Əbədiyyətə qovuşan şəhidlər

 

Sərxan Daşkəsən rayonunun Pirverdilər kənd orta məktəbində təhsil aldığı illərdə Azərbaycanın qəhrəman oğulları ilə fəxr edir, xüsusilə “Uzaq sahillərdə” filmini həvəslə izləyir, Adriatik dənizinin sahillərində həmyerlimiz, əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin almanlara qarşı keçirdiyi əməliyyatların uğurla başa çatmasından qürur duyurdu. Bu, atası Sahilin diqqətindən yayınmazdı. Günlərin bir günündə oğlu Sərxana belə bir sualla müraciət etdi ki, sən də Mixaylo kimi cəsur, şücaətli bir oğul olsaydın, hansı igidliyə imza atardın?

 

Sərxan bu suala cavab vermək üçün heççox fikirləşmədi. Dodaqlarından bu kəlmə qopdu.

 

Ulu tanrı mənə güc, qüvvət versəydi, nə vaxtsa faşist xislətli ermənilərdən qisas alardım...”.

 

Sərxanın cəsarətlə dediyi cavabdan sonra atası Sahil, anası Hicran oğullarını ürəkdən alqışladılar...

 

Sərxan orta məktəbdə təhsil alarkən vətənpərvərliyi, sidq ürəklə torpağı sevdiyini nümayiş etdirir, tədris olunan bütün fənlərə sonsuz maraq göstərirdi.

 

Quş qanadlı illər bir-birini əvəz etdi. Sərxan məktəbdə təhsilini uğurla başa çatdırdı.

 

Günlərin bir günündə Sərxana həqiqi hərbi xidmətə çağırış vərəqəsi gəldi. Sanki o, sevincdən quş olub uçmaq istəyirdi. Anası Hicranı bağrına basıb dedi ki, Vətənə xidmət etmək hər bir gəncin ülvi, müqəddəs vəzifəsidir. Şükürlər olsun ki, bu xoşbəxtlik mənə də nəsib oldu.

 

Çox çəkmədi Sərxan Məmmədov ailə üzvlərinin, doğmlarının xeyir-duası ilə hərbi xidmətə yola düşdü.

 

Vətən müharibəsi başlayanda Sərxan əsgəri xidmətdə idi.

 

...Füzuli uğrunda qızğın döyüşlər gedirdi. Ərazilərimiz, hərbi mövqelərimiz düşmən tərəfindən artilleriya atəşinə tutulur, müzəffər Azərbaycan ordusu hər vəchlə düşmənin müqavimətini sındırmağa çalışır, bir-birinin ardınca düşmən mövqelərinə sarsıdıcı zərbələr endirir, döyüş meydanında düşmən əsgərləri hərbi texnikalarını qoyub qaçırdılar. Döyüşlər getdiyi bir vaxtda qəfil güllə ərazilərimizin bütövlüyü uğrunda cəsurluq, şücaət göstərən qorxmaz döyüşçü Sərxanın sinəsinə tuş gəldi. Sərxan şəhidlik zirvəsinə yüksəldi, son mənzili Daşkəsən şəhərindəki Şəhidlər Xiyabanı oldu.

 

Biz Sərxanın əmisi Cavidlə söhbət edərkən o, 2-ci Qarabağ müharibəsində Sərxan Məmmədovun rəşadətli döyüş yolundan, müzəffər Azərbaycan ordusunun 30 ilə yaxın bir müddətdə ərazilərimizin işğalda qalmasının sona yetdiyindən qürurla danışdı. Prezident, Ali Baş Komandanımız, cənab İlham Əliyevin Vətən müharibəsindəki tarixi xidmətindən qürur hissi ilə danışdı.

 

Daşkəsən fəxr etməlidir ki, onun qoynundan Sərxan kimi igid, qartal oğullar çıxmışdır. Həmin oğullar 30 ildən bəri düşmən işğalında olan və Daşkəsənin yaxınlığında olan aşıqlar yurdu Ulu Göyçəni də erməni işğalından azad edəcəkdir...

 

 

 

Qədir ASLAN

 

 Respublika.- 2021.- 9 yanvar.- S.6.