssamın Ermənistanın
işğalından azad
olunmuş ərazilərimizdə
gördüklərini, yaşadıqları
hissləri əvvəlcədən
hazırlanan Xarıbülbül
maketlərinin üzərində
çəkdikləri rəsm
əsərləri ilə
ifadə etməsi də maraqlı idi. Ən maraqlısı da
o idi ki, bu əsərlər Azərbaycanın mədəniyyət
paytaxtı elan olunan Şuşada sərgilənirdi.
Bəli, “Xarıbülbül”
musiqi festivalı ilk dəfə düz 32 il əvvəl,
1989-cu ilin mayında Şuşada Cıdır düzündə təşkil
edildi. O zaman sovetlər birliyi çökməsə də
ermənilərin torpaq
iddiaları artıq çoxdan başlamışdı.
Əslində bu, ermənilərə
və onların havadarlarına bu ərazilərin azərbaycanlılara
məxsus olmasına dair verilən bir mesaj idi.
Təəssüf ki, buna məhəl qoyulmadı, digər ərazilər kimi Şuşa da
işğal edildi. Hər gecənin, aydın bir səhəri olduğu kimi, çətin, günlərin də ömrü az
olur deyirlər. Bizim də ağır günlərimiz arxada qaldı, ölkə başçısı xalqına
yaşatdığı böyük
qələbə sevincinin
üstünə sevinc
gətirir hər gün. Bundan sonra belə
olacaq, bu diyarın sorağını
çoxları eşidəcək.
Elə isə dünyanın heç bir yerində bitməyən, Şuşanın
rəmzi sayılan Xarıbülbülü, bu
gözəl məkanı
görmək istəyən
Azərbaycana gəlsin!..
Zümrüd QURBANQIZI
Respublika.- 2021.- 22 may.- S.6.