O, özünü Vətənə hələ çox borclu bilir

 

 

Bir qış günü dünyaya gəldi, nəfəsilə ilıqlatdı hər tərəfi. Hər gün bir buğda boyu böyüdükcə valideynlərinin qəlbini dağa döndərdi. Uşaq bağçasında, orta məktəbdə rəsmlərdə çəkdiyi üçrəngli bayrağımızın, vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdə əyninə geyindiyi əsgər paltarının, oxuduğu himnimizin mənasını, əhəmiyyətini, dəyərini dərk etməyə başladı. Müharibəni filmlərdə görmüş, Qarabağ müharibəsinin bəzi məqamlarını əks etdirən kadrları da televiziyadan izləmişdi. Torpaqlarımızın işğal altında qalmasına üzülürdü, belə bir dərdlə yaşamaq ağır gəlirdi ona. Həyatı dərk etdikcə torpaq, Vətən adlı bir qüvvənin varlığını, onun uğrunda mübarizəyə hazır olduğunu anlamışdı. Və bir gün...

 

 

 

Bir gün özü kimi qəhrəman, cəsur oğullara qoşulub rahat yatağını soyuq səngərlə əvəz etmiş, ata-anasını: “Narahat olmayın, mən döyüşə ölmək üçün deyil, düşməndən qisas alıb sağ-salamat geri dönmək üçün gedirəm” - deyib sakitləşdirmişdi. Bilirdi ki, Vətən, ellər çağırır, dayanmaq vaxtı deyil...

 

Ayazın sorağını o hələ cəbhədə olarkən almışdım, cəsur, qorxmaz döyüşçü kimi həmişə öndə olduğunu, neçə-neçə yaralının həyatını xilas etdiyini bilirdim. Hətta valideynləri ilə əlaqə saxlayıb onun haqqında yazı yazmaq istəyimi də bildirmişdim. Ancaq qələbə ilə geri dönən qəhrəmanımız təvazökarlıq edib: “Bu barədə fikirləşərik” - demişdi...

 

O, aram-aram danışır, hərdən ara verib suallarımı gözləyirdi. Mənsə sualları ehtiyatla verir, hələ sağalmayan yaralarının qaysağını qopartmaqdan ehtiyat edirdim. Əslində isə bu, mümkün deyildi, o odlu-alovlu, ölümlü anları göz önünə gətirməsə olmurdu. Danışır, danışdıqca hiss edirdim ki, söylədikləri gördüklərinin, yaşadıqlarının yalnız bir qismidir. Mən oxucularla səmimi olmağa çalışacam, bilin ki, indi yazacaqlarım ondançəkib qopardıqlarımınaz bir hissəsidir.

 

Əfəndiyev Ayaz Rakib oğlu 1995-ci il yanvar ayının 15-də ziyalı ailəsində doğulub. Atası professor Rakib Əfəndiyev Bakı Mühəndislik Universitetində çalışır. Anası Rəna xanım Suraxanı rayonundakı 279 saylı məktəbdə rus dili fənnini tədris edir. Bacısı Günel həkimdir. Ayaz 2012-ci ildə 279 saylı orta məktəbi bitirib elə həmin il Azərbaycan Texniki Universitetinə qəbul olunub, 2013-ci ildən Almaniyanın Cotbus şəhərindəki Branderburq Texnoloji Universitetində (Brandenburg Technology University) təhsilini davam etdirib. Hələ Almaniyada təhsil aldığı illərdə oxuduğu ali məktəbin ictimai həyatında fəallıq göstərir, gənclər təşkilatları, tələbə elmi cəmiyyətinin tədbirlərində, konfranslarda etdiyi maraqlı məruzələrlə diqqəti cəlb edirdi. Təbii ki, bu çıxışlarında Azərbaycan həqiqətlərini iştirakçıların nəzərinə çatdırır, xalqımızın haqq işi uğrunda mübarizə apardığını dönə-dönə vurğulayırdı. Məhz belə tədbirlərin birində Almaniyanın Cotbus şəhərinin meri ona yaxınlaşıb Almaniyada qalmasını təklif edərək: “Sənin kimi fəal, ağıllı, savadlı gənclərə ehtiyacımız var, qal, sənin üçün hər cür şərait yaradarıq” - demişdi. Ayaz isə Vətənə dönmək, hərbi xidmət keçmək istəyirdi: “Yox, Vətənə dönəcəm, sonrasına baxarıq” - deyə cavab vermişdi.

