Quruculuq və bərpa dövründə də
Türkiyə Azərbaycanın yanındadır
Füzuli Beynəlxalq Hava Limanının
qısa müddətdə inşası ölkələrimizin
birgə uğurudur
Azərbaycan və Türkiyə
prezidentlərinin Füzuli Beynəlxalq Hava Limanının
açılışında birlikdə iştirak etməsi
"bir millət, iki dövlət" ideyasının
növbəti parlaq təzahürü oldu. İki ölkənin
şirkətləri birlikdə belə əzəmətli layihəni
cəmi səkkiz ay ərzində yüksək keyfiyyətlə
icra edərək, əsl qardaşlığın yeni bir
nümunəsini ortaya qoydular.
Yeni hava limanı bölgədə
səfərə gələnlərin rahatlığını
təmin edəcək, işğaldan azad olunmuş
torpaqlarımızda aparılan quruculuq işlərinin daha da
sürətlənməsinə töhfə verəcək, nəinki
Füzulinin, ümumilikdə, bölgənin sosial-iqtisadi
inkişafında müstəsna rol oynayacaq.
Prezident İlham Əliyev
Füzuli Beynəlxalq Hava Limanını Türkiyə ilə
Azərbaycanın birgə uğuru adlandırdı, İkinci
Qarabağ savaşında Zəfərin qazanılmasına
çox böyük siyasi və mənəvi dəstək
verdiyinə, indi quruculuq və bərpa dövründə də
bizimlə olduğuna görə Türkiyə Prezidentinə
təşəkkür etdi.
Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan isə işğaldan azad edilən ərazilərin
qısa müddətdə necə dirçəldiyini, necə
sürətlə inkişaf etdiyini gördüyündən məmnunluğunu
bildirməklə yanaşı, bunun hər igidin, hər siyasətçinin
işi olmadığını söyləyərək
Azərbaycan dövlətinin və onun rəhbərinin əzmkarlığına
rəğbət və ehtiramını sərgilədi.
...Füzulinin işğaldan azad edilməsi
ordumuzun öz missiyasını sonadək şərəflə
yerinə yetirmək qətiyyətini bütün dünyaya
göstərdi. Düşmən otuz ilə yaxın müddətdə
burada qurduğu möhkəmləndirilmiş müdafiə
istehkamlarına çox güvənirdi və Vətən
müharibəsinin ən şiddətli döyüşləri
də məhz Füzuli uğrunda getdi. Qəhrəman hərbçilərimiz
misilsiz bir fədakarlıqla, canları-qanları bahasına həmin
müdafiə xəttini yarmağa nail oldular. Ermənilər
qorxu və təşviş içərisində
qaçmağa başladılar və onların arasında fərarilik
kütləvi hal aldı. Prezident, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin söylədiyi kimi:
"Düşmən gördü ki, bizim
qabağımızda dura bilməyəcək, düşmən
gördü ki, artıq bizim önümüz
açıldı, digər şəhər və
rayonlarımızın azad edilməsi məsələsi
qaçılmazdır".
Bu gün isə Füzuli Qarabağın və
Şərqi Zəngəzurun dirçəldilməsi, bərpa
edilməsi, yenidən qurulması prosesinin başlanğıc
nöqtəsidir. Postmüharibə dövrünün ən
böyük infrastuktur layihəsi - beynəlxalq hava limanı məhz
burada inşa olunub və istifadəyə verilib. Dövlətimizin başçısının
"Qarabağın hava qapısı"
adlandırdığı, bir saatda, ən azı, iki yüz sərnişinə
xidmət edəcək bu müasir hava limanı işğaldan
azad edilmiş rayonların sosial-iqtisadi inkişafına
sanballı töhfələr verəcək və Zəngəzur
dəhlizinin logistika imkanlarını daha da gücləndirəcək.
Füzuli Qarabağın cənub əraziləri
və bütövlükdə Şərqi Zəngəzur
üçün həm də elektrik enerjisi təchizatında
mərkəz rolunu oynayacaqdır. Təsadüfi deyildir ki, mədəniyyət
paytaxtımız Şuşa işğaldan azad edildikdən
sonra oraya ilk elektrik xətti məhz Füzulidən çəkilib.
