Ölkənin dəmir yolu müasirləşir, infrastrukturu genişlənir

 

Azərbaycanda həyata keçirilən uğurlu neft strategiyası respublikanın hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin yaradılmasına və möhkəmləndirilməsinə xidmət etməkdədir. Bu gün müasir tələblərə cavab verə biləcək nəqliyyat infrastrukturu olmayan hər hansı bir ölkənin iqtisadi inkişafından danışmaq qeyri-mümkündür. Ona görə də son illər Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bu mühüm sahəyə xüsusi diqqət göstərilir. İqtisadiyyatın bütün sahələri ilə yanaşı, nəqliyyat sektorunun inkişafına da böyük investisiyalar qoyulmuşdur.

 

 

 

Prezident cənab İlham Əliyev bu barədə danışarkən qeyd etmişdir: “Azərbaycan Asiyanı Avropa ilə birləşdirən körpüdür. Biz indi öz nəqliyyat infrastrukturumuzu möhkəmləndiririk. Müxtəlif şəhərlərdə yeni hava limanları tikilir, magistral yollar salınır. Bizim dəmir yoluna böyük investisiyalar qoyulur. Bir sözlə, nəqliyyat sektoru gələcəkdə böyük rol oynayacaqdır. Regionda digər mühüm işlər də məhz bununla bağlıdır. Bu işlər bundan sonra daha da sürətlə gedəcək, ölkə iqtisadiyyatına yeni investisiyalar qoyulacaq və Azərbaycan tranzit ölkə kimi öz imkanlarını daha da genişləndirəcəkdir”.

 

Son illər respublikamızın istər regionlarında, istərsə də paytaxt Bakıda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tranzit potensialının gücləndirilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Onların arasında çoxsaylı yol ötürücülərini, körpüləri, tunel və yeraltı piyada keçidlərini göstərmək olar. Bütün bunlar “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq yaradılır. Bu çərçivədə həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə, vaxtında istismara verilir. Ölkə başçısı istismara verilən qurğuların həm tikintisində, həm də açılış mərasimində şəxsən iştirak edir, öz tövsiyə və tapşırıqlarını verir. Hər bir ölkənin iqtisadi inkişafında nəqliyyat sektorunun ən müasir tələblər səviyyəsində olması ən əsas şərtlərdən biridir. Azərbaycanın bugünkü yüksək iqtisadi inkişafının təməlində 1990-cı illərdə başlanmış və hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası dayanır, iqtisadiyyatın hərtərəfli inkişafında daşıma, çatdırma və s. kimi amillər həlledici rol oynadığına görə nəqliyyatın dünya standartları səviyyəsində olması prioritet elan edilmişdir. Ona görə də regionların inkişafı Dövlət Proqramında bu sahənin infrastrukturunun sürətlə və müasir səviyyədə yaradılması öz əksini tapmışdır. Ümummilli lider Heydər Əliyev demişdir: “Yol iqtisadi inkişafımızın əsas amillərindən biridir. Əgər müasir infrastruktur, yol olmasa, iqtisadiyyat inkişaf edə bilməz”. Bu gün fəxrlə deyə bilərik ki, bu sahəyə göstərilən diqqət və qayğı sayəsində yol-nəqliyyat infrastrukturu müasir standartlara cavab verir, iqtisadiyyatımızın sürətli inkişafına öz töhfəsini verir. Həmçinin ölkə daxilində nəqliyyat infrastrukturunun müasir tələblər səviyyəsində qurulması investorları Azərbaycana cəlb etməklə yanaşı, iqtisadi tərəqqinin sürətləndirilməsində müstəsna əhəmiyyətə malikdir.

