“Azərbaycan ədəbiyyatı tarixi”: elmi-nəzəri yanaşmalar,
uğurlar və vəzifələr
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin ikincisi çapdan çıxıb. Nəşrin baş redaksiya şurası üzvləri Ramiz Mehdiyev (sədr), İsa Həbibbəyli (baş redaktor), Teymur Kərimli, Nüşabə Araslı, İmamverdi Həmidov, redaksiya şurası üzvləri isə İsa Həbibbəyli (baş redaktor), İmamverdi Həmidov (məsul redaktor), Nüşabə Araslı, Fəridə Əzizova, Aygün Bağırlıdır (məsul katib). Kitab akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə çap olunub.
“Azərbaycan ədəbiyyatı tarixi”nin ikinci cildi iki hissədən ibarətdir. Birinci hissə “Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər), ikinci hissə “İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər)” adlanır.
Birinci hissə Nizami Gəncəviyə qədərki dövr olub (VII-X əsrlər) “Ədəbiyyatda ortaq başlanğıc” (İsa Həbibbəyli), “Azərbaycan ədəbiyyatı tarixinə baxış” (A.Rüstəmova), “VII-X əsrlərdə Azərbaycan ədəbiyyatı (Azərbaycan ədəbiyyatının ortaq başlanğıc dövrü)” (Qafar Kəndli-Herisçi, Zakir Məmmədov, İmamverdi Həmidov, Fəridə Əzizova), “Kitabi-Dədə Qorqud” şifahi və yazılı ədəbiyyat abidəsi kimi” (İsa Həbibbəyli), “Zərdüşt. “Avesta” (Çingiz Sadıqoğlu), “Oğuz Kağan dastanı” (Tofiq Hacıyev), “Orxon-Yenisey kitabələri” (Tofiq Hacıyev), “Alban yazılı ədəbiyyatı” (İsa Həbibbəyli),”Azərbaycan ərəbdilli məvali ədəbiyyatı” (İmamverdi Həmidov), “İsmayıl ibn Yəsar” (Malik Mahmudov, Ülkər Məmmədova), “Musa Şəhavat” (Malik Mahmudov, İmamverdi Həmidov), “Əbül-Abbas əl-Əma” (Malik Mahmudov, Ülkər Məmmədova) və “Bərakəveyh Zəncani” (İmamverdi Həmidov) məqalələrini əhatə edir.
“Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər)” adlı birinci hissəyə 13 oçerk daxil edilib. Bunlardan dördü portret-oçerkdir. 9 məqalə isə icmaldır.
Akademik İsa Həbibbəyli “Ədəbiyyatda ortaq başlanğıc” adlı geniş məqaləsində VII-X əsrlər ədəbiyyatının ortaq başlanğıc dövrünün ədəbi-nəzəri xüsusiyyətlərini səciyyələndirib.
Milli dövlətçilik tarixinə ədəbi-nəzəri baxışın ortaq xüsusiyyətləri, habelə, ədəbiyyatda ortaq başlanğıc dövrünün tarixi şəraitini şərh edən akademik İsa Həbibbəylinin qənaəti belədir ki, Azərbaycanda tarix, ədəbiyyat və ədəbiyyat tarixi mənasında qədim dövr təxminən VI-VII əsrlərə qədər davam edib: “Biz Nuh peyğəmbərin əfsanəvi gəmisinin Anadolu-Azərbaycan ərazilərində torpağa çatmasından etibarən əsatirlərlə başlanan və xalq yaradıcılığının bütün bədii formalarında yaranıb inkişaf etmiş şifahi xalq ədəbiyyatı mərhələsini Azərbaycan ədəbiyyatının qədim dövrü hesab etməyi elmi cəhətdən əsaslı bilirik”. Hüdudlarını da aydın göstərib: “Nuh əyyamı əsatirləri ilə başlayıb ovsunlar, qarğış və alqışlar, holavarlar və sayaçı sözləri ilə davam edərək sistemli xalq şeirlərinə və nağıllara, əfsanə və rəvayətlərə qədər inkişaf edən şifahi xalq ədəbiyyatı mərhələsi Azərbaycan ədəbiyyatının qədim dövrünü təşkil edir”. Alim bu prosesdə “Kitabi-Dədə Qorqud” dastanlarının yerini xüsusi müəyyənləşdirib: “Miladın VII əsrində yaranmış “Kitabi-Dədə Qorqud” dastanları Azərbaycan şifahi xalq ədəbiyyatının möhtəşəm yekunu, xalqımızın yazılı ədəbiyyatının mükəmməl bir başlanğıcıdır. Etnosdan eposa qədərki çoxəsrlik mərhələ Azərbaycan ədəbiyyatının qədim dövrünü müəyyən edən tarixi çevrədir”.
