Şəhid olsam,
ağlamayın
Qarabağın erməni işğalından azad edilməsi uğrunda başlanan Vətən müharibəsi 44 gün ərzində ildırım sürəti və parlaq qələbəylə başa çatıb. Qalib Sərkərdəmizin fədakarlığı və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Ermənistan silahlı qüvvələri və onların arxalandıqları muzdlular, bir sözlə, düşmənin çoxsaylı hərbi texnikası, 30 ildə möhkəmləndirdikləri istehkamlar darmadağın edilərək Ermənistana və onun havadarlarına sarsıdıcı zərbələr vurulub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, cəsarəti və qüdrətli sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu otuz illik işğala, uzun illərin həsrətinə 44 gündə son qoyaraq görünməmiş qəhrəmanlıq dastanına imza atıb.
Torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə aparılmış Vətən müharibəsində yüzlərlə gənc qəhrəmanlıq və fədakarlıq nümayiş etdirib. Müharibə Azərbaycan ordusunun peşəkarlığını, döyüş ruhunu, vətən məhəbbətini, müasir hərbi silahların uğurla tətbiq edilməsini, əsgər və zabitlərimizin igidliyini bütün dünyaya göstərdi.
Vətən müharibəsində ən qatı düşmənimiz Ermənistan ordusuna qan udduran igidlərimiz ölümün gözünə dik baxdılar. Otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız onların dastanlara sığmayan qəhrəmanlıqları nəticəsində azad edilib. Şəhidlər Vətənimizi, xalqımızı, onun qürurunu, ləyaqətini, bayrağını ucaltdılar. Qəhrəman zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi olub. Onlardan biri də Füzuli torpağının yetirməsidir.
24 yaşlı İsmayıl Salmanov Vətən müharibəsində canını fəda edərək şəhidlik zirvəsinə ucalıb. Şəhid İsmayıl Salmanov 1997-ci ilin may ayında Füzulidən olan məcburi köçkün ailəsində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsində şəhid olan dayısının qəhrəmanlıqlarından xəbərdar olan İsmayıl vətənpərvər ruhda böyüyüb, gələcəkdə hərbçi olmağa qərar verib. Zobucuq qəsəbəsində orta məktəbi başa vurub. Hərbçi olmaq arzusu ilə yaşayıb.
Valideynlərinin, qohumlarının, qonşularının erməni təcavüzündən əziyyət çəkdiklərinin şahidi olub. Yeniyetməlikdən onun qəlbində düşmənə qarşı nifrət hissi baş qaldırıb. Həqiqi hərbi xidmət illərini İsmayıl ön cəbhədə keçirib. Hərbi xidməti başa vurduqdan sonra bir müddət mülki işdə çalışır. Sonra İsmayıl hərbçi olmaq arzusunu gerçəkləşdirir və həmlə taborunda yenidən xidmətə başlayır. Vətənin keşiyini çəkən oğulların cərgəsinə qoşulur.
İsmayıl işğal altında olan torpaqlarımızın azad ediləcəyinə ürəkdən inanıb. Valideynlərinə, qohumlarına həmişə deyirmiş ki, sizi doğma yurdunuza qovuşduran biz olacağıq. O, sözünə sadiq qalaraq torpaqlarımızın azadlığı uğrunda son damla qanına qədər qəhrəmancasına döyüşüb. Yaxınlarına, doğmalarına həmişə deyirmiş ki, şəhid olsam, ağlamayın, Vətən sağ olsun!
Ötən il sentyabrın 27-də Ermənistan hərbi qüvvələrinin hücumunun qarşısını almaq məqsədilə başlayan əks-həmlə əməliyyatlarında İsmayıl ilk döyüşə atılanlardan biri olub. Onun ağır döyüş yolu Cəbrayıl, Xocavənd və Füzulidən keçib. Həmlə taborunda snayperçi olan İsmayıl düşmənin xeyli canlı qüvvəsinin məhv edilməsində yaxından iştirak edib. Vətən müharibəsinin 28-ci günündə, oktyabrın 24-də İsmayıl Füzuli rayonu ərazisindəki İlandağ deyilən yerdə gərgin döyüşdə qəhrəmancasına həlak olub.
Şəhidimiz Füzuli rayonu Alxanlı kəndində torpağa tapşırılıb. Cəsur döyüşçü İsmayıl döyüşlərdə göstərdiyi şücaətinə görə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhid ailəsi dövlət himayəsi ilə əhatə olunub.
Şəhidlərin adı və qəhrəmanlığı əbədi yaşayacaq. Şəhid qanı ilə suvarılan torpaqlarımızda yenidənqurma və bərpa işlərinə başlanılıb. Düşmənin viran qoyduğu yurd yerlərimizdə yeni bir həyat başlayır. Ən böyük təsəllimiz odur ki, şəhidlərin qanı yerdə qalmadı, onların qisası yağı düşməndən artıqlamasilə alınıb. Torpaqlarımızın azad edilməsi uğrunda şəhid olan övladlarımızın layiqli davamçıları yetişir. Yaxşı deyiblər ki, biz bir ölüb, yüz dirilirik.
Salman ALIOĞLU
Respublika.- 2021.- 22 may.- S.12.