Müstəqillik ən böyük
sərvətimizdir
28 May-Respublika Günü Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının reallaşdığı bir gündür.
Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə istəyinə qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu. Şərqin ilk demokratik respublikasının təməlini qoydu. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik edən şəxslərin -Əlimərdan bəy Topçubaşovun, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri və Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
1918-ci ilin mayından 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını-azadlığını, müstəqilliyini və bütövlüyünü tələb etdi. Bu yolda məhrumiyyətlərə düçar edildi, şəhidlər verdi, lakin yolundan dönmədi.
1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Müstəqilliyi və qanı bahasına alınmış azadlığı qorumaq yolunda xalqımız təzyiqlərə məruz qaldı. Lakin azadlıq aşiqlərinin gərgin əməyi və mübarizəsi sayəsində əsrin sonunda Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.
1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi və ölkə müstəqilliyinin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu, iqtisadi inkişaf dövrü başlandı.
Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsi, sənaye müəssisələrinin bərpasına, yeni istehsalat sahələrinin formalaşmasına, özəl sektorun inkişafına güclü təkan verdi. Ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması və həyata keçirilən islahatlar xarici investorların respublikamızda fəaliyyət göstərmələrinə də əlverişli şərait yaratdı. İmzalanan neft müqavilələri, reallaşan iqtisadi proqramlar hesabına Azərbaycan qısa zamanda tərəqqi etdi, gücləndi.
Ulu öndər Heydər Əliyev hər zaman dövlət və milli maraqları əsas tutaraq düşünülmüş, çevik xarici siyasət aparmışdır. Azərbaycanda milli mənafelərə əsaslanmaqla həyata keçirilmiş xarici siyasət kursunun prioritet istiqaməti müstəqil və güclü dövlət modelinin praktik surətdə reallaşdırılmasına yönəlmiş, respublikamız beynəlxalq normalara istinad edərək dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərini yüksək dinamizmlə inkişaf etdirmək xəttinə üstünlük vermişdir.
Müstəqillik hər birimiz üçün milli-mənəvi sərvətdir. Bu sərvəti qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək vətəndaşlıq borcumuzdur. Prezident cənab İlham Əliyev bu barədə demişdir: “Bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir. Bizim siyasətimiz çox açıqdır, aydındır. Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri bizim üçün prioritet məsələdir. Biz müstəqilliyi bərpa etmişik, qoruyub saxlaya bilmişik. Bu gün müstəqilliyi möhkəmləndiririk. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük dəyərdir”.
Rəsul BAYRAMOV,
“Səyyar-A” MMC-nin
direktoru.
Respublika.- 2021.- 26 may.- S.8.