MÜSTƏQİL
DÖVLƏTÇİLİK ƏNƏNƏSİNİN
TƏCƏSSÜMÜ
Azərbaycanın
dövlət müstəqilliyinin bərpa edilməsinin 30-cu
ildönümü xalqımız üçün çox əlamətdar
vaxtda, tamamilə yeni bir tarixi şəraitdə qeyd olunur. Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə
rəşadətli ordumuzun 44 günlük Vətən
müharibəsində erməni faşizmi üzərində
parlaq qələbə qazanaraq, torpaqlarımızın
işğalına son qoyması, ölkəmizin ərazi
bütövlüyünün bərpa olunması bizə
müstəqillik dövründə ilk dəfə bu
günü böyük qürur və fərəh hissi ilə
qarşılamaq səadəti nəsib edib.
Tariximizin şərəfli səhifələri
Azərbaycan Respublikası
Prezidentinin qanunvericilik təşəbbüsü əsasında
bu günlərdə Milli Məclisin qəbul etdiyi
"Müstəqillik Günü haqqında" Qanunda qeyd
edildiyi kimi, "Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə
bu bayramı tam fərqli olaraq, öz ərazi
bütövlüyünü bərpa etmiş qalib xalq kimi
qeyd edir. Bu baxımdan dövlətçilik
tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin,
xüsusən müstəqilliyin əldə edilməsi və
bərpası kimi tarixi günlərin onların mahiyyəti və
məzmununa uyğun daha dəqiq ifadə olunması
böyük önəm kəsb edir".
Ötən əsrin əvvəllərində
milli ruhlu vətənpərvər ziyalılarımız
böyük fədakarlıq göstərib,
xalqımızın dövlətçilik ənənələrini
Şərqdə ilk demokratik respublika yaratmaqla zənginləşdirdilər.
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası
İstiqlal Bəyannaməsi qəbul edərək,
müstəqil dövlət forması kimi Xalq Cümhuriyyətinin
yaradıldığını bütün dünyaya bildirdi. Mövcud olduğu iyirmi üç ayda milli dövlətçilik
ənənələrimizin inkişafına mühüm
töhfələr verən Xalq Cümhuriyyəti özündən
sonrakı dövrdə də Azərbaycanın taleyinin müəyyənləşdirilməsində
misilsiz rol oynadı. Belə ki, sovet hakimiyyətinin və
ittifaq dövlətinin süquta
uğraması ərəfəsində, 1991-ci il oktyabrın
18-də Azərbaycan yenidən öz müstəqilliyinin bərpasına
nail oldu və milli dövlətçilik ənənələrini
dirçəltməyə başladı. "Azərbaycanın
dövlət müstəqilliyi haqqında" Konstitusiya
Aktında Azərbaycan Respublikası Azərbaycan Xalq
Cümhuriyyətinin hüquqi varisi elan edilməklə
yanaşı, sovet dövrünün nailiyyətlərinə
sahiblik də öz əksini tapdı.
Azərbaycanın yenidən öz müstəqilliyinə
qovuşması, ilk növbədə, SSRİ-nin süqutu nəticəsində
yaranmış tarixi şəraitlə bağlı idi. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev bu tarixi mərhələyə
münasibət bildirərkən Sovet İttifaqının məhz
milli siyasətdə yol verilən yanlışlıqlar fonunda
dağıldığını söyləyib: "SSRİ
böyük dövlət qismində düzgün aparılan
milli siyasət hesabına mövcud oldu. Amma
1985-ci ildən SSRİ-yə rəhbərlik edən şəxslər
ya öz məsuliyyətlərini başa
düşmürdülər, ya da bilərəkdən zərərli
addımlar atırdılar ki, bunların arasında
separatçıların vaxtlı-vaxtında cəzalandırılmaması
da var idi".
Lakin təbiidir ki, bu proseslər
ictimai-siyasi şəraitdən, mental xüsusiyyətlərdən
asılı olaraq və proseslərə təsir göstərə
bilən tarixi şəxsiyyətlərin mövqeyi
baxımından hər bir ölkədə fərqli cəhətləri
ilə seçilir. O cümlədən Azərbaycanda da
müstəqilliyə aparan yolun konkret tarixi mərhələləri
və özünəməxsus xüsusiyyətləri
vardır.
