İdmanda qazanılan uğurlar Azərbaycanın dinamik
inkişafı ilə
paralellik təşkil edir
Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycanda, cəmiyyətdə önəmli bir ictimai amilə çevirmişdir. Bu gün idmançılara cəmiyyətdə çox böyük hörmət var. İdmançılar cəmiyyətdə layiqli yer tutublar. İdmanla məşğul olanların sayı getdikcə artır. Bunun əsas səbəbi idmançılarımızın uğurlarıdır və idmançılara göstərilən dövlət qayğısıdır.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti.
Hər bir ölkə, xalq üçün
sağlamlıq ən ümdə vəzifədir. Ümummilli
liderin təbirincə desək, sağlam düşüncə
tərzi həm də tarixi-mədəni irsin əsas
daşıyıcı qüvvəsidir. Bu
baxımdan idman ictimai-siyasi hadisə kimi xüsusilə gənclərin
həyatında müstəsna rol oynayır. Dövlət tərəfindən göstərilən
qayğı idmançılarımızda siyasi iradə,
liderlik, özünütəsdiq kimi keyfiyyətləri aşılamağa
kömək edir.
Azərbaycanın dövlət müstəqilliyini bərpa
etdiyi ilk dövrü xatırlasaq görərik ki,
1990-1993-cü illərdə Azərbaycanda idman tamamilə bərbad
hala salınmış, demək olar ki, yox səviyyəsində
idi. Yalnız ulu öndər Heydər Əliyevin ölkəyə
qayıdışından sonra idmana və idmançılara
diqqət və qayğı artdı.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidli
tələbi ilə hakimiyyətə
qayıdışından sonra ölkədə idmana
münasibət kökündən dəyişdi. İdmanın
və bədən tərbiyəsinin inkişafı dövlət
siyasətinin prioritet istiqamətlərindən birinə
çevrildi, bu sahədə yüksəlişin əsası
qoyuldu. Müstəqil Azərbaycanın həm
də bir idman ölkəsi kimi beynəlxalq aləmdə
tanınması və Olimpiya hərəkatına
qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan
qaldırılması, idmançıların maddi
rifahının yüksəldilməsi, onlara gələcək
qələbələr üçün stimul verilməsi, eləcə
də ölkədə yeni idman komplekslərinin
yaradılması istiqamətində gələcək prioritetlər
müəyyənləşdirildi.
1993-cü ilin noyabrında ulu öndər dünya və
Avropa miqyaslı yarışlarda yüksək nəticələr
göstərmiş Azərbaycan idmançılarını qəbul
etdi. Bu görüşdə Heydər Əliyev qeyd
etmişdir ki, idmançılar dövlətin xüsusi
qayğısı ilə əhatə olunmalıdırlar.
Bu qayğı həm də ölkəmizdə
idmanın inkişafına, istedadlı idmançıların
potensial imkanlarının açılmasına xidmət etməlidir.
İdmanın inkişafı üçün geniş imkanlar
yaradılacağını bildirən Heydər Əliyev bu
siyasətin həm də milli məfkurə, mədəni irs və düşüncə sistemi, ən əsası,
oturuşmuş tarixi ənənələr əsasında
inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən
biri kimi dəyərləndirmişdi.
Ümumiyyətlə, qeyd etməliyik ki, Heydər
Əliyevin Azərbaycanın idman siyasətinin həyata
keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Onun idman sahəsində
həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə
qədəm qoydu. Rəhbərlik etdiyi
bütün sahələrdə uğurlara imza atan cənab
İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti
seçilməsi Azərbaycan idmanının həyatında
mühüm əlamətdar hadisə kimi tarixə
yazıldı. Bu tarixi seçim
ümummilli lider Heydər Əliyevin respublikada idmanın
inkişafı ilə bağlı ideyalarının daha
sürətlə gerçəkliyə çevrilməsini təmin
etdi, idman sahəsində həyata keçirilən dövlət
siyasətinin yeni şəraitdə gerçəkləşməsinə
böyük imkanlar açdı. İdmançılara
dövlət qayğısı ilə yanaşı, idmanın
maddi-texniki bazasının möhkəmləndirilməsində
də mühüm işlərə start verildi.
Qeyd etmək
lazımdır ki, cənab İlham Əliyevin bu sahədə
fəaliyyəti hələ Azərbaycan Prezidenti
olmadığı illərdən səmərəsini, bəhrəsini
verdi. 2000-ci ildə Azərbaycan
idmançılarının Sidney Yay Olimpiya Oyunlarında ilk
böyük uğurları bu nailiyyətlərin memarı kimi
İlham Əliyevin liderlik rolunu təsdiqlədi, onun Azərbaycan
naminə fəaliyyətinin potensial imkanlarını bir daha əyani
nümayiş etdirdi.
