Qalib Azərbaycan Ordusunun
yenilməz əsgəri Naxçıvandan Şuşaya
qədər şərəfli döyüş
yolu keçənlər
Vətən müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, düşməni torpaqlarımızdan qovduq. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Naxçıvanlılar da İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”. Naxçıvan döyüşçüləri qətiyyətli mübarizəni davam etdirərək Şuşaya qədər şöhrətli döyüş yolu keçib, Qarabağın digər şəhər və rayonlarının azad edilməsində müstəsna xidmətlər göstəriblər. Düşmənin yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv ediblər. Bu Qəhrəmanlarımızla qürur duyuruq!
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir müddət əvvəl 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüb bu parlaq Qələbə münasibətilə əsgərləri şəxsən təbrik etmiş, onlara təşəkkürünü bildirmiş, həyatlarını risk altına atmaqla, böyük şücaət göstərib düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətləri olduğunu vurğulamışdı: “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah sizə şəfa versin! Allah bütün yaralı əsgər və zabitlərimizə şəfa versin!”.
Rəşadətli Ordumuz Vətən müharibəsində əsl qəhrəmanlıq nümayiş etdirdi. Azərbaycan əsgəri Ali Baş Komandanının hər çıxışından güc aldı, döyüş meydanında yüksək peşəkarlıq və mərdlik göstərərək düşmənə layiqli cavab verdi. Ordumuz tərəfindən aparılan əks-hücum əməliyyatlarında ermənilərin 30 ildə yaratdığı müdafiə sistemi, texnika və muzdlu döyüşçüləri də heç bir işə yaramadı, düşmənin mövqeləri darmadağın edildi, torpaqlarımız işğaldan azad olundu. Prezident İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərildiyini, onun göstərişilə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradıldığını, ordunun ən müasir silah və texnika ilə təchiz olunduğunu vurğulayıb. Bu gün Naxçıvan ordusunda olan hərbi texnikanın, bəlkə də, bəzi qabaqcıl ölkələrdəki texnikadan üstün olduğunu bildirib. Qeyd edib ki, Naxçıvana ən son texnologiyaya əsaslanmış texnikalar gətirilir. Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir və üç il bundan əvvəl uğurla keçirilmiş Günnüt əməliyyatı, Vətən müharibəsində möhtəşəm iştirakı bunun bariz nümunəsidir. Günnüt əməliyyatı sayəsində önəmli strateji yüksəkliklər Ermənistan ordusundan təmizləndi, mühüm əhəmiyyətli yüksəkliklər əldə olundu. Bu yüksəkliklər imkan verdi ki, artıq strateji kommunikasiyalara tam nəzarət edək və Ermənistandan Dağlıq Qarabağa gedən yol da nəzarətə götürüldü. Dövlət başçısı həmçinin vurğulayıb ki, İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi: “Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır”.
Aprel döyüşlərindən sonra daha bir uğurla keçən Günnüt əməliyyatından başlayan döyüş yolu Vətən müharibəsində yüksək peşakarlıqla, əzmlə, bacarıqla davam etdi. Döyüş salnaməsinə Günnüt əməliyyatının ardınca neçə-neçə qələbə soraqlı əməliyyatların adları yazıldı. Ən mühüm uğur isə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı tarixi qələbəmizdir. Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan qədim Şuşanın işğaldan azad edilməsinin ardınca böyük Qələbənin qazanılması xalqımızın tarixində yeni bir əbədi tarix yazdı. Bu böyük zəfər nəticəsində torpaqlarımız erməni işğalından azad olundu. Prezidentimizin bu tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizdə böyük sevinc və qürur hissi yaşatdı. Azərbaycan Ordusunun qəhrəman əsgər, çavuş, gizir, zabit və generalları yüksək peşəkarlığa, Vətən sevgisinə malik olduqlarını bütün dünyaya əyani şəkildə göstərdi və sübut etdilər.
Bu müharibə vətənpərvərlik hissi ilə alışıb yananların, torpaq uğrunda ölən varsa, vətəndir deyənlərin, şəhidlik zirvəsini arzulayanların, istəyi qalib olmaq olanların, ölümün gözünə dik baxanların, mübarizliyi, qəhrəmanlığı bizə öyrədənlərin savaşı kimi tarixə düşdü. Müzəffər Ali Baş Komandanın hər Qələbə müjdəsindən sonra küçə və meydanlara axışan insan selinin sevinc və qürur hissinin yaddaşlara həkk olunmasının ifadəsi idi. Vətən müharibəsi üçrəngli bayrağımızın Cəbrayılda, Hadrutda, Füzulidə, Zəngilanda, Şuşada, Ağdamda, Kəlbəcərdə və Laçında dalğalanması Ali Baş Komandanımız İlham Əliyevin yüksək və məğlubedilməz sərkərdəlik qabiliyyətinin, ordumuzun, xalqımızın sarsılmaz gücünün, möhkəm iradəsinin, monolit birliyinin və vəhdətinin çox parlaq bir nümunəsidir. Qazanılmış böyük Zəfər Azərbaycanın bütövlüyü uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Ona görə də bu müharibə haqlı olaraq xarakteri etibarilə Vətən müharibəsi adlandırılır. Bu müharibənin qalibləri Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və müzəffər Azərbaycan Ordusu, Azərbaycan əsgəridir.
Prezident İlham Əliyev müsahibəsində indiyə qədər açıqlanmayan məlumatlar barədə də danışıb: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda, mən onu da bildirməliyəm, yəni, artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var”.
Bu tarixi şanlı qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək və heç vaxt unudulmayacaq. Bu Qələbənin qazanılmasında şanlı və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları və Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizi həmişə minnətdarlıq hissi ilə xatırlayacaq.
Mustafa KAMAL
Respublika.- 2021.- 27 may.- S.4.