“Nizamidən
Yunusa: bir olmaq” mövzusunda videokonfrans təşkil edilib
Mayın
25-də Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Nizamidən Yunusa: bir olmaq”
mövzusunda videokonfrans
təşkil edilib. Azərbaycanın mədəniyyət naziri Anar Kərimov,
Türkiyənin mədəniyyət
və turizm naziri Mehmet Nuri
Ersoy və iki ölkənin tanınmış elm adamları
iştirak edib.
Mədəniyyət Nazirliyindən
AZƏRTAC-a bildirilib ki,
konfransı açıq
elan edən Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç bu il mayın
7-də Bakıdakı Beynəlxalq
Muğam Mərkəzində
“Nizamidən Yunusa. Birlik ilə baxmaq” adlı tamaşanın təqdim edildiyini qeyd edib. Bildirib ki, bugünkü
konfransda iki dahi - Nizami Gəncəvi
və Yunus Əmrənin bəşəri
ideyaları yenidən
diqqət mərkəzində
olacaq.
Yunus Əmrə İnstitutunun
(Türkiyə) rəhbəri,
professor Şərəf Atəş
çıxış edərək
konfransı ortaq mədəni mirasımız
olan şairlərimizin
təbliği baxımından
əlamətdar hadisə
kimi dəyərləndirib:
“İnsanlığı sevmək,
bəşəri ideyaları
təbliğ etmək
türk coğrafiyası
alimləri üçün,
mütəfəkkirlərinin hər zaman ilkin mövzusu olmuşdur. Azərbaycan adının özündə
belə can sözü
keçir və dolayısı ilə bu bizim dünyaya
anlada biləcəyimiz
önəmli bir dəyərdir. Yunus Əmrə və
Nizami Gəncəvi bənzərsiz əsərləri
və ideyaları ilə yaşadıqları
dövrü adlayaraq böyük şair olduqlarını bir daha sübut ediblər. Nizami “Xəmsə”si ilə
dünya ədəbiyyatına
yeni bir səs gətirən şairdir. Hər iki mütəfəkkir
bizim ortaq mirasımızdır”.
Konfransda çıxış edən
Azərbaycanın mədəniyyət
naziri Anar Kərimov mötəbər
bir konfransın təşkilinə görə
Bakı Yunus Əmrə İnstitutuna təşəkkürünü bildirib.
Türk
xalqlarının mədəni
birliyi və siyasi həmrəyliyi ideyasının böyük
tərəfdarı, Azərbaycan
xalqının ümummilli
lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirlərini
xatırladan nazir deyib ki, Nizami
Gəncəvi və Yunus Əmrə kimi dahi söz-sənət
adamlarının həyat
və fəaliyyəti
təsdiq edir ki, bu birlik
təkcə siyasi, hərbi, iqtisadi deyil, mədəni sahədə də çoxəsrlik tarixə
malikdir: “Xalqlarımız
kimi şairlərimiz,
şeirimiz, ümumən
mədəniyyətlərimizin də taleyi bir-biri ilə qırılmaz tellərlə
bağlıdır və
çağımızda bu
bağlılıq uğurlu
gələcəyimizin əsasında
dayanır. Nizami Gəncəvi və
Yunis Əmrə yaradıcılığı təkcə
ədəbi-bədii fakt
olmayıb, həm də milli şüurun
formalaşmasında bəlli
bir mərhələnin
göstəricisidir. Osmanlı dövləti
Səlcuqlu dövlətinin
varisi olduğu kimi, Yunus Əmrə
də, əslində,
Nizaminin mənəvi varisi idi”.
