Tariximizə şərəflə yazılan ad

 

Şəhid Ramiq Teymur oğlu Tağıyev qısa ömür yaşadı. 22 ildə bir insan Vətəninə, xalqına nə qədər xidmət edə bilərsə Ramiq onu etdi, bəlkə mümkün olandan daha artıq. Ən əsası 44 günlük İkinci Qarabağ müharibəsində Vətənin zəfər qalasına döndü. Torpaq naminə haqq savaşımızda yağı düşmənin bağrına dağ basmaqla xalqa öyünməli oğul oldu Ramiq. Həm də canından keçməklə doğulub boya-başa çatdığı Lerik rayonundakı Kəlvəz kəndini igidlər diyarı kimi bütün Azərbaycana bir daha sevdirdi.

 

Həyatı dərk edən gündən Ramiq Vətəninə bağlanır. Elə 2017-ci ildə ordu sıralarına yola düşəndə amalı Vətən torpağının bir parçasına qəsd etmiş düşmənin başını əzmək olur. Xüsusi Təyinatlı Qüvvələrin sırasında əsgər paltarı geydiyi andan qəhrəmanlığa boy verən arzusuna can atır. Ramiq ilk gündən müqəddəsliyinə tapındığı Azərbaycan qarşısında öz borcunu ləyaqətlə, mərdliklə yerinə yetirir. Vətənpərvərliyi, təlimlərdə bacarıq və qabiliyyəti, yoldaşa sədaqəti ona hörmət gətirir. Yurdumuzun azadlığı, ərazimizin bütövlüyü bu Vətən sevdalısının əsas arzusuna dönür. Əsgər yoldaşlarına da həmişə deyir:" Vətən hər şeydən əzizdir, onu düşməndən təmizləmək hər oğulun müqəddəs işi olmalıdır."

 

Əsgərlikdən üzüağ dönən Ramiq evdə heç cür qərar tuta bilmir. Axı, Vətən torpaqları düşmən tapdağında idi. Yenidən ordu sıralarına yazılır. Xüsusi Təyinatlı Qüvvələrin sırasında Vətənin keşiyində durmaqla məqamında onun torpağına-daşına müsəlləh əsgər olmağa and içir. 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi onu birbaşa cəbhəyə aparır. Xüsusi Təyinatlı Qüvvələrin giziri ilk gündən qələbəyə böyük ümid bəsləyir. Məhz bu inamla da erməni faşistləri ilə neçə-neçə ölüm-dirim savaşından zəfərlə çıxır. Füzulinin, Cəbrayılın, Xocavəndin, Qubadlının azad edilməsində xüsusi hünər göstərir. Şuşaya qədər min əzab-əziyyətli ölümlü yollar keçsə də, Vətəninə olan məhəbbəti azalmır, qəlbindəki düşmənə qəzəb tufanı daha da alovlanır. 8 noyabrda şəhidlik zirvəsinə ucalır. Torpağı qanı ilə Vətən edən Lerikin igid oğlunu doğma kəndi Kəlvəzə gətirir, burada sevdalandığı Vətən adlı sevgilisinin sinəsinə əbədi baş qoyur. Bu ilahi sevgi Ramiq Tağıyeva böyük bir xalqın ürəyində yaşamaq xoşbəxtliyini bəxş edir. Dövlət də ölümündən sonra qəhrəman Vətən oğlunu ermənilərə qarşı haqq savaşımızda göstərdiyi şəxsi igidliyinə görə "Azərbaycan Bayrağı" ordeninə, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medallarına layiq görür.

 

Ramiq Tağıyev qısa ömrünü belə şərəfli yaşadı. Vətən sevgisinin ona gətirdiyi ucalığı heç bir qüvvə qəlblərdən silib aparmaz, həyat durduqca o da günəş müqəddəsliyinə dönüb var olacaqdır.

 

 Zəfər ORUCOĞLU,

 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

 

Respublika .-  2021.- 25 noyabr.- S.6.