Qubadlı yurdumuzun
qəhrəmanlıq qalasıdır
Mən müharibədən
əvvəl dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, bu gün
Azərbaycan güclü ölkədir və
tarixdə heç vaxt indiki qədər
güclü olmamışdır. Mən o vaxt təkcə iqtisadi yox, o
cümlədən hərbi
potensialımızı da nəzərdə
tuturdum. Tarix və müharibələrin nəticələri onu
göstərdi ki, mən haqlı idim.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Azərbaycanın dilbər guşələrindən
olan, atlas geyimli
dağların qoynunda yerləşən
Qubadlı bu günümüzə
tarixin keşməkeşli
yollarından
keçib gəlmişdir.
Qubadlı torpağına səpələnmiş
tarixin daş yaddaşları-abidələr uzaq-uzaq
keçmişlərdən xəbər verir. Ulu babalar bu abidələri
tarix hesab etmişlər.
Qubadlı torpağının tarixi
uludur. Onun adı bir mənbəyə
görə dörd
əsr bundan əvvəl yaranmışdır. Qubadlı
XVI əsrin sonunda Azərbaycana
köçmüş səlcuq
türklərinə mənsub
Qubad nəslinin adını daşıyır.
Azərbaycanın bir
parçası olan Qubadlı Odlar diyarının od
ürəkli balası,
qəhrəmanlıq qalasıdır.
Tarixin hər bir dövründə
olduğu kimi, ötən yüzillikdə
də Azərbaycanın
başına
çox müsibətlər
gəldi. Elə bil ki, bu torpağın Babək, Koroğlu yurdu olduğu zalımların yadından çıxmışdı.
Zülm ərşə dayandı.
Səbri
tükənən Vətən
oğul istədi.
Qubadlı torpağında sanki
bir zəlzələ qopdu. Torpaq zalımların ayağının
altında dayanmışdı...
Vətən oğul istəyirdi.
Yazı düzündə
dəliqanlı bir cavanın əlində iki dəyənək azğınlaşmış bir
zalımın kürəyinə
çırpıldı. Tilsim qırıldı.
Sehrli qapılar açıldı.
Bu, cana doymuş,
boğaza yığılmış
bir xalqın öz igid oğlunu—Nəbinin
əlində partlayan qəzəbi idi. Vətən oğul istəyirdi. Nəbi Bozatın belinə şığıdı,
aynalını havada
oynadaraq: “Oğul mənəm!”—dedi.
“Aslanın erkəyi-dişisi
olmaz” demişlər. Nəbinin
vəfalı ömür
yoldaşı, sədaqətli
silahdaşı Həcər
də atlanıb qəhrəmanın səsinə
səs verdi:
“Oğul mənəm!”
Zaman oğul
istəyirdi. Koroğlu ürəkli, Babək
qeyrətli, Cavanşir
hünərli Azərbaycan
oğulları Qırat
misallı, Dürat misallı atların belinə qalxdılar.
Hər biri Qubadlı ellərində zamanın tələbinə,
xalqın çağırışına
səs verdi:
“Oğul mənəm!”
Azərbaycan oğulları
hər bir tərəfdən axışıb Nəbinin
dəstəsinə qoşuldular. 20
ildən çox bir müddətdə ədalətsiz
quruluşa qarşı vuruşdular, xalqın qisasını aldılar.
İlləri, əsrləri yaşadan igidlər dahilərdir. Qaçaq Nəbi
XIX yüzilliyi şöhrətləndirən,
onu tarix boyu yaşadan igidlərdən biri idi.
“İgid ölər,
adı qalar” demişlər. Qədirbilən
Azərbaycan xalqı Qubadlının
qəhrəmanlarına mahnılar
qoşmuş, məşhur
“Qaçaq Nəbi” dastanını yaratmışlar.
Sovetlər dövründə
Qubadlıda Qaçaq
Nəbinin və Qaçaq Həcərin abidələri qoyulmuşdur.
S.Rüstəm “Qaçaq
Nəbi” pyesi, S.Rəhimov “Qafqaz qartalı”, C.Bərgüşad
“Bozatın belində”
romanları ilə igidlərin adlarını
bir daha əbədiləşdirmişlər.
