Qələbəni qanı ilə yazan igidlər
44
gün davam edən Vətən müharibəsinin hər
günü şanlı ordumuz cəbhədə qələbə
qazanıb, işğalçı Ermənistan silahlı
qüvvələrinə ağır və sarsıdıcı
zərbələr vurub, torpaqlarımızın azad edilməsi
üçün əsl qəhrəmanlıq nümayiş
etdirib. Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
Azərbaycanın qəhrəman
oğullarının fədakarlığı
sayəsində
30 ilə yaxın
işğal altında
qalan torpaqlarımız
azad edildi. Keçmiş məcburi köçkünlərin inamı
öz təsdiqini tapdı, ümidlər doğruldu.
Heç şübhəsiz
ki, bu şanlı
qələbə Azərbaycan
tarixində əbədi
qalacaq. Qalib Ali Baş Komandan
həm döyüş
meydanında, həm də danışıqlar
masası arxasında bu tarixi qələbəyə
nail olub. Fədakarlıq göstərib,
qətiyyət göstərib,
iki cəbhədə döyüşüb, dəmir
məntiqi çoxlarının
sifətinə sillə
kimi çırpılıb.
Həmin igidlərdən
biri də Azərbaycan ordusunun polkovnik-leytenantı Rəşad
Sadıqovdur. Ömrünü
hərb sahəsinə
həsr edən zabitimizin ən böyük arzusu düşmən işğalında
olan torpaqlarımızı
azad etmək idi.
Rəşad Sadıqov 1978-ci il oktyabrın 11-də Laçın
rayonunda anadan olub.
1992-ci ilin mayında
xəyanət nəticəsində
Laçın şəhəri
Ermənistan tərəfindən
işğal olunanda Rəşadın valideynləri
Şəmkir şəhərinə
pənah aparıblar. Məcburi köçkünlük həyatı,
valideynlərinin yurd həsrəti istər-istəməz
Rəşadın qəlbində
düşmənə sonsuz
nifrət yaradıb, qisas alacağı günü hər an, hər dəqiqə
gözləyib. 1995-1999-cu illərdə
Bakı Ali Birləşmiş Komandanlıq
Məktəbində hərbi
təhsil alıb. Rəşad müxtəlif illərdə Azərbaycan Silahlı Qüvvələrinin bir sıra hərbi hissələrində, Naxçıvan
şəhərində Heydər
Əliyev adına Hərbi Liseydə, sonra isə Naxçıvan şəhərində
Hərbi Komissarlıqda
və Hərbi Hospitalda xidmət edib, nümunəvi xidmətinə görə
bir sıra medallarla təltif olunub.
Vətən müharibəsi başlayan
gündən döyüş
meydanında düşmənə
qarşı hərbi əməliyyatlarda iştirak
edib. Azərbaycan Ordusunun polkovnik-leytenantı
Rəşad Sadıqov
2020-ci il sentyabrın
27-də başlayan Vətən
müharibəsində Cəbrayıl,
Qubadlı və Laçının azadlığı
uğrunda gedən döyüşlərdə iştirak
edib. Qəhrəman zabit inamla, yurd
eşqi ilə döyüşüb, düşmənə
ağır zərbələr
vurub, şəhidlərin,
məcburi köçkünlərin
qisasını döyüş
meydanında alıb.
Şəhid polkovnikin anası Fəlakət Hüseynova deyir ki, oğlum
döyüşlərə böyük ruh yüksəkliyi ilə qatılmışdı. İmkan
düşən kimi bizə zəng edirdi, sevinə-sevinə deyirdi ki, Qubadlını,
Cəbrayılı azad
etdik. Hər dəfə atasına xoş xəbərlər çatdırardı. Bir gün axşam Rəşad zəng etmişdi. Dedi, atama de ki,
Həkəri çayı
bizdədir, əl-üzümü
o çayda yudum. Darıxmasın, tezliklə
Laçını da azad edəcəyik. Rəşad Sadıqov oktyabrın 30-da Laçın
uğrunda gedən döyüşlərdə şəhid olub. Atası oğul itkisinə dözə bilməyib, Rəşadın şəhidlik
zirvəsinə ucalmasından
13 gün sonra vəfat edib.
Qəhrəman zabitimizin Vətənə
əmanət iki övladı var. Yeddinci sinif şagirdi Nihad atası ilə fəxr etdiyini deyir:
-Nə qədər
qəmgin olsam da, mən həmişə
atamla fəxr edirəm. Atamı itirəndən sonra həyatımda bir boşluq yaranıb. Buna baxmayaraq, düşünürəm ki,
atam torpaqlarımızın azad edilməsi uğrunda həlak olub, yurdumuzdan işğalçıları
qovub. Hər dəfə telefonla bizimlə danışanda qələbə
xəbəri deyirdi.
Rəşad Sadıqov Laçının
Giləbürd kəndindən
bir az yuxarı,
Fərəcan kəndində
ağır döyüşlərdə
həlak olub. Döyüş yoldaşlarının
dediyinə görə,
doğulub boya-başa
çatdığı Laçın torpağına döyüş
yolu ilə gəldiyinə görə
çox sevinirmiş.
Şəmkir rayonunun Çaparlı kəndində
dəfn olunub.
Qalib Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə
Azərbaycan Respublikasının
ərazi bütövlüyünün
bərpa edilməsində
xüsusi xidmətlərinə
və işğal olunmuş ərazilərin
azad olunması zamanı düşmənin
məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş
tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq
nümunəsinə görə
Azərbaycan Ordusunun polkovnik-leytenantı Rəşad
Sadıqov ölümündən
sonra “Cəbrayılın
azad olunmasına görə”, “Qubadlının
azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Qələbəni qanı ilə yazan igidlərin adı əbədi yaşayacaq, onların qəhrəmanlığı tariximizin
ən şərəfli
səhifəsinə çevriləcək,
zamanın fövqündə
dayanacaq.
Salman ALIOĞLU
Respublika.- 2021.- 31 oktaybr.- S.4.