Qəhrəman hərbçilərimizin
qarşısından qaçan mənfur düşmən
şəhərdən çıxmağa məcbur olarkən
Şuşada bütün elektrik xətlərini kəsmiş,
su xəttini partlatmışdı. Dövlətimizin
başçısının tapşırığı ilə
fədakar energetiklərimiz qışın soyuğunda əzmkarlıqla
çalışaraq, çox qısa müddətdə şəhəri
elektrik enerjisi ilə təchiz etdilər.
Ölkəmizdə elektrik enerjisinin
paylanmasını həyata keçirən "Azərişıq"
ASC-nin innovativ layihələrindən biri olan Rəqəmsal
Stansiya İdarəetmə Mərkəzini Füzulidə
inşa etməsi də təsadüfi deyildir. Təkcə
işğaldan azad olunmuş ərazilərdə yaradılacaq
"yaşıl enerji" zonasının tələbləri
deyil, ümumilikdə, "ağıllı kənd",
"ağıllı şəhər" konsepsiyası əsasında
yenidən qurulacaq bölgənin dayanıqlı və fasiləsiz
elektrik enerjisi ilə təchizatı üçün belə
bir mərkəzin mövcudluğu zəruridir. Rəqəmsal
texnologiyalara əsaslanan "ağıllı şəbəkələr"in
gələcəkdə enerjipaylayıcı infrastrukturun
aparıcı elementinə çevrilməsində Füzulidə
icrasına başlanan ilk layihə mühüm rol oynayacaq.
Onu da qeyd edək ki, Qarabağ və
Şərqi Zəngəzur iqtisadi rayonlarında enerji təchizatı
sisteminin, xüsusən də, yüksək gərginlikli
elektrik şəbəkəsinin, enerji istehsalı müəssisələrinin
bərpasına və yenidən qurulmasına erməni
faşizmi üzərində qələbədən dərhal
sonra başlanıb. Qısa müddətdə
üç generasiya mənbəyi - Laçında
"Güləbird", Tərtərdə
"Suqovuşan-1" və "Suqovuşan-2" SES-lər
tamamilə yenidən qurularaq istismara verilib, 110/35/10 kV-luq
"Şuşa", "Füzuli", "Kəlbəcər"
və "Cəbrayıl" yarımstansiyaları inşa
edilib, çoxsaylı elektrik verilişi xətləri çəkilib.
Bu işlər Ağdamda, Zəngilanda, Qubadlıda da davam
etdirilir.
"Füzuli" yarımstansiyasının
açılışı bu il iyunun 14-də Prezident İlham
Əliyevin və birinci xanım Mehriban Əliyevanın
iştirakı ilə keçirilib. Həmin vaxt
dövlətimizin başçısı Füzuli rayonu ərazisindəki
yenidən qurularaq genişləndirilən 110/35/10 kilovoltluq
"Şükürbəyli" yarımstansiyasının da
açılışını edib. İşğaldan azad
edilmiş ərazilərin respublikanın energetika sisteminə
qoşulmasında bu yarımstansiyanın xüsusi yeri
vardır. "Füzuli"
yarımstansiyası isə Beynəlxalq Hava Limanının və
Füzuli-Şuşa yolunun yaxınlığında yerləşir,
bir neçə gün əvvəl təməli qoyulan şəhəri
və ətraf kəndlərdə inşa ediləcək
bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcəkdir.
Hər bir bölgənin
inkişafı üçün yol infrastrukturunun
mövcudluğu ən mühüm şərtdir. 44
günlük Vətən müharibəsində ordumuzun
döyüş yolu Füzulidən başladığı
kimi, Qarabağın cənubunda və Şərqi Zəngəzurda
işğaldan azad edilmiş ərazilərə çəkilən
avtomobil yolları da öz başlanğıcını
buradan götürür. Məlum olduğu kimi,
rayon ərazisindən Şuşaya iki yol çəkilir - 101
kilometr uzunluğunda Zəfər yolu və 81 kilometr
uzunluğunda Əhmədbəyli-Füzuli-Şuşa yolu:
bunlardan birincisinin, hələ rəsmi açılış
mərasimi olmasa da, asfaltlaşdırılmış əsas
hissəsindən gediş-gəliş üçün istifadə
olunur, ikincisinin isə, bir sıra hissələrinin
keçəcəyi tunellərin, yol yataqlarının
inşası davam etdirilir.
