Azərbaycan xalqına sülh və əmin-amanlıq diləkləri

 

 

Respublika Günü münasibətilə dövlət başçısına göndərilən təbriklərdə cənab İlham Əliyevin ölkələr arasındakı əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səyləri yüksək qiymətləndirilir

 

 

 

28 may 1918-ci ildə Şərqdə ilk demokratik ölkə olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə parlamentli respublika kimi yeni bir dövlətçilik ənənəsinin əsası qoyuldu. Cəmi 23 ay yaşamasına baxmayaraq, bu respublika milli dövlətçilik sahəsində bir sıra zəruri tədbirlər həyata keçirməyə, Azərbaycanı beynəlxalq səviyyədə bütün dünyada tanıtmağa nail oldu. 1918-ci ilin 28 mayında dünyaya elan edilən İstiqlal Bəyannaməsində çox dəyərli hüquqi, demokratik məqamlara böyük önəm verən ümummilli lider Heydər Əliyev demişdir: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan  torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır. Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika Günü elan etmişikbu, bizim milli bayramımızdır”.

 

 

 

Bu gün ümummilli liderin strateji siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin bütün fəaliyyəti Azərbaycanın dünya birliyinə inteqrasiyasına, ölkənin mövqelərinin daha da möhkəmlənməsinə, əhalinin həyat səviyyəsinin yüksəlməsinə, Milli Ordunun qüdrətlənməsinə, ölkənin ərazi bütövlüyünün təmin olunmasına istiqamətlənib. Rəsmi Bakı bütün regional münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini yeganə variant hesab etməklə sülh tərəfdarı olduğunu bəyan edir. Cənab İlham Əliyev Azərbaycanın və regionun gələcəyi, inkişaf perspektivləri, qonşu dövlətlərlə münasibətlərə və beynəlxalq birliyin gündəliyində olan aktual məsələlərə böyük diqqət ayırır. Bunu Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə dünyanın aparıcı ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatlarının rəhbərlərinin Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə göndərilən təbrik məktublarındakı fikirlər də bir daha təsdiqləyir.

 

Amerika xalqı adından Zati-alilərinə və Azərbaycan xalqına 28 May - Respublika Günü münasibətilə ABŞ Prezidenti Cozef R.Baydenin təbrikində deyilir ki, bu il Azərbaycanın müstəqilliyinin 1991-ci ildə bərpa edilməsindən 30 il keçir. Bu müddət ərzində Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerjidemokratik idarəetmə məsələlərində birlikdə çalışıblar: Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq. ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qalırıq”.

 

Qeyd edək ki, 2001-ci il 20 dekabr tarixində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Əfqanıstanda terrora qarşı mübarizənin təşkili ilə əlaqədar müvafiq qətnamə qəbul etmişdir. Bundan sonra Azərbaycan da həmin prosesə qoşuldu. Dövlətimiz Azərbaycanın Silahlı Qüvvələrinin antiterror əməliyyatlarında bilavasitə iştirakı ilə bağlı qərar qəbul etdi. Ulu öndər Heydər Əliyevin Azərbaycan sülhməramlı taqımının Əfqanıstana göndərilməsi barəsində təklifi Milli Məclisdə qəbul edildi və 2002-ci il noyabr ayının 20-də sülhməramlı taqımımız Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin tərkibində keçirilən əməliyyatlarda iştirak etmək üçün Əfqanıstana yola düşdü. Beləliklə, Azərbaycan sülhməramlıları sayca 22-ci dövlətin nümayəndəsi oldu. Hərbçilərimiz Türkiyə taborunun tərkibində Kabul şəhərinin mərkəzində avtomobillər vasitəsilə və piyada uğurlu patrul xidməti həyata keçirirdi.

 

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən strateji siyasətinin ən layiqli davamçısı Prezident İlham Əliyev də respublikamızın NATO ilə əməkdaşlığının inkişaf etdirilməsinə böyük önəm verir. Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq formatı “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər. Hərbi ekspertlərin dəyərləndirmələrinə görə, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində keçirilən təlimlərdə iştirak Azərbaycan Silahlı Qüvvələri zabitlərinin bilik və vərdişlərinin artırılmasına yardım edir, ümumilikdə isə ölkənin NATO standartlarına inteqrasiyası üçün zəmin yaradır.

 

Yeri gəlmişkən, bu il aprelin 28-də isə ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək, bir neçə məsələlərlə yanaşı ölkəmizin Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirmişdir. Cavab olaraq dövlət başçımız qeyd etmişdir ki, regional təhlükəsizlik sahəsində əməkdaşlığa böyük əhəmiyyət verən Azərbaycan Əfqanıstanda sülhməramlı missiyanın fəaliyyətə başladığı ilk mərhələdən ölkəmizin oradakı iştirakının önəmini vurğulamışdır.