Akademik İsa Həbibbəyli ortaq ədəbi dövrün əlifbasına toxunaraq qeyd edib ki, VI-VII əsrlərdə ümumtürk runik əlifbası, bir qədər sonra ərəb əlifbası türk xalqlarında və Azərbaycanda ortaq yazılı ədəbiyyatı meydana çıxarıb. Gəmiqaya-Qobustan kimi piktoqramlar - qayaüstü mədəniyyətin tarixi miladdan əvvəlki dövrlərə aid olub, sistemli ortaq yazılı ədəbiyyat Orxon-Yenisey kitabələrinin yazıldığı türk runik əlifbası və xilafətlə gələn ərəb hurafatının qəbulundan sonra başlanıb. Bu tarixi mərhələ XI əsrə qədər davam edib: farsdilli ədəbiyyat sürətlə ərəbdilli ədəbiyyatı sıxışdırıb. Müəllif konkretləşdirərək qeyd edib ki, VII-X əsrlər ümumtürk və ya ümumşərq miqyasında, türk-müsəlman dünyasında ortaq yazılı ədəbiyyat dövrü kimi səciyyələnib. Azərbaycan xalqı da ortaq yazılı ədəbiyyatın yaradılması prosesində iştirak edib, türk-müsəlman mədəniyyətinə ədəbi töhfələr verib. Alim VII-X əsrləri Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc mərhələsi kimi qiymətləndirib.
Görkəmli ədəbiyyatşünas Azərbaycan yazılı ədəbiyyatı hansı vaxtdan başlayıb? - sualını cavablandırarkən bu şərtləri göstərib: anadilli ədəbiyyat, ortaq türk yazılı mətnlərinə istinad, millilikcə azərbaycanlı qələm sahiblərinin əsərlərinin varlığı, milli mədəniyyətdə müəllif faktoru.
Akademik İsa Həbibbəyli milli ədəbiyyat tarixçiliyində Azərbaycan yazılı ədəbiyyatının başlanğıcını Orxon-Yenisey abidələrilə əlaqəli izah edib (Əmin Abidin “Azərbaycan türklərinin ədəbiyyatı tarixi”nə istinad - bədii mətnlərin - Orxon abidələrinin oğuzlardan bəhsi). Sovet dövründə Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc versiyası (Orxon-Yenisey kitabələri) arxa planda olub. Ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra yazılı ədəbiyyat tariximizin ortaq türk abidələrindən başlanması fikri ədəbiyyat tarixçiliyində elmi prinsip kimi nəzərə alınıb. Xüsusilə, dilçi alimlərin Orxon-Yenisey abidələrinə həsr edilmiş tədqiqatlarındakı qədim ortaq türk dili və mədəniyyəti haqqında elmi mülahizələri həmin yazılı mətnlərin ortaq ümumtürk ədəbiyyatı nümunəsi olduğunu qəbul etməyə əsas verib. Bu baxımdan akademik İsa Həbibbəyli konkret elmi tezis verib: “Kitabi-Dədə Qorqud” dastanlarını ortaq türk-müsəlman ədəbiyyatı ilə paralel şəkildə yaranıb inkişaf edən ana dilli Azərbaycan yazılı ədəbiyyat abidəsi hesab etmək (VII əsr) mümkündür...
