Xatirəyə dönmüş ömür
Çox qısa bir ömür yaşadı
şəhidimiz. Cəmi 20 il. Ömrünün qalan hissəsini doğma torpağa bağışladı. Vətənə övladlıq borcunu müharibədə verdi. Şərəflə, ləyaqətlə, hünər və cəsarətlə. Düşmən qabağında ölümlə üzbəüz gözünü qırpmadan durdu. Əsl qəhrəmanlıq göstərdi. Şəhadətə ucalaraq gələcək nəsillərə həmişəlik nümunə oldu. Xaçmazın Uzun oba kəndində boya-başa çatan şəhid Ehtiram Heydərov haqqında danışırıq.
Əvvəlcə kəndin aşağı hissəsində, səfalı bir guşədə yerləşən qəbiristanlığa gəldik. Gül-çiçəyə qərq olunmuş məzarını ziyarət etdik. Sonra doğma ata ocağına döndük. Ailə üzvlərinin onun haqqında böyük sevgi və ehtiramla söylədiyi xatirələri dinlədik.
Ehtiramın şəhid olmasının bir ili tamam oldu – deyə atası söhbətə başladı. Çox adam yığışmışdı bu həyətə. Küçədə, evin qabağında insan əlindən tərpənmək olmurdu. Torpağa basdırılan günü daha böyük izdiham vardı. Bütün rayon əhli burada idi. Allah hamıdan razı qalsın. Bütün xalq oğluma ehtiram göstərir. Söhbətə mən əlavə etdim. Dedim ki, Şahin kişi,
o, artıq təkcə sizin deyil, xalqın, elin, bütün Azərbaycanın oğludur.
Evdə otaqların biri sanki kiçik bir muzeydir. Cəmi 20 illik bir ömrün tarixçəsi olan balaca bir muzey. Burada müxtəlif şəkillər, sənədlər, ordenlər, medallar, döyüş paltarları, məişət əşyaları hamısı ona aiddir. Xatirələri dinləyir, şəkillərə baxır, sənədləri varaqlayırıq. Qısa tərcümeyi-halı sanki uzun bir həyat yolundan danışır. Gənc ömrünü o qədər mənalı yaşayıb ki, hər gününü illərlə müqayisə etmək olar. Cəmi 16-17 günlük döyüşdə bütöv bir qəhrəmanlıq dastanı yazıb.
Hərbi xidmətini cəbhə bölgəsində düşmənlə üzbəüz, cəmi 130 metr aralıda keçmişdi. İriçaplı pulemyotun atıcısı kimi ön xəttə tam alışmışdı. Kəşfiyyat xidmətində əks-kəşfiyyatçı kimi fəaliyyət göstərmişdi. Hərbi xidmətini 2019-cu il oktyabrın 15-də başa vurub, həmin hərbi hissədə müddətdən artıq hərbi xidmət qulluqçusu kimi çalışmağa qərar vermişdi. Döyüş yolu da xidmət etdiyi yerdən - Ağdamın Çıraqlı kəndindən başladı. Kəşfiyyat bölüyünün manqa komandiri təyin olundu. Həmişə hamıdan irəlidə gedirdi. Komandirlərindən biri onun haqqında deyir ki, Ehtiram yoldaşlarından çox seçilirdi. Soyuqqanlı, ürəkli, qorxmaz idi. Düşdüyümüz hər çətin vəziyyətdən çıxış yolu tapırdı. Çox ağıllı, təmkinli və zəkalı idi. Həmişə 2-3 addım irəlini düşünürdü. Ehtiram ömür boyu döyüş yoldaşlarının qəlbində yaşayacaq. Başqa bir döyüş yoldaşı yazır ki, mən onunla bir hərbi hissədə xidmət etdiyimə görə fəxr edirəm. Belə mərd, cəsur oğlanlar tək-təkdir. Ehtiramı sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. O, bizim yaddaşımızda həmişəlik qalacaq. Belə oğul yetişdirən valideynlərə əhsən deyirik.
Qızğın döyüş gedirdi. “Ancaq irəli” əmri verilmişdi. Hamı sürətlə irəli gedirdi. Əsgərlərimizdən biri ağır yaralanmışdı. Hamı yaralının yanından keçsə də, güllə yağışının altında dayanmağa heç kəs cürət etmirdi. Gözündən heçnə qaçmayan cəsur Ehtiram Heydərov onun yanından keçib bir xeyli gedəndən sonra geri dönür. Çox çətinliklə yaralını gətirib yoldaşlarına təhvil verib, yenə irəli cumur.
Ağdamdan başlanan döyüş yolu Suqovuşanda, Ağdərənin Talış, Çaylı kəndlərində davam edir. Suqovuşanda “Mübariz postu”nun alınmasında onun xüsusi xidmətləri var. Bundan əlavə, bu istiqamətdə 21 postun alınması Ehtiramın adı ilə bilavasitə bağlıdır. Döyüş yoldaşları deyir ki, sonuncu postu aldıqdan sonra 6 nəfərimiz burada qalıb qalanları getməli idi. Yeni azad olunmuş postda qalanlardan biri Ehtiram idi. Onlar qorxmadan, çəkinmədən çətin bir ərazidə gecələdilər. Onun uzaqgörənliyi, tədbirli hərəkəti nəticəsində 6 nəfər də sağ qalıb buradan çıxa bildilər. Oktyabrın 15-də namərd düşmən gülləsinə tuş gələn igid döyüşçü qəhrəmanlıqla həlak oldu. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə Ehtiram Heydərov ölümündən sonra “Vətən uğrunda”,
“Suqovuşanın azad olunmasına görə”,
“Ağdamın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Elində, obasında adı dillərdə əzbər olan bu igid döyüşçü haqqında dəfələrlə şeirlər yazılıb. Kiçik yazımızı həmin şeirlərdən birinin son bəndi ilə bitiririk:
Bu obanın, bu elin səndən uca yeri yox,
Şəhidlik məqamında səndən canlı diri yox,
Şənini vəsf etməyə qələmin hünəri yox,
Bilirəm bağışlayar ruhun məni, Ehtiram,
Yad edir ehtiramla Vətən səni, Ehtiram!
Ziyafəddin BAYRAMOV,
“Respublika”.
Sona XƏYAL
Respublika.- 2021.- 29 oktyabr.- S.6.