Son 10 ildə ölkəmizin dinamik inkişafı mədəniyyət sahəsində
də əksini tapıb
“Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranmışdır və Azıx mağarasında tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər, petroqliflər, Kür-Araz, Xocalı mədəniyyət nümunələri, kurqan tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur”.
Heydər Əliyev,
Ümummilli lider.
Ulu öndər Heydər Əliyevin vurğuladığı kimi, Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə malikdir və müstəqillik illərində Azərbaycan mədəniyyətinin inkişaf istiqamətləri daha da zənginləşmiş və çoxşaxəli olmuşdur. Mədəniyyət sahəsində həm milli irsin qorunub saxlanılması, həm də onun dünya mədəniyyətinə inteqrasiya edilməsində son illərdə böyük işlər görülmüş, bir çox dövlət proqramları hazırlanmış, çoxsaylı tədbirlər həyata keçirilmişdir. Qəbul edilən bu proqramlarda mədəniyyət sahəsində dövlət siyasətinin strateji məqsədlərinin həyata keçirilməsi əsas prioritet təşkil edir. Əsas məqsəd ölkənin mədəni potensialının, mənəvi irs, mədəni sərvətləri və milli adət-ənənələrimizin qorunub saxlanılması və inkişaf etdirilməsindən ibarətdir.
Mədəniyyətimizin sistemli inkişafı, dünya səviyyəsində tanınması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun respublikaya rəhbərlik etdiyi ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın bir çox sahələrdə gələcək inkişafının möhkəm əsasları yaradılmış, o cümlədən mədəniyyətimiz özünün intibah dövrünü yaşamışdır. Ulu öndər deyirdi: “Xalqımız öz mədəniyyəti, elmi ilə yüksəlibdir. Biz mədəniyyətə nə qədər diqqət yetirsək, qayğı göstərsək, mədəniyyət xadimlərinin yaradıcılığı üçün imkanlar yaratsaq, xalqımızı da o qədər yüksəldəcək, xalqımızın mənəviyyatını daha da yüksəklərə qaldıracağıq”.
Ulu öndərin zəngin dühası ilə əsasını qoyduğu uğurlu inkişaf strategiyası 2003-cü ildən yeni parlaq üfüqlərə doğru yol aldı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə ölkəmiz dinamik inkişaf dövrünü yaşadı. Bu tərəqqi mədəniyyət sahəsində də özünü göstərir. Mədəniyyət obyektlərinin yüksək səviyyədə təmir-bərpası, yeni mədəniyyət ocaqlarının yaradılması bu sahəyə göstərilən yüksək diqqət və qayğının təzahürüdür.
Ötən illər ərzində Prezident İlham Əliyev tərəfindən mədəniyyət sahəsi ilə bağlı 650-dən çox fərman və sərəncam imzalanıb. Bu sərəncamlar əsasında “Kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı”, “Azərbaycan kinosu 2008-2018-ci illərdə”, “Azərbaycan teatrı 2009-2019-cu illərdə”, “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı: 2014-2020” və bu kimi proqram və layihələr qəbul edilərək icra olunmuşdur. Bu istiqamətdə işlər davam etdirilir.
Mədəniyyət sahələrindən biri olan teatr da zəngin inkişaf yolu keçib. Teatrlarımızın maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində də mühüm addımlar atılıb. MDB məkanında ilk dəfə ölkəmizdə “Teatr və teatr fəaliyyəti haqqında” Qanun (2007), habelə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı qəbul edilib, paytaxtda Rus Dram, Gənc tamaşaçılar, Musiqili teatr, Milli Dram və Kukla teatrları, həmçinin Mingəçevir, Füzuli, Ağdam, Şəki, Sumqayıt dram, Gəncə kukla teatrlarının binaları əsaslı şəkildə təmir-bərpa olunub, İrəvan və Pantomima teatrlarına bina verilib. Şuşa Dövlət Musiqili Dram Teatrı da yeni binada fəaliyyətini davam etdirib.
Ölkəmizdə musiqi sahəsinin yüksəliş dövrünü yaşadığını da əminliklə söyləmək olar. Bu illərdə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə beynəlxalq səviyyəli festivallar keçirilmiş, paytaxtla yanaşı, bölgələrimizdə də iri mədəniyyət ocaqları yaradılmışdır. Belə ki, 2008-ci ildə Bakı və Ağcabədidə, 2010-cu ildə Füzuli rayonunda muğam mərkəzləri, 2017-ci ildə Gəncədə möhtəşəm filarmoniya binası, 2018-ci ildə Ağdamda (Quzanlı qəsəbəsi), 2019-cu ildə Sumqayıt şəhərində muğam mərkəzləri tikilib istifadəyə verilib.
Paytaxtda və bölgələrdə muzeylərin inkişafı da dövlət başçısının diqqət mərkəzindədir. Tarix-diyarşünaslıq muzeyləri ilə yanaşı, yerlərdə Heydər Əliyev mərkəzlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına böyük önəm verilir. Qobustan Dövlət Tarix-Bədii Qoruğunun yeni muzey kompleksi, Qız qalasında yaradılan ekspozisiya müasir texnologiyaların uğurlu tətbiqinin nəticəsidir.
