BƏXTİYARLIQ

 

Təxminən iki il əvvəl Bəxtiyarın “Bağışla məni, ana” adlı bir yazısını oxumuşdum. “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, respublikanın Əməkdar jurnalisti Bəxtiyar Sadıqovu deyirəm. “Bağışla məni, ana” onun mənfur düşmənin işğal etdiyi ərazilərdə tənha qalmış qəbirlərə həsr etdiyi bir elegiya idi.

Həyəcansız oxumaq olmurdu... “Bağışla məni, ana”, - deyirdi müəllif. Bu, anasının, düşünürəm ki, həm də digər doğmalarının məzarını ziyarət edə bilməyən, onlara qəbirləri yanında yasin oxutdurmaq imkanından məhrum olan minlərin ürəyinin səsi idi. Əslinə qalsa, bu, bir yurd həsrəti, haray idi...

“Zaman yaman sürətlə dəyişir, ana!

Havanın müharibə qoxusu get-gedə artır!

Daha heç kimdən qorxmuruq, artıq hər şeyimiz var: gücümüz də, siyasətimiz də, silahımız da, hələ desən güclü iqtisadiyyatımız da!

Onu da bil ki, bu həsrətin qisasını düşməndə heç zaman qoymayacağıq!”, - deyirdi müəllif. Ümidlə, inamla, əminliklə nida edirdi ki, gələcəyik!

Və bir gün müdrik Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Biz gəlmişik!” deyəndə, “Qarabağ bizimdir!” həqiqətini dünyaya bir daha bəyan edəndə mənim, təbii ki, ilk növbədə yadıma düşənlərdən biri Bəxtiyar oldu. Bu Qələbənin qazanılması üçün uzun illərdir qələmini silaha çevirən bir yazar, cəbhə bölgəsindəki seçicilərin deputatı, dövlətimizin siyasətini dəstəkləyən və kütlələrə çatdıran, Prezidentimizə həyata keçirdiyi çoxşaxəli islahatlarda, gördüyü bütün işlərdə düzgün əqidəsi və yaradıcı əməyi ilə köməkçi olan “Azərbaycan” qəzetinin baş redaktoru və yurd həsrətli bir insan kimi onu da təbrik etməyə tələsdim.

Bəxtiyar Sadıqovu çoxdan tanıyıram. Milli Məclisin iclas günlərində bir-birimizi əyani görməkdən əlavə, onunla həm də hər nömrəsinə imza atdığı “Azərbaycan” qəzetinin səhifələrində qiyabi görüşürəm. Qəzeti izləyirəm, o cümlədən baş redaktorun məqalələrini bir qayda olaraq oxuyuram. Hərdən özüm də “Azərbaycan”da çıxış edirəm və bundan qürur duyuram.

Şəksizdir ki, hər bir insan ailə, qohum-əqrəba, dost-tanış, məktəb, bir sözlə, ətrafındakı ictimai-siyasi aləmin əhatəsində böyüyür və bu, onun xasiyyətinin, şəxsiyyətinin formalaşmasına böyük təsir göstərir. O da şəksizdir ki, insan bir çox dəyərləri, ilk növbədə həm də doğulduğu torpaqdan ərməğan alır. Əsrarəngiz Qarabağ bu mənada səxavətini heç bir övladından əsirgəməyib. Dahisi dahidir, alimi alim... Meşələrinin həzin pıçıltısı, bulaqlarının zümzüməsi, çaylarının şırıltısı neçə-neçə oğul və qızına şaqraq səs, xoş avaz bəxş edib. Bunlar öz yerində... Amma desəm ki, bu torpaqda istedadsız bir kimsə yoxdur, yəqin ki, heç kəs sözümü qəribliyə salmaz. Qarabağda ən adi peşə sahibi belə öz işində-peşəsində qabiliyyətli, istedadlıdır... Bir sözlə, qarabağlılar torpağa bağlı, olduqca zəhmətsevər, vətənpərvər insanlardır. Məsələn, Bəxtiyar müəllimin böyüdüyü evdən, ailədən iki istedadlı, zəhmət və sənət sevgisi ilə yüksək peşəkarlığa nail olmuş jurnalist çıxıb. Əvvəlcə bacısı Rəfiqə jurnalistliyin çətin yollarının yolçusu olmağı qətiləşdirib.