Sovetlər dövründə Qubadlı
şəhəri Qarabağ
yaylağının cənub-şərqində Bazarçayın
sahilində yerləşirdi.
Şəhərdə 62 idarə və
müəssisə fəaliyyət
göstərirdi. Burada asfalt
zavodu, inkubator-quşçuluq
fabriki, daş karxanası, texniki-təchizat idarəsi, tikiş fabriki, Azərbaycan “Neftqazavtomat” təcrübə
zavodunun filialı, mərmər sexi, pendir zavodu,
üzümün ilkin
emalı zavodu və digər istehsal müəssisələri
var idi.
Qubadlı rayonu 94 kəndi özündə birləşdirirdi. İnsanların
həyat tərzi ilbəil
yaxşılaşırdı. Təhsilin, səhiyyənin inkişafına
maksimum səy göstərilirdi.
İnqilabdan əvvəl vur-tut ikisinifli bir rus-tatar məktəbi
olduğu halda, sonralar Qubadlı rayonunda 21 orta, 26 səkkizillik, 15
ibtidai məktəb
fəaliyyət göstərirdi.
Bu təhsil ocaqlarında
5852 şagird təhsil
alırdı. Şagirdlərin təlim-tərbiyəsi ilə 1280 nəfər müəllim məşğul
olurdu.
Qubadlı rayonunda 11 mədəni-maarif
müəssisəsi, o cümlədən
60 kitabxana, 10 mədəniyyət
evi, 28 klub, 6 avtoklub, 23 kino qurğusu fəaliyyət
göstərirdi.125 ticarət, 96 ictimai-iaşə, 25 məişət
xidməti müəssisəsində əhaliyə xidmət göstərilirdi.
Rayonda 21 rabitə
müəssisəsi var
idi. Qubadlı
qəsəbəsində 1200, Hal, Muradxanlı kəndlərinin
hər birində
150, Teymur Müskanlı, Balasoltanlı,
Çardaxlı, Aşağı
Mollu kəndlərinin
hər birində 100, Qayalı kəndində 50
nömrəli ATS fəaliyyət
göstərirdi.
Qubadlı kənd təsərrüfatı
rayonu idi. Sovetlər
dövründə Azərbaycan KP
MK-nın birinci katibi Heydər Əliyev Qubadlının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına
həmişə
qayğı və
diqqət göstərmiş,
suvarılan torpaqlar genişləndirilmiş, məhsuldarlığın
artırılması üçün
sahələrin münbitliyinin
aparılması, meliorasiya işlərinin
genişləndirilməsinə önəm verilmiş, ehtiyat mənbələri
öyrənilib üzə
çıxarılmışdır.
1941-45-ci illərdə, Böyük
Vətən müharibəsinin
odlu-alovlu günlərində
Qubadlının şahin
oğulları silaha sarılaraq cəbhəyə
yollanmış, ağır
döyüşlərdə 3557 nəfərdən 1587-si doğma yurda qayıtmamışdır.
Birinci Qarabağ savaşında Qubadlının 10 nəfərə
yaxın cəsur oğlu rəşadətli
döyüş yolu keçmiş və Azərbaycanın Milli Qəhrəmanı fəxri
adına layiq görülmüşlər.
Əslən Qubadlının Sarıyataq kəndindən
olan Kazımağa Kərimov Azərbaycan jurnalistləri arasında
ilk Milli Qəhrəmandır.
Qubadlı torpağında görkəmli
elm və dövlət
xadimləri, məşhur
yazıçı və
alimlər, adlı-sanlı
əmək
qəhrəmanları yetişmişdir.
Əhalinin hər min nəfəri hesabı ilə, alimlərin sayına görə Qubadlı respublika rayonları arasında
ilk yerlərdən
birini tuturdu. Qubadlı rayonunun təbiəti olduqca gözəl və romantikdir.
1969-cu ildə burada 13,2 min hektar meşə
sahəsi var idi, ekoloji tarazlıq
qorunub saxlanılırdı.
Palıd bu meşələrin arxası,
alma, armud, fındıq, əzgil, zoğal, yemişan süfrələrin bəzəyi
idi.