Əsl tarixi həqiqət odur ki,
ulu öndər Heydər Əliyev 1987-ci ildə SSRİ kimi nəhəng
bir dövlətin ali hakimiyyət orqanlarında tutduğu
yüksək vəzifələrdən
uzaqlaşdırıldıqdan sonra ona qarşı ədalətsiz
münasibətdən məyus olmuş Azərbaycan xalqının sovet quruluşuna inamı sarsıldı. Bu hadisə
xalqımızın müstəqillik düşüncələrinə
ilk təkan oldu. Çünki Heydər Əliyev Sovet Azərbaycanına
rəhbərliyi dönəmində (1969-1982-ci illər) milli mənafeləri
əzmkarlıqla qoruyan qurucu lider kimi xalqın böyük rəğbətini
qazanmışdı.
Müstəqilliyin əsasları
yaradılmışdı...
1969-cu ilə qədər
SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan məhz
Heydər Əliyevin fədakarlığı sayəsində
sonrakı illərdə elmi-texniki tərəqqinin geniş
şəkildə tətbiq olunduğu respublikaya, yüksək
mədəniyyəti ilə bütün dünyada tanınan
diyara çevrilmişdi.
Ulu öndərin təşəbbüsü
və rəhbərliyi ilə 1978-ci ildə qəbul olunmuş
Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit
olunması, azərbaycançılıq ideyasının
formalaşması istiqamətində atılan addımlar,
peşəkar hərbçilərin hazırlanması işinə
xüsusi diqqət yetirilməsi və bir çox digər
məsələlər milli azadlıq ideyasının
gerçəkləşməsinə istiqamətlənmişdi.
Bu baxımdan inamla demək olar ki, həmin dövr eyni zamanda
milli özünüdərkin möhkəmlənməsi mərhələsidir.
Təsadüfi deyil ki, o zaman ittifaq miqyasında iqtisadi cəhətdən
özünü tam təmin edə bilən iki respublikadan biri
məhz Azərbaycan idi ki, bu da heç kimdən asılı
olmadan müstəqil yaşamaq imkanı deməkdir. Sonralar həmin
dövrdə həyata keçirdiyi tədbirlərdən
danışan ulu öndər Heydər Əliyev demişdir:
"Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil
olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən.
Çünki istənilən müstəqilliyin əsasında
iqtisadiyyat durur".
Xalqımıza qarşı
törədilən 1990-cı ilin qanlı 20 Yanvar hadisələrində
də ulu öndər öz qətiyyətli mövqeyini
bildirdi, bunu bəşəriyyətə qarşı cinayət
kimi səciyyələndirdi, qırğın törədənlərin
hamısının layiqincə cəzalandırılmasını
tələb etdi. Həmin hadisələrdən
bir neçə ay sonra Naxçıvana gedən Heydər
Əliyev noyabrın 17-də Muxtar Respublikanın Ali Məclisinin
sədri seçildi və siyasi fəaliyyətini orada davam
etdirməyə, faktiki olaraq blokada vəziyyətinə
düşmüş Naxçıvanın ağır problemləri
ilə məşğul olmağa başladı.
Azərbaycan Respublikasının suverenliyinin hələ rəsmi
bəyan olunmadığı bir vaxtda, SSRİ-nin saxlanması
ilə bağlı referendumun Naxçıvan ərazisində
keçirilməsinə imkan verməyən ulu öndər
Naxçıvanda sovet rejiminin ləğvinə nail oldu və
üçrəngli bayrağımızı qaldırmaqla Azərbaycanın
dövlət müstəqilliyinin bərpasına gedən
yolun təməlini qoydu.
Azərbaycan Respublikası müstəqilliyini
1991-ci il oktyabrın 18-də bərpa etsə də, bu tarixi
nailiyyəti əldə saxlamaq asan deyildi. Yeni
müstəqil dövlətlərlə bərabər Azərbaycan
Respublikasının da dünya ölkələri, müxtəlif
beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş
Millətlər Təşkilatı tərəfindən
tanınması isə, sadəcə, beynəlxalq hüquq
normalarının formal qanuni təzahürü idi.
