Şanlı və tarixi
zəfər
Ağdam həmişə Qarabağın toy otağı, muğam beşiyi kimi tanınıb. Bu qədim yurdda öz ənənəsi, öz dəst-xətti olan muğam ustaları yetişib və onlar Azərbaycanın mədəniyyətinə, incəsənətinə, muğam dünyasına sanballı töhfələr veriblər. Bu gün onların adı qürur və iftixar hissi ilə çəkilir, dövlət tərəfindən layiqincə qiymətləndirilir. Ölkəmiz üçün ən ağır zamanlarda ağdamlılar hər zaman ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə - Prezident İlham Əliyevin siyasi kursuna sadiq olublar.
1993-cü il iyul ayının 23-də Ağdam Ermənistanın işğalına məruz qaldı. Bu qədim şəhər qanlı müharibənin episentrinə çevrildi. Yerli özünümüdafiə dəstələri rayon ərazisini işğalçılardan yüksək səviyyədə qoruyurdular. Təəssüf ki, bunu axıra qədər etməyə imkan vermədilər. Ağdam Birinci Qarabağ müharibəsində və dövlətçiliyimizin qorunmasında 6 min nəfərə yaxın şəhid verib. Bu torpaq şəhid qanı ilə suvarılıb, yüzlərlə insan əlil olub, dinc insanlar ev-eşiyindən didərgin düşüb. Buna baxmayaraq, 27 il ərzində torpaqlarımızın işğalçılardan azad edilməsi, üçrəngli bayrağımızın həmin torpaqlarda dalğalanması arzusu ağdamlılar üçün müqəddəs və daha önəmli olub.
Ötən il sentyabr ayının 27-də Qarabağın erməni işğalından azad edilməsi uğrunda başlanan Vətən müharibəsi cəmi 44 gün ərzində, necə deyərlər, ildırım sürəti və tam qələbəylə başa çatdı. Qalib Sərkərdəmizin fədakarlığı və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Ermənistan silahlı qüvvələri və onların arxalandıqları muzdlular, bir sözlə, düşmənin çoxsaylı hərbi texnikası, 30 ildə möhkəmləndirdikləri istehkamlar darmadağın edildi. Ermənistanın hərbi təcavüzündən ən çox ziyan çəkən rayonlardan biri də Ağdamdır. Məlumat üçün qeyd edək ki, Ermənistan bu qədim şəhəri yer üzündən silib, mədəni, tarixi və dini abidələri dağıdıb, bu qədim şəhəri xarabalığa çevirib. Vətən müharibəsində rayonun əlimizdə qalan kəndləri ən çox dağıntılara məruz qalıb, 8 nəfər dinc sakin həlak olub, 300 nəfərdən çox adam yaralanıb. Düşmənə qarşı döyüşlərdə 47 nəfər ağdamlı igidlik göstərərək şəhid olub.
Yeri gəlmişkən qeyd edim ki, Vətən müharibəsində kollecimizin müəllimləri Emin Səfərli, Xəzər Bəbişov, tələbələrdən Ramil Hüseynov, Elşad Əliyev, Tural Namazov, Şamxal Muradov və Əli Əliyev düşmənə qarşı döyüşüblər. Xəzər müəllim döyüşlərin birində yaralanıb, hazırda vəziyyəti yaxşıdır.
Azərbaycan Prezidenti, qalib ordunun Ali Baş Komandanı İlham Əliyevin Ağdamın işğaldan azad edilməsi münasibətilə xalqımıza müraciəti qəlbimizi fərəh hissi ilə coşdurdu, uzun illərin yurd həsrətinə son qoyuldu. Müraciətdə ermənilərin təcavüzü haqqında bildirilir ki, onlar özləri-özlərini biabır ediblər, qorxaqcasına qaçıblar bizim qabağımızdan. Bizim qabağımızda duruş gətirə bilmədilər. Özlərini yenilməz ordu adlandıranlar, döyüşkən xalq adlandıranlar, bəs nə oldu sizin döyüşkən ordunuz? Haradadır bu? Pərən-pərən oldu, vurduq, dağıtdıq, məhv etdik. Yoxdur Ermənistan ordusu, biz onu məhv etmişik. Bizim döyüş meydanındakı qələbəmiz siyasi qələbəmizi də şərtləndirdi. Ağdam rayonu bizə bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıdır. Bu, böyük siyasi uğurumuzdur. Amma əgər o hərbi qələbə olmasaydı, bu da mümkün olmazdı.
