Çevik Hərəkət Dəstəsinin
Vətən Müharibəsi Qəhrəmanı
İdmançı idi. Karate üzrə keçirilən rayonlararası yarışlarda dəfələrlə birincilik qazanmışdı. Hərbi xidmətini başa vurandan sonra bir neçə il mühafizəçi kimi çalışdı. Lakin iş ürəyindən deyildi. Şahin özünü hərbi geyimdə, orduda görürdü. 2016-cı ildə Dövlət Sərhəd Xidmətində kiçik çavuş kimi fəaliyyətə başladı. Müharibəyə bir qədər qalmış Sərhəd Xidmətinin Çevik Hərəkət Dəstəsinə qoşuldu. Baş gizir oldu. Vətən müharibəsinin ilk günündən ön xətdə, odun-alovun içində idi. O, yüksək döyüş bacarığına, sərrast atəş açma qabiliyyətinə, çevikliyinə görə döyüş yoldaşlarından seçilirdi. Qorxmaz, cəsur döyüşçü ən çətin məqamda çıxış yolu tapmağı bacarırdı. Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşdu. Murovdağ yüksəkliyinin, Ömər aşırımının, Xocavəndin Hakim zirvəsinin alınmasında misilsiz igidliklər göstərdi. Şuşanın yaxınlığında, Daşaltıda namərd düşmən gülləsinə tuş gəldi, qəhrəmancasına həlak oldu. Ölümündən sonra Şahin Allahyarov “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olundu. “Vətən Müharibəsi Qəhrəmanı” kimi ən yüksək ada layiq görüldü.
O günü Qubanın Zizik kəndində böyük bir izdiham yaşandı. Xalq öz qəhrəman şəhid övladının – Allahyarov Şahin Hüseynbala oğlunun ildönümünü qeyd edirdi. Anım mərasiminə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli zabitləri, Quba Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, kənd sakinləri və məktəblilər qatılmışdı. Böyük insan axını kənd qəbiristanlığında şəhidin məzarı önünə toplaşmışdı. Şəhidin ruhuna dualar oxundu. Sonra igid döyüşçü haqqında xatirələr söyləndi. Dövlət Sərhəd Xidmətinin rəis müavini general-leytenant Abbas Xəlilov Şahin Allahyarovun döyüş yolundan, müharibənin ən qaynar yerində göstərdiyi igidliklərdən danışdı. Söylədi ki, Şəhidlik hər kəsə nəsib olmur. Şəhidlər qürurumuz, şərəfimiz, and yerimizdir. Gələcək nəsillərə nümunədir. Onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Sonra general şəhidin atası Hüseynbala kişiyə Dövlət Sərhəd Xidmətinin şəhidlərə həsr olunmuş “Xatirə kitabı”nı hədiyyə etdi. Kənd sakinləri Şahin haqqında öz ürək sözlərini söylədilər. Balacadan böyüyə qədər hamının onunla fəxr etdiyini bildirdilər. Sonda kəndin mərkəzində yenicə salınmış “Xatirə kompleksi”nin önündə Zizik kənd orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış kompozisiya təqdim olundu.
Ziyafəddin BAYRAMOV
Respublika .- 2021.-
5 noyabr.- S.9.