Şərqin ilk demokratik dövləti - Azərbaycan Xalq Cümhuriyyəti

 

 

“Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır. Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

 

Heydər ƏLİYEV,

 

Ümummilli lider.

 

 

 

28 May — Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı düz 103 il əvvəl bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.  Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

 

Müsəlman Şərqində ilk respublika - Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycanın müstəqilliyi haqqında “İstiqlal bəyannaməsi”ni qəbul etdi. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edildi, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirildi, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapdı. Bu sənəd Azərbaycan millətinin millət-mədəniyyət statusundan tamamilə başqa siyasi-hüquqi və mənəvi-psixoloji statusa - millət-dövlət statusuna qədəm qoyduğunu göstərdi. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi. “İstiqlal bəyannaməsi”ni qəbul edən Milli Şura Azərbaycan hökumətini təşkil etməyi bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Cənubi Qafqazın özünü müstəqil elan etmiş üç dövləti - Azərbaycan, Gürcüstan və Ermənistanın nümayəndələri Batumda Osmanlı dövləti ilə danışıqlar apararaq iyunun 4-də ayrı-ayrılıqda müqavilə imzaladılar. Müqaviləni Azərbaycan tərəfindən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.Hacınski imzaladılar. Müqavilənin şərtləri Ermənistan və Gürcüstan üçün çox ağır idi, Azərbaycanla Osmanlı dövləti arasında isə “daimi sülh və dostluq münasibətləri”ni bərqərar edirdi. Nəhayət, 1920-ci il yanvarın 11-də Parisdə Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın istiqlaliyyətinin de-fakto tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Yanvarın 14-də bu xəbər Azərbaycana çatdırıldı və parlament onu təntənəli şəkildə qeyd etdi. Bu hadisə münasibətilə ümumi amnistiya elan edildi. Yanvarın 19-da Azərbaycanın və Gürcüstanın rəsmi nümayəndələri Paris Sülh Konfransı Ali Şurasının iclasına dəvət edildilər. Antanta Cənubi Qafqazın yeni dövlətlərini tanımaqla onları xarici təcavüzdən qorumaq üçün öz üzərinə öhdəliklər götürdü. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruluşu parlamentli respublika idi. Yeni yaranmış dövlət öz fəaliyyəti dövründə “türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyası uğrunda mübarizə aparırdı. Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisi 97,3 min kvadratkilometr idi. Gürcüstanla 8,7 min kvadratkilometr, Ermənistanla isə 7,9 min kvadratkilometr həmsərhəd ərazi Azərbaycan hökuməti tərəfindən mübahisəli torpaq sayılırdı. Azərbaycanın əhalisi 2 milyon 862 min nəfər idi ki, onun 70 faizini müsəlmanlar təşkil edirdi. 1920-ci ilin aprelində Denikinin qoşunlarını məğlub edən XI ordu Azərbaycan sərhədlərinə yaxınlaşdı. Həmin günlərdə A.Mikoyan başda olmaqla, Bakı bolşevikləri Azərbaycan xalqı adından XI ordunu Azərbaycana dəvət etdilər. Qabaqcadan razılaşdırılmış plana görə, ordu Bakıda bolşevik qiyamının başlanmasından 1-2 gün sonra Azərbaycana soxulmalı idi. Bununla da dünya ictimaiyyətində belə bir rəy yaradılacaqdı ki, Azərbaycan hökuməti xarici hərbi müdaxilənin deyil, daxili qiyamın qurbanı olmuşdur. Lakin Bakıda qiyam başlanmamış - aprelin 26-dan 27-nə keçən gecə XI ordu hissələri Azərbaycan ərazisinə daxil olub Bakıya doğru irəliləməyə başladılar. Sərhəd qüvvələrindən ibarət azsaylı Azərbaycan ordu hissələri düşmənə müqavimət göstərə bilmədi və 28 apreldə Şərqdə ilk müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.

 

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti 18 gün Tiflis şəhərində, təxminən 3 ay Gəncə şəhərində, 19 aydan bir az artıq isə Bakı şəhərində fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin Milli İslam Şurası, Nazirlər Şurası Tiflis, Gəncə və Bakıda fəaliyyət göstərdiyi dövrdə 642-dən artıq hüquqi akt qəbul etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Müvəqqəti hökuməti Gəncədən Bakı şəhərinə köçdükdən sonra isə parlamentin təşkili işinə başlanmışdır. Parlament 17 aylıq fəaliyyəti dövründə 145 iclas keçirmişdir. Bu müddətdə 270-dən artıq qanun layihəsi müzakirəyə çıxarılmış, onlardan 230-a yaxını təsdiq edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası hətta, bir sıra hallarda məhkəmə aidiyyəti barədə də qərar qəbul edirdi.

