Bakıda “Qars müqaviləsinin 100-cü ildönümündə
Cənubi Qafqazda geosiyasi vəziyyət” adlı konfrans keçirilib
Oktyabrın
4-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
(BMTM) təşkilatçılığı ilə Bakıda
“Qars müqaviləsinin 100-cü ildönümündə Cənubi
Qafqazda geosiyasi vəziyyət” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər
verir ki, konfransda çıxış
edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Qars müqaviləsinin tək tarixi nöqteyi-nəzərdən
deyil, bu günün reallıqlarına
baxdıqda hələ
də qüvvədə
olan, böyük əhəmiyyətə malik
bir sənəd olduğunu deyib. Fərid Şəfiyev imzaladığı sənədlərdən
sonradan imtina edən Ermənistanın
44 günlük müharibənin
yekununda imzalanmış
10 noyabr Bəyanatını
da başqa şəkildə yozmaq istədiyini dilə gətirib. “Ermənistan öhdəlik sözünü
qeyri-ciddi qəbul edir. Ermənistan 10 noyabr Bəyanatının
9-cu bəndindəki Zəngəzur
dəhlizinin açılması
ilə bağlı məsələni başqa
istiqamətə yozmaq
istəyir. Onlar üçün öhdəlik
deyilən bir anlayış yoxdur”, - deyə BMTM-in İdarə Heyətinin sədri bildirib.
Daha sonra çıxış
edən Türkiyə
Prezident Administrasiyasının
Xarici Siyasət və Təhlükəsizlik
Komitəsinin üzvü,
Türkiyə-Azərbaycan Dostluq,
Əməkdaşlıq və
Həmrəylik Vəqfinin
sədri Aygün Attar bildirib ki, Qars müqaviləsinin
əsas maddəsi ondan ibarətdir ki, Ermənistan bölgədəki ölkələrə qarşı
ərazi iddialarından
tamamilə əl çəkir. Onun sözlərinə görə,
sənəd sübut edir ki, Ermənistan
o zaman da Türkiyəyə, Gürcüstana
və Azərbaycana qarşı torpaq iddialarında olub. Bu müqavilə Azərbaycanla Türkiyəni
Ermənistana qarşı
güclü edən bir sənəddir. Qars müqaviləsinin imzalanması Şuşa Bəyannaməsinin və Azərbaycan, Türkiyə,
Pakistan parlament sədrlərinin imzaladığı
Bakı Bəyannaməsinin
imzalanması üçün
hüquqi zəmin yaradıb.
Aygün Attar
qeyd edib ki, Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan
münasibətləri üçün
siyasi, iqtisadi, hərbi anlamda vacib sənəddir və münasibətlərin
yeni mərhələyə
qədəm qoyması
deməkdir.
Daha sonra tədbir panel müzakirələri
ilə davam etdirilib. Milli Məclisin
deputatı Musa Qasımlı,
Türkiyə Diplomatiya
Vəqfinin Direktoru Oğuzhan Bilgin, Bakı Dövlət Universitetinin müəllimləri
Nəsiman Yaqublu və Mətin Məmmədli, BMTM şöbə
müdiri Cavid Vəliyev, Girəsun Universitetinin müəllimi
Yalçın Sarıkaya,
Qafqaz Beynəlxalq Münasibətlər və
Strateji Araşdırmalar
Mərkəzinin sədri
Araz Aslanlı çıxış edərək
Qars müqaviləsinin
imzalandığı tarixi
şəraitdən, əhəmiyyətindən
və bu gün vacib, strateji sənədə çevrilməsindən danışıblar.
Respublika.- 2021.- 5 oktyabr.- S.9.