Dövlətçiliyimizə qarşı təhlükələr
Yenidən müstəqillik yoluna
qədəm qoymuş Azərbaycan Respublikasının
qarşısında bu tarixi inkişaf mərhələsində
dövlət müstəqilliyinin möhkəmləndirilməsi,
demokratik, hüquqi, dünyəvi dövlət qurulması,
ölkənin ərazi bütövlüyünün bərpa
edilməsi, Dağlıq Qarabağ probleminin milli maraqlara
uyğun həlli, əhalinin təhlükəsizliyinin və
rifahının təmin edilməsi kimi taleyüklü,
mühüm tarixi vəzifələr dururdu. Bütün
bunlar ardıcıl, məqsədyönlü,
düşünülmüş daxili və xarici siyasət
kursunun hazırlanıb həyata keçirilməsini və bu
məqsədlə ölkənin intellektual və sosial-iqtisadi
potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli
istifadə olunmasını tələb edirdi.
Təəssüf ki,
1991-1993-cü illərdə bu istiqamətdə heç bir
iş aparılmadı. O dövrdə ölkə daxilindəki
vətəndaş müharibəsi həddinə çatan
qarşıdurmalar nəinki dövlət müstəqilliyimizi,
hətta milli varlığımızı belə təhlükə
altında qoymuşdu. Digər tərəfdən, təcavüzkar
Ermənistanın ölkəmizə qarşı ərazi
iddiaları nəticəsində yaranan keçmiş
Dağlıq Qarabağ problemi ağır yük kimi Azərbaycanın
üzərində dururdu. Hər kəsin var
gücü ilə xarici düşmənə qarşı həmrəylik
nümayiş etdirməli olduğu belə bir şəraitdə
ayrı-ayrı mafioz qruplarda birləşmiş hakimiyyət hərisləri
özlərinin şəxsi maraqlarına xidmət edən fəaliyyətlə
məşğul idilər.
1992-ci ilin yaz aylarından
başlanan daxili hərc-mərclik, siyasi qüvvələrin
çəkişməsi cəbhə bölgələrinin nəzarətdən
kənar qalmasına və Qarabağ savaşında ermənilərin
üstünlüyü ələ almasına gətirib
çıxartdı. Strateji cəhətdən ən əhəmiyyətli
ərazilərin bir-birinin ardınca itirilməsi daha
çox AXC-Müsavat cütlüyünün xalqımıza
və müstəqil dövlətçiliyimizə
qarşı xəyanətkar mövqeyi ilə əlaqəli
idi. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev həmin hadisələrə siyasi qiymət verərkən
bunu hakimiyyət uğrunda gedən çirkin mübarizənin
nəticəsi kimi dəyərləndirmişdir: "Kəlbəcərin, Şuşanın və
Laçının işğal altına düşməsində
AXC-Müsavat tandeminin çox böyük mənfi rolu
olmuşdur… O vaxt onların əsas məqsədi nəyin
bahasına olursa-olsun hakimiyyətə gəlmək idi… Öz
doğma torpaqlarını ermənilərə təhvil verərək
AXC-Müsavat satqın cütlüyü 1992-ci ildə
Şuşanın və Laçının
işğalından sonra hakimiyyətə gəldi".
"Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin onuncu ildönümü haqqında" Azərbaycan
Respublikası Prezidentinin fərmanında bu hadisələrin
dolğun siyasi qiyməti verilmişdir: "Müstəqil
Azərbaycan dövlətinin keçdiyi yeni mərhələdə
ölkənin iqtisadi, siyasi maraqları, təhlükəsizliyi,
ərazi bütövlüyünün təmin olunması ilə
bir araya sığmayan daxili və xarici siyasəti müstəqil
dövlətçiliyə, onun sonrakı taleyinə
ağır zərbələr vurdu. Azərbaycanda
Ermənistanın təcavüzü ilə yanaşı daxili
ictimai sabitlik də pozulmuş, müxtəlif qanunsuz
silahlı dəstələr yaradılmış və ölkənin
daxilində qızğın hakimiyyət çəkişməsi
başlanmışdı. Bu dövrdə hökumətin daxili
və xarici siyasətini xarakterizə edən əsas cəhət
aydın, ardıcıl və prinsipial bir kursun
olmaması idi. Dövlət idarəçiliyi vahid bir
konsepsiya və sistem əsasında deyil, məsul vəzifə
sahiblərinin qrup maraqlarını ifadə edən təsadüfi
bəyanatlar, əksər hallarda bir-birini inkar edən, ziddiyyətli
və emosional çıxışlar üzərində qurulurdu".