 

1995-ci ildən ölkəmizdə başlayan iqtisadi inkişaf tempi Azərbaycan dəmir yolunun infrastrukturunun qorunub saxlanılmasına və daşıma proseslərinin operativliyində yeni bir mərhələnin əsasını qoydu. Bu gün Prezident İlham Əliyevin ölkə dəmiryolçularının qarşısında qoyduğu ən mühüm tapşırıq yük daşımalarının, xüsusən də tranzit daşımaların həcminin daha da artırılmasıdır. Bu məqsədlə daşımaların sürətini artırmaqla, daşınan yüklərin təhlükəsizliyini təmin etməklə və irimiqyaslı logistikamarketinq əməliyyatlarını canlandırmaqla çatmaq mümkündür. Bu istiqamətdə “ADY” QSC-də önəmli tədbirlər həyata keçirilir, tranzit yüklərin ölkə ərazisindən keçirilməsi nəticəsində əlavə valyuta ehtiyatlarının Azərbaycan iqtisadiyyatına cəlb edilməsinə nail olunur. Son illər bu sahədə köklü islahatların həyata keçirilməsi, daha çevik innovativ idarəetmə sisteminin tətbiq edilməsi bu sahədə keyfiyyətcə yeni bir inkişaf mərhələsinin başlanğıcını şərtləndirmişdir. Qeyd olunduğu kimi Azərbaycan dəmir yolu yenidən qurulur, yeni dəmir yolu xətləri çəkilir, beynəlxalq əhəmiyyətə malik qlobal layihələr reallaşdırılır, müasir standartlara cavab verən yeni texnologiyaların tətbiq olunması dövrünə qədəm qoyulub. Bu gün Azərbaycan həm bölgədə, həm də dünyada dəmir yolu sahəsində logistik mərkəzə çevrilib. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan bu sahədə beynəlxalq layihələrin reallaşmasının fəal iştirakçısıdır. Son illər ölkəmizin həyata keçirdiyi ən irimühüm beynəlxalq əhəmiyyətli layihələrdən biri Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının istifadəyə verilməsidir. Prezident cənab İlham Əliyevin təşəbbüsü və tapşırığına əsasən 2017-ci ildə istifadəyə verilən BTQ dəmir yolu bağlantısı Azərbaycanın bu sahədə əldə etdiyi ən böyük uğurlarındandır. “Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Türkiyənin Qars bölgəsindəki infrastrukturuna qovuşması ilə Bosfor boğazında dəmir yolu tunelinin vasitəsilə Trans-AvropaTrans-Asiya dəmir yolu şəbəkəsinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan-Gürcüstan və Türkiyə ərazilərindən keçməklə AvropaAsiyaya çatmasını təmin edir. Göründüyü kimi bu layihənin reallaşması həm region ölkələrinin tranzit potensialının artmasına, həm də iqtisadi əlaqələrin genişlənməsinə geniş imkanlar yaradır. Beləliklə, qurulan beynəlxalq əməkdaşlıq sosial-iqtisadi inkişafa, sabitliyə töhfə verir. Ölkə başçısı cənab İlham Əliyev ölkə yol-nəqliyyat infrastrukturu, həyata keçirilən layihələr barədə vurğulamışdır-”Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir. Biz bütün imkanlardan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik... Azərbaycan Şərqlə-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihəsinin həyata keçirilməsində fəal rol oynayır. Hesab edirəm ki, gələcəkdə tranzit ölkə kimi bölgədəki və dünyadakı mövqelərimiz daha da möhkəmlənəcəkdir. Beləliklə, indi Azərbaycanda bütün sferaların, o cümlədən nəqliyyatın inkişafı üçün münbit şərait var”.

 

Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf edir, öz həllini tapan layihə və proqramlar həyatımızın mənzərəsini tamam dəyişib. İqtisadi sahədəki uğurlar, regional məsələlərdə, qlobal transmilli layihələrdə təşəbbüskar və əvəzolunmaz rolu Azərbaycanın dünyadakı mövqeyini möhkəmləndirib, ən inkişaf etmiş ölkələrin sırasına çatdırıb. Bu gün Azərbaycanın nəqliyyat infrastrukturunun müasir səviyyədə olması üçün çox böyük işlər görülür. Həm magistral, həm şəhərlərarası, həm də kənd yollarının inşası geniş vüsət alıb.