 

Təhsilini bitirib Vətənə dönən Ayaz 2016-cı ildə Ağcabədi rayonundakı “N” saylı hərbi hissədə hərbi xidmətini keçirdi. Hərbi xidmətdən sonra Azərbaycan Respublikası Maliyyə Nazirliyində ilk əmək fəaliyyətinə başladı.

 

Sentyabrın 27-də düşmənin növbəti təxribatının qarşısını almaq məqsədilə Azərbaycan ordusu əks-hücuma keçdi, Ayazın cəbhə, döyüş yolunun tarixçəsi Füzuli bölgəsindən başladı.

 

Füzuli bölgəsinin düşməndən azad olunması uğrunda ağır döyüşlər gedirdi: iri texnikanın səsi, partlayış, qışqırıq, güllə yağışı... başını səngərdən azacıq belə qaldırmaq mümkün deyildi, ancaq əsgərlərimizi heç qorxutmurdu. Heç kəs düşmən gülləsi ilə ölmək istəmirdi, onların bir istəyi vardı: sağ qalmaq, qalib gəlmək. Düşmənə nifrət hissi hələ uşaqlıqdan yaranmışdı. Oxuduqlarına, böyüklərdən eşitdiklərinə görə ermənilərin necə bir nankor millət olduğunu bilirdi. Onu da bilirdi ki, humanistliyi, xeyirxahlığı, qonaqpərvərliyi ilə fərqlənən xalqımız onlara qucaq açıb, süfrəsinin başında oturtmuş, ermənilər isə bu yaxşılıqları unudub bizə düşmən kəsilmişdi. İndi döyüş meydanında da intiqam, nifrət hissi ona daha da güc verir, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qisasını almaq üçün daim ön cəbhəyə can atırdı.

 

Ayaz həkim köməkçisi idi, yaralı yoldaşlarını döyüş meydanından çıxarmaq üçün özünü dəfələrlə təhlükəyə atmışdı. Hər dəfə daha bir həyatı xilas edəndə, elə bil dünyanı bağışlayırdılar ona. Döyüş yoldaşlarının ölümünə çox üzülürdü. O anda onların arxada qoyub gəldiklərini fikirləşir: “Bu xəbəri necə qarşılayacaq, bu acını necə yaşayacaqlar” - deyə düşünürdü. Atasız qalan uşaqlara bir cür, övladsız qalan ata-analara başqa cür, sevgisi yarıda qalanlara isə bir başqa cür acıyırdı.

 

Əsgərlər gecə-gündüz bilmədən döyüş əmri alır irəliləyirdilər. Döyüşlər ara verəndə gecə növbə ilə 2 saat yatmağa izin verilirdi. O gecə yuxuda anasını görmüşdü. Rəna xanım oğluna nəvaziş göstərir: “Ayaz, anan qurban, bax, çox da hündürlüyə tullanma, məni ağlar qoyma” - deyib ağlayırdı. Səhər alatoranda döyüş başladı, yer-göy titrəyirdi. Ayaz yoldaşları komandirlərinin göstərişi ilə özlərinə mövqe tutmuşdular, düşünülməmiş bir hərəkət, yanlış bir addım ölümlə nəticələnə bilərdi. Ayaz deyir: “O ağır döyüşlərdə bizi göydə Allah, yerdə komandirlərimiz qoruyurdu. Onlar sözün həqiqi mənasında qoruyucu mələklərimiz idi. Düşmənbukadlanan beton divarlardan sədd çəkmişdi, onun qurduğu istehkamı aşmaq tapşırığı almışdıq. Su dəyəndə daha da bərkiyən buyeriyən divarlaraheç cür həmlə etmək olmurdu, atılan güllə ona dəyib geri qayıdırdı. Ancaq Azərbaycan ordusu o səddi aşdı...”.

 