Dağ çayları,
şəlalələr, şərbət
bulaqlar, qaragözlü
əliklər, xınalı
kəkliklər, qırqovullar,
turaclar həmişə
insanların diqqətini
cəlb edərdi.
Qubadlının dağları uca, zirvəsi qarlı, düzləri geniş, zirvələri vüqarlı,
yaylaqları axar-baxarlı,
meşələri səfalı,
bulaqları məlhəm,
çiçəkləri şəfalı,
havası xoş, bağ-bostanları bəhrəli
idi.
Əgər bəxtin səni Qubadlı torpağına gətirsə, onun bircə guşəsindəcə
sehirlənəcəksən, gözəllik səni tilsimə salacaq, heyrətindən “heykələ”
dönəcəksən. Sehirli qayalarda
möcüzələr görəcəksən.
Əgər uca dağlardan Xan Araza qədər uzanıb gedən Yazıya, Gəyənə
qalxıb bu ucsuz-bucaqsız düzləri
günlərlə dolaşıb,
seyr etməmisənsə,
Hartiz, Səngər dağlarından həsrətlə
Arazın o tayına boylanmamısansa, yorulanda suları göz yaşları təki dupduru Ağaçayı,
Bazarçayı, Həkəri
çaylarının sahillərində
dincini almamısansa, deməli heç Qubadlıya getməmisən.
Azərbaycanın Qərhrəmanlıq qalası
Qubadlı 30 ilə yaxın idi ki, faşist xislətli, mənfur erməni daşnakları tərəfindən işğal
olunmuşdu. Məcburi köçkün həyatını yaşayan
qubadlılılar doğma
yurd həsrəti ilə yaşayır, hiss edirdilər ki, çox tezliklə haqq-ədalət zəfər
çalacaq, erməni
tapdağında olan ata-baba yurdları geri qaytarılacaqdır.
25 oktyabr 2020-ci ildə Müzəffər Azərbaycan Ordusu Zəngilan, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. “Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”. Bu barədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi Twitter səhifəsində paylaşım edibdi. Qubadlı rayonunun işğaldan azad edilməsi əməliyyatı bir neçə gün çəkib, şəhərdə ermənilər güclü istehkam qurmuşdular. Ötən ilin dekabr ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş bu rayona səfəri zamanı Qubadlı əməliyyatının təfərrüatlarını açıqlayan dövlətimizin başçısı qeyd edib ki, düşmən şəhərin girəcəyində hərbi baza yaratmışdı. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Gərək, ilk növbədə, ermənilərin istehkamları məhv ediləydi, onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi. Orada güclü istehkamlar qurmuşdular və Xanlıq qəsəbəsini onlar özləri üçün bir baza kimi yaratmışdılar. Xaricdə yaşayan ermənilər orada qəsəbə salmışdılar. İndi bu qəsəbədə Azərbaycan əsgərləri yerləşib. Xaricdə yaşayan ermənilərin pulu ilə xaricdən ermənilər gətirilib və qanunsuz şəkildə Qubadlıda yerləşdirilib. Bu, özlüyündə hərbi cinayətdir. Ermənistan dövləti bu cinayətə və bütün digər cinayətlərə görə cavab verəcəklər. “Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhərə girib, buranı da düşməndən təmizləyiblər”, --deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycanın Silahlı Ordusu 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi Qubadlını da düşmən tapdağından azad etdi. 2020-ci ilin 25 oktyabr tarixində Qubadlı şəhəri işğaldan azad edildi. Şəhərdə Azərbaycanın üçrəngli bayrağı əzəmətlə dalğalandı. Hazırda Qubadlı ərazisində minatəmizləmə əməliyyatları, quruculuq, abadlıq işləri aparılır. İndi qarşıda duran ən şərəfli mühüm vəzifə, Vətən müharibəsində əldə edilmiş qələbəni qorumaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi bərpa etmək, qurub gülüstana çevirmək və insanların tez bir zamanda doğma yurda əbədi qayıdışına zəmin yaratmaqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib: “Bununla paralel olaraq, insanlar buraya qayıdacaq və biz öz torpağımızda bundan sonra əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi öz torpağımızdan çıxara bilməz”.
Qədir ASLAN,
Respublika.- 2021.- 24
oktyabr. S.1; 5.