Övladlarının mükəmməl savad, gərəkli peşə sahibi, yaxşı insan olmasını bütün varlığı ilə arzulayan və daim buna çalışan Sədəf xanım onların seçiminə həmişə hörmətlə və həssaslıqla yanaşırdı. Beləliklə, ana əvvəlcə jurnalistliyi seçən qızına, sonra oğluna da xeyir-dua verdi. Uzun illərdir “Gəncənin səsi” qəzetində (sovet dönəmində qəzet “Kirovabad kommunisti” adlanıb) çalışan və hazırda onun baş redaktoru, çoxsaylı bədii-publisistik məqalə və kitabların müəllifi olan Rəfiqə Sadıqova seçiminin düzgünlüyünü işi və yaradıcılığı ilə təsdiq etdi. Onu da əlavə edim ki, Gəncə seçicilərini deputat kimi təmsil etdiyim dövrdə Rəfiqə Sadıqovanın jurnalistlik səriştəsini qəzet üçün materiallar hazırladığı zaman əyani gördüm, millət vəkili kimi mənimlə də söhbətləri, müsahibələri olub. Oxucular, ümumən şəhər sakinləri ona dərin hörmət bəsləyirlər. Bu xanımın peşə seçməkdə özündən yaşca kiçik qardaşına təsiri nə dərəcədə olub, onu bilmirəm. Amma hər halda Bəxtiyar Sadıqov böyük jurnalistikaya gələn yolu tədricən, zəhmətlə, getdikcə qələmini cilalaya-cilalaya, peşəkarlığını artıra-artıra keçib.

Adətən həyatda, cəmiyyətdə nüfuz, hörmət qazanan, vəzifə sahibi olan insanlar haqqında danışanda, yazanda “o, pillə-pillə ucalıb” ifadəsini tez-tez işlədirlər. Bəxtiyar Sadıqovdan bəhs edəndə bu, heç də şablon səslənmir. Keçən ilin əvvəlində altıncı çağırış Milli Məclisin deputatı seçilməsindən əvvəl onun qısa şəkildə yazılmış tərcümeyi-halına rast gəldim. Keçdiyi həyat yoluna az-çox bələd olsam da, ömürnaməsinə bir daha nəzər saldım. Həmin vərəq o vaxtdan iş masamın üstündə qalıb. İndi oradan oxuyuram: “Bəxtiyar Yusif oğlu Sadıqov 1951-ci ildə Ağdam şəhərində anadan olub. 1965-ci ildə Ağdam şəhər 4 nömrəli səkkizillik məktəbini bitirib. 1965-1969-cu illərdə Bakı Yerli Sənaye Texnoloji Texnikumunda təhsil alaraq “Ağac biçmə və ağac emalı texnologiyası” üzrə texnik-texnoloq ixtisasına yiyələnib. Texnikumu fərqlənmə diplomu ilə başa vurduğuna görə pedaqoji şuranın qərarı ilə ali məktəbə oxumağa ezam edilib. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsinə daxil olaraq 1974-cü ildə oranı da fərqlənmə diplomu ilə bitirib. İctimai fəallığı ilə fərqlənən Bəxtiyar Sadıqov hələ texnikumda oxuyarkən texnikum üzrə tələbə həmkarlar təşkilatının sədri, universitetdə isə fakültə komsomol təşkilat katibi seçilib”.

İstər-istəməz diqqətim “fərqlənib”, “fərqlənmə” sözləri üzərində cəmlənib qalır. Düşünürəm ki, Bəxtiyar Sadıqovun orta ixtisas və ali təhsil alarkən qazandığı biliklərin səviyyəsini səciyyələndirən, hələ ilk gənclik illərində ictimai işlərdə fəallığının göstəricisi olan bu meyar əslində həyatının sonrakı dövrlərində də onunla qoşa addımlayıb. Yənə cəsarətlə deyirəm ki, Bəxtiyar Sadıqov həmişə yaxşı mənada fərqlənənlərdəndir. Jurnalist və publisist kimi, baş redaktor kimi, millət vəkili kimi, övlad və ata kimi, dost, insan, vətəndaş kimi...