Nazir qeyd edib ki, milli
müəyyənliyin əsas
göstəricilərindən biri dildir. Nizami dövrün ənənəsinə
uyğun olaraq öz hikmətlər xəzinəsi olan “Xəmsə” və lirik şeirlərini fars dilində, Azərbaycan şairindən
bir qədər sonra yaşamış Yunus Əmrə isə türk dilində yazsa da, türkçülük
ruhu onların hər ikisinin bədii düşüncəsindən
qızıl xətlə
keçir: “Nizaminin tanınmış tədqiqatçılarından
Yevgeni Bertelsin dili ilə desək,
o, türkcə düşünüb,
farsca yazırdı və məhz bu daxili dil
amili onu türkcə yazıb-yaradan
Yunus Əmrə ilə analoji düşüncə məkanına
gətirirdi”.
Nizami Gəncəvi və Yunus Əmrənin timsalında Azərbaycan-Türkiyə
qardaşlığını önə çəkən
Anar Kərimov bu ilin mart ayında
Türkiyəyə rəsmi
səfərində də
bu qardaşlığın
bir daha şahidi olduqlarını
diqqətə çatdırıb:
“Hörmətli mədəniyyət
və turizm nazirinə qonaqpərvərliyə
görə bir daha təşəkkürümü
bildirirəm. İnanıram ki, bu konfrans,
eləcə də bəlli istiqamətdə ilin sonuna qədər
həyata keçiriləcək
layihələr xalqlarımızın
tarixi-mədəni birliyinin
təsdiqi və möhtəşəm nümayişinə
çevriləcək. Diqqətinizə görə hər
birinizə minnətdarlığımı
bildirir, konfransın işinə uğurlar diləyirəm”.
Türkiyə Cümhuriyyətinin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Türk dünyası ədəbiyyatının dəyərli təmsilçilərinə həsr edilən konfransa qatıldığına görə məmnunluğunu ifadə edib. O söyləyib ki, bu əlamətdar il bizi bizə anlatmaq üçün bir fürsət yaradıb. Bu konfrans həmin fürsəti dəyərləndirmək üçün atılan addımlardan biridir: “Bu gün geriyə baxsaq, türk dövlətlərinin idarəsi altında olan torpaqların genişliyi qədər mədəniyyətimizin izinin genişliyini də görə bilərik. Çünki biz millət olaraq hər zaman əxlaq, ədalət və firavanlıq kimi ənənələrimizi yaşatmışıq. Bizə elmi ilə, sənəti ilə bunun qapısını açanlar isə heç bir zaman unudulmayacaq qədər dərin fəlsəfi anlama malik mütəfəkkirlərdir. Onları yaşatmaq, təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məsuliyyətini hər birimiz vətəndaş olaraq daşıyırıq. Nizami insanların qəlbinə yol tapmış bir könül memarıdır. Bu gün, təəssüf ki, dünyanın hər yerində insanların qəlbinə kölgə salmaqda olan bir qaranlıq var. Nifrətdən, kindən bəslənən bir qaranlıq. Yunusda və Nizamidə əks etdirilən mədəniyyətimiz bu xəstəliyə daha əsrlər öncə qalib gələ bildi. Bizim ümumbəşəri hisslər aşılayan və sülhə səsləyən mədəniyyətimiz var. Sonda isə Azərbaycanın Mədəniyyət Nazirliyinə konfransa dəstəklərinə görə təşəkkürümü bildirirəm”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında dedi ki, Nizami və Yunus Əmrəyə həsr edilən illərin iki xalq olaraq bir arada qeyd edilməsi əlamətdar tarixdir.
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Yunus Əmrə və Nizamini Türk dünyasının ortaq fəxrləri adlandırıb. Vurğulayıb ki, Avropa Balzak, Şekspir, Homerlə fəxr etdiyi kimi, Türk dünyası da Nizami və Yunus Əmrə ilə fəxr edir.
Türkiyəli ədəbiyyatşünas Mustafa Özçelik bildirib ki, hər iki şairin ədəbi irsi insanları cəhalətdən eləmə çağırır.
Videokonfransın sonunda Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç iştirakçılara öz təşəkkürünü bildirib.
AZƏRTAC
Respublika.- 2021.- 26 may.- S.6.