Döyüş səngimək bilmirdi, birdən yaxınlıqda güclü bir partlayış oldu. Ayaz sağ ətrafında istilik hiss etsə əvvəlcə baş verdiyini anlamadı. Ayaqları keyimişdi. Bir xeyli keçəndən sonra yaralandığını hiss etdi. Sağ ayağından üzüaşağı qan su kimi axırdı. Özünü itirmədi, ilk tibbi yardım göstərib qanın axmasının qarşısını aldı, ancaq onu döyüş meydanından çıxarmaq mümkün deyildi. Beləcə, 2 gün sonra döyüşlər ara verəndə Ayaz Füzuli Rayon Mərkəzi Xəstəxanasına gətirildi: “ köməklik göstərəcəksinizsə, göstərin, mən cəbhəyə tez qayıtmaq istəyirəm” - deyən Ayaz bilirdi ki, ona döyüş meydanında daha çox ehtiyac var. Ayazın bədənindəki qəlpələrin hamısını çıxara bilmədilər, bəziləri lap dərinə işləmişdi. Xəstəxanada 5 gün yatdıqdan sonra təkrar cəbhəyə qayıtdı, Xocavəndin, Cəbrayılın azad olunmasında da iştirak etdi. Qələbə xəbərini Cəbrayılda eşitdi: “Cənab Prezident, Ali Baş Komandanın qələbə xəbərini eşidəndə çox sevindik. Mən bircə şeyə təəssüfləndim, Şuşanın azad edilməsində iştirak edə bilmədiyimə... Mənim cəbhə, döyüş yolum Cəbrayılda tamamlandı. Doğrudan da möhtəşəm qələbə idi...”.

 

Ayaz danışır, hərtərəfli dünyagörüşü, həyat haqqında fikirləri onu gözümdə daha da ucaldırdı. 30 illik ayrılıqdan sonra işğalda olan torpaqlarımıza ilk ayaq basanların, onu azad edənlərin sırasında olmaqdan qürur duyan qəhrəmanım deyir: “Əgər məndən soruşsalar ki, cəbhə, döyüş sənə nə verdi, nə öyrətdi?” Deyərəm ki, hər şeydən əvvəl səbrli, təmkinli olmağı öyrəndim. Azərbaycan ordusunun mütəşəkkilliyini, birliyini gördüm. Son tikəni bölüşməyin necə qürurgətirici olduğuna şahidlik etdim. Şükür etməyi bacardım. Bir sözlə, əsl həyat dərsi keçdim. Bir də əmin oldum ki, biz nəyi düşünüb planlaşdırsaq da, son qərarı verən var: Tanrı... Füzuli uğrunda döyüşlər gedirdi, ağır çəkili hərbi sursatla 24 kilometr məsafəni dikinə qalxmalı idik. Bunun nə demək olduğunu döyüşçülər yaxşı bilir. Heç nə istəmirdim, arzum tezliklə hədəfə çatmaq idi. Ciyərim yanırdı, səhərdən bir udum da su içməmişdim. Ürəyimdə Allaha yalvarır, güc, dözüm istəyirdim. Bütün döyüşçülər eyni anı yaşayırdı, suyumuz tükənmişdi, arxadan köməyin gəlib-gəlməyəcəyinə əmin deyildik. Biz dağın başına çatanda gördüklərimizə inanmadıq. Möcüzə idi. İçi içməli su ilə dolu çənlər... Sanki Tanrı göydən endirmişdi onları. Təsəvvür edirsinizmi?!”

 

Hər qarışı uğrunda döyüşüb azad etdikləri torpaqların, Qarabağın gözəlliyindən zövq almağı da bacarırdı Ayaz, indiyədək gəzdiyi ölkələrlə müqayisə edib o yerlərin sabahını, gələcəyini də təsəvvürünə gətirirdi: “Mən səyahəti sevirəm. Almaniya, Polşa, Rusiya, Belarus, Fransa və Türkiyədə olmuşam, görməli yerlərini gəzmişəm. Qarabağın hər yeri gözəldir, ancaq Xocavənd mənə möcüzələr diyarı kimi göründü. Onun təbiəti Fransanın Nant şəhərinin təbiətindən də gözəldir. İnanıram ki, gələcəkdə turizm baxımından o yerlər dünyanın bir çox kurort şəhərlərini kölgədə qoyacaqdır”.

 

Bəli, 44 günlük müharibənin qalib əsgəri kimi döndü Ayaz, dostları atəş-fəşanlıqla qarşıladılar onu. Təhsil Nazirliyində işə qəbul etdilər, hansı qapını döydü hörmətlə qarşıladılar. Bundan qürur duydu. Canında dəmir qəlpələri gəzdirsə də, döyüşdüyü, düşmənin başını əzən “dəmir yumruğa” bacardığı qədər güc qatdığı üçün xoşbəxtdir, ancaq özünü bu Vətənə hələ çox borclu bilir...

 

Qalib ordumuzun hər bir üzvü, hər bir döyüşçüsü qəhrəmandır. Əlinə silah alıb hər qarış torpaq üçün vuruşmaq, ölümün gözünə dik baxmaq, canından, qanından keçmək... Onlar qəhrəmanlıq salnaməmizi belə yazdılar.

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2021.- 22 may.- S.14.