Ustad qələm sahibi, bir-birindən maraqlı və düşündürən yazılar müəllifi olan Bəxtiyar Sadıqov jurnalistikanın, necə deyərlər, əlifbasından başlayaraq ən dərin sirlərinə yiyələnib. Öz məqsədinə doğru inamla, təmkinlə irəliləyib. Əlində universitet diplomu səkkiz ay “Azərbaycan” nəşriyyatının qəzet-jurnal sexində çeşidləyici işləyəndə bunun üçün heç bir kompleks yaşamayıb. Ən başlıcası, heç vaxt qələmini yerə qoymayıb.

1975-ci ilin aprel ayından başlayaraq “Abşeron” qəzetindəki əmək fəaliyyətində, əvvəlcə korrektor, sonra müxbir, şöbə müdiri, redaktor müavini kimi keçdiyi yolda qəzetçiliyin “hər üzünü görüb”. Gözü önündə qəzetin hər nömrəsi “doğulduqca”, o , bu sahənin əsl bilicisinə çevrilib.

O illər Bəxtiyar Sadıqovun qələmi də gündən-günə püxtələşdi, cilalandı. Sosial-iqtisadi, mədəni hadisələrin və digər sahələrdə baş verən yeniliklərin mərkəzində, qurub-yaradan insanların arasında, bir sözlə, daim həyatın qaynarında olmaq ona qələmini bütün mövzularda sınamağa və yaradıcılığını hərtərəfli inkişaf etdirməyə imkan verdi.

1986-cı ildə Bəxtiyar Sadıqov Azərbaycan KP MK-nın orqanı, respublikada sovet dövrünün ən nüfuzlu siyasi-ictimai nəşri olan “Kommunist” qəzetinə işə dəvət olunur. Bəlkə də kimsə o vaxt, elə indinin özündə də bunu bir şans, necə deyərlər, bəxtin gətirməyi sanıb. Ancaq mən belə deməzdim. Çünki o zaman bu mətbu orqanda çalışanlar Azərbaycan jurnalistikasının seçilmişlərindən idilər. Oxuculardan yaşlı və orta nəslə mənsub olanlar təsdiq edə bilərlər ki, “Kommunist”in o dövrdəki yazarları uzun illər mətbuatda çalışmış və zəngin təcrübə toplamış insanlar idi. Odur ki, kimsə, ələlxüsus cavan jurnalist işə götürülərkən məsələ yüz ölçülüb bir biçilirdi... Əlbəttə, “Kommunist” seçimində yanılmamışdı. Kənd təsərrüfatı şöbəsinin müxbiri kimi Bəxtiyar Sadıqov günün tələblərinə uyğun maraqlı və gərəkli məqalələr, şərhlər, oçerklər yazdı. Az keçmiş ona qəzetin aparıcı şöbələrindən olan kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsi etibar edildi.

Sonra dövran dəyişdi, zaman başqa axara düşdü. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyi əldə etdi. Bəxtiyar Sadıqov elə həmin ildən fəaliyyətini yeni nəşrə başlayan “Həyat” qəzetində davam etdirdi. 1992-ci ilədək burada zona (bölgə) müxbiri kimi çalışdı. “Həyat” və “Azərbaycan” qəzetləri birləşdiriləndən və qəzet artıq “Azərbaycan” adı ilə çıxandan sonra Qarabağ bölgəsi üzrə xüsusi - hərbi müxbir işlədi. Qarabağ müharibəsinin veteranı olan jurnalistimizin o illərdə qələmə aldığı qanlı döyüşlərin bilavasitə iştirakçısına çevrilərək ölümün gözünə dik baxdığı anlar da az olmayıb. Çox sevdiyi vətənpərvərlik mövzusu Bəxtiyar Sadıqovun yaradıcılığında həmin vaxtdan özünə daha geniş yer alaraq, indiyədək uğurla davam etdirilir. Belə ki, hərbi müxbirlikdən sonra Bəxtiyar Sadıqov yenə də “Azərbaycan”da çalışaraq müxbir və şöbə müdiri oldu. 2002-ci il aprelin 12-dən isə qəzetin baş redaktorudur.