Ağdamda uşaqdan tutmuş böyüyə qədər hamı ordumuzun düşmən üzərindəki qələbə uğurları ilə nəfəs alır və hamı bir nəfər kimi dövlət başçısının ətrafında yumruq kimi birləşib. Ağdamın işğaldan azad edilməsi xəbərinə, təbii ki, ağdamlılar daha çox sevinir, ordumuzun qələbəsi ilə haqlı olaraq fəxr edir. 44 gün ağır döyüşlərin getməsinə baxmayaraq, ağdamlılar öz evlərini tərk etmədilər, hər çətinliyə sinə gərdilər, ordumuza dəstək oldular. Yüzlərlə ağdamlı gənc döyüşün ön sıralarında gedərək qəhrəmanlıq göstərdilər.
Bu gün Ağdamda kimi dindirsən, sevinclə bildirir ki, hər birimiz qürur hissi keçiririk, ordumuzla, Ali Baş Komandanla fəxr edirik. Haqq savaşımız, haqq yolumuz uğurla davam edir. Bir əli silahda, bir əli torpaqda olan ağdamlılar alçaq və şərəfsiz düşmənə - Ermənistana və bütün erməniliyə qarşı qəhrəmanlıqla döyüşüb.
Rəşadətli ordumuzun Qalib Ali Baş Komandanı, möhtərəm İlham Əliyev, Sizin sərkərdəlik şücaətiniz, liderlik bacarığınız, diplomatik istedadınız nəticəsində ağdamlıların taleyində yeni bir həyat başlayır. Biz yalnız köçkünlük həyatımıza son qoymuruq, həm də öz yurdumuzu yenidən qurmağa imkan qazanırıq. Vətən müharibəsinin zəfərləri silsiləsində Ağdam rayonunun da adının olması bizə hədsiz sevinc, iftixar yaşatdı. Biz ağdamlıların hisslərini isə sözlə ifadə etmək mümkün deyil. 27 illik həsrətdən sonra qüdrətli Ordumuzun Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərinə daxil olması sakinlərimizin ən xoşbəxt, ən qürurlu günləri oldu. 30 il ərzində Ermənistanın hərbi və siyasi rəhbərliyinin yaratdığı “məğlubedilməz erməni ordusu” mifi Azərbaycan Ordusu tərəfindən 44 gün ərzində darmadağın edildi. Müzəffər ordumuz döyüş meydanlarında, haqq savaşında tərəflərin nəyə qadir olduğunu yüksək peşəkarlıqla nümayiş etdirdi. İtkilərimiz ürəyimizi dağladı, şərəfimizi, qürurumuzu ucaldan şəhidlər qəlbimizdə əbədi yaşayacaq.
Şəhidlər Vətənimizi, xalqımızı, onun qürurunu, haqqını, bayrağını ucaltdılar və ən ali məqama yüksəldilər. Şəhidlərin valideynləri övladlarının itkisinə göz yaşı töksələr də, məğrur dayanaraq bildirdilər ki, Qarabağı azad edən oğullarla fəxr edirik, təki torpaqlarımız murdar düşmən tapdağından azad edilsin. Arzuları çin oldu, Qarabağ azaddır, doğma yurd yerləri indi yolumuzu gözləyir. Bunu təkcə biz demirik, əcnəbilər də etiraf edirlər ki, Vətən müharibəsindəki şanlı qələbəmiz müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində qazanılıb. Otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın azadlığı yolunda qəhrəman zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu.