 

1918-ci il may ayının 28-də Azərbayc

 

anın istiqlaliyyətinin elan edilməsi xalqımızın tarixində və taleyində çox mühüm siyasi hadisə idi. Azərbaycan Demokratik Respublikasının elan edilməsi milli tariximiz üçün çox əhəmiyyətlidir. Hər şeydən əvvəl ona görə ki, millətimizin şərəfi xilas edildi və böyük bir təhlükədən qurtulduq. O zaman Rusiyada baş vermiş inqilablar imperiyanı dağıtmışdı. Belə bir şəraitdə ya öz müstəqilliyini elan edib milli dövlətini yaratmalı, ya da hansısa dövlətin müstəmləkəsinə çevrilməli idik. Yeganə yol Azərbaycan Demokratik Respublikasının elan edilməsi idi. Beləliklə, Azərbaycan Demokratik Respublikası bütün Şərqdə, islam və türk dünyasında ilk demokratik respublika oldu. XIX əsrin əvvəllərində itirilmiş milli dövlətçiliyin bərpası faktı millətin taleyində mühüm hadisə kimi təqdirəlayiq idi. Milli dövlətçiliyin bərpası kimi yaradılmış ADR qısa vaxtda öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan demokratik respublikaya çevrildi. Tarixi faktlar da təsdiqləyir ki, Azərbaycan Demokratik Respublikası bu dövrdə yaranmış milli respublikalar içərisində ən demokratik dövlət idi. Azərbaycanda yaşayan bütün xalqlar və bütün siyasi partiyalar parlamentdə təmsil olunurdu. Digər tərəfdən ADR ənənəvi tarixi ərazilərimizə sahib durmuşdu. Eyni zamanda Azərbaycanın milli sərvətlərindən xalqımızın mənafeyinə uyğun istifadə edilirdi.

 

ADR-in müstəqilliyinin elan olunmasından 23 ay sonra - 1920-ci ilin aprelində xarici təcavüz nəticəsində beynəlxalq münasibətlərə və beynəlxalq hüquqa zidd olaraq dünya ölkələri tərəfindən tanınmış suveren dövlət - Azərbaycan Demokratik Respublikası zorla, silah gücünə devrildi. Hakimiyyət bolşeviklər tərəfindən qəsb edildi.

 

Bəli, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il keçir. Bir əsr ərzində ölkəmiz və xalqımız keşməkeşli ömür yaşadı, ancaq qırılmadı. Həqiqətən də xalqımız bir daha hürriyyət və azadlıq eşqini XX əsrin sonunda, yəni 1991-ci il oktyabrın 18-də ikinci dəfə öz dövlət müstəqilliyini elan edəndə dünyaya nümayiş etdirdi. Lakin bu dəfə də böyük qurban və itkilər hesabına əldə olunan müstəqilliyimizin itirilməsi təhlükəsi yarandı, yenə də daxili başıpozuqluq, xarici müdaxilə, bədnam qonşularımızın işğalçılıq siyasəti respublikamızı çətin vəziyyətə saldı.

 

1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın təkidi ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ilin yayında tarixi xilaskarlıq missiyasını öz üzərinə götürməsi və bu missiyanı müdrikliklə reallaşdırması müstəqillik tariximizin öz dəyərini heç zaman itirməyəcək səhifələrindən birini təşkil edir. Bir tərəfdən ölkə daxilində ictimai-siyasi sabitliyin böhran halına çatması, bir tərəfdən erməni hərbi təcavüzünün genişlənməsi, digər tərəfdən də Azərbaycanın ərazi bütövlüyünün qarantı olacaq milli ordu daxilində özbaşınalıq və parçalanmalar və digər məqamlar müstəqil dövlət quruculuğunu, ən başlıcası, müstəqilliyin özünün qorunmasını çox ciddi çətinliklər qarşısında qoymuşdu. Belə bir mürəkkəb şəraitdə böyük siyasi xadim, müdrik dövlət rəhbəri yorulmaz və səmərəli fəaliyyəti ilə ölkəni bu vəziyyətdən çıxardı və Azərbaycanın müstəqilliyini dönməz və əbədi etdi. Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlandı. Ulu öndərimizin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, sənaye müəssisələrinin bərpasına, yeni istehsalat sahələrinin formalaşmasına, özəl sektorun inkişafına güclü təkan verdi. Ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması və həyata keçirilən islahatlar xarici investorların respublikamızda fəaliyyət göstərmələrinə də əlverişli şərait yaratdı. İmzalanan neft müqavilələri, reallaşan iqtisadi proqramlar hesabına Azərbaycan qısa zamanda tərəqqi etdi, gücləndi.