Uzun illərin müşahidəsinə əsaslanaraq deyə bilərəm ki, bir sıra jurnalistlər mətbu orqana rəhbər keçəndən sonra şəxsi yaradıcılıqlarını məhdudlaşdırırlar. Baş redaktor, millət vəkili Bəxtiyar Sadıqov üçün isə bu məsələ heç zaman ikinci dərəcəli olmayıb. Geniş mövzu dairəsinə malik jurnalist-publisistə hansı tematikanın daha yaxın olduğunu söyləməyə bir qədər çətinlik çəkirəm. Ulu öndər Heydər Əliyevin xalqımızın həyatında və müstəqilliyimizin bərqərar olmasında əvəzsiz rolundan bəhs edən çoxsaylı məqalələr, Azərbaycanı dünyanın sayılıb-seçilən ölkələri sırasına çıxaran Prezident İlham Əliyevin çoxsahəli islahatları, xilaskarlıq missiyası haqqında silsilə yazılar, Vətən, torpaq təəssübkeşləri - qəhrəman oğullar barədə oçerklər və s. onun tarix elminə bədii-publisistik dildə töhfəsidir. Qələmi “Ruhlar şəhəri”nin faciəsini harayla aləmə car çəkib, “Adiləşən rekordlar”ımızın qürurunu da bir daha yaşadıb hər birimizə. Milli-mənəvi dəyərlərimizi xatırladıb hamımıza...

Bunlardan əlavə, tanınmış jurnalistimiz 50-dən çox elmi, bədii, siyasi və publisistik kitabın redaktorudur. Oxucuların rəğbətini qazanan “Qeyrət və xəyanət”, “İnsan və zaman”, “Həqiqət və yalan”, “Ömrün söz yadigarı” kitabları isə jurnalist qələminin məhsulu, jurnalist ömrünün naxışlarıdır.

Bəxtiyar Sadıqovu bir qələm sahibi kimi səciyyələndirən xüsusiyyətləri cəsarətlə onun 19 ildir rəhbərlik etdiyi qəzetin yaradıcı kollektivinə də şamil etmək olar. “Azərbaycan”da uzun illərdir mətbuatda sözünü demiş yazarlarla yanaşı, jurnalistikamızın redaksiyanın özündə püxtələşmiş cavan nümayəndələri də çalışır. Odur ki, qəzet Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, həyata keçirdiyi sosial-iqtisadi islahatların işıqlandırılmasında daim öndə gedir. Rəsmi dövlət qəzeti, Milli Məclisin orqanı olaraq , sözün əsl mənasında, dövrümüzün ən səhih və doğru salnaməçisi, ən yeni tariximizin güzgüsüdür. Ölkə həyatının elə bir sahəsi yoxdur ki, qəzetdə öz əksini tapmasın.

Prezident İlham Əliyevin “Azərbaycan”ın 100 illiyi münasibətilə qəzetə ünvanladığı məktubunda bu mətbu orqanın fəaliyyətini yüksək dəyərləndirməsi kollektivin əməyinə verilən ən yüksək qiymətdir. Ölkəmizin, Vətənimizin adını daşıyan, “ömrünün” 103-cü ilini yaşayan “Azərbaycan” üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirir. Dahi üzeyir bəy Hacıbəylinin, vaxtilə bu qəzetin “beşiyi başında” dayanan digər görkəmli mühərrirlərin arzuları indi sözün əsl mənasında çin olub. Bu gün “Azərbaycan” qəzeti dövlətçilik ideologiyasının və azərbaycançılıq məfkurəsinin baş təbliğatçısı kimi çıxış edir. Qəzet Prezident İlham Əliyevin çoxşaxəli, səmərəli fəaliyyətini geniş işıqlandırmaqla yanaşı, həm də bunun təbliğatını yüksək səviyyədə qurur.