AXC-Müsavat cütlüyünün əsl
siması bu antimilli qrupun hakimiyyətdə olduğu bir il ərzində
tam şəkildə üzə çıxdı. Daxili və
xarici siyasətdə buraxılan səhvlər onsuz da mürəkkəb
olan vəziyyəti daha da gərginləşdirdi. Xalq aclıq
və səfalət içində idi. Ölkənin maliyyə
imkanları tamamilə tükənmişdi. Ulu
öndər Heydər Əliyevin ötən əsrin 70-80-ci
illəri ərzində yaratdığı fundamental maddi və
mədəni nailiyyətlər qısa müddətdə məhv
edilmiş, sərvətlər talan olunmuş, işbazlar tərəfindən
xaricə satılmışdı. Ümumiyyətlə,
ölkə kriminal, mafioz qruplar, silahlı birləşmələr
tərəfindən idarə olunurdu.
İctimai-siyasi həyatda, iqtisadiyyatda hərc-mərclik
hökm sürürdü. Belə düşünülməmiş
və səriştəsiz siyasət vətəndaş
qarşıdurmasının kəskinləşməsinə,
hakimiyyətin ölkə daxilində öz nüfuzunu itirməsinə
gətirib çıxartdı. Nəticədə, 1993-cü
ilin yayında Azərbaycan dövlətçiliyi
böhran və məhvolma təhlükəsi
qarşısında qaldı, ölkə vətəndaş
müharibəsi və parçalanma həddinə
çatdı.
Beləliklə, 1991-1993-cü illər Azərbaycanın
müstəqillik tarixində nəinki itirilmiş illər, hətta
müstəqilliyimiz üçün təhlükə törədən
bir çox təzahürlərin əmələ gəldiyi
bir dövr kimi səciyyələndirilə bilər. Yeni Azərbaycan
Partiyasının VII qurultayındakı
çıxışında Prezident İlham Əliyev o illəri
xarakterizə edərkən ölkənin tamamilə idarəolunmaz
vəziyyətdə olduğunu xatırladıb: "Köhnə
partnomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə
düşmüşdü, hakimiyyətə qanunsuz yollarla gəlmiş
AXC-Müsavat cütlüyü ölkəni talayırdı,
dağıdırdı..."
Yeni dövlət quruculuğu
Belə ağır şəraitdə
cəmiyyətin bütün təbəqələri əmin
idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni
ağır və dözülməz vəziyyətdən
çıxarmağa qadir yeganə şəxsiyyət məhz
Heydər Əliyevdir. 1993-cü ilin iyununda xalqın təkidli
tələbi ilə onun hakimiyyətə
qayıtması mövcud hakimiyyət boşluğunu aradan
götürdü, baş qaldırmış separatçı
qüvvələr, Azərbaycan dövlətçiliyinə,
müstəqilliyə, ərazi bütövlüyunə qəsdlər
törədən cinayətkar ünsürlər zərərsizləşdirildi,
dövlət ilə xalqın birliyi, yekdilliyi təmin
edildi.
Azərbaycanın müstəqilliyini,
ərazi bütövlüyünü qorumaq, ölkədə
ictimai-siyasi sabitliyə nail olmaq üçün təxirəsalınmaz
vəzifələrdən biri davam etməkdə olan Ermənistan-Azərbaycan
müharibəsi ilə bağlı qəti addımların
atılmasından ibarət idi. Milli
Ordumuzun formalaşdırılması, onun döyüş
qabiliyyətinin yüksəldilməsi,
torpaqlarımızın müdafiə olunması
üçün genişmiqyaslı tədbirlərin həyata
keçirilməsi nəticəsində hərbi
qarşıdurmada tarazlıq yarandı. Cəbhə bölgələrindəki
yeni vəziyyət, uğurlu Horadiz əməliyyatından
sonra təşəbbüsün ələ
alınması erməni tərəfini atəşin
dayandırılması barədə ciddi düşünməyə
vadar etdi. 1994-cü ilin mayında atəşkəs haqqında
razılaşma əldə olundu, münaqişənin dinc
yolla aradan qaldırılması üçün ilkin şərait
yarandı.
Müharibənin dayandırılması,
ölkədaxili vəziyyətin nizamlanması, ictimai-siyasi
sabitliyin bərqərar edilməsi, regionda qonşu dövlətlərlə
yaranmış gərginliyin aradan qaldırılması və
münasibətlərin normal məcraya salınması Azərbaycanın
müstəqil dövlət kimi yaşamasını və
sonrakı inkişafını şərtləndirən
amillərdən oldu.