Şifahi yaranan Dədə Qorqud boyları tarixən geniş coğrafiyada (VII əsrə qədərki çoxəsrlik dövr) formalaşıb. (“Basatın Təpəgözü öldürdüyü boy”un miladdan əvvəlki dövrlərin motivləri olması). Coğrafi baxımdan “Kitabi-Dədə Qorqud” Azərbaycan faktıdır. “Bu, qədim Azərbaycan-türk tayfalarından olan Bayat boyunun oğuznaməsidir. Dədə Qorqudun məskəni, yəni vətəni Azərbaycan, tayfası, milləti isə daha böyük məkanda yayılmış oğuzlardır “(Bayat eli, Dərbənd, Göyçə gölü, Alınca (Əlincə qalası), Bərdə, Gəncə, Şərur, Dərəşam, Qaraçuq, Sürməli, Qazan göl və s. yerlər)... Müəllif obrazlı məntiqlə yazır: “Dədə Qorqud kitabı”ndan görünür ki, Azərbaycan coğrafiyasındakı “Altuntaxt - Qorqud elinin paytaxtı, Dərbənd - qapısı, Əlincə isə - qalasıdır”.
Alim milli dövlətçiliyin tarixən gəlişməsində çağdaş bir modeli də təhlil edib. Ona görə “... Qalın Oğuz Eli - oğuz tayfa birliklərini özündə cəmləşdirən, konkret inzibati-coğrafi məkanda mövcud olmuş Azərbaycan Oğuz dövləti deməkdir. Bayandır xan Qalın Oğuz Elinin rəhbəri, Dədə Qorqud müdrik ağsaqqalı, Ulaş oğlu Salur Qazan xan - baş komandanı, Beyrək və Basat isə sərkərdələridir. Qaraca Çoban - Oğuz tayfasının sadə adamlarının vətən və yurd sevgisi, igidlik və basılmazlığının nümunəsidir. Bir sözlə, “Kitabi-Dədə Qorqud” eposu Azərbaycan türk etnosunun Ata kitabıdır”...
Alim “Kitabi-Dədə Qorqud”un həm də yazı faktı olmasının dəlillərini göstərib. Müəllifin qənaətində “Kitab”, “oğuznamə” sözləri, “Oğuznamə”lərin müəllifliyi, Dədə Qorqudun tarixi şəxsiyyət, ustad aşıq, dədə ozan olması, bədii əsər yayması, oğuznamə yazması, habelə, Qazan, Dədə Qorqud, Beyrək, Basat, Təpəgöz obrazlarından başqa, Qarabudaq, Yegnək, Əgrək, Səgrək, Qazılıq Qoca, Bunlu Qoca, Tüləkvuran, Tərsuramış və s. surətlərin yaradılması da yazı faktlarının göstəriciləridir...
Məqalədə “Kitab”ın janrı diqqətdə saxlanılıb. Akademik İsa Həbibbəyli əsaslandırıb ki, “Kitabi-Dədə Qorqud” roman-epopeyadır: “Bu, Azərbaycan ədəbiyyatının Böyük Oğuznamə kitabı, xalqımızın Ata kitabıdır. Dədəm Qorqud - Azərbaycan ədəbiyyatının Homeridir”. Müəllif bildirib ki, “Dədə Qorqud kitabının yazılı ədəbiyyat nümunəsi kimi qəbul edilməsi 100 ildən artıq yaşı olan ədəbiyyat tarixçiliyimizdə ilk dəfə olaraq milli ədəbiyyat tariximizi Azərbaycan ədəbiyyatı nümunəsindən başlamağa əsas verir”. Ümumiləşdirib ki, “Kitabi-Dədə Qorqud” ümumtürk ədəbiyyatında ortaq yazılı ədəbiyyatın başlanğıcı, Azərbaycan yazılı ədəbiyyatının ilk möhtəşəm abidəsidir. Orxon-Yenisey kitabələri Göytürk xaqanlığının, ərəbdilli məvali ədəbiyyatı Ərəbistanda yaşayıb yaratmış azərbaycanlı şairlərin, Alban ədəbiyyatı Qafqaz Albaniyasının ortaq türk-müsəlman ədəbiyyatına hədiyyəsi olduğu kimi, “Kitabi-Dədə Qorqud”da Azərbaycan xalqının ortaq yazılı ədəbiyyata böyük ədəbi töhfəsidir”.
Alimin məsələyə elmi-nəzəri yanaşmasının ikinci amili problemi Ortaq ümumtürk yazılı mətnlərində, Gəmiqaya-Qobustan piktoqramlarından Orxon-Yenisey yazılarınadək izləmək olub.