2003-cü ildə keçirilən prezident seçkilərində
ölkə rəhbəri seçilən cənab İlham
Əliyev idman və bədən tərbiyəsinin tərəqqisi,
Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu
üzvünə çevrilməsi istiqamətində daha qətiyyətli
addımlar atdı.
Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı
Fərmanla martın 5-i Azərbaycanda İdman və Bədən
Tərbiyəsi Günü kimi qeyd edilir.
Həmin vaxtdan başlayaraq, idmançılar dövlət
başçısının fərmanı ilə yüksək
dövlət mükafatları, fəxri adlarla təltif
olunurlar.
Dövlət başçısı idmanın
inkişafına böyük təkan verməklə
yanaşı, minlərlə yeniyetmə və gəncin
sağlam ruhda tərbiyə olunması üçün
bütün zəruri tədbirlərin görülməsinə
şərait yaradır. Fərəhli haldır ki,
respublikamızda idman bölmələrinə axın edən
gənclərin sayı günü-gündən artır.
Respublikamızın əksər regionlarında
müasir standartlara cavab verən, hər cür şəraiti
olan Olimpiya İdman kompleksləri, stadionlar, idman zalları
tikilərək idmançıların istifadəsinə
verilib. Yüksək səviyyəli idman
strukturunun yaradılması ilə bu kütləvilik daha da
geniş vüsət alıb. Azərbaycanda
idmana olan münasibət başqa ölkələrə
nümunə kimi göstərilir. Ölkəmizin
nüfuzlu idman yarışlarına və tədbirlərinə
ev sahibliyi etməsi, təmsilçilərimizin
mötəbər yarışlarda medallar qazanması
respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi
kimi tanıdıb.
Ötən
son 10 il ərzində idman sahəsindəki
uğurlarımıza nəzər salsaq qazanılan
medalların artan tempini görürük. 2010-cu
ildə yeniyetmələr arasında ilk dəfə Sinqapurda təşkil
edilən Yay Olimpiadasında 5-i qızıl və 3-ü
gümüş olmaqla 12 yeniyetmə idmançımızdan
8-i vətənə medalla döndü. Bu
nəticələrə görə ölkəmiz 204 ölkə
arasında 11-ci yeri, iştirakçıların sayına
görə ən yaxşı nəticə göstərən
ölkələr sırasında 2-ci, Avropada 6-cı, MDB
ölkələri arasında 3-cü yeri tutdu. Bu isə ölkədə yeni nəsil idmançıların
yetişdirilməsi, əhali arasında bədən tərbiyəsi
və idmanın dayaqlarının möhkəmləndirilməsinin
əsas göstəricilərindən biri kimi qəbul edilə
bilər.
2010-cu ildən
bəri ölkəmizin paytaxtında keçirilən mötəbər
yarışlara diqqət yetirək: 2010-cu ildə Bakı Sərhədçi
Olimpiya İdman Mərkəzində keçirilən gənclər
arasında boks üzrə dünya
çempionatı. Çempionatda 96 ölkədən
500 idmançı iştirak edib. Sərbəst, yunan-Roma
və qadın güləşi üzrə Avropa
Çempionatı da 2010-cu ildə Bakıda Heydər Əliyev
adına İdman-Konsert Kompleksində
keçirilib. Bu yarışda Azərbaycan da
daxil olmaqla, 36 ölkədən 383 idmançı sərbəst,
yunan-Roma güləşi üzrə mübarizə aparıb.
Ölkəmizdə daha bir idman yarışı da
Cüdo üzrə “World Masters” beynəlxalq turniri olub və
2011-ci ildə Bakıda keçirilib. Reytinq xalları verən World Masters
seriyasında 42 ölkəni təmsil edən 300-dən
çox idmançı mübarizə aparıb. Cüdo
üzrə Dünya Kuboku bu il ərzində
baş tutan lisenziya xarakterli yarışlardan olub. Yarış Sərhədçi İdman Olimpiya Mərkəzində
baş tutub. Bu yarışlar 2012-ci il
London Yay Olimpiyadasına lisenziya xarakteri
daşıyırdı. Boks üzrə XVİ Dünya
Çempionatı da 2011-ci il sentyabrın
26-dan oktyabrın 8-dək Bakıda keçirilib. Çempionatda 113 ölkədən 570 boksçu
mübarizə aparıb. Bu, ölkələrin
və idmançıların sayına görə rekord
göstəricidir.