 

Müstəqillikdən sonra xalqımızın əldə etdiyi böyük nailiyyətlərdən biri də 1995-ci ildə referendum yolu ilə qəbul olunan ilk milli Konstitusiyamızdır. Müasir Azərbaycan dövlətinin memarı ulu öndər Heydər Əliyevin şəxsi rəhbərliyi altında hazırlanmış ölkəmizin Əsas Qanunu beynəlxalq standartlara cavab verən mütərəqqi bir Konstitusiyadır. Müstəqil dövlətin həyatında Konstitusiyanın oynadığı rolu yüksək qiymətləndirən Heydər Əliyev səlahiyyətli tərkibdə Konstitusiya Komissiyası yaratdı və layihə ulu öndərin rəhbərliyi ilə geniş ictimaiyyətin müzakirəsinə verildi. 12 noyabr 1995-ci ildə Azərbaycanda çoxpartiyalı əsaslarla parlament seçkiləri keçirildi və eyni vaxtda referendum yolu ilə müstəqil Azərbaycanın Əsas Qanunu - Konstitusiyası qəbul olundu.

 

Ulu öndərin strateji siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti dünyanın tanınmış ictimai-siyasi xadimləri tərəfindən yüksək qiymətləndirilir. Möhtərəm Prezidentimizin bütün fəaliyyəti Azərbaycanın dünya birliyinə inteqrasiyasına, ölkəmizin mövqelərinin daha da möhkəmləndirilməsinə, əhalinin həyat səviyyəsinin yüksəlməsinə, Milli Ordunun qüdrətlənməsinə, ərazi bütövlüyümüzün təmin olunmasına, yeni iş yerlərinin açılmasına istiqamətlənib. Azərbaycan Prezidenti öz məntiqli diplomatik fəaliyyəti ilə Avropa inteqrasiyasına öz sadiqliyini nümayiş etdirir, münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini yeganə variant hesab etməklə sülh tərəfdarı olduğunu bəyan edir. Ölkəmiz dünyanın superdövlətləri ABŞ və Rusiya ilə və eləcə də regiondakı qonşu dövlətlərlə, həmçinin MDB üzrə tərəfdaşlarla qarşılıqlı şəkildə tamamlanan əlaqələrini möhkəmləndirməkdə davam edir.

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki bazasının yeniləşdirilməsi, hərbçilərin döyüş əhval-ruhiyyəsinin yüksəldilməsi, etibarlı hərbi-sənaye kompleksinin yaradılmasına böyük önəm verilir. Bu gün Cənubi Qafqazda ən güclü, ən qüdrətli ordu Azərbaycandadır. Bunu Azərbaycan əyani şəkildə sübut etdi.

 

Bu gün xalqımız 44 günlük müharibənin qələbə sevincini yaşayır. Ötən il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq şanlı ordumuzun başladığı əks-hücum əməliyyatı nəticəsində otuz ilə yaxın müddətdə işğalda olan torpaqlarımız azad edildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabit heyəti böyük şücaətlər göstərərək düşmən ordusunu darmadağın etdi. Azərbaycan əsgəri erməniləri kapitulyasiya bəyanatını imzalatdırıb qarşısında diz çökdürdü. Bu gün Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü tam təmin edib.

 

Müstəqillik hər birimiz üçün milli-mənəvi sərvətdir. Bu sərvəti qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək vətəndaşlıq borcumuzdur. Möhtərəm Prezidentimiz bununla əlaqədar demişdir: “Bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir. Bizim siyasətimiz çox açıqdır, aydındır. Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri bizim üçün prioritet məsələlərdir... Biz müstəqilliyi bərpa etmişik, qoruyub saxlaya bilmişik. Bu gün müstəqilliyi möhkəmləndiririk. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük dəyərdir”.

 

Ruhiyyə ƏSGƏROVA,

Sumqayıt Apelyasiya

Məhkəməsinin hakimi.

 

Respublika.- 2021.- 26 may.- S.8.