Akademik İsa Həbibbəyli kitabələrin xalq danışıq dilini xatırladan ədəbi dilindən, onların fonetik dəyişmələrindən, qədim dövlətçilik və azadlıq ruhunun bədii ifadəsindən, habelə, janrından danışıb (“epitafiya”, “məzar ədəbiyyatı”, “əfsanələşdirilmiş tarix”, “trilogiya”, “bədii-sənədli qəhrəmanlıq dastanı”, onun bədii forması). Hesab edib ki, Orxon-Yenisey kitabələrinin (Monqolustandakı Orxon vadisi, Sibirin Yenisey sahillərindəki məzar daşları) dəbdəbəli üslubu, vəznli mənzuməliyi, müəyyən obrazlı təsvirləri, süjet əlamətləri, ritmi, mənzum poetik ünsürləri və sabit leksik tərkibi “qədim türkdilli və ortaq ümumtürk xalq ədəbiyyatı ənənələri ilə səsləşir...
Tədqiqatçı elmi-nəzəri yanaşmalarında kifayət qədər sistemli olub, xeyli paralellər, müqayisələr aparıb, mənbə və qaynaqlar güstərib, anlayış və mühakimələr ifadə edib, fərdiliklərdən ümumiləşmələrə, ümumiləşmələrdən fərdiləşmələrə, tezis və müddəalara varıb. Bir fakt: Orxon-Yenisey yazılı abidələri ilə “Dədə Qorqud kitabı”, “Kitabi-Dədə Qorqud” boylarındakı boz atlı Beyrək obrazı ilə “Kül tiqin” abidəsindəki Boz atlı qəhrəman Kül Tiqin, Salur Qazanla Bilgə Kağan, Alp Aruz ilə Alpərən surətləri arasındakı tutuşdurmalar...
Alimə görə, Orxon-Yenisey mətnləri sənədli-bədii təfəkkürün məhsuludur. Orxon yazıları mənsur memuar hekayətlərdir. - Abidələrin hamısı bədii, obrazlıdır, mətnlərdə şeir parçaları, şeir təəssüratı (ahəngi - Ə.Ə.) doğuran cümlələr (sintaqmlar - Ə.Ə.) vardır. Mətnlər dəbdəbəli üslubdadır. Və bu bədiilik xüsusiyyətləri haqqında dilçi-alimlər Tofiq Hacıyev, Nizami Cəfərov, Əbülfəz Quliyev, Nizami Xudiyev, Əbülfəz Rəcəbov, Abbasqulu Məhərrəmov, Əlisa Şükürov, Yunis Məmmədov məlumat verib. Müəllif qeyd edib ki, Orxon yazılı abidələrinin janrı müəyyən edilərkən, “mənsur” sözü mətnlərin janrını yox, bədii xüsusiyyətini bildirib. Əslində Orxon yazılı abidələrindən hər biri hekayə həcmində olan povest təəssüratı doğurur. Xüsusən, “Bilgə Kağan” mətni hekayə hüdudlarını aşan, povest janrının tələblərinə daha çox cavab verən mükəmməl sənədli-bədii əsərdir”. “Kiçik həcmli Yenisey yazıları isə miniatür mənsur şeir təəssüratı yaradır. İdeya-məzmun və dil-üslub etibarilə bir-birinə çox yaxın olan Orxon və Yenisey yazılı abidələrini birlikdə mənsur roman adlandırmaq olar”...
Ortaq ümumtürk yazı mətnlərinin bir genezisi də ərəbdilli Azərbaycan ədəbiyyatı ilə bağlı olub. Ərəbdilli Azərbaycan ədəbiyyatı ərəb xilafətinin Azərbaycana yürüşü və islam dinini qəbul etməsi ilə təzahür edib, VII-X əsrlərin məhsuludur...
Ərəbdilli Azərbaycan şairləri həm Azərbaycanda, klassik Şərq şeirinin forma və məzmununda, əruz vəznində, qəzəl, qəsidə janrlarında (Əbu Abdullah Mülğəçi Marağai, Bərəkəveyh Zəncani, Cəfər ibn Məhəmməd Marağai, Məkki ibn Əhməd Bərdəi...), həm də ərəb ölkələrində, ərəb dilində əsərlər yaradıblar.