Ağdam Musiqi Kolleci tarixi və mənəvi ənənəsi olan təhsil ocağıdır. Kollec üzrə qabaqcıl müəllimlərimiz öz bilik və bacarığı, pedaqoji təcrübəsi, iş fəaliyyəti ilə daima tələbələrin mükəmməl təhsil almalarına, onların respublikamıza layiqli vətəndaş olmalarına, şəxsiyyət kimi yetişməsinə çalışırlar. Kollecimizin qabaqcıl müəllimlərindən, tədris və təlim-tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Əliyeva, hərbi rəhbər Cahangir Qəhrəmanov, Bəhruz Aslanov, Əli Məmmədov, Kifayət Cəfərova, Nuranə Məmmədova, Samir Əhmədov, Aynur Hüseynquliyeva, Samir Əliyev, Teymur Köçərli, Anar Quliyev və Fəxri Qurbanov xanəndəlik və ifaçılıq sənətinin inkişafı üçün var qüvvə ilə çalışır, Ağdamın musiqi ənənəsini ləyaqətlə yaşadırlar. Uzun illər məcburi köçkün həyatı yaşamış kollecimizin kollektivi doğma şəhərə qayıdacaqları günü səbirsizliklə gözləyir. Hazırda kollecin nəzdində Bəhruz Aslanovun rəhbərliyi ilə “Mahur” xalq çalğı alətləri ansamblı, Əli Məmmədovun rəhbərliyi ilə Xalq Çalğı Alətləri orkestri, Mübariz Əliyevin rəhbərliyi ilə xor kollektivi fəaliyyət göstərir. Yeri gəlmişkən qeyd edim ki, Heydər Əliyev Fondunun Gənclər Təşkilatının dəstəyi ilə “Torpağın səsi” adlı layihəsi ilk olaraq Ağdam Musiqi Kollecindən start götürüb. Layihənin məqsədi istedadlı gənclərə dəstəkdən ibarətdir.
Rayonumuzda əmin-amanlıq və yüksək əhval-ruhiyyə hökm sürür. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov kollecimizə diqqət və qayğısını əsirgəmir, üzləşdiyimiz problemlərin həll edilməsinə yaxından kömək göstərir. Bu gün dünyanın ən böyük mənəvi ehtiyacı qarşılıqlı şəfqət, xeyirxahlıq, anlaşma və dialoqdur. Bu dəyərlərin hamısı son tikəsini qonşusu, müsafiri ilə bölüşən Azərbaycan xalqının mənəviyyatında təşəkkül tapıb. Qürurverici haldır ki, tariximizdə zamanın sınağından keçmiş bir mənəviyyat qatı var. Bu gün mənəviyyatımız daha da güclüdür, qələbəmiz isə tariximizin səhifələrinə şərəflə yazıldı. Biz qalib xalq olduq, dünya haqlı olduğumuzu aydın dərk etdi.
İndi həyatımızın ən sevincli günlərini yaşayırıq. 27 illik həsrətimizə son qoyulub. Bu sevinci bizə Ali Baş Komandanımız, Ordumuz yaşadıb. Qalib Ali Baş Komandanımız İlham Əliyevə, Azərbaycan Ordusuna kollektivimiz adından minnətdarlığımı bildirirəm. Sağ ol, Ali Baş Komandanımız! Qarabağa görə... Tarixi Qələbəyə görə... Başımızı dikəltdiyinizə, başımızı ucaltdığınıza görə... Yaşasın Azərbaycan, yaşasın Azərbaycan Ordusu!
Rafail
MUSAYEV,
Ağdam
Musiqi Kollecinin direktoru,
sənətşünaslıq namizədi, dosent.
Respublika.- 2021.- 9 yanvar.- S.5.