Ölkə daxilində
yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə
ona münasibətdə artan inam və maraqdan istifadə edərək
1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri
ilə "Əsrin müqaviləsi" adlandırılan ilk
neft kontraktları imzalandı. Ölkənin çoxsaylı
sosial-iqtisadi problemlərinin həlli istiqamətində məqsədyönlü
tədbirlər həyata keçirilməyə
başlandı.
Azərbaycanda başlanmış bu işlər
dövlətçiliyimizin əleyhinə olan daxili və
xarici qüvvələrin ciddi müqaviməti ilə üzləşdi.
1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət
çevrilişinə silahlı cəhdlər göstərildi.
Azərbaycan dövlətinin qətiyyəti,
bütün xalqın qızğın dəstəyi ilə bu
təhlükəli cəhdlərin qarşısı
alındı. Görülmüş tədbirlər nəticəsində
Azərbaycanda zor gücünə, silahlı dəstələrdən
istifadə etməklə hakimiyyətə gəlmək ənənəsinə
və separatizm meyillərinə son qoyuldu. Bununla
da Azərbaycan dövlət müstəqilliyinin keyfiyyətcə
yeni bir mərhələsinə daxil oldu, dövlət
quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda
böyük işlərə başlamaq üçün
ictimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar
edildiyi ölkəyə çevrildi.
1995-ci il noyabrın 12-də müstəqil
respublikamızın ilk Konstitusiyası qəbul olundu və
yeni müstəqillik tariximizdə ilk parlament seçkiləri
keçirildi. Müstəqil Azərbaycan
Konstitusiyası ölkəmizdə yeni dövlət
quruculuğu, dövlətçilik fəaliyyətinin və cəmiyyətin
inkişafının gələcək modeli üçün
hüquqi əsas yaratdı. Azərbaycanın suverenliyinin
möhkəmləndirilməsi, onun əbədi, dönməz
xarakter alması baxımından tariximizin ən məhsuldar
dövrünün təməli qoyuldu.
Ölkədə demokratik
islahatlar kursu müəyyən edildi və bu istiqamətdə
ardıcıl iş həyata keçirilməyə
başlandı. Milli qanunvericiliyin təkmilləşdirilməsi
istiqamətində mühüm addımlar atıldı. Azərbaycanda
demokratik dövlət yaradılması üçün yeni
iqtisadi sistemin formalaşması, iqtisadiyyat sahəsində
demokratik islahatların həyata keçirilməsi zərurəti
ön plana çəkildi. Bazar
iqtisadiyyatının formalaşması üçün
müvafiq hüquqi bazanın yaradılması, neft strategiyasının
ardıcıl surətdə həyata keçirilməsi yolunda
böyük iş aparıldı. Prezident İlham Əliyev
ulu öndərin 95 illik yubileyinə həsr olunmuş təntənəli
mərasimdəki çıxışında onun Azərbaycanın
müstəqilliyi və inkişafı naminə göstərdiyi
fəaliyyətə siyasi qiymət verərkən demişdir:
"1993-cü ildən başlayaraq Azərbaycan bu günə
qədər uğurlu inkişaf yolu ilə gedir... Məhz o illərdə
bizim inkişafımızla bağlı strateji seçimlər
edilmişdir ki, Azərbaycan müasir, demokratik ölkə kimi
inkişaf etsin".
Beləliklə, müstəqilliyin
gerçək əlamətlərini Azərbaycan dövləti
və xalqı 1991-ci ilin oktyabrından yox, 1993-cü ilin
iyunundan sonra dadmağa başladı. Bu tarixi yollara nəzər
saldıqca bir daha əmin olursan ki, Heydər Əliyevin dediyi
"Müstəqilliyin əldə olunması nə qədər
çətindirsə, onun saxlanılması, daimi, əbədi
olması bundan da çətindir" tezisi hər bir dövr
üçün aktuallığını qoruyub saxlayır.
Tarixi ədalət naminə "Müstəqillik Günü
haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən
mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə
Müstəqilliyin Bərpası Günü elan edilmişdir.
Müstəqilliyimizi möhkəmləndirən
Zəfər
2003-cü ildən etibarən dövlət
müstəqilliyinin möhkəmləndirilməsi və
dönməzliyinin təmin edilməsi istiqamətində həyata
keçirilən siyasi kurs yeni, daha yüksək mərhələyə
qədəm qoydu. Heydər Əliyev ideyalarının ən
etibarlı və sədaqətli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti seçildiyi ilk gündən cənab
İlham Əliyev islahatçı lider kimi ölkənin yeni
inkişaf konsepsiyasını ortaya qoydu.
