Görkəmli alim, tanınmış ictimai-siyasi xadim

 

Görkəmli alim, xüsusən ictimai-siyasi sahədə dünyanın bir çox nüfuzlu qurumlarında söz sahibi olmaq, hər bir ziyalıya nəsib olmur. Haqqında söz açmaq istədiyim uşaqlıq dostum Asəf Hacıyevin 70 yaşının necə gəldiyini hiss etmədim. Ancaq baxırsan ki, bu illər arxada qalmış, həyatda müxtəlif nailiyyətlər əldə etməklə yanaşı, bəzi çatışmayan cəhətlərimiz də bizimlə yaşamaqdadır.

 

 

 

Məktəb illərini başa vurduqdan sonra Asəf Hacıyev doğmalarının gözlədiyinin əksinə olaraq Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin tələbəsi adını qazandı və 1973-cü ildə universiteti əla qiymətlərlə bitirərək aspiranturaya daxil oldu. Sözsüz ki, bu addımlar təsadüfi deyildi, çünki Asəf Hacıyevin böyüyüb başa çatdığı ziyalı mühiti buna şərait yaratmışdı.

 

Onun atası professor Hacı Hacıyev uzun illər Azərbaycan Dövlət Aqrar Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində çalışmış, Asəf müəllim alimlər mühitində formalaşmışdı. O keçmiş İttifaqın ən nüfuzlu universitetlərindən birinə daxil olmaqla öz gələcək elmi istiqamətini aydınlaşdırdı. 1979-cu ildə namizədlik dissertasiyasını uğurla başa vurub öz elmi işlərini dünyanın ən nüfuzlu alimlərindən biri olan Kolmaqorovun məktəbində davam etdirdi və 1993-cü ildə N.Bauman adına Moskva Dövlət Texniki Universitetində elmlər doktoru dissertasiyasını uğurla müdafiə etdi. 1979-cu ildə vətənə qayıdaraq Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda çalışmış, 1980-ci ildə Azərbaycan Lenin Komsomolu mükafatı laureatı olmuşdur.

 

1990-cı ildən İdarəetmə Sistemləri İnstitutunda laboratoriya müdiri, sonra şöbə müdiri vəzifələrində çalışmış, 1988-ci ildə Bernulli adına Ümumdünya Riyazi StatistikaEhtimal Cəmiyyətinin üzvü seçilmişdir. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir, 2014-cü ildən Akademiyanın həqiqi üzvüdür.

 

Asəf müəllim respublikamızda gənc kadrların yetişməsində böyük əmək sərf etmiş, İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri olmuşdur. Onun rəhbərliyi altında 8 fəlsəfə və 4 elmlər doktoru dissertasiyaları müdafiə edilmişdir.

 

Alimin apardığı elmi-tədqiqat işlərinin mühüm nəticələri dünya alimləri tərəfindən qəbul edilərək o, müxtəlif elmi mərkəzlərə: ABŞ-ın Berkli, Corc Vaşinqton, Cənubi Kaliforniya, Linkoln universitetləri, İsveçin Kral Texnologiya İnstitutu, Stokholm, Çalmers universitetləri, Almaniyanın Münhen, Humbolt universitetləri, Portuqaliyanın Lissabon, Nova universitetləri, Çinin Çenqdu, Hong-Kong City universitetləri, Türkiyənin Boğaziçi, Ortadoğu, Koç universitetlərinə dəvət olunmuş, orada ingilis, rustürk dillərində mühazirələr oxumuş və birgə elmi araşdırmalar aparmışdır.

 

Asəf Hacıyev dünyanın nüfuzlu nəşriyyatlarında 4 kitab və 150-dən çox elmi məqalə nəşr etdirmişdir. “Şpringer” nəşriyyatında çap olunmuş 10 kitabın redaktorudur.

 

Akademik Asəf Hacıyev 2004-cü ildə Nobel mükafatı laureatı Əbdüs Salamın yaratdığı Üçüncü Dünya ölkələri Elmlər Akademiyasına və 2005-ci ildən Əbdüs Salam adına fizika üzrə beynəlxalq elmi mərkəzə üzv seçilmişdir ki, bu da Azərbaycan aliminin ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsi üzrə dünyada nüfuza malik olduğunu bir daha sübut edir.

 

Asəf müəllim Gəncə şəhərindən 3 dəfə Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilmiş, bu illər ərzində şəhərimizin sakinlərinə daim diqqət və qayğı göstərmiş, Gəncə Bölməsinin İnformasiya Texnologiyaları Şöbəsinin yaradılmasında böyük əməyi olmuşdur. Milli Məclisdə Elm və Təhsil Komissiyasının üzvü olmaqla yanaşı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri kimi geniş ictimai-siyasi fəaliyyəti ilə seçilmişdir.

 

Alim olmaqeyni zamanda dünyada böyük nüfuza sahib olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin baş katibi vəzifəsini həyata keçirmək Asəf Hacıyevin nə qədər böyük təfəkkürə və analitik biliyə malik olduğunu göstərir. O, iki dəfə bu iqtisadi birliyin baş katibi seçilmişbu arenadan Azərbaycanın ədalətli və haqq işinin dünyaya çatdırılmasında böyük zəhmət sərf etmişdir.

 

Bir faktı qeyd etmək kifayətdir ki, o Avropa Birliyinin xarici işlər naziri Cozef Borrelliyə müraciət edərək yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına, Xocalı soyqırımı zamanı günahsız körpələrin, qadın və ahılların erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilməsinə qarşı səsini ucaltmadığı halda, Azərbaycanın vətən torpaqlarının azad edilməsi uğrunda haqq savaşına bu qədər sərt və haqsız mövqe bildirməsinə etirazını ifadə etmişdir. Bu məqam akademik Asəf Hacıyevin vətənpərvər, təəssübkeş alim mövqeyini bir daha sübuta yetirir.

 

Asəf müəllim vətəndən uzaqda yaşamasına baxmayaraq, Gəncə ballistik raket atəşinə tutularkən o, bütün vasitələrdən istifadə edərək günahsız sakinlərlə bağlı haqlı mövqeyimizi bütün dünyaya bəyan etdi.

 

Azərbaycan elminin görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Asəf Hacıyevə möhkəm cansağlığı və Azərbaycan elminin gələcək inkişafında yeni-yeni nailiyyətlər arzulayırıq.

 

Fuad ƏLİYEV,

Akademik.

 

Respublika.- 2021.- 28 may.- S.9.