Şəhid övladları üçün nəzərdə tutulmuş "Hərə bir qəhrəman oldu" layihəsinə start verilib

 

 

 

Oktyabrın 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi, "YAŞAT" Fondunun təşkilatçılığı və Bakı Konqres Mərkəzinin dəstəyi ilə "Hərə bir qəhrəman oldu" layihəsinin təqdimatı keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, DOST Agentliyinin sədri Fərid Məmmədov, "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov, digər rəsmilər və Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri iştirak ediblər.

 

Tədbir Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun möhtəşəm Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar təşkil olunub.

 

Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli qeyd edib ki, Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin ana xəttini sosial müdafiə tədbirləri təşkil edir. Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifahı durur: "44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərdən sonra dövlət idarəçiliyində yeni mərhələ başlayıb. Vətən müharibəsi qəhrəmanlarına, onların ailə üzvlərinə və şəhid ailələrinə diqqət artıb, postmüharibə dövründə ölkə başçısının tapşırığı ilə bir çox mövcud proqramlar genişləndirilib, yeni proqramlara start verilib. Azərbaycan Respublikası nadir ölkələrdəndir ki, müharibə iştirakçılarına, şəhid ailələrinə, qazilərə, müharibədən əziyyət çəkən əhaliyə davamlı dəstək, xüsusi sosial müdafiə və yardım proqramları təqdim olunur. Həmin proqramlar arasında ən vaciblərindən biri şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı proqramıdır. Proqram çərçivəsində cari ildə 3 min mənzilin təqdim edilməsi planlaşdırılır. Onlardan 1600 mənzil təqdim edilib. Bundan başqa, həssas qruplara verilən müavinətlər, təqaüdlər və ya sosial ödənişlər və onların məbləğləri əhəmiyyətli dərəcədə artırılıb. "Vətən Müharibəsi Qəhrəmanı" təqaüdü təsis olunub. Vətən Müharibəsi Qəhrəmanlarına dövlət hesabına mənzillərin verilməsinə başlanılıb".

 

Nazir müavininin sözlərinə görə, postmüharibə proqramları paketi çərçivəsində sosial ödənişlər, sosial psixoloji və reabilitasiya xidmətləri və məşğulluq proqramları həyata keçirilməkdədir. Ümumilikdə postmüharibə paketi 26 mindən çox şəxsi əhatə edir. Sosial müdafiə tədbirləri sırasında aktiv məşğulluq xidmətlərinin genişləndirilməsi və müharibə iştirakçılarının aktiv fəaliyyətə qatılması böyük əhəmiyyət kəsb edir. Bu çərçivədə "Məşğulluq marafonu"na start verilib, dövlət və özəl sektoru təmsil edən qurumlar tərəfindən Vahid Məşğulluq Portalına 2100-dən artıq vakansiya yerləşdirilib. Hazırda 600-dən çox insan yaradılmış imkanlardan istifadə edərək işlə təmin olunub. Eyni zamanda, bu istiqamətdə peşə təhsili və ixtisasartırma layihələri də icra olunmaqdadır.

 

V.Nəsirli bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin fəaliyyətində innovativ müstəvidə də gözəçarpan dinamizm müşahidə olunur. Bu istiqamətdə DOST Agentliyinin fəaliyyəti xüsusi yer tutur: "Hazırda ölkəmizdə 5 DOST mərkəzi fəaliyyət göstərir. Mərkəzlərin fəaliyyət göstərdiyi 2 il ərzində 11 istiqamətdə xidmətlərin sayı 155-ə çatdırılıb, 2 milyondan çox vətəndaşa 535 minə yaxın xidmət göstərilib, 40 minə yaxın elektron müraciət cavablandırılıb. Agentliyin nəzdində fəaliyyət göstərən "Çağrı Mərkəzi" tərəfindən cavablandırılan zənglərin sayı 600 mini keçib, vətəndaş məmnunluğu göstəricisi isə 98 faizə çatıb. Azərbaycanın yeni brendi olan DOST brendinə olan beynəlxalq maraq da artmaqdadır. DOST mərkəzlərinin işğaldan azad olunmuş ərazilərdə də yaradılması nəzərdə tutulur. Azad olunmuş ərazilər arasında ilk mərkəzin Şuşa şəhərində 2022-ci ildə yaradılacağı və növbəti dövrlərdə həmin ərazilərin hər birinin DOST xidmətləri ilə əhatə olunacağı planlaşdırılıb.

 

Ölkə başçısının iyunda imzaladığı Fərmanla vahid əlaqələndirmə mərkəzlərinin yaradılması xüsusi yer tutur. Avqustun 23-dən etibarən Bakı şəhərində DOST mərkəzləri çərçivəsində 7 dövlət qurumunun fəaliyyəti əlaqələndirilməklə müharibədə yaralanan vətəndaşlar və şəhid ailəsi üzvlərinə operativ şəkildə bir pəncərə platforması üzərindən 26 xidmət göstərilir.

 

Nazirlik və nazirliyin strukturuna daxil olan qurumlar tərəfindən 44 günlük Vətən müharibəsi və Zəfərimizin qeyd edilməsi üçün xüsusi proqram tərtib edilib. Proqram çərçivəsində həssas qruplara aid olan müxtəlif təşəbbüslər yer alıb. Onlardan biri də "Hərə bir qəhrəman oldu" layihəsidir. Təşəbbüs orijinallığı və hədəfin xüsusi seçilməsi ilə fərqlənir. Təşəbbüs və layihə müəlliflərinə təşəkkür edir, layihə qəhrəmanlarına uğurlar arzu edirəm".