2012-ci ilin “İdman ili” elan edilməsi də
idmançılar üçün böyük töhfə
oldu. Bu ildə isə Yeniyetmələr arasında sərbəst,
yunan-Roma, qadın və çimərlik güləşi
üzrə Dünya çempionatı keçirilib. 21-27 avqust tarixlərini əhatə edən
yarışda 41 ölkədən 850 idmançı
iştirak edib. 22 sentyabr-13 oktyabr tarixlərində isə
17 yaşlı qızlar arasında futbol üzrə dünya
çempionatı baş tutub ki, bu da Azərbaycanda
keçirilən ilk FİFA tədbiri və Avrasiyada baş
tutan ilk U-17 qadınlararası dünya çempionatı olub.
Bu il ərzində Bakıda keçirilən
yarışlardan biri də “GT 3 və klassik Formula-1”
yarışıdır. Oktyabrın 26-28-də
Bakıda ilk dəfə keçirilən yarışların “City
Challenge” Bakı avtoparadı təşkil olunub.
Yarışda 10 komanda (hər birində 2 sürücü
olmaqla) iştirak edib və 2,1 kilometrlik
yarış zolağını qət ediblər. Yarış 300 milyon izləyicini əhatə
etmiş, 120 ölkədə televiziya kanalları vasitəsilə
yayımlanmışdır.
Azərbaycan idman tarixinin ən şərəfli səhifələrindən
biri də “Bakı-2015” Avropa Oyunları olmuşdur. Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə
“Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsi bu
irimiqyaslı tədbirə hazırlıq işlərini cəmi
iki il yarım müddətində başa
çatdırdı. Azərbaycan bu məsuliyyətli işin
öhdəsindən layiqincə gəldi və çox
qısa zaman ərzində Oyunların keçirilməsi
üçün hər cür şərait yaradıldı:
“Yarışlarda Avropanın 50 ölkəsinin 10000
idmançısı mübarizə aparıb və Bakının
11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə
olunub. Avropa Oyunlarının təqviminə 30
idman növü daxil edildi. Onlardan 24-ü
Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür.
Yarışlarda idmançılar 253 dəst
medal uğrunda yarışıb. Avropa
Oyunlarının açılış mərasimi 12 iyun
tarixində Bakının Olimpiya Stadionunda baş tutub. Açılış mərasimində Avropa
Oyunlarını rəsmi olaraq Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev açıq
elan edib. 17 gün davam edən
yarışlar 28 iyun tarixində Bakı Olimpiya Stadionunda
yekunlaşıb. Yarışlarda qeyri-rəsmi
medal cədvəlində ilk sıranı Rusiya
Federasiyasının idmançıları tutub. Onlar I Avropa Oyunlarında 79 qızıl, 40
gümüş və 45 bürünc, ümumilikdə 164
medal qazanıb. İkinci sıranı isə ev sahibi Azərbaycan idmançıları tutdu.
Yarışlara 289 idmançı ilə qatılan Azərbaycan
21 qızıl, 15 gümüş və 20 bürünc,
ümumilikdə 56 medal qazanıb. Üçüncü
sıra isə Böyük Britaniya idmançılarına nəsib
olub. Onlar 18 qızıl, 10 gümüş və 19
bürünc medal qazanıb və Avropa Oyunlarını 47
medalla başa vurublar.
Azərbaycan
2014-cü il bədii gimnastika üzrə
Avropa çempionatı, 2016-cı ildə şahmat üzrə
dünya çempionatı, 2017-ci ildə İslam Həmrəyliyi
Oyunları və 2019-cu ildə bədii gimnastika üzrə
dünya çempionatı kimi beynəlxalq tədbirlərə
müvəffəqiyyətlə ev sahibliyi edib. Xüsusi
vurğulamaq lazımdır ki, 2019-cu il
çox əlamətdar bir il olmuşdur. Təkcə
bu ildə idmançılarımız beynəlxalq idman
yarışlarında 775 medal qazanmışlar, onlardan 271-i
qızıl medaldır. Bu onu deməyə
əsas verir ki, idmançılarımız ölkəmizi beynəlxalq
yarışlarda ləyaqətlə təmsil ediblər və
Azərbaycanın dövlət himnini dəfələrlə səsləndiriblər,
bayrağımızı yüksəklərə
qaldırıblar. Bu və digər çoxsaylı
misallar təsdiq edir ki, Azərbaycan tarixi və mötəbər
tədbirlərə ev sahibliyi etməklə
dünya ictimaiyyəti qarşısındakı mövqeyini
daha da möhkəmləndirib, müstəqil və
güclü bir ölkə olduğunu sübut edib.