 

Ölkənin yol-nəqliyyat, o cümlədən dəmir yolu sahəsində çalışan işçilərin sosial-iqtisadi, əmək hüquqlarının qorunması və sosial tələbatlarının ödənilməsi, layiqli həyat səviyyəsinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir. Son illər bu sahədə Həmkarlar İttifaqının gördüyü işlər müsbət nəticələr verir. Azərbaycan Prezidenti İlham Əliyev yeni ictimai-siyasi, liberal-iqtisadi sistemin təşəkkül tapdığı müasir dövrdə insanların iqtisadisosial mənafelərinin əmək hüquqlarının qorunması sahəsində həmkarlar ittifaqlarının roluna böyük önəm verir. Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı RK-sı əmək Məcəlləsində müəyyən edilmiş vəzifə və səlahiyyətlərindən istifadə edərək işçilərin sosial- iqtisadi mənafelərinin, onların maddi rifah halının yaxşılaşdırılmasını əsas məsələ kimi ön planda saxlayır. Hər il ehtiyacı olan dəmiryolçuların mənzillərlə təmin olunması, ehtiyacı olanlara maddi yardımların göstərilməsi, əməkçilərin sağlamlıqlarının qorunması məqsədilə sanatoriyalara və istirahət evlərinə göndərilməsi, əmək hüquqlarının mühafizəsi üzrə daxil olan ərizə və şikayətlərin vaxtında baxılması və müraciətlərinin müsbət həll olunması dəmiryolçulara göstərilən qayğının göstəricisidir. İdarə və müəssisələrdə çalışan dəmiryolçuların sosial-ədalət prinsipinə uyğun fəaliyyəti daim nəzarətdə saxlanılır. Əməyin mühafizəsi ilə bağlı qanunların və digər normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilib ki, bu da bu sahədə çalışan əməkçilərin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına xidmət edir.

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın may ayının 15-də Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışında iştirakı dövlətimizin sosial sahənin inkişafına diqqətin bir daha əyani göstəricisidir. Qeyd edək ki, Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb. Dəmir yolu xətti ox üzrə 42,3 km, yan yollarla birlikdə isə 44,5 km təşkil edir. Ləki stansiyası-Qəbələ birxətli dəmir yolu çətin dağlıq relyefdə layihələndiyinə görə torpaq yatağı yüksək qazma (90 m) və tökmələrdən (12 m) keçir. Ümumilikdə layihə üzrə 122 ədəd (o cümlədən 7 körpü, 1 yolötürücü, 6 avtomobil alt keçidi, 2 heyvan keçidi və 106 suötürücü boru süni mühəndisi qurğunun, Ağdaş dəmir yolu dayanacağı, Qəbələ Dəmir yolu Stansiyası, Qəbələ dartı yarımstansiyasının tikintisi və Hacıalı yarımstansiyasının təmiri işləri aparılıb. Bakıdan Qəbələyədək dəmir yolu xətti 311 km, qatarın yolda olan müddəti 3 saat 20 dəqiqə təşkil edir. Dəmir yolu xəttində İsveçrənin “Ştadler Rail Group” şirkətinin istehsalı olan dördvaqonlu ikimərtəbəli sürət qatarından istifadə olunacaq. Qatar standart, biznesbirinci klass vaqonlarından ibarətdir. Vaqonlardakı yerlərin ümumi sayı 363-dür, bunlardan 293-ü standart, 61-i biznes, 9-u isə birinci klass yerlərdir. Sürətli qatarın təhlükəsizliyini təmin etmək üçün dəmir yolunun təhkim zolağı boyunca 84600 poqonmetr metal hasar quraşdırılıb və dəmir yolu istismara hazır vəziyyətdədir. Ən müasir yol-nəqliyyat infrastrukturu, ilk növbədə, vətəndaşların rahatlığına xidmət göstərəcək. İnsanlar Qəbələdən paytaxt Bakıya və digər yerlərə rahat və təhlükəsiz bir şəkildə mənzil başına çatacaqlar.

 

Ölkənin nəqliyyat sektorunda bütün nəzərdə tutulmuş nəhəng infrastruktur layihələri uğurla həyata keçirilir. Bütün sahələr kimi Azərbaycanın yol-nəqliyyat sektoru da müasirləşməyə, inkişafa doğru irəliləyir. Əldə olunan uğurlar deməyə əsas verir ki, yol-nəqliyyat sektoru bundan sonra da inkişaf edəcək, daha böyük uğurlara imza atacaqdır.

 

Əli SADIQOV

 

Respublika.- 2021.- 23 may.- S.6.