Prezident İlham Əliyevin və birinci
xanım Mehriban Əliyevanın rayona səfəri zamanı
yeni Füzuli-Ağdam avtomobil yolunun da təməlqoyma mərasimi
olub. Dövlətimizin başçısının bu ilin
avqustunda təsdiqlədiyi "İşğaldan azad
edilmiş ərazilərin yenidən qurulması və bərpası
layihəsi" çərçivəsində çəkiləcək
64,8 kilometr uzunluğunda yol Bərdə-Ağdam avtomobil yolunun
davamıdır. Bundan on ay əvvəl isə ölkə rəhbərinin
Füzuliyə və Xocavəndə səfəri zamanı
Füzuli-Hadrut avtomobil yolunun təməli qoyulub və
hazırda tikintisi davam etdirilir.
Erməni vandallarının vəhşicəsinə
dağıdıb xarabazara çevirdikləri Füzuli şəhərində
və rayonun kəndlərində bərpa-quruculuq işlərinin
aparılması üçün, ilk növbədə, təhlükəsizlik
tədbirləri görülür, ərazilər mina və
partlayıcı qalıqlarından təmizlənir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev
Füzulinin azad edilmiş rayonlar arasında minaların
sayına görə ən çox çirkləndirilmiş
rayon olduğunu vurğulayaraq, burada yüz mindən çox
mina basdırıldığını bildirib. Lakin
təhlükəsizlik tədbirləri həyata keçirilməklə
yanaşı, Füzuli şəhərinin baş planı, kəndlərin
inkişaf konsepsiyası da hazırlanıb və qeyd
olunduğu kimi, işğaldan azad edilmiş ərazilərdə
infrastruktur layihələrinin icrasına da məhz Füzulidə
başlanıb.
Burada bir mühüm faktı da xatırlatmaq
istərdik: Qarabağda ərazilərin erməni
işğalından azad edilməsi üçün ilk
uğurlu əməliyyat ulu öndər Heydər Əliyevin
respublika prezidenti seçilməsindən az sonra - 1994-cü
ilin əvvəllərində həyata keçirilib və
Füzuli rayonunun 22 yaşayış məntəqəsi, o
cümlədən Horadiz qəsəbəsi düşməndən
təmizlənib. Ötən müddətdə bu ərazilərdə
genişmiqyaslı bərpa-quruculuq işləri
aparılıb, məcburi köçkünlər
üçün 17 qəsəbə salınıb. Azərbaycan
Prezidenti kimi Füzuli rayonunda 12 dəfə olduğunu rayon
ictimaiyyəti ilə bu yaxınlarda keçirdiyi
görüşdə bir daha xatırladan Müzəffər
Ali Baş Komandan İlham Əliyev deyib: "Burada
köçkünlərlə görüşərək hər
zaman onlara deyirdim ki, Füzuli şəhəri və rayonun
qalan hissəsi azad olunandan sonra biz daha yaxşı evlər tikəcəyik,
daha gözəl şərait yaradacağıq və siz
qayıdacaqsınız. Bu gün artıq bunu hər kəs
görə bilir. Çünki Füzuli rayonunda artıq icra
edilən layihələr bizim həm niyyətimizi, həm
potensialımızı göstərir".
Füzuliyə yeni həyat qayıdır və
dövlətimizin başçısının təsdiq etdiyi
bərpa planının icrası keçmiş məcburi
köçkünlərin tezliklə doğma yurda
qayıdışına imkan yaradacaqdır. Onların sevincinin
həddi-hüdudu yoxdur. Birinci vitse-prezident Mehriban xanım
Əliyeva füzulililərlə görüş barədə
duyğularını rəsmi instaqram səhifəsindəki
paylaşımında belə ifadə edib: "Füzuli
rayonundan olan keçmiş məcburi köçkünlərlə
görüş. Doğma torpaqlara
qayıdışınızın həyəcanını və
sevincini səmimi-qəlbdən sizinlə
bölüşürəm!".
Vətən müharibəsində
Qələbədən bir ilə yaxın vaxt keçir.
İşğaldan azad edilmiş ərazilərdə, o
cümlədən Füzulidə görülən işlərin
miqyası, xüsusən infrastruktur layihələrinin
icrasının intensivliyi, sürəti onu göstərir ki,
Horadiz qəsəbəsində və onun ətrafındakı
yaşayış məntəqələrindəki inkişaf
dinamikası rayonun yenidən qurulan və bərpa edilən digər
hissələri üçün də xarakterik olacaqdır.
Möhtərəm
RƏCƏBOVA
Respublika.- 2021.- 28 oktyabr.- S.1-5