Respublikamızda kitabxana-informasiya sahəsi dünyanın qabaqcıl ölkələri ilə müqayisə ediləcək səviyyədə yenidən qurulur. Azərbaycan Milli Kitabxana-İnformasiya Mərkəzinin (AZLİBNET), ölkə kitabxanalarını vahid məkanda birləşdirən Mərkəzləşdirilmiş Elektron Kitabxana Sisteminin (ALİSA) yaradılması bu sahədə inkişafın göstəricisidir.
Yeni inkişaf mərhələsini yaşayan Azərbaycan kinosu da zəngin mədəniyyət salnaməmizə parlaq səhifələr yazır. Keçən müddət ərzində 50-dək tammetrajlı bədii, 50-dən çox qısametrajlı bədii, 200-dən çox sənədli, 20-dən artıq cizgi filmi çəkilib. Son dövrdə çəkilən filmlərimiz 50-dək ölkədə beynəlxalq festivallarda iştirak edib, mükafatlara layiq görülüb. 2011-ci ildə Bakıda Nizami Kino Mərkəzinin istifadəyə verilməsi ilə müasir səviyyəli kino prokatının əsası qoyulub. Dövlətin bu sahədə nümunə olan addımından sonra müasir tələblərə uyğun özəl kinoteatrlar şəbəkəsi inkişaf etməyə başlayıb.
Mədəniyyətimizin davamlı inkişafında ənənə və varisliyin qorunması baxımından kadr hazırlığı və müasir tədris sisteminin qurulması da böyük əhəmiyyət kəsb edir. Ötən illərdə bədii təhsil sahəsində də mühüm işlər görülüb. Paytaxtda və regionlarda onlarca musiqi və incəsənət məktəbinin yeni binaları inşa edilib, mövcud binalar əsaslı təmir olunub, maddi-texniki bazası yaxşılaşdırılıb. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumtəhsil, orta ixtisas və ali təhsil pilləsində tədris verən Bakı Xoreoqrafiya Akademiyasının yaradılması milli xoreoqrafiya sənətinin inkişafına dövlət qayğısının bariz nümunəsidir.
Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz BMT, İslam Əməkdaşlıq Təşkilatı, UNESCO, Avropa Şurası, Avropa İttifaqı, İSESCO və başqa təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurub. Bu əlaqələrin mühüm bir qismini mədəniyyət təşkil edir. Bu gün Azərbaycan dünyada mədəniyyətlərarası, sivilizasiyalararası dialoq mərkəzidir. 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” regional təşəbbüsdən beynəlxalq platformaya çevrilib. Bakı 2010-cu ildən Beynəlxalq Humanitar Foruma, 2011-ci ildən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi Azərbaycanın dünyaya sülh mesajı olub.
2019-cu ildə Bakıda 4 mühüm beynəlxalq tədbir keçirilib. V Dünya Mədəniyyətlərarası Dialoq Forumu, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü və Dünya dini liderlərinin II Sammitinin Bakıda keçirilməsi ölkəmizdəki tolerantlıq mühitindən xəbər verir. Xüsusilə, Dünya Mədəniyyətlərarası Dialoq Forumu son 10 ildə beynəlxalq müstəvidə böyük nüfuz qazanıb. BMT-nin baş katibi və BMT-nin Baş Assambleyası tərəfindən bu Forum dünyanın ən əsas qlobal platformalarından biri elan edilib. Təbii ki, bu istiqamətdə keçirilən tədbirlər ölkəmizin mövqeyini daha da gücləndirir.
Göründüyü kimi, ölkəmiz son 10 ildə dinamik və sürətlə inkişaf edir və bu tərəqqi mədəniyyət sahəsində də öz əksini tapır.
2020-ci il çətinliklərlə
dolu bir il oldu. Belə
ki, dünyanı cənginə alan
COVİD-19 pandemiyası ölkəmizdə
də həyatın ritmini dəyişdi. Ötən ilin sentyabr ayında Vətən müharibəsi
başladı və
44 gün ərzində
uğurla başa çatdı, torpaqlarımız
düşmən tapdağından
azad edildi, ədalət
zəfər çaldı.
İndi işğaldan azad olunmuş ərazilərdə
quruculuq işləri aparılır, düşmən
tərəfindən dağıdılmış
mədəniyyət abidələri
bərpa olunur. Məsələn, mədəniyyət
beşiyi olan Şuşada Molla Pənah Vaqifin məqbərəsi bərpadan
sonra əvvəlki
görkəmini alıb.
Natəvan, Bülbül və
Üzeyir bəyin büstləri də işğaldan əvvəlki
yerlərinə qaytarılıb.
Ölkə başçısı davamlı olaraq işğaldan azad edilmiş ərazilərə
səfərlər həyata
keçirir, orada görülən işlərlə
tanış olur, göstərişlərini
verir. Tarixi, dini abidələr,
mədəniyyət obyektlərinin
bərpası da diqqət mərkəzindədir.
Bu da təbiidir,
çünki Azərbaycanı
dünyada tanıdan, onun nüfuzunu daha da yüksəldən
mühüm amillərdən
biri də mədəni-mənəvi sərvətimizdir.
Zümrüd QURBANQIZI
Respublika.- 2021.- 22 may.- S.9.