Məvali şairlər - ərəb ölkələrində yaşayan qeyri-ərəblər, İsmayıl ibn Yəsar, Musa ibn Bəşşar Şəhəvat, Əbul-Abbas əl-Əma və başqaları Ərəbistanda yaşamış Şüubilər cərəyanını təmsil ediblər...
Akademik İsa Həbibbəyliyə görə, Qafqaz dilləri ailəsinə daxil olan Alban ədəbiyyatı da Azərbaycan ortaq bədii təfəkkürü, ictimai-siyasi mühitinin poetik ifadəsidir. Onun bu ədəbiyyata tarixçi Musa Kalankatlunun “Alban tarixi” əsərindəki hekayə və nağılları, “Dəvdəkdən” qəsidəsini, hüquqşünas-yazıçı Mixitar Qoşun təmsil və hekayətlərini, müəzzin David Alavnikin nəğmələrini aid edib...
Araşdırıcının elmi-nəzəri yanaşmasında “Avesta”da (e.ə. IV-III əsrlər) da Adərbadaqanla (Azərbaycanla) səsləşən motivlər, süjetlər vardır ki, onlar da Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc mətnləri kimi əsərdən söz açmağa əsas verir. Yazılı ədəbiyyatımızın ortaq başlanğıc dövrü özündən sonrakı Azərbaycan intibah ədəbiyyatının ərəfəsidir.
Akademik İsa Həbibbəylinin İkinci cilddəki “Kitabi-Dədə Qorqud” şifahi və yazılı ədəbiyyat abidəsi kimi” məqaləsində bir problem həllini tapıb. Şifahi ədəbiyyat faktı olan “Kitabi-Dədə Qorqud” yazılı ədəbiyyat abidəsi kimi nə qədər sübutlu, dəlillidir? Alim mənbə və qaynaqlar əsasında “Kitabi-Dədə Qorqud”un şifahi və yazılı başlanğıc xüsusiyyətlərinə yeni elmi yanaşma və müddəalar ifadə edib...
Müəllif şifahi məğzi dastanın mifoloji süjetlərində, əfsanə və rəvayətlərində görüb. “Kitabi-Dədə Qorqud” şifahi xalq ədəbiyyatının motivləri oğuz tayfalarının həyatı, adət-ənənəsi, dünyabaxışı ilə bağlı folklor nümunələrindən meydana çıxıb...
Dünya eposu, habelə, Azərbaycan şifahi ədəbiyyatında özəl yeri olan “Kitabi-Dədə Qorqud” xalqımızın yazılı ədəbiyyatının inkişafına da ciddi təkan verib. İ.Həbibbəyli əvvəlcə dastanın tədqiqi və təbliği məsələlərinin ideoloji-siyasi mənbəyini göstərib.
Ulu öndər Heydər Əliyevin 1997-ci il 20 aprel tarixli Fərmanına əsasən 9 aprel 2000-ci il tarixdə dövlət səviyyəsində dastanın 1300 illik yubileyi keçirilib, milli düşüncəmizin müstəqil dövlətçilik təfəkkürü, azərbaycançılıq ideyası daha da möhkəmləndirilib. Cənab Prezident İlham Əliyev 2004-cü ildə Brüsseldə Dədə Qorqud heykəlinin açılışında iştirak edib. Azərbaycan Respublikasındakı monumental heykəltaraşlıq abidələri, xatirə - memorial və memarlıq kompleksləri haqqında 2007-ci il 12 aprel tarixli Sərəncama əsasən 2013-cü ildə Bakı şəhərində Dədə Qorqud parkı yaradılıb, Dədə Qorqud boylarının qəhrəmanlarına abidə ucaldılıb. Cənab Prezident İlham Əliyev “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında 2015-ci il 20 fevral tarixli sərəncam verib. Prezidentin 2015-ci il 20 aprel tarixli Sərəncamına əsasən dastanın alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi qeyd edilib.
(davamı növbəti saylarımızda)
Əlizadə ƏsgƏrli,
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun elmi işlər
üzrə direktor müavini,
filologiya elmləri doktoru, professor.
Respublika.- 2021.- 28 may.- S.9.