Şəhidlik zirvəsi
Torpaq ulu babalarımızın əmanətidir, torpaqdan pay olmur. İşğaldan azad olan Qarabağın hər qarışında Azərbaycan əsgərinin izi, şəhid və yaralılarının canı, qanı var. Azadlıq ağacı şəhid qanı ilə suvarılır. Yeni tarix, yeni qəhrəmanlıq salnaməsi yaradanlardan biri də Vəliyev Oruc Ramiz oğludur. O, 1994-cü ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri, Nərimanov rayonunun 36 saylı məktəbində almışdır. Orta məktəb illərindən vətənpərvərlik ruhunda böyüyən Oruc Ramiz oğlu Vəliyev 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, Vətən borcunu Sərhəd Qoşunlarında şərəflə başa vurmuşdur.
21 sentyabr 2020-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami Rayon Hərbi Komissarlığı tərəfindən Vətənin düşmən tapdağından azad olunması üçün hərbi səfərbərliyə cəlb olunmuşdur.
27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində Murovdağın alınması uğrunda gedən döyüşlərdə vuruşub. Yaralı döyüş yoldaşını xilas etmək istəyərkən qəhrəmancasına şəhid olmuşdur.
17 dekabr 2020-ci il tarixdə şəhid Vəliyev Oruc Ramiz oğlu Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunmuşdur. Azərbaycan xalqı şəhidlərimizin hünər və cəsarətilə öyünür və qürur duyur. Bu gün Qarabağı azad görmək istəyən bütün şəhidlərimiz kimi onun da ruhu şaddır.
Allah rəhmət eləsin!
Oruc VƏLİYEV,
Şəhidin babası.
Respublika.- 2021.- 9 yanvar.- S.6.