 

Milli bayram münasibətilə Zati-aliləri cənab İlham Əliyevə və Azərbaycan xalqına səmimi təbriklərini, ən xoş arzularını çatdıran Çin Xalq Respublikasının Sədri Si Cinpinin məktubunda deyilir ki, hazırda Çin-Azərbaycan münasibətlərində fəal inkişaf dinamikası müşahidə olunur: “Ölkələrimiz hər iki tərəfin əsas maraqlarına aid məsələlərdə bir-birini dəstəkləyir. “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə ölkələrimizin əməkdaşlığı dərinləşməkdə davam edir, COVİD-19 pandemiyasına qarşı birgə mübarizədə nəzərəçarpacaq nəticələr əldə olunub. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram”.

 

Çinlə ikitərəfli münasibətlərə böyük önəm verən Azərbaycan Prezidenti Si CinpininBir kəmər, bir yol” təşəbbüsünü ictimai şəkildə dəstəkləyən birinci dövlət başçısıdır və Azərbaycan artıq həmin təşəbbüsün fəal iştirakçısıdır. Bu, Çin-Azərbaycan münasibətlərində yeni bir istiqamətdir. Bir neçə dəfə Çində səfərdə olan cənab İlham Əliyev Prezident Si Cinpinlə bir sıra görüşlər keçirib, fikir mübadiləsi aparıb və ölkələrimiz arasında konstruktiv dostluq münasibətləri yaranıb. Azərbaycan ilə Çin arasında siyasət, ticarət, sərmayə qoyuluşu sahələrində çoxsaylı sənədlər imzalanıb. Çin COVİD-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanın peyvənd ilə təmin olunmasına böyük dəstək verib. Azərbaycan pandemiya ilə mübarizədə öndə gedən ölkələrdəndir. Peyvənd olunanlar ümumi əhalimizin təqribən 20 faizini təşkil edir və istifadə olunan peyvəndlər 99 faiz Çin istehsalıdır. Azərbaycanda beynəlxalq Azad Ticarət Zonasının təməli qoyulur. Bu gün Çin və digər dost ölkələrdən olan şirkətlər oraya sərmayə qoyuluşu imkanını nəzərdən keçirir. İşğaldan azad olunan ərazilərdə yenidənqurma işlərinə cəlb edilən beş ölkədən olan şirkətlər arasında Çin şirkəti də var. Bu yaxınlarda ölkəmizdə başlanan “ağıllı kənd” layihəsi çərçivəsində ÇininHuawey” şirkəti öz texnologiyasını təqdim edəcək. Azərbaycanın dünyanın 3-4 ölkəsində ticarət nümayəndəliyi var ki, bunlardan biriÇindir.

 

Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbası Nursultan Nazarbayev Azərbaycanın sosial-iqtisadi inkişafında və beynəlxalq arenada nüfuzunun artırılmasında Azərbaycan Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyinin önəmli töhfələrini qeyd edir, ölkəmizin daha yüksək zirvələrə çatdırılması istiqamətindəki fəaliyyətində dövlətimizin başçısına böyük uğurlar arzulayır: “Əminəm ki, ölkələrimiz arasında ümumi mənəvi dəyərlərə və dostluğa, həmçinin strateji tərəfdaşlığa söykənən hərtərəfli qarşılıqlı faydalı əlaqələr xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək”...

 

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikası ilə sıx əlaqələri yüksək qiymətləndirir və məqsədi islam dəyərlərinin birgə təşviqi olan qurumun fəaliyyətinin dəstəklənməsi işində ölkənizin rolunu təqdir edir. İƏT üzv dövlətlərin ümumi dəyərlərinin təbliği və ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək, - öz təbrikində bu fikirlərə yer verən İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin bir daha əminliyini ifadə edir ki, Zati-aliləri cənab İlham Əliyev üzv ölkələrin xalqları arasında həmrəyliyin möhkəmləndirilməsinə və birgə islam fəaliyyəti üçün yeni üfüqlərin açılmasına dəstəyini və töhfələrini bundan sonra da əsirgəməyəcək.

 

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Prezident Zati-aliləri cənab İlham Əliyevə göndərilən səmimi təbriklərdə səslənən fikirlərlə dünyanın aparıcı ölkələrinin və nüfuzlu beynəlxalq təşkilatlarının rəhbərləri bir daha Azərbaycanın dünyada, beynəlxalq münasibətlərdə önəmli rolunu, qlobal iqtisadihumanitar layihələrdə liderliyini, siyasiiqtisadi potensialını göstərirlər və dövlət başçısının nüfuzuna və fəaliyyətinə yüksək qiymət verirlər.

 

 

 

Şükür ƏLİZADƏ

 

Respublika.- 2021.- 27 may.- S.4.