 

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov da çıxış edərək bildirib ki, bu kimi tədbir və layihələrin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST Agentliyi tərəfindən şəhid ailələrinin və onların övladlarının hər zaman dövlət diqqətində olması və qayğısını hiss etməsi məqsədi daşıyır. Onları yaşatmaq, tanıtmaq, hər bir şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur.

 

"Vətən uğrunda canından keçən şəhidlərin ömür yolu hər zaman gənclərə örnək olmalıdır. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını, şəhidlərini tanımalı, onların və övladlarının keçdiyi həyat yoluna hörmətlə yanaşmalıdır. Bu amalı rəhbər tutaraq DOST Agentliyi "Hərə bir qəhrəman oldu" layihəsini qürurla həyata keçirir. Layihənin ideya müəllifi 4 saylı Bakı DOST Mərkəzinin sosial xidmət məsələləri üzrə sosial agenti, Birinci Qarabağ müharibəsinin şəhidi Eldəniz Nuriyevin qızı Ayla Nuriyevadır. Layihə İkinci Qarabağ müharibəsi şəhidlərinin övladlarına dəstək vermək məqsədilə hazırlanıb. Layihə çərçivəsində Birinci Qarabağ müharibəsi şəhidlərinin övladlarının şəxsi təcrübəsinə əsaslanaraq İkinci Qarabağ müharibəsi şəhidlərinin övladlarına mənəvi dəstəyin verilməsi, onların təhsilinə, gələcək karyerasının planlaşdırılmasına və inkişafına əməli yardım göstərilməsi və həmin fəaliyyətlərin sərfəli şəkildə əlaqələndirilməsi planlaşdırılıb. Layihə şəhidlərin canı, bahasına qəhrəman olduqları, onların övladlarının ailə üzvlərinin həyatda apardıqları mübarizələr və onun nəticəsində mənəvi-psixoloji, eləcə də karyera sahəsində uğur qazanaraq həyatlarının qəhrəmanı olduqları mənasını daşıyır", - deyə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.

 

"YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov isə çıxışında deyib: "Azərbaycan Respublikasının Konstitusiyasında hər birimizin hüquqları öz əksini tapıb. Onlardan biri də yaşamaq hüququdur. Himnimizdə ifadə olunan "Hüququndan keçən əsgər" misrası məhz yaşamaq hüququndan keçən əsgər və zabitləri nəzərdə tutur. Onlar geridə qoyduqları doğmalarını bir an belə düşünmədən Ana Vətənin çağırışına getdilər. Biz məhz şəhidlərimiz və qazilərimizin hesabına torpaqlarımızı işğaldan azad etmişik. Bizim yeraltı sərvətimiz şəhidlər, yerüstü sərvətimiz isə qazilərdir. Hamımız birlikdə həmin sərvətlərə, onların əmanətlərinə sahib çıxmalıyıq.

 

"YAŞAT Fondu" şəhidlərimizin ailə üzvlərinə və qazilərimizə 4 istiqamət üzrə dəstək göstərir. Fondun əməkdaşlarının böyük əksəriyyəti də şəhid övladları və qazilərdir. Bizim fəaliyyət istiqamətlərimizdən biri də təhsildir. Şəhid övladları və qazilərlə görüşlər zamanı onlara təhsilin vacib olduğunu xatırladıram. Ölkəmizin parlaq gələcəyini istəyiriksə, gənclərimizin təhsilli olması lazımdır. Görüləcək işlər çoxdur. Xatırladım ki, ötən il sentyabrın 27-dən sonra Azərbaycanda 102 şəhid övladı dünyaya gəlib. Onlar da, digər şəhid övladları da bizlərə əmanətdirlər. İnanıram ki, Vətən müharibəsi şəhidlərinin övladlarına dəstək məqsədilə ərsəyə gətirilən layihə faydalı və uğurlu olacaq".

 

E.Hüseynov müharibə dövründə olduğu kimi postmüharibə dövründə də Azərbaycan dövlətinin güclü olduğunu, düşmənin vandallıq və barbarlıqla dağıdıb viran qoyduğu torpaqlarımızda yenidənqurma və bərpa işlərinin həyata keçirildiyini vurğulayıb.

 

Layihənin rəhbəri, DOST Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Ruslan Mirzəyev bildirib ki, "Hərə bir qəhrəman oldu" layihəsi 2021-2022-ci ildə həyata keçiriləcək. Pilot layihə olaraq Bakı, Sumqayıt, Abşeron-Xırdalan ərazisində yaşayan şəhid övladlarını əhatə edəcək. Lakin növbəti mərhələlərdə layihənin daha geniş miqyasda həyata keçirilməsi planlaşdırılır. Layihə İkinci Qarabağ müharibəsi şəhidlərinin övladlarına gələcək inkişafı, təhsili, karyerasına dəstək məqsədi daşıyır.

 

Sonra Birinci Qarabağ müharibəsi şəhidlərinin övladları çıxış edərək öz təcrübələri, həyat yollarında üzləşdikləri çətinliklərə baxmayaraq, əldə etdikləri uğurlardan bəhs ediblər.

 

Respublika.- 2021.- 9 oktyabr.- S.7.