Qeyd etdiyim kimi, “Azərbaycan”ı daimi izləyən oxuculardanam. Açığı, hər günüm bu qəzetlə başlanır. “Azərbaycan”ın çıxışları mənim və bir çoxlarının fəaliyyətində tezislər, istiqamətlər rolunu oynayır. Bir sözlə, “Azərbaycan” müasir Azərbaycan mətbuatının flaqmanıdır və Bəxtiyar Sadıqov qəzetin qarşısında qoyulan bütün vəzifələri şərəflə yerinə yetirən baş redaktordur. Uğurlar baş redaktorun özünün və formalaşdırdığı səriştəli, yorulmaz, möhkəm və mehriban kollektivin birgə əməyinin nəticəsidir. Kollektiv demişkən, “Azərbaycan”la əməkdaşlığım sayəsində qəzetin bir sıra yazarlarını da yaxından tanımışam. Əməkdaşların qəzetdəki çıxışlarından, eləcə də onlarla söhbətlərimizdən görünür ki, Bəxtiyar müəllim həm də hər bir işçiyə fərdi yanaşmağı bacaran, redaksiyada çalışan jurnalistlərə öz potensiallarını ortaya qoymağa imkan yaradan baş redaktordur. Çıxardığım nəticələrdən biri də budur: Bəxtiyar Sadıqov tələbkar redaktor olmaqla yanaşı, həm də onların hər biri üçün yaxşı dost və həmkardır. Bir rəhbər kimi hər kəsin qayğı və problemlərindən, uğur və sevincindən, dolanışığından xəbərdar olması da öz yerində... Xeyirdən-şərdən qalan deyil. Qəlbində ədalət mizan-tərəzisi heç vaxt əyilməyən bu insan Həcc ziyarətinə də gedib. O müqəddəs səfərdə bizə yol yoldaşlığı qismət olub. Orada onun milli-mənəvi dəyərlərimizə nə qədər bağlı olduğunu yaxından duymuş və əyani görmüşəm. Başqa sözlə, insanların öz arzu və niyyətləri ilə Haqqın dərgahına əl açdığı o günlərdə Bəxtiyar müəllimin əsl Allah adamı olduğunu bir daha dərk etdim. Həmin vaxtdan bəri də onun qiymətli, yüksək dəyərlərimizə bağlılığının və sadiqliyinin şahidiyəm.

Bəxtiyar Sadıqovun seçicilərinə münasibətini isə bir deputat həmkarı kimi söyləyə bilərəm. O, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisə deputat seçilib. Yəni artıq 20 ildən çoxdur millət vəkilidir. Bu faktın bəlkə də şərh edilməyə, izah olunmağa heç bir ehtiyacı yoxdur. Ata-babalarımız yaxşı deyiblər ki, elin gözü tərəzidir. Seçici yalnız onun etimadını doğruldan insana beş dəfə dalbadal səs verər. Belə ki, Bəxtiyar Sadıqov seçicisinin səsini eşidən, onu dinləməyi bacaran deputatdır. Bu illər ərzində Bəxtiyar müəllimin dəfələrlə cəbhə bölgəsi olan Ağdama, eləcə də həmyerliləri-seçicilərinin məcburi köçkün kimi məskunlaşdıqları qəsəbələrə getdiyindən xəbərim olub. Keçirdiyi çoxsaylı görüşlərdə, həmçinin seçicilərinin ona fərdi müraciətlərində qaldırılan məsələlərin, irəli sürülən təkliflərin müsbət həllinə çalışır. Deputat həmkarım Milli Məclis tərəfindən qanun və qərarların qəbul edilməsi proseslərində, eləcə də parlamentdə üzvü olduğu komitənin işində fəal iştirak edir.