Müstəqil ölkə olaraq Azərbaycanın
dünya ölkələri sırasında layiqli yer
tutması, söz sahibi olması, daim artan nüfuzu ilk növbədə
məhz onun bənzərsiz fəaliyyətinin nəticəsidir.
Bu gün ölkəmiz yeni nəsil müasir və
sivil dövlət modelini dünyaya təqdim edir. İndi Azərbaycan
beynəlxalq səviyyədə gedən proseslərdə vacib
aktor rolunu oynayır, mütərəqqi təşəbbüslərlə
çıxış edir. Ölkəmiz 120 dövlətin birləşdiyi
Qoşulmama Hərəkatına sədrlik edir, beynəlxalq
tədbirlərin keçirildiyi tolerant məkana
çevrilmiş Azərbaycan Respublikası İslam Əməkdaşlıq
Təşkilatı çərçivəsində ən
nüfuzlu mövqelərdən birinə sahibdir. Bütün
sahələr üzrə həyata keçirilən və ilk
növbədə insan amilinə söykənən tarixi
islahatlar və genişmiqyaslı Dövlət proqramları əhalinin
yüksək sosial rifahını, hüquq və
azadlıqlarını təmin etmişdir. Müstəqil siyasətin
təmin edilməsinə xidmət edən milli qanunvericiliyin ən
yüksək standartlar əsasında təkmilləşdirilməsi
və dövlət quruculuğunun yeni mütərəqqi
ideyalar əsasında qurulması prioritet istiqamətlər
sırasındadır.
Ən əsası isə Müzəffər
Ali Baş Komandan, Prezident İlham Əliyevin güclü
siyasi iradəsi, sərkərdə qətiyyəti, hərbi-siyasi
və diplomatik məharəti sayəsində Ermənistanın
44 günlük Vətən müharibəsində ağır
məğlubiyyətə uğradılaraq, 30 ilə yaxın
işğal altından saxladığı torpaqlardan
qovulması ilə dövlət müstəqilliyinin ən
vacib elementlərindən biri olan ərazi
bütövlüyü təmin edilmişdir. Tarixi Zəfər
nəticəsində yaranan yeni reallıqlar ölkəmizin
dövlət müstəqilliyinin toxunulmazlığına və
əbədiliyinə daha güclü zəmin yaradır.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev İtaliyanın "La
Repubblica" qəzetinə verdiyi müsahibədə dövlət
müstəqilliyinin ölkəmiz üçün ən
böyük dəyər olduğunu bildirərək müzəffər
sərkərdə kimi siyasi iradəsini bir daha nümayiş
etdirmişdir. Dövlətimizin başçısı
Azərbaycanı mümkün təhlükələrdən
qoruyacağını bir daha bəyan edərək demişdir:
"Azərbaycanın xarici siyasətinin başlıca prinsipi
müstəqillikdir. Xarici siyasətimiz tamamilə hər
hansı xarici hökmranlıqdan azaddır. İkincisi isə
praqmatiklikdir. Biz mövqeyimizi məhz bunun əsasında
formalaşdırırıq...Heç kəs öz iradəsini
bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrlə
və ilk növbədə, qonşularımızla dost
münasibətlərə malik olmaq istəyirik... Biz Azərbaycanda
çox işlər görürük. Əlbəttə ki,
bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir.
Onlar bizi ittiham etmək istəyirlər. İstəyirlər
ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək
istəyirlər. Mən isə deyirəm: Yox! Mən Azərbaycanı,
onun suverenliyini, müstəqilliyini, seçimini
ömrümün sonuna qədər müdafiə edəcəyəm!"
Müstəqil siyasət, qətiyyətli siyasi
iradə - Azərbaycanın dövlətçilik ənənələrinin
əbədiyaşarlığını təmin edəcək
ən mühüm amillərdir. Düzgün siyasət və
xalqımızın qalibiyyət ruhu müstəqil dövlətçiliyimizin
davamlı inkişafı üçün sarsılmaz zəmindir.
Əli
HÜSEYNLİ
Milli Məclis sədrinin
birinci müavini.
Respublika.- 2021.-
17 oktyabr.- S.6.