Qeyd edək
ki, 2020-ci il dünya idman və idman
ictimaiyyəti üçün o qədər də uğurlu
olmadı. İlin əvvəlindən
yayılmağa başlayan koronavirus pandemiyası bütün
sahələrdə olduğu kimi, idmana da təsirini göstərdi.
Bu ildə planlaşdırılan bir çox
böyük idman tədbirləri ləğv olunaraq növbəti
ilə keçirildi. Bunlar arasında
Tokio-2020 Yay Olimpiya və Paralimpiya oyunları, Futbol üzrə
Avropa Çempionatı və digər mötəbər
yarışlar var. Bununla belə ayrı-ayrı idman sahələrinə
aid qurumlar yarışların daha təhlükəsiz şəkildə
baş tutması üçün bir çox vacib qərarlar
qəbul etməklə turnirlərin keçirilməsini təşkil
etdi. Belə idman növləri daha
çox açıq hava şəraitində keçirilən
yarışlar idi. Azərbaycan da
koronavirusdan əziyyət çəkənlər
sırasında idi. Bu ildə bir çox
ölkədaxili və beynəlxalq turnirlərin keçirilməsi
planlaşdırılsa da, bu, baş tutmayıb. Təkcə Gimnastika Federasiyasında Dünya
Çempionatı da daxil olmaqla 3 yarış təxirə
salınıb, 2 Avropa Çempionatının keçirilməsi
isə Bakıdan digər ölkəyə keçirilib.
Ləğv olunan yarışlar arasında Karate üzrə
Avropa Çempionatı da var. Bundan başqa, siyahıya
Formula-1 üzrə Azərbaycan Qran-Prisi, futbol üzrə
Avropa Çempionatının görüşləri də
daxildir. Bu il həmçinin Azərbaycan
idmanı və idman ictimaiyyəti üçün qürurlu
bir il olaraq yaddaşlarda qaldı. Sentyabr
ayının 27-dən etibarən haqlı mübarizəmiz
üçün Vətən müharibəsində bir
çox idmançı, məşqçi və idman
jurnalistləri könüllü olaraq döyüşlərdə
iştirak etdi. Döyüşlər
zamanı idmançılar arasında şəhid və qazilərimiz
var. Bəli, hər bir tarixi hadisə özünəməxsus
taleyini yaşayır. Lakin yaşanan taleyin də öz
tarixi olur...
Qətiyyətlə demək olar ki, idman sahəsində
qazanılan nailiyyətlər həm də dövlətin
ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını
müəyyənləşdirən vacib meyarlardan biri kimi
böyük əhəmiyyət kəsb edir. Bu baxımdan
Azərbaycanın dinamik inkişafı idmanda qazanılan
uğurlarla bir paralellik təşkil edir. Həm
qazandığımız medallar, həm idman komplekslərinin
tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda
idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət
kimi idman sahəsindəki uğurlarımızın əsasını
təşkil edir.
Azərbaycan dünyada elə ölkələrdəndir
ki, bütün sahələrdə əldə olunan nailiyyətlər
konsepsiyaya əsaslanır. O cümlədən də, idman sahəsindəki
qələbələr, nəticələr də məhz
konsepsiyaların, uzun dövr üçün hazırlanan
proqramların nəticəsində əldə olunub. Prezidentimizin də qeyd etdiyi kimi, idmanın
inkişafı dövlət siyasətidir və bu
inkişafı müəyyən edən bütün amillər
Azərbaycanda var.
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda
idmanın bütün sahələrinin inkişafı,
idmançıların yüksək səviyyədə
qayğı ilə əhatə olunması, idman komplekslərinin
müasir tələblərə cavab verəcək səviyyədə
qurulması, ən əsası isə Olimpiya oyunlarında
idmançılarımızın iştirakı
üçün xeyli işlər
görülmüşdür. Bu gərgin əməyin
nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi
kimi tanınaraq böyük nüfuz qazanıb. Prezident
İlham Əliyevin dediyi kimi: “Hər bir idman qələbəsi,
xüsusilə, mötəbər beynəlxalq yarışlarda
qazanılmış qələbə ölkəmizdə milli
qüruru, milli ruhu yüksəldir. Ona görə
idmanın hər bir ölkənin həyatında çox
önəmli rolu var”.
Nurəngiz
ADİLQIZI
Respublika.- 2021.- 26 may.- S.4.