Bəxtiyar Sadıqovun Azərbaycan jurnalistikası, istərsə də xalq və dövlət qarşısındakı xidmətləri öz layiqli qiymətini alıb. Peşəkar jurnalistin qələminin məhsulu ayrı-ayrı vaxtlarda müxtəlif yaradıcılıq mükafatlarına layiq görülüb. O cümlədən, 1983-cü və 1994-cü illərdə Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatını alıb. 2007-ci ildə isə “Yusif Məmmədəliyev adına medal”la təltif olunub. Layiq görüldüyü digər mükafatlar da 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan B.Sadıqovun respublikanın ictimai-siyasi həyatında fəallığı ilə fərqləndiyinin göstəricisidir.

Bəxtiyar Sadıqov Mətbuat Şurası İdarə Heyətinin və Respublika Ağsaqqallar Şurasının Məclis üzvüdür. Birinci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan zabitdir. Bütün bunları mən sıradan bir fakt kimi sadalamıram, qələmi və vətəndaş mövqeyi ilə seçilən, Vətəninə övlad sədaqəti və dövlətinə məmur ləyaqəti ilə xidmət edən bir insanın ömürnaməsi kimi vərəqləyirəm.

Azərbaycan mətbuatının inkişafındakı və respublikanın ictimai-siyasi həyatındakı xidmətlərini nəzərə alaraq Prezident İlham Əliyev Bəxtiyar Sadıqovu Əməkdar jurnalist fəxri adına layiq görmüş və “Şöhrət” ordeni ilə təltif etmişdir.

Vaxtilə Bəxtiyar Sadıqov yazmışdı: “İtirilmiş ərazilərin geri qaytarılması niyyətindən bir an belə əl çəkməməliyik. Müharibə tarixdir. Tarix isə vaxtında və olduğu kimi yazılmalıdır. Səhvlərdən, uğursuzluqlardan söhbət açarkən nə vaxtsa Qələbə barədə söz açacağımıza da inamımızı itirmirik...”.

Bu uzun illər ərzində başda Bəxtiyar Sadıqov olmaqla “Azərbaycan”çılar Qələbəyə inamı itirmədilər. Zəfərə doğru gələn çətin yolu sözün gücü, zəkanın nuru ilə işıqlandırdılar. Dövlətimizin, Prezidentimizin, xalqımızın ən yaxın köməkçisi, dəstəkçisi oldular.

Budur, Qələbədən söz açacaqları gün də gəldi . Bəxtiyar Sadıqov niyyətinə, vədinə sədaqətlə əməl edir. Bir zaman “Səbrin hüdudu varmı, Allahım?” yazan müəllif indi “Həsrətin sonu varmış!” deyir. Birliyimizin və hünərimizin, zəfər və Qələbə tariximizin rəmzinə çevrilən “Dəmir yumruq”dan, “44 gündə dəyişən reallıqlar”dan bəhs edir. Rəhbərlik etdiyi qəzetin digər qələm sahibləri də həmçinin... “Azərbaycan”da Vətən müharibəsinin az qala hər anı öz əksini tapıb.

Qarşıdakı hədəflər də böyükdür. Çünki ölkəmizin həyatında yeni dövr başlanıb - postmüharibə dövrü, daha geniş miqyasda tikmək, qurmaq, yaratmaq dövrü...

Nə xoş ki, əziz dostumuzun 70 illik yubileyi də bu gözəl, sevincli və qürurlu günlərə təsadüf edir. Bəxtiyar müəllim yubileyini ailəsinin, layiqli vətəndaş, insan kimi yetişdirdiyi övladlarının, sevimli, şirin-şəkər nəvələrinin əhatəsində qeyd edir. Əziz dostumuza, Azərbaycanın layiqli oğlu olan Bəxtiyar Sadıqova bəxtiyarlığı ilə uzun ömür yaşamağı arzu edirik.

 

Ziyad SƏMƏDZADƏ,

AMEA-nın həqiqi üzvü,

Milli Məclisin deputatı.

 

Respublika.- 2021